Hacı Əbdülqadir xan

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:18, 21 dekabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Hacı Əbdülqadir xan
Hacı Əbdülqadir xan Hacı Çələbi xan oğlu
Şəki xanları, yaxud xanzadələri (şərti), - Şəki xan sarayında firiz (divar rəfi - irəf) üzərində miniatür.
avqust 1780-cı il — dekabr 1783-cü il
Sələfi Məhəmmədhüseyn xan
Xələfi Məhəmmədhəsən xan
Şəxsi məlumatlar
Vəfat tarixi 21 dekabr 1783(1783-12-21)
Sülalə Qara Keşiş nəsli
Dini islam, sünni
Atası Hacı Çələbi xan
Həyat yoldaşı qubalı Xurşid xanım[1]
Uşaqları Bala xanım və 7 oğul (oğlanlarının hamısını Məhəmmədhəsən xan öldütdürüb)

Hacı Əbdülqadir xan (?–1783) — 1780 – 1783-cü illərdə Şəki xanı olmuş şəxs. Qardaşı oğlu Məhəmmədhüseyn xanı devirərək hakimiyyətə gəlmiş və sonra onu edam etdirmiş, cəmi 3 il sonra isə 3 il əvvəl devirdiyi və öldütdürdüyü Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xan tərəfindən özü devrilmiş və öldürülmüşdür.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Şəki xanı Hacı Çələbi xanın oğludur.

1955-ci ildə atası Hacı Çələbi xanın vəfatından sonra Hacı Əbdülqadir ağanın böyük qardaşı Ağakişi bəy Şəkidə hakimiyyətə keçmişdir. Lakin 4 il sonra Ağakişi bəy Ərəşdə Qazıqumux hakimi Məhəmməd xan tərəfindən sui-qəsdlə öldürüldü. Bundan sonra isə Məhəmməd xan Şəki xanlığının paytaxtı olan Nuxanı (indiki Şəki) da tutdu. Bu hadisələr vaxtı Hacı Əbdülqadir ağanın çoxdan vəfat etmiş böyük qardaşı Həsən ağanın oğlu Məhəmmədhüseyn ağa Nuxanı tərk edə bilmişdi. O, Məhəmməd xanın Nuxaya daxil olmasının 40-cı günü qonşu xanların hərbi yardımı ilə geri qayıtdı, Məhəmməd xanı Nuxadan qovdu və özünü Şəki xanı elan etdi.

Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına səbəb oldu. Nəticədə Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldürtdürdü. İkinci əmisi Hacı Əbdülqadir ağa isə Dardoqqaza qaçdı (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadir ağanı Qarabağ xanı İbrahim xan, gürcü çarı İrakli dəstəkləməyə başladılar. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza qoşun göndərsə də uğur qazana bilmədi. Əlacı üzülüb, oğlu Məhəmmədhəsən ağanı barışıq üçün əmisinin yanına əmanət göndərdi. Lakin əvəzində, Hacı Əbdülqadir ağa Məhəmmədhəsən ağanı tutub Məhəmmədhüseyn xanın qatı düşməni olan İbrahim xana təhvil verdi ki, Məhəmmədhüseyn xandan intiqam almaq üçün oğlunu – Məhəmmədhəsən ağanı öldürsün. Lakin İbrahim xan Məhəmmədhəsən ağanı öldürmədi, gizlində saxladı, amma köynəyini qana bulayıb Hacı Əbdülqadirə göndərdi ki, guya onu artıq qətlə yetirmişdir.

1780-cı ilin avqust ayında isə Hacı Əbdülqadir ağanın Dardoqqazdan göndərdiyi 60 nəfər gecəliklə gizlincə gəlib Nuxa ətrafındakı dağlarda gizləndilər. Onlar günorta saatlarında dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki Şəkixanovların evi olmalıdır) mühasirəyə aldılar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu Fətəli ağa ilə birlikdə onlara silahlı müqavimət göstərdi; oğlu tüfəngi doldurub verdi, o isə atəş açdı. Amma sonda yaralanaraq təslim olmağa məcbur oldu. Bundan sonra hakimiyyət Hacı Əbdülqadir ağanın əlinə keçdi. O, Məhəmmədhüseyn xanı bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam etdirdi.

Bir-iki il sonra Hacı Əbdülqadir xan ilə Qarabağ xanı İbrahim xanın münasibətləri körlananda İbrahim xan Məhəmmədhüseyn xanın ölmüş hesab edilən oğlu Məmmədhəsən ağanı üzə çıxartdı, hansı ki həmin vaxta qədər gizlincə saxlamışdı. Məmmədhəsən ağa özünə qoşun toplayıb tezliklə Nuxanı ələ keçirdi və özünü Şəki xanı elan etdi. Daha sonra Hacı Əbdülqadir xanı tutub öldürtdürdü.

Hacı Əbdülqadir xanın ölüm tarixi Nuxada tərtib olunmuş maddeyi-tarixdə belə göstərilir:

Hacı (Əbdülqadir) xanın alicah Məhəmmədhəsən xan Hüseyn xan oğlunun əlində ölməsi və Şəkinin alınması və burada qəhətlik olması tarixi: 26 məhərrəm 1198-ci il (21 dekabr 1783-cü il)”.

XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Hacı Əbdülqadirin xarakterini belə təsvir edir:

“Deyirlər ki, o, (Hacı Əbülqadir xan) igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox şiddət göstərərmiş”[2].

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Daha sonra Fətəli xanın arvadı olub və Kərim ağa Şəkixanovun anasıdır.
  2. Bakıxanov A., 2010, s. 194.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Bakıxanov A. Gülüstani-İrəm. — bərpa nəşri (1951-ci il nəşrinin təkrar nəşri). — Bakı: Xatun Plyus, 2010. — 500 nüsx. — ISBN 995221045-3.