İsmayıl Hacıyev
İsmayıl Hacıyev — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar və dirijor, Niaqara Müsiqi Festivalı «İpək yolu» kamera orkestrinin baş dirijoru və «İpək yolu» Komitəsınin sədri, Kanadadakı Heydər Əliyev Mərkəzinin prezidenti. Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR xalq artisti Cövdət Hacıyevin oğludur və 1999-cu ildən Kanadada yaşayır.
Haqqında məlumatlar
18 noyabr 1949-cu il tarixdə Bakıda anadan olub.
Təhsili
1973-cü üldə Azərbaycan Dövlət Konservatoriyasını musiqi nəzəriyyəsi və bəstəkarlıq ixtisası üzrə bitirib.
1975 – 1981-ci illərdə Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik bəstəkarlıq ixtisası üzrə təhsil alıb.
Əmək və yaradıcılıq fəaliyyəti
1975-ci ildə SSRİ Bəstəkarlar İttifaqına üzv olub. Elə bu ildən etibarən orkestr üçün simfoniyalar, simfonik variasiyalar, simli dördlüklər, üç simfonik şeir, fortepiano kompozisiyaları və pasakaliyalar yaratmağa başlayıb.
1981 – 1985-ci illərdə D.D.Şostakoviç adına Leninqrad filarmoniyasında(ru) dirijor köməkçisi vəzifəni tutub; o cümlədən,
1981 – 1983-cü illərdə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru Aleksandr Dmitriyevin(ru) dirijor köməkçisi,
1983 – 1985-ci illərdə isə filarmoniyanın bədii rəhbəri və simfonik orkestrinin baş dirijoru, SSRİ xalq artisti Yevgeni Mravinskinin(ru) dirijor köməkçisi olub.
1985-ci ildə Azərbaycanda «İlham» adlı klassik və müasir musiqi kamera orkestrini yaradıb. Bu orkestr ilə bütün dünyanı gəzib və çoxsaylı uğurlu tamaşalar verib.
2001-ci ildə Kanadada «İpək Yolu» Kamera Orkestrini qurub. Bu orkestrlə Toronto, Ottava və Niaqara-on-te-Leykdə çıxışlar edib.
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı (2009).
Ailəsi
- Atası – Cövdət Hacıyev, bəstəkar, Azərbaycan Dövlət Konservatoriyasının professoru, Azərbaycan SSR xalq artisti.
- Anası – Əminə Dilbazi, məşhur rəqqasə, baletmeyster və pedaqoq, Azərbaycan SSR xalq artisti.
- Bacısı – Pərvin Muradova-Dilbazi, pianoçu, ABŞ Musiqiçiləri Gildiyasının üzvü, Florida Universitetində fortepiano professoru, Florida ştatının “Azərbaycan – Amerika Mədəniyyəti Cəmiyyəti”nin mədəniyyət işləri üzrə direktoru, xeyriyyəçi.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |