Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...
Bu cədvəl Şəki Ensiklopediyasının yoxlanılmış siyahıları sırasına daxildirdir
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Şəkinin alimləri

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəki Ensiklopediyasının loqosu
...........
ŞƏKİNİN ALİMLƏRİ (2020)
(çap olunmayıb və orfoqrafiyası tam yoxlanılmayıb)

Kitab üzərində iş 2020-ci ilədək davam etmiş, lakin tamamlanmamış və çap olunmamışdır. Tərtibçi materialları Şəki Ensiklopediyasına təqdim edərkən adının göstərilməsinə ehtiyac olmadığını vurğulamış və kitabdakı materialların Şəki Ensiklopediyasında dərc olunmasına və istifadə edilməsinə razılıq vermişdir. Həmçinin, bildirmişdir ki, bir sıra bölmələri Ələfsər MəmmədovFikrət Xalıqovun “Şəki: Alim və ziyalılar” kitabından və digər bu kimi kitablardan götürmüş, lazım gəldikcə köhnəlmiş məlumatları yeniləmiş və yeni əlavələr etmişdir.

Abdullayev Asim Səbri oğlu[redaktə | HTML redaktə]

kimya ü.f.d.

Asim Abdullayev 1958-ci ildə anadan olmuşdur. 1975-ci ildə Bakıda 5 №-li kimya-biologiya təmayüllü internat məktəbini bitirmişdir. Həmin ildə APİ-nin kimya fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə qurtarmışdır. Əmək fəaliyyətinə Zaqatala rayonu Aşağı Çardaxlar kəndində kimya müəllimi kimi başlamışdır. 1981-ci ildə QÜFKİ-nin aspiranturasına daxil olmuş, 1981-1983-cü illərdə əsgərlik etmiş, 1984-cü ildən aspiranturada təhsilini davam etdirmişdir. 1987-ci ildə Moskvada N.S.Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunda (k.e.d., professor A.A.Pasınskinin rəhbərliyi ilə) “Tərkibində dəmir və kükürd olan heterometallik klasterlərin sintezi və quruluşunun tədqiqi” mövzusunda dissertasiya müdafiə etmiş və kimya elmləri dərəcəsi almışdır.

Abdullayev Əbdürrəhman[redaktə | HTML redaktə]

filologiya e.n.

Əbdürəhman Abdullayev 1914-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1933-cu ildə Şəki Pedaqoji Texnikumunu, 1994-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsini qiyabi yolla bitirmişdir. Şəki şəhər 11 saylı orta məktəbdə dərs hissə müdiri, 12 saylı məktəbdə müəllim, direktor (1933-1941) Şəki Rayon Maarif Şöbəsində müfəttiş, pedaqoji kabinənin müdiri (1941-1944), Şəki Şəhər Maarif Şöbəsinin müdiri (1944-1944), Azərbaycan KP Nuxa Şəhər komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri, sonra katib işləmişdir (1947-1960). Azərbaycan SSR EA kadrlar şöbəsinin rəisi, işlər müdiri (1961-1967), sonralar Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində məktublar şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Ə.Abdullayev hələ Şəkidə müəllim işlədiyi illərdən bədii yaradıcılığa böyük maraq göstərmiş, dövri mətbuatda elmi, publisistik məqalələrlə çıxış etmişdir.1963-cu ildə “Rəşid bəy Əfəndiyevin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. ”Qırmızı Əmək Bayrağı“ ordeni ilə təltif edilmiş, Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Əbdürəhman Abdullayev 1998-ci ildə Şəki şəhərində vəfat etmişdir.

Abdullayev Mahir Məmmədiyə oğlu[redaktə | HTML redaktə]

texnika e.n

Mahir Abdullayev 1963-cü ildə anadan olmuşdur. Şəki şəhər 19 saylı orta məktəbi bitirdikdən sonra Mahir Abdullayev 1980-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsalat Proseslərinin Avtomatlaşdırılması” fakültəsinin “tətbiqi riyaziyyat” ixtisasına daxil olmuşdur. 1985-ci ildə ali təhsilini başa vurduqdan sonra o, Azərbaycan Neft Sənayesinin Elmi Tədqiqat və Layihə İnstitutunda mühəndis vəzifəsində ilk əmək fəaliyyətinə başlamışdır. Burada işlədiyi iki ilə yaxın müddətdə o, Neft laylarında quyudibi zonalara təsir laboratoriyasında aparılan elmi-tətbiqi işlərdə fəal iştirak etmiş, gördüyü işlərin yekunlarına dair məqalələrlə institutun elmi məcmuələrində, eləcə də keçmiş Sovetlər İttifaqında nəşr olunan jurnalların səhifələrində məqalələr çap etdirmişdir.

Öz təhsilini davam etdirmək və elmi fəaliyyətlə daha yaxından məşğul olmaq məqsədilə Mahir Abdullayev 1987-ci ildə AzNKİ-nin aspirantura şöbəsinə daxil olmuş və 1992-ci ildə “Özlü elastik heterogen mayelərin boruda hərəkəti zamanı mövcud olan qeyri-xətti effektlərin öyrənilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnki elmlər namizədi alimlik dərəcəsi almışdır.

Sonrakı illərdə Mahir Abdullayev oxuduğu institutun “Qaz və Neft-mədən” fakültəsində dosent və həmin institutun nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifələrində çalışmışdır. Bu illər ərzində o, beynəlxalq əhəmiyyətli bir sıra elmi seminarlar və konfranslarda məruzələrlə çıxış etmiş, müxtəlif elmi toplularda, dövri jurnallarda onlarla məqalələr çap etdirmiş və həmçinin elmi-metodik rəhbərliklərin tərtib olunmasında həmmüəllif kimi iştirak etmişdir.

Hal-hazırda Mahir Abdullayev yüksək ixtisaslı mütəxəssis kimi xalq təsərrüfatı əhəmiyyətli bir sıra layihələrdə iştirak etməklə yanaşı, ölkəmizin elmi potensialının artırılması və yeni kadrların hazırlanmasında da öz səmərəli fəaliyyətini davam etdirməkdədir.

Adilov Məmməd Musa oğlu[redaktə | HTML redaktə]

Məmməd Adilov 1953-cü ildə anadan olmuşdur. 1971-ci ildə Şəki şəhərində 10 №-li orta məktəbi, 1976-cı ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. 1986-cı ildə “Azərbaycan dilində ixtisar sözlər” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. Filologiya elmləri namizədi, dosentdir. Hazırda “Azərbaycan paleoqrafiyası və yazı tarixi adlı doktorluq işini müdafiəyə təqdim etmişıdir.

Məmməd Adilov 7 kitabın, 200-ə yaxın elmi və elmi-kütləvi məqalənin müəllifi, 40-dan artıq elmi kitabın redaktoru və rəyçisidir. Əsərlərində muasir Azərbaycan dili, dil tarixi, ümumi dilçilik, əlyazmaşünaslıq problemləri ilə bağlı məsələlər araşdırılmışdır.

Mərakeş, Misir, İran, Tatarıstan və Bakıda keçirilmiş bir sıra beynəlxalq elmi forumlarda fəal iştirak etmiş, “Kitabi-Dədə-Qorqud – 1300” və”Xacə Nəsrəddin Tusi – 800” beynəlxalq elmi konfransların təşkili üzrə dövlət komissiyalarının üzvü olmuşdur.

1995 – 2000-ci illərdə Azərbaycan MEA Əlyazmaları İnstitutunun direktoru vəzifəsini icra etmişdir.

Şəki şəhərinin orta məktəblərində, Azərbaycan Dövlət Dillər Universiteti nəzdindəki kurslarda, Lənkəran Dövlət Universitetlərində, Leninqrad Özəl Universitetinin Bakı filialında, İslam Universitetinin Sumqayıt filialında, başqa özəl universitetlərdə dərs demişdir.

Mətbuatda müxtəlif təxəllüslər altında 150-dən artıq məqaləsi çap edilmişdir.

M.Adilov 2011-ci ildə dünyasını dəyişmişdir.

Adışirinov Kamil Fikrət oğlu[redaktə | HTML redaktə]

filologiya ü.f.d.

Kamil Adışirinov 1960-cı ilin iyunun 1-də Şəki rayonunun Oxud kəndində anadan olmuş, doğulduğu kənd orta məktəbini (1977), BDU-nun Kitabxanaçılıq fakültəsini bitirmiş (1987), Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının nəzdində fəaliyyət göstərən yenidənhazırlanma fakültəsində Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ikinci ixtisas qazanmışdır (2002). Əmək fəaliyyətinə 1987-ci ildə Şəki Rayon Mədəniyyət şöbəsinin Mərkəzləşmiş Kitabxanalar Sistemində (MKS) başlamış, bu sahədə kitabxanaçı, biblioqraf, baş biblioqraf və “İnformasiya-biblioqrafiya şöbəsi”nin müdiri vəzifəsində çalışmış, BDU-nun Şəki filialında (1998-2001), AMİ-nin Şəki filialında (2005-2015) müəllim, eyni zamanda ŞREM-in “Folklorşünaslıq və el sənətləri” laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərmişdir. Kamil müəllim 2013-cü ildə “İsmayıl bəy Nakamın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. 2017-ci ildən “Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi-mədəni mühitinin rolu: 1901-2015-ci illər) mövzusu üzrə doktorluq dissertasiyası üzərində çalışır. Hazırda ADPU-nun Şəki filialında baş müəllim, ŞREM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi vəzifələrində çalışır. Kamil Adışirinov “Qədim türk-Oğuz yurdu Oxud”, “İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı”, “Şəkidə məhəllə adları soylar və ləqəblər: II kitab ( həmmüəllif), “XX əsr Şəki ədəbi-mədəni mühiti : 1900-2000-ci illər. I kitab”, “Həyatı nəsillərə örnək olan qəhrəman”, “Xeyri bitməyən ömür”, “Yaqub Mahirin poetik irsi”, “Göynük mahalı: siyasi, coğrafi, mədəni, tarixi və folkloru”, “Şəki ədəbi mühitində Sabir satira ənənələri” və b. kitabların, respublikamızda və xaricdə dərc olunan onlarla elmi, elmi-publisistik məqalənin müəllifidir. Son illərdə Kamil müəllimin tərtibatçılığı ilə region ədəbi mühitinə daxil olan M.Çələbiyev, N.Hümmətov, T.Qaffarov, Y.Mahir, S.Qurbani, Ə.Şayan və Əhməd Zəyzidlinin əsərləri işıq üzü görmüşdür.

Adışirinov Nizami Şamil oğlu[redaktə | HTML redaktə]

filologiya ü.f.d.

Nizami Şamil oğlu Adışirinov 21 aprel 1983-cü ildə Şəki şəhərinin Oxud kəndində anadan olmuş, Şəki şəhər 19 saylı tam orta məktəbi (2000), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini 2004-cü ildə bitirmişdir. 2004-2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində magistr təhsili almış, elə həmin ildə də AMEA Folklor İnstitutunun əyani doktoranturasına qəbul olunmuşdur. ”Dədə Qorqud kitabında epik formullar” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Bədii yaradıcılığa erkən yaşlarından başlamış, müxtəlif mətbuat orqanlarında şeirlərini çap etdirmiş,”Əzizlə məni“, (2006), “Yazdım ki izim qala” (2007), “Ömür qatarı” (2010), və s. şeirlər kitabını müəllifidir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ağasıyev İkram Kərim oğlu[redaktə | HTML redaktə]

tarix ü.e.d.

Ağasiyev İkram Kərim oğlu 18 oktyabr 1963-cü ildə Şəki rayonunun Biləcik kəndində anadan olub. Volın Dövlət Universitetində (Lutsk,Ukrayna) ilk ali təhsilini alıb. 17 dekabr 1999-cu ildə Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin Müdafiə Şurasında “Volın Quberniyasında alman koloniyaları (XVIII əsrin sonu-XX əsrin əvvəlləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 8 dekabr 2012-ci ildə Bakı Dövlət Universitetinin Müdafiə Şurasında “Qafqazda alman koloniyalarının yaranması və onun regional xüsusiyyətləri (Şimali Qafqaz və Gürcüstanın nümunəsində)”. mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və tarix elmləri üzrə doktor alimlik dərəcəsi almışdır. 2008-ci ildə Yüksək ixtisaslı kadrların hazırlanmasında elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

2009-cu ildə Almaniya Azərbaycan dostluq ənənələrinin inkişafında xidmətlərinə görə Alman-Azərbaycan cəmiyyəti tərəfindən Diplomla təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Tarix Qurumu ictimai birliyinin iştirakı ilə 2013-cü il dekabrın 6-7-də Azərbaycan Respublikasının Bakı şəhərində keçirdiyi “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri”nə həsr olunmuş beynəlxalq elmi konfransda iştirakına və maraqlı məruzə ilə çıxışına görə Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Y.M.Mahmudov, Azərbaycan Tarix Qurumu ictimai birliyinin sədri, tarix elmləri doktoru, professor T.Mustafazadə tərəfindən Təşəkkürnamə ilə təltif edilmişdir. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının və Alman-Azərbaycan dostluq cəmiyyətinin üzvüdür. O həm də Rusiya almanları tarixinin tədqiqatçıları assosiasiyasının və Azərbaycan Tarix Qurumu (Azərbaycan) üzvüdür. Bakı Biznes Universitetində 2003-cü ildən bu günə qədər "Azərbaycan tarixi", 2010-cu ildən isə "Kargüzarlıq və beynəlxalq yazışmalar" kursunu tədris edir.

2005-2008-ci illərdə Bakı Biznes Universitetində "История Европы и Америки", 2007-2010-cı illərdə "Dünya siyasəti və beynəlxalq münasibətlər", 2003-2005-ci illərdə "Dövlətin struktur siyasəti", 2003-2005-ci illərdə "Структурная политика государства", 2003-2006-cı illərdə "Biznes etikası", 2005-2008-ci illərdə "Социальная психология", 2005-2009-cu illərdə "Sosiologiya", 2005-2006-cı illərdə "Sosial psixologiya", 2005-2008-cı illərdə "Politologiya və sosiologiya", 2005-2010-cı illərdə "Sahə (idarəetmə) psixologiyası və sosiologiyası", 2006-2009-cu illərdə "Beynəlxalq münasibətlər tarixi", 2011-cı ildən 2014-cü ilədək "Nitq mədəniyyəti", 2008-2009-cu illərdə isə Bakı Slavyan Universitetində "История международных отношений", "Международные отношения Украины" kurslarını tədris edib. 2016-cı ildən 2019-cu ilədək AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Dərbənd tarixi" bölməsinin müdiri olub. 2019-cu il 4 dekabr tarixindən ”Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsinin müdiridir.

Allahverdiyev Azər Mustafa-Kamal oğlu[redaktə | HTML redaktə]

fizika ü.f.d.

Azər Allahverdiyev 1957-ci ildə anadan olmuşdur. 1973-cü ildə Şəki şəhər 10 №-li orta məktəbi qurtarmış, Bakı dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1978-ci ilə BDU-nu bitirdikdən sonra Azərbaycan EA-nın Radiasiya Tədqiqatları Bölməsinin fotoelektrik çevriciləri laboratoriyasında işə başlamışdır.

1979-cu ildə SSRİ EA-nın Sankt-Peterburq (Leninqrad) şəhərindəki A.F.İoffe adına Fiziki-Texniki İnstitutunun Lenin və Dövlət mükafatı Laureatı J.İ.Alferovun rəhbərlik etdiyi “Yarımkeçiricilərdə kontakt hadisələri laboratoriyasına göndərilmişdir. 1981-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur.

1985-ci ildə Sankt-Peterburq Fiziki-Texniki İnstitutunun İxtisaslaşdırılmış Şurasında “Al-Ga-As və Ga-IN-As-P sistemlərində heterokeçid əsaslı yüksək effktivli Günəş fotoçeviricilərinin alınması və tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Namizədlik dissertasiyası ekoloji cəhətdən ən təmiz elektrik enerjisinin alınmasına, yarımkeçiricilər əsasında düzəldilmiş çeviricilərin köməyi ilə günəş enerjisindən elektrik alınması problemlərinə həsr edilmişdir. Elmi tədqiqatlar nəticəsində faydalı iş əmsalı 24 -25% olan yüksək effektivli Günəş fotoçeviriciləri alınmış, koskad fotoçeviriciləri (Si-Al Ga As) alınmışdır.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra N.Tusi adına ADPU-nun (indiki APU) fizika fakültəsində işləməyə başlamışdır. Hazırda “Mexanika və molekulyar fizika” kafedrasının dosentidir. Elmi məqalələri keçmiş SSRİ və Respublika jurnallarında çap olunmuşdur. Müxtəlif illərdə Odessa, Çernoqolovkia, Minsk, Yerevan şəhərlərində keçirilmiş konfranslarda, 1998-ci ildə Budapeştdə keçirilən “Ətraf mühit elmləri” nə həsr olunmuş seminarda iştirak etmişdir. 30-dan artıq elmi və elmi-metodik məqalənin müəllifidir. Ali məktəb tələbələri üçün “Fizikadan məsələ həlli praktikumu” (birinci hissə, Bakı, 1995; ikinci hissə, Bakı, 1998) kitabının müəlliflərindəndir. Elmi işlərlə bərabər respublikada fizika elminin təbliği, populyarlaşması, tədrisi keyfiyyətinin artması üçün yorulmadan çalışır. Uzun illərdir ki, fizika fənnindən respublika olimpiadasının münsiflər heyətinin üzvüdür.

Atayeva (Mövla-zadə) Elmira Zahid qızı[redaktə | HTML redaktə]

geologiya-kimya ü.f.d., dosent

Elmira Atayeva (Mövla-zadə) 1935-ci ildə anadan olmuşdur. İbtidai təhsilini Şəkinin 2 saylı məktəbində başlayan E.Z.Mövla-zadə 3-cü sinifdən ailəsi ilə Bakıya gəlmiş və 190 saylı məktəbi bitirmişdir.

1953-cü ildə Azərbaycan Sənaye Institutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş və 1958-ci ildə dağ mühəndisi geoloq ixtisasına yiyələnmişdir. Ali məktəbi bitirdikdən sonra o, Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda əvvəlcə kiçik elmi işçi işləmiş, 1961-ci ildən isə aspiranturada oxumuşdur. Mövla-zadə Elmira 1967-ci ildə akademik Q.Ə.Əlizadənin rəhbərliyi altında “Qərbi Azərbaycanın Kür və İori çaylararası sarmat çöküntülərinin stratiqrafiyası və molyuska faunası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Neogen çöküntüləri üzrə apardığı elmi tədqiqatlar nəticəsində E.Atayeva Azərbaycanın neogen stratiqrafiyası və paleocoğrafiyası üzrə bir sıra problemləri həll etmiş yüksək səviyyəli mütəxəssis kimi onlara həsr olunmuş 60-dan çox elmi əsərin müəllifi-həmmüəllifidir. Onun dördü monoqrafiya, dördü atlas-monoqrafiyadır. Bu əsrlərdən iyirmisi xaricdə (Moskva, Saratov, Sankt-Peterburq, Afina, Budapeşt, Barselona, London, Dallas, Nissa, İstanbul, Sivaş, Təbriz, Malta) çapdan çıxmışdır. Onun həmmüəllifi olduğu monoqrafiyalar Azərbaycanın miosen çöküntüləri stratiqrafiyasına həsr olunmuşdur.

E.Z.Atayeva dörd atlas-monoqrafiyanın və “Azərbaycanın stratiqrafik şkalası”nın həmmüəllifidir (1994).

Beynəlxalq Geologiya Elmləri İttifaqı xətti ilə qoyulmuş və Budapeşt Geologiya İnstitutunun rəhbərliyi ilə işlənən “Şərqi və Mərkəzi Avropa neogen paleocoğrafik xəritələr Atlası”nda Atayeva dörd paleocoğrafik xəritənin tərtibçilərindən biridir (Budapeşt, 1988).

ABŞ-ın “First Exchange” şirkətinin təklifi ilə qoyulmuş “Azərbaycanın neftli-qazlı komplekslərinin stratiqrafik Atlası”nda Atayeva miosenin stratiqrafik materialının həmin şirkətin təklifi ilə qoyulmuş “Şimal-Qərbi Qobustan və Qərbi Abşeron miosen çöküntüləri stratiqrafiyası materialının müəllifidir. Hyüston-Bakı, 1988. “Azərbaycanın mezokaynozoy palecoğrafik xəritələr Atlası”nda Atayeva E.Z “tarxan-çokrak”, “karaqan-konk”, “sarmat” və “metois” əsrləri paleocoğrafik xəritələrin tərtibçisidir. Bakı, 2000.

Elmira xanım xarici neft şirkətlərindən BP/Statoyl (İngiltərə-Norveç) və Geologiya İnstitutunun birgə işlədiyi “Şərqi Azərbaycan və Cənubi Xəzər hövzəsindəki neogen çöküntüləri kəsilişlərini tədqiq etmiş, alınan nəticələrin interpretasiyasını aparmış və hər regiomərtəbə üzrə rəhbər molyuska atlasını tərtib etmişdir (1994). Bu işin elmi nəticələri dörd məqalədə öz əksini tapmışdır. Müəllif işin təqdimatı üçün Londonda ezamiyyətdə olmuşdur (1994).

ABŞ-ın “Mobil” neft şirkətinin sifarişi ilə qoyulmuş “Cənubi Xəzər hövzəsi çöküntülərinin stratiqrafik modeli” işində Atayeva E.Z Kirmaki, Qaradağ, Çeildağ, Səngəçal ümumi dayaq kəsilişlərinin stratiqrafiyasını dəqiqləşdirmiş və bu çöküntülərin stratiqrafik modelinin qurulması imkanı əldə etmişdir (1996). İşin təqdimatı üçün o, Dallasda olmuşdur.

E.Z.Atayeva 1968-ci ildən Ümumittifaq Paleontoloji və Azərbaycan Paleontoloji Cəmiyyətinin üzvüdür. O, Beynəlxalq Stratiqrafik Komitəsi Neogen komissiyasının üzvüdür.

E.Z.Atayeva 1964-cü ildən etibarən gənc elmi işçilərin V Zaqafqaziya konfransında (Bakı), SSRİ-nin 50 illiyinə həsr olunmuş elmi sessiyada (Bakı, 1972), “Morfologiya, sistematika, filogeniya və ekogenez” ümumittifaq konfransında (Bakı, 1986), IV ikitərəfli (SSRİ-ADR) geologiya elmləri tarixi simpoziumunda (Bakı, 1986), ÜPC-nin XXXIV sessiyasında (Bakı, 1988), “Aralıq dənizi neogen regional komitəsinin IX konqresi”ndə (Barselona, 1990), “Yeraltı elmləri tarixi” konfransında (Bakı, 1991), İran islam Respublikası geoloji simpoziumunda (Təbriz, 1994), Amerika Neftçi Geoloqlar Birliyi (AAPG) xətti üzrə keçirilmiş beynəlxalq konfransında (Nissa, 1995), “Neftli və qazlı rayonların biostratiqrafiyası”na həsr olunmuş konfrasda (Sankt-Peterburq, 1994), II türk geoloqları yığıncağında (Sivas, 1995), “Qara dəniz sahəsi neft geologiyası və kəşfiyyatı” II beynəlxalq simpoziumunda (İstanbul, 1996), “Qara dəniz-Xəzər seqmentinin geodinamikası və faydalı qazıntılarının axtarış perspektivləri” beynəlxalq konfransında (Bakı, 1999) və “Aralıq dənizi və Aralıq dənizini əhatə edən hövzənin geologiya və neft geologiyası” simpoziumunda (Malta, 2000) elmi məruzələrlə iştirak etmişdir.

Onun elmi tədqiqatlarının nəticəsi neogenin neftli-qazlı çöküntülərinin stratiqrafik bölgüsünün dəqiqləşdirilməsində böyük əhəmiyyət kəsb etdiyi kimi, onlardan bir çoxu neftçi geoloqların və stratiqrafların stolüstü kitablarındandır (“SSRİ-nin stratiqrafiyası”, 1986; “Azərbaycanın geologiyası. Stratiqrafiya. Mezozoy və kaynozoy”. 1997 və s).

2008-ci ildə E.Atayevaya AR Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikası əməkdar elm xadimi” adı verilmişdir.

Son olaraq E.Atayeva AMEA “Geologiya və Geofizika İnstitutu”nda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.

Babayev Sərdar Səttar oğlu[redaktə | HTML redaktə]

fizika ü.f.d

Sərdar Babayev 1945-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə Şəki şəhər 3 saylı orta məktəbi bitirib və həmin ildə də Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur. 1970-ci ildə universitetin Fizika fakültəsini bitirən S.S.Babayev Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş laborant vəzifəsində işə başlamış və 1975-1978-ci illərdə Fizika İnstitutunun aspiranturasında təhsil almışdır.

S.S.Babayev akad. E.Y.Salayev və prof. K.R.Allahverdiyevin rəhbərliyi ilə “Lazer spektroskopiyası” monokristalının alınması, onların optik və dielektrik xassələrinə temperatur və yüksək hidrostatik təzyiqin təsirinin tədqiqi ilə məşğul olmuşdur. Aparılmış elmi araşdırmalar nəticəsində laylı yarımkeçirici kristalların fonon spektrlərinin xüsusiyyətləri, optik sabitlərin dispersiyası, atomlararası qüvvə sabitləri, kimyəvi rabitənin təbiətini müəyyən etməyə imkan verən Qrunayzen parametrini və xarici faktorların təsiri ilə kristallarda baş verən müxtəlif faza keçidlərinin xarakterik xüsusiyyətlərini müəyyən etməyə imkan vermişdir. S.S.Babayev 1981-ci ildə MEA Fizika İnstitutunun “Yarımkeçirici və dielektriklər fizikası” elmi şurasında “A3B6 tipli yarımkeçirici kristalların spektrlərinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1984-cü ildən baş elmi işçi işləyən S.S.Babayev 1985-1986-cı illərdə Moskvada P.N.Lebedev adına SSRİ EA Fizika İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1994-96-cı illərdə S.S.Babayev MEA Fizika İnstitutunun Ankara Orta Doğu Universitetində birgə elmi-tədqiqat “Lazer Spektroskopiyası” laboratoriyasının yaradılmasında iştirak etmiş və Türkiyə Respublikası TUBİTAK elmi mərkəzinin “Optoelektrotexnika” laboratoriyasında birgə elmi işləri davam etdirmişdir. İki ixtiranın müəllifi olan S.Babayevin 50-dən çox elmi məqaləsi Azərbaycan, Rusiya, İngiltərə, Almaniya və digər ölkələrdə çıxan elmi jurnallarda nəşr olunmuşdur. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 100-ə yaxındır. Hazırda AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

Babayeva Reyhanə Səttar qızı[redaktə | HTML redaktə]

kimya.e.n.

Reyhanə Babayeva 1948-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsili Şəki şəhərindəki 3 saylı orta məktəbdə almış və 1966-cı ildə oranı bitirmişdir. R.Babayeva 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsinə qəbul olmuş və 1971-ci ildə təhsilini bitirmişdir.

R.Babayeva institutu bitirdikdən sonra təyinatı üzrə əmək fəaliyyətinə Abşeron rayonunun Güzdək qəsəbə 41 saylı dəmiryol məktəbində kimya müəllimi kimi başlamışdır. Reyhanə Babayeva 1972-ci ildən əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fizika-kimya institutu ilə bağlamışdır. İnstitutda laborant vəzifəsindən baş elmi işçi vəzifəsinə kimi yüksəlmişdir. Babayeva 1973-1977-ci illərdə təhsilini həmin institutun aspiranturasında davam etdirmişdir. O, elmi işini Azərbaycan MEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Murşüd Ənnağıyevin rəhbərliyi altında aparmışdır.

Reyhanə Babayeva 1983-cü ildə kimya elmləri namizədi elmi dərəcəsini almışdır. Onun namizədlik dissertasiyası “Dehidrogenləşmə katalizatorlarının səthi birləşmələrinin formalaşmasına sintez şəraitinin kompleks, fiziki-kimyəvi metodlarla tədqiqi” mövzusunda olmuşdur.

Reyhanə Babayeva dəfələrlə respublika, Zaqafqaziya və Ümumittifaq konfrans və simpoziumlarda iştirak etmişdir. Elmi məqalələri Respublika və Ümumittifaq elmi jurnallarında dərc olunmuşdur. Dəfələrlə müəlliflik şəhadətnaməsi almışdır.

Bağbanlı İsgəndər Lətif oğlu[redaktə | HTML redaktə]

kimya üzrə elmlər.d, prof

İsgəndər Bağbanlı 1894-cü ildə anadan olmuşdur. İbtidai təhsilini Şəki şəhərində almışdır. 1913-1920-ci illərdə Şəki ipəkəyirici fabrikində fəhlə işləmişdir. 1920-ci ildə fəhlə fakültəsində təhsilini davam etdirmiş və eyni zamanda ibtidai məktəbdə dərs demişdir. 1924-cü ildə Bakı şəhərinə Ali Pedaqoji İnstitutunun təbiətşünalıq bölməsinə göndərilmişdir. İnstitutu bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikumunda 1930-cu ilədək müəllim işləmişdir. 1930-1934-cü illərdə Bakı dənizçilik texnikumunda, “Qırmızı dəmirçi” fabrik-zavod məktəbində müəllimlik etmiş və eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun analitik kimya kafedrasında laborant vəzifəsində çalışmışdır. 1934-1937-ci illərdə Azərbaycan Geologiya İdarəsində kimyaçı-analitik, dənizçilik və sənaye texnikumlarında müəllim vəzifəsində çalışmışdır. 1937-40-cı illərdə Azərbaycan Dövlət Universitetinin analitik kimya kafedrasında, 1941-47 ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi kafedrasında, 1944-59-cu illərdə ADU-nun analitik kimya və qeyri-üzvi kimya kafedralarında dosent işləmişdir. 1933- cü ildən ömrünün axırınadək keçmiş SSRİ EA Azərbaycan filialının Kimya İnstitutunda, 1959-cu ildən Azərbaycan EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda laborant, kiçik elmi işçi və 1946-cı ildə isə “Analitik kimya” laboratoriyasını təşkil edərək 1974-cü ilədək onun rəhbəri olmuşdur. 1942-ci ildə kimya elmləri namizədi dərəcəsi almaq üçün “Natrium sulfid və maqnezium oksid almaq məqsədilə astraxanitin təbii qazla reduksiyası” mövzusunda dissertasiya müdafiə etmişdir. Namizədlik dissertasiyası elmi rəhbər olmadan yerinə yetirilmiş, tərtib və müdafiə edilmişdir. Namizədlik dissertasiyası müdafiəsindən sonra 1942-ci ildən Azəbaycan Sənaye İnstitutunun Ümumi kimya kafedrasında, 1944-cü ildən 1959-cu ilədək əvəzçiliklə Azərbaycan Dövlət Universitetinin Analitik kimya, sonradan isə qeyri-üzvi kimya kafedralarında dosent vəzifəsində çalışmış, eyni zamanda Azərbaycan EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində işləmişdir. 1960-cı ildə “Ammonium tetrarodanodianinxromiatın nadir və əlvan metalların analitik kimyasına tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyasının müdafiəsindən sonra əvvəlki iş yerlərində fəaliyyətini davam etdirmişdir. 1961-ci ildə analitik kimya ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.

Professor İ.L.Bağbanlının elmi-tədqiqat işləri əsasən iki istiqamətdə-respublika mineral xammalının kimyəvi emalı və mürəkkəb tərkibli nümunələrdə (minerallar, sular, süxurlar, ərintilər və s.) nadir və əlvan metalların təyini üsullarının işlənib hazırlanması istiqamətində aparılmışdır. Onun tərəfindən yanğın əleyhinə istifadə etmək üçün alunitdən alüminium sulfat, neft qazmada istifadə edilmək üçün gil məhlulları alınmışdır. Respublikanın kimya və yeyinti sənayesinin tələbatını ödəmək üçün Naxçıvan daş duzunun təmizləmə texnologiyası, eləcə də rəngsiz pəncərə şüşəsi almaq üçün Abşeron kvars qumunun zənginləşdirmə texnologiyası işlənmişdir. Natrium sulfid və maqnezium oksid almaq üçün astraxanit təbii qazla reduksiya edilmişdir.

Böyük Vətən müharibəsi illərində qiymətli katalizator olan vanadium 5-oksidi almaq üçün sulfat turşusu zavodu tullantıları üzərində elmi tədqiqat işləri aparmışdır. Qravimetrik, sonralar isə amperometrik, potensiometrik və fotometrik üsulların köməyi ilə mis, gümüş, qızıl, sink və kadmium, tallium, bismut, nikel, kobalt, palladium, platin və digər elementlərin təyini üsulları xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur.

Professor İ.L.Bağbanlının elmi tədqiqat işlərinin nəticələri 4 dəyərli monoqrafiyada: ”Nadir və əlvan metalların analitik kimyasına ammonium tetrarodanodiaminxromiatın tətbiqi” (Bakı, 1961, 214s.); ”Silikatların kimyəvi analizinə giriş” (Bakı, 1965, 183s.); “Mineral gübrələr və karbonat süxurlarının kimyəvi analiz metodları” (Bakı, 1973, 185 s.); “Kimyəvi terminlər lüğəti” (Bakı, 1956, 83s.) monoqrafiyalarında, 175 elmi əsərdə öz əksini tapmışdır. O, respublikamızda analitik kimya məktəbi yaradanlardan biridir. Onun rəhbərliyi ilə 3 elmlər doktoru və 15 elmlər namizədi hazırlanmışdır.

Professor İ.L.Bağbanlı analitik kimyaya yeni birləşmələr; ammonium tetrarodanodiaminxromiat, əsası yanus boyalarını və elementlərin polifenolyat-amin komplekslərini gətirmişdir. Həmçinin respublika təbii xammallarından bəzi element və birləşmələrin alınması texnologiyasını işləmişdir.

O, 35 il Azərbaycan EA-nın Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. Professor İ.L.Bağbanlının əməyi yüksək qiymətləndirilmiş və “Qırmızı Əmək Bayrağı” ordeni (1951), “Qafqazın müdafiəsi uğrunda” (1944), “Fədakar əməyə görə” (1945) medalları ilə təltif olunmuşdur. Professor İsgəndər Lətif oğlu Bağbanlı 1974-cü ildə vəfat etmişdir.

Bayramov Çərkəz Həsən oğlu[redaktə | HTML redaktə]

Çərkəz Bayramov 1939-cu ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini 1947-ci ildə 10 saylı məktəbdə başlamış, 1956-cı ildə valideynlərinin Sumqayıt şəhərinə köçməsi ilə əlaqədar 10-cu sinfi Sumqayıtın 1 saylı məktəbində bitirmişdir. Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olmuş və 1962-ci ildə fəqlənmə diplomu ilə həmin institutdakı təhsilini “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə başa vurmuşdur.

Əmək fəaliyyətinə 1962-ci ildə Bakıda Ümumittifaq Elmi Tədqiqat və Layihə-Texnoloji Neftmaşınqayırma İnstitutunda (ÜETLTİ Nefemaş) mühəndis vəzifəsində başlamış, 1964-cü ildən kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1966-cı ildə o, Moskvada Ümumittifaq Elmi-Tədqiqat Alət İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. Burada institutun keçmiş direktoru, Moskva Kimya Maşınqayırma İnstitutunun kafedra müdiri, texnika elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Y.P.Nadeinskayanın rəhbərliyi ilə “Radioaktiv izotoplar” laboratoriyasında “Torna əməliyyatında çoxüzlü kəsici lövhələrin yeyilmə və davamlığının çoxüzlü kəsici lövhələrin yeyilmə və davamlılığının tədqiqi” mövzusunda dissertasiya üzərində işə başlamışdır. Qeyd olunmalıdır ki, o dövrdə radioaktiv izotoplar vasitəsi ilə belə tədqiqatlar aparan mütəxəssislər çox az idilər və SSRİ məkanında bu növ tədqiqatlar yalnız bir laboratoriyada aparılırdı. Radioizotop metodunun üstünlüyü ondadır ki, o, yeyilmədə əmələ gələn ən xırda hissəcikləri-çəkisi qramın milyonda biri miqdarında olduqda belə aşkar etməyə və tez çəkisini ölçməyə imkan verir. Elmi rəhbərin 1967-ci ildə vəfatı və elmi ixtisasına görə onu əvəz edəcək alimin olmaması dissertasiyaya aid işlərin gedişinə xeyli əngəllər törətsə də, 1970-ci ildə o müdafiə üçün təqdim edildi və 1971-ci ildə Ç.H.Bayramov namizədlik dissertasiyasını müvəffəqiyyətlə indiki N.Novqorod Texniki Universitetində müdafiə etdi. İşin sanballı elmi nailiyyəti onda idi ki, dissertasiyada metalkəsmə nəzəriyyəsində 1906-cı ildən klassik Teylor düsturu kimi məşhur olan alətin davamlığı düsturunun fiziki mahiyyəti aşkar edildi. İşin praktik əhəmiyyəti onda idi ki, o dövr üçün yeni və proqressiv olan, həm də kütləvi istehsal edilən kəsici alətlərin konstruktiv çatışmamazlıqları aşkar edildi və onların aradan götürülməsi yolları göstərildi.

Aspiranturadan sonrakı dövrdə Ç.H.Bayramov ÜETLTİ Neftemaşda böyük elmi işçi vəzifəsində 1972-ci ilədək işləmiş, sonra 1978-ci ilədək Ümumittifaq Elmi-Tədqiqat Elektrik Maşınqayırma Texnologiyası İnstitutunun Bakı bölməsində laboratoriya rəhbəri vəzifəsində çalışmışdır. O, hər iki sahədə institutda maşınqayırmanın vacib elmi-praktiki məsələlərinin həlli üzərində işləmiş, aldığı nəticələrin istehsalatda tətbiqi ilə məşğul olmuşdur. Onun həmrəhbərliyi ilə bir elmi işçi, 1975-ci ildə Moskvada “Radioaktiv izotoplar” laboratoriyasında namizədlik dissertasiyasını başa vurub müvəffəqiyyətlə müdafiə etdi.

1978-ci ildə Ç.H.Bayramov indi AMEA-nın müxbir üzvü, t.e.d. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti və həqiqi üzvü N.M.Süleymanov tərəfindən Fizika İnstitutunun Xüsusi Konstruktor Bürosunun “Metalşünaslıq” şöbəsində laboratoriya rəhbəri vəzifəsinə dəvət olundu. N.M.Süleymanovun rəhbər olduğu bu şöbə Akademiyanın prezidenti H.B.Abdullayev və Akademiyanın indiki həqiqi üzvü, M.H.Şaxtaxtinskinin səyləri nəticəsində N.M.Süleymanovun alət poladları sahəsindəki uğurlu işlərinin inkişafı və tətbiqi üçün yaradılmışdı. 1980-cıildə bu şöbə əsasında Xüsusi konstruktor-Texnoloji Metalşünaslıq Bürosu “Kristal” yaradıldı və Ç.H.Bayramov burada şöbə rəhbəri, 1981-ci ildən 2003-cü ildə təqaüdə çıxanadək elmi işlər üzrə direktor muavini işləmişdir.

“Kristal”ın elmi-praktiki işləri qısa zamanda SSRİ-nin nəhəng zavodlarında uğurla sınaqdan çıxdı. Bunu nəzərə alaraq SSRİ Dövlət Plan Komitəsi, SSRİ Dövlət Elmi və Texnika Komitəsi, SSRİ Elmlər Akademiyası 1982-ci ildə “Kristal”ın işlərinin 22 maşınqayırma nazirliklərinin müəssisələrində və metallurgiya zavodlarında tətbiqinə dair xüsusi plan təsdiq etdilər. Nəticədə bu işlər 1500-dən artıq müəssisədə tətbiq olundu, milyonlarla manat iqtisadi səmərə əldə edildi.

Uzun illər boyu apardığı tədqiqatlar əsasında Ç.H.Bayramov 43 elmi məqalə çap etdirmiş, 22 ixtiraya müəlliflik şəhadətnaməsi almışdır. “Elm nəşriyyatında onun rus dilində 4 monoqrafiyası çapdan çıxmışdır: “Kəsmədə metalların yüksək sürətli deformasiya fizikasının bəzi məsələləri” (1999), “Bərk xəlitəli kəsici alətin yeyilməsinin fiziki mahiyyəti” (2000), “Volframsız alət poladları və termiki sərtləşdirmə metodlarının sənayedə işlədilməsi təcrübəsi” (həmmüəlliflər: N.M.Süleymanov, A.D.Krepkov, 2003), “ Tezkəsən polad alətlərinin incə strukturu və yeyilməsinin təbiəti” ( həmmüəllif: S.N.Süleymanov, 2006).

Ç.H.Bayramov apardığı aktual elmi tədqiqatlar və böyük iqtisadi səmərə ilə istehsalatda tətbiq olunan ixtiralarına görə 1991-ci ildə AMEA-nın akademiki və texniki elmlər üzrə vitse-prezidenti seçilmişdir.

Bəkirov Məmmədemin Yaqub oğlu[redaktə | HTML redaktə]

fizika-riyaziyyat e.d., prof.

Fizika-riyaziyyat elmləri doktoru, professor Məmmədemin Bəkirov 1925-ci ildə Baş Layısqı kəndində anadan olmuş, ilk təhsilini burada aldıqdan sonra ikiillik müəllimlər institutunu , 1951-ci ildə ADU-nun fizika-riyaziyyat fakültəsini bitirmişdir. Ali məktəbi qurtardıqdan sonra Sovet ordusu sıralarına çağırılmış və Leninqrad Hərbi Dəniz Akademiyasında dinləyici olmuş, sonra Qara dəniz hərbi donanmasında qulluq etmişdir. M.Bəkirov elmi fəaliyyətə 1956-cı ildə Azərbaycan SSR EA Fizika İnstitutunda başlamışdır. Bu institutda o, kiçik elmi işçi vəzifəsindən laboratoriya rəhbəri vəzifəsinədək yüksəlmişdir.

M.Bəkirov öz tədqiqatlarını əsasən yarımkeçiricilər fizikası sahəsində aparmış, sanballı monoqrafiyaları və məqalələri ilə ölkəmizdə və xaricdə tanınmışdır. Alim böyük elmi və təcrübi əhəmiyyəti olan yarımkeçiricilərdə fotoeffekt hadisələrinin ilk tədqiqatçılarından biridir. Bu tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, müasir yarımkeçirici fotoelementlər vasitəsilə günəş enerjisini elektrik enerjisinə çevirib geniş miqyasda istifadə etmək olar. Bu məqsədlə alim 1960-cı ildə selen yarımkeçiricisindən ilk dəfə günəş batareyası düzəldib radioqəbuledicini səsləndirmişdir. İndi onun rəhbərlik etdiyi laboratoriyada eşitmə qurğusunu, stolüstü hesablayıcı maşını, tranzistor qəbuledicini və polimer elektrolitli elektroliz qurğusunu qidalandırmaq üçün məqsədli günəş batareyaları vardır. B.Bəkirov 1971-ci ildən “Fotoelektrik çeviricilər” laboratoriyasının rəhbəri olmuşdur. Laboratoriyanın elmi istiqaməti yarımkeçiricilərdə fotoefektin kompleks tədqiqidir. Alınmış nəticələr alimin qiymətli monoqrafiyalarında toplanmışdır.

M.Bəkirov fizika-riyaziyyat üzrə namizədlik elmi dərəcəsini 1976-cı, doktorluq elmi dərəcəsini isə 1981-ci ildə almışdır. Professor günəş enerjisini fotoelektrik üsulü ilə elektrik enerjisinə çevrilməsi prosesini araşdırmaqla yanaşı, günəş enerjisinin toplanması problemi üzərində çalışmışdır. Alimin apardığı tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, günəş batareyasının verdiyi elektrik cərəyanı vasitəsilə suyu elektroliz üsulu ilə parçalayıb hidrogen almaqla problem müsbət həll edilir. Bunu təcrübədə isbat etmək məqsədilə o, ilk dəfə olaraq fotoelektrik hidrogen qurğusu yaratmışdır. Günəşli günlərdə qurğu hidrogen verir, gün olmadıqda isə hidrogen işlədib elektrik enerjisi alır.

Professor yarımkeçiricilər fizikası ilə yanaşı, fiziki amillərin kənd təsərrüfatına təsiri və onlardan bu sahədə istifadə edilməsi istiqamətində də dəyərli tədqiqat işləri aparmışdır. İstedadlı alim 200-dən çox məqalənin, 5 monoqrafiyanın, 70 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun bəzi işləri SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş və bürünc medallarına layiq görülmüşdür.

M.Bəkirov Azərbaycan EA Şəki Zona Elmi Bazasının yaradılmasında yaxından iştirak etmişdir. Hazırda alimin yetişdirmələri elmin müxtəlif sahələrində həvəslə çalışırlar. Professor 8 il Azərbaycan EA Radiasiya tədqiqatları bölməsinə rəhbərlik etmişdir. Uzun illər “ Yarımkeçiricilər fizikası və günəş enerjisindən istifadə ” problem Elmi şuralarının üzvüdür. Alim ömrünün son illərdə amorf keçiricilər əsasında ucuz fotoelektrik çeviriciləri hazırlamaq üçün fundamental iş üzərində elmi yaradıcılığını davam etdirmişdir.

Professor M.Y.Bəkirov 1996-cı ildən Rusiyada yaşamış, 28 dekabr 2009-cu ildə vəfat etmişdir.

Bəşirov Yaqub Mustafa oğlu[redaktə | HTML redaktə]

geologiya-kimya üzrə f.d.

Yaqub Bəşirov 1930-cu ildə anadan olmuşdur. 1947-48-ci tədris ilində Şəki şəhər 10 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsinə daxil olub, 1953-cü ildə bitirdikdən sonra Elmi Şuranın qərarı ilə Şuşa şəhərinə akademik M.Ə.Qaşqayın rəhbərlik etdiyi hidrogeoloji ekspedisiyada mühəndis-hidrogeoloq vəzifəsində işləməyə başlamışdır. İki il müddətində Şirlan (Turşsu) kəndində işlədikdən sonra Bakıya qayıdaraq müxtəlif elmi tədqiqat institutlarında (keçmiş Neftçıxarma, Azərbaycan EA-nın Neft ekspedisiyası, neft və qaz yataqlarının işlənməsi-indiki DNQYPİ) işləmişdir. 1960-cı ildə EA-nın Geologiya İnstitutunda aspirant olmuşdur. 1965-ci ildə məşhur neftçi-geoloq professor V.A.Qorinin rəhbərliyi altında “Abşeron yarımadası Fatmayı-Zığ antiklinal zonasının cənub batması üzrə məhsuldar qatın yuxarı şöbəsində neft və qaz yataqlarının əmələ gəlməsi və paylanması qanunauyğunluqları” mövzusu üzrə institutun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya müdafiəsindən sonra Geologiya İnstitutunda elmi işçi, 1967-ci ildən 1993-cü ilə kimi böyük elmi işçi vəzifəsində işləmişdir. 1970-ci ildə böyük elmi işçi vəzifəsində işləmişdir. 1970-ci ildə böyük elmi işçi attestatı almışdır.

Dənizdə neft və qaz yataqlarının axtarış və kəşfiyyat ilə əlaqədar dissertasiyasının nəticələrinin nəzəri və praktik əhəmiyyəti elmi məqalələrdə və istehsalata tətbiq edilən işlərdə öz əksini tapmışdır. Elmi fəaliyyəti dövründə bir çox konfranslarda, seminarlarda və s. neft sənayesi üçün faydalı məruzələrlə çıxışlar etmişdir.

Neft geologiyasının müxtəlif bölmələrinə (tektonika, paleotektonika, neft yataqlarının lay suları və s.) aid 50-dən artıq elmi məqalənin, o cümlədən yeni aşkar olunmuş bir neçə gömülmüş paleoqalxımların müəllifidir. Elmi əsərləri neft geologiyasına aid müxtəlif jurnallarda dərc olunmuşdur.

Calalov Qərib İsaq oğlu[redaktə | HTML redaktə]

texnika, e.d. prof. AMEA-nın müxbir üzvü

Qərib Calalov 1937-ci ildə anadan olmuşdur. 1955-ci ildə Baş Göynük orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. 1960-cı ildə universiteti bitirərək mexanika ixtisasına yiyələnmiş və göndərişlə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur.

Q.İ.Calalov 1960-cı ildən Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur.

Q.İ.Calalov 1960-cı ildən Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutuna kiçik elmi işçi vəzifəsinə keçirilmişdir. 1960-cı ilə qədər institutda kiçik elmi işçi, mühəndis, böyük mühəndis, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. Hazırda AMEA Neft və Qaz İnstitutunun Quyu-lay sistemlərinin hidrodinamikasının nəzəri problemləri şöbəsinin müdiri və AMEA-nın müxbir üzvüdür.

Q.İ.Calalov 1964-cü ildə institutun qiyabi aspiranturasına daxil olmuş və 1967-ci ildə vaxtından əvvəl Azərbaycan Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Şurada “Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-birinciliyinin sulaşma prosesinə təsiri məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

1991-ci ildə Azərbaycan EA DNQYP-də fəaliyyət göstərən İxtisaslaşdırılmış Elmi Şurada “Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri alimlik dərəcəsi almışdır. Onun namizədlik və doktorluq dissertasiyalarına rəhbərliyi Rusiya EA-nın müxbir üzvü M.T.Abbasov və Azərbaycan EA-nın akademiki Q.N.Cəlilov etmişlər.

Ona 1992-ci ildə professor elmi adı verilmişdir. Prof. Q.İ.Calalov yeraltı hidrodinamika neft və qaz yataqlarının işlənməsi elmi istiqamətlərinin müxtəlif sahələri üzrə tanınmış alimdir. Onun əsas elmi fəaliyyəti deformasiya olunan böyük yatma dərinlikli məsaməli, çatlı və çatlı məsaməli neft və qaz yataqlarının kollektorlarında baş verən süzülmə proseslərinin hidroqazodinamik modelləşdirmə üsullarının elmi əsaslarının yaradılması, karbohidrogen yataqlarının işlənməsi zamanı yüksək lay təyziqi şəraitində süzülmə-tutum parametrlərinin eksperimental üsülla öyrənilməsi, elmi nəticələrin praktikaya tətbiqi məsələləri ilə bağlıdır. Q.İ.Calalovun bilavasitə iştirakı ilə ilk dəfə olaraq ABŞ-ın “Yunokal” kompaniyası ilə müştərək, çoxtəbəqəli neft yataqlarında süzülmə prosesinin kompleks tədqiqində uyğun hidrodinamik məsələlər üçün alınmış həllər əsasında göstərilən prosesi EHD-də modelləşdirməyə, sistemi xarakterizə edən parametrlərin qiymətlərini hesablamağa imkan verən proqram paketi yaradılmışdır.

Aldığı elmi nəticələr “Bahar” və “Palçıq pilpiləsi” qazkondensat yataqlarının işlənməsinin analizi məsələlərində istifadə edilmişdir. Quyuların hidroqazodinamik tədqiqatları nəticələrinə əsasən təklif edilmiş identifikasiya üsulları yataqların işlənməsinin analizi və layihələndirilməsində tətbiq edilən bir sıra instruksiya və metodiki rəhbərliklərə daxil edilmişdir.

Q.İ.Calalovun fundamental tədqiqatlarının nəticələrinin əksəriyyəti müxtəlif illərdə keçmiş SSRİ və Azərbaycan EA-larının ən mühüm nəticələri sırasında öz əksini tapmışdır. O, 180 çap olunmuş elmi məqalənin, o cümlədən (30-u xaricdə çap olunan) “Çatlı kollektorların hidroqazodinamikası” (Bakı, Elm, 1988, 291s.) və “Fluyüdlərin qərarlaşmamış süzülməsi şəraitində deformasiya olunan layların süzülmə-tutum parametrlərinin identifikasiyasının metodikası” (Bakı, Elm, 1989, 48s.) adlı monoqrafiyaların müəllifidir.

Q.İ.Calalov elmi fəaliyyəti ilə yanaşı, mühəndis və yüksək ixtisaslı elmi kadrların hazırlanmasında fəal iştirak edir. İndiyə qədər 8 elmlər namizədi hazırlamışdır. Hazırda bir neçə doktorant və dissertantın elmi rəhbəridir.

Q.İ.Calalov Azərbaycan Dövlət Neft Akademiyasının “Neft-qaz mədən geologiyası” kafedrasının professorudur.

O, namizədlik və doktorluq elmi dərəcəsi almaq üçün müdafiə olunan bir sıra elmi işlərin rəsmi oponenti və Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Poblemləri İnstitutunda elmi dərəcələr verən İxtisaslaşdırılmış Elmi Şuranın üzvü olmuşdur. Eyni zamanda Amerikanın Beynəlxalq Neftçilər Cəmiyyətinin üzvüdür. O, uzun müddət Azərbaycan EA-nın “Xəbərləri” (Yer elmləri) jurnalının məsul katibi, Azərbaycan EA-nın Yer Elmləri Bölməsinin Redaksiya-Nəşriyyat Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri bölməsinin elmi katibi vəzifələrində fəaliyyət göstərmişdir.

Q.İ.Calalov 1985-ci ildə “Mürəkkəb geoloji şəraitdə yerləşən çoxtəbəqəli neft yataqlarının öyrənilməsində kompleks geoloji-geofizika və hidrodinamik üsulların yaradılması və tədqiqi” işinə görə icraçılardan biri kimi SSRİ Neft-Qaz Sənayesi Elmi-Texniki Cəmiyyətin İ.M.Qubkin adına mükafatını almışdır. O, “Əmək veteranı” medalı ilə təltif edilmiş, 1996-cı ildə Amerikanın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” və “Nailiyyətin qızıl diski” titullarına layiq görülmüşdür. Q.Calalov A.R Prezidentinin 14 dekabr 2005-ci il tarixli sərəncamı ilə şöhrət ordeni ilə təltif edilmişdir.

Cavadova Həqiqət Əliəşrəf qızı[redaktə | HTML redaktə]

texnika üzrə e.d., prof.

Həqiqət Cavadova 1939-cu ildə anadan olmuşdur. 1956-cı ildə Bakıda 190 №-li orta məktəbi bitirmişdir. Həmin il ADU-nun kimya fakültəsinə qəbul olunmuş, 1962-ci ildə təhsilini başa vurmuşdur. Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmış, 1963-cü ildə aspiranturaya daxil olmuşdur. 1965-ci ildən yeni yaradımış Aşqarlar Kimyası İnstitutuna keçmiş, mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində işləmiş, 1988-ci ildən isə “Motor yağlarına aşqarlar kompozisiyası” laboratoriyasına rəhbərlik edir.

H.Cavadova 1978-ci ildə “Fosfat turşusunun efirlərinin sintezi və aşqar kimi sürtgü yağlarına müxtəlif materiallara əlavələr kimi tədqiqi” mövzusunda namizədlik, 1992-ci ildə isə “Motor yağlarına yeni aşqarlar kompozisiyalarının yaradılması və tətbiqi” mövzusunda “Neft kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun fəaliyyətinin elmi istiqaməti müxtəlif funksional təsirli fosfor, kükürd və tərkibində azot saxlayan üzvi birləşmələr və sənaye aşqarları əsasında avtomobil və yük maşınları, habelə gücləndirilmiş avtotraktor və gəmi mühərrikləri üçün motor yağlarına sürtgü kompozisiyalarının elmi əsaslarının işlənib hazırlanması təşkil edir.

H.Cavadovanın fəaliyyəti əsasında ARDNŞ-in Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyinin M-14 QB yağına olan ehtiyacını ödəmək məqsədilə institutun Xüsusi Texnoloji Bürosu ilə “Aşqar” Təcrübi İstehsalat Zavodunda istehsalı təşkil edilmişdir. Onun tərəfindən həmçinin fosfit, fosfat, tiofosfat turşusunun müxtəlif efirləri sintez edilərək, sürtgü yağlarının oksidləşmə və korroziyanın qarşısını alan aşqarlar, stabilizator və inkubator kimi tədqiq edilmişdir. Onun elmi fəaliyyətinin nəticəsini özündə əks etdirən 183 əsər, o cümlədən 58 müəlliflik şəhadətnaməsi və patent kimya elminə böyük töhfədir. H.Ə.Cavadova dəfələrlə Moskva, Sankt-Peterburq, Kiyev, Daşkənd, Novqorod, Perm, Tambov və digər şəhərlərdə keçirilən Ümumittifaq və Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

H.Cavadovun rəhbərliyi ilə 4 fəlsəfə doktoru hazırlanmışdır. O, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının (ASE) əsas müəlliflərindəndir. Hazırda AMEA Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. Onun elmi fəaliyyəti Azərbaycan Respublikasının “Tərəqqi” medalı, “Əmək veteranı” fəxri adı və AMEA-nın Fəxri Fərmanları ilə mükafatlandırılmışdır.

Cəfərov Nurəddin Cəmaləddin oğlu[redaktə | HTML redaktə]

texnika elmləri doktoru

Nurəddin Cəfərov 1933-cü ildə anadan olmuşdur. 1953-cü ildə Şəki Pedaqoji Məktəbini bitirmişdir. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1959-cu ildə qurtarmışdır. Təyinatla Sumqayıt şəhərinə işə göndərilmiş, 1960-cı ildə Bakıya qayıdaraq dissertant olmuşdur. N.C.Cəfərov 1965-ci ildə akademik M.T.Abasovun akademik Q.N.Cəlilovun rəhbərliyi altında “Su neft konturunun hərəkəti və quyular batareyasının sulaşması prosesinin hidrodinamiki tədqiqi” mövzusunda Azərbaycan Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasında müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. “Neft və qaz yataqlarının qeyri-bircins kollektorlarında süzülmə proseslərinin riyazi modelləşdirilməsi” mövzusunda 1992-ci ildə Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edib texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Elmi məsləhətçiləri akademik M.T.Abbasov, akademik Q.N.Cəlilov və Azərbaycan EA müxbir üzvü F.H.Orucəliyev olmuşlar.

N.Cəfərov namizədlik dissertasiyası müdafiə etdikdən sonra Azərbaycan EA Dərin Neft və Qaz yataqları Problemləri İnstitutunda mühəndis, kiçik elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir.

O, yeraltı maye və qaz dinamikası və neft və qaz yataqlarının işlənməsi ilə bağlı Bakı, Kazan, Naberejnie Çelnı, Penza, Tümen və digər şəhərlərdə müxtəlif illərdə keçirilmiş konfrans, seminar və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

M.Ə.Rəsulzadə adına BDU-nun Şəki filialının Riyaziyyat və Lənkəran Dövlət Universitetinin iqtisadiyyat fakültələrində dərs demiş, 1994-cü ildən dosent vəzifəsində çalışmışdır. BDU-nun Şəki filialında dekan və müsabiqə yolu ilə təbiət elmləri kafedrasının müdiri vəzifələrini tutmuşdur.

Onun 1980-cı ildə 24 çap vərəqi həcmində “Çoxsaylı neft yataqlarında quyuların sulaşması məsələləri” adlı monoqrafiyası “Elm” nəşriyyatında, 130-dan artıq elmi məqaləsi keçmiş SSRİ və MDB-də nəşr edilən jurnallarda çap olunmuşdur. Onun bilavasitə rəhbərliyi ilə yeddi elmlər namizədi hazırlanmışdır.

N.C.Cəfərovun elmi tədqiqatlarının nəzəri və praktik əhəmiyyəti aşağıdakılarla müəyyən olunur.

Aldığı kompleks analitik və analitik-ədədi hesabat metodlarının istifadə edilməsi neft və qaz yataqlarının işlənməsi texnoloji göstəricilərinin proqnozlaşdırılmasını olduqca sadələşdirir və onun etibarlılığını yüksək səviyyədə artırır. Elmi nəticələr və yaradılan üsüllar bilavasitə Azərbaycanın bir sıra (Palçıq təpəsi, Balaxanı-Sabunçu-Ramana, Sanqaçaldəniz-Duvannıdəniz-Bulla adası və b.) neft yataqlarında, Buxtanın Şərqi Sotçemyu və Talış yataqlarının istismar sahələrində, Türkmənistanın Şərqi Şatlıq və Krasnodarın Maykop obyektlərində və başqa neft rayonlarında işlənmə layihələrinin və texnoloji sxemlərin tərtibində, eləcə də bu işlərin yerinə yetirilməsi üzərində müxtəlif nəzarəti zamanı geniş tətbiq olunmuş, milyonlarla manat iqtisadi səmərə vermişdir.

N.C.Cəfərov 1985-ci ildə “Mürəkkəb geoloji-dağ şəraitində çoxsaylı neft yataqlarının öyrənilməsinin geoloji-geofiziki və hidrodinamik üsülları kompleksinin yaradılması və tətbiqi” kompleks iş üçün müəlliflər kollektivi ilə birlikdə SSRİ Qaz Sənayesi ETC-nin akademik İ.M.Qubkin adına mükafatını almışdır. Prof. N.Cəfərov 2007-ci ildə vəfat etmişdir.

Cəfərova Bahar Cumay qızı[redaktə | HTML redaktə]

filol.ü.e.d., prof.

Bahar Cəfərova 1953-cü ildə anadan olmuşdur. 1970-ci ildə Şəkidəki 11 №-li orta məktəbi bitirib M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olmuşdur. 1974-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirib. Ali məktəbi bitirdikdən sonra təyinatla Azərbaycan EA Coğrafiya İnstitutunda, sonra isə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda tərcüməçi, daha sonra İnşaat Mühəndisləri İnstitutunda müəllim işləmişdir. B.Cəfərov prof. M.S.Qasımovun rəhbərliyi altında 1994-cü ildə “Terminoloji lüğətlərin elmi əsasları və tərtibi prinsipləri” mövzusunda namizədlik dissertasiyasını Azərbaycan EA Dilçilik İnstitutunda müdafiə etmişdir.

Elmi Üslubun terminoloji leksikasını toplayıb onları elmi cəhətdən sistemləşdirmək, lüğətlərdə maksimum əks etdirmək, lüğətə daxil edilən vahidlərin qrammatik, semantik, üslubi xüsusiyyətlərini dəqiqləşdirib aydınlaşdırmaq, terminoloji sistemdə onun tutduğu mövqeyi və əlaqələri açıqlamaq və s. bu kimi məsələlər tədqiqatın nəzəri əsasını təşkil edir.

Müxtəlif illərdə Heydər Əliyev adına Ali Hərbi məktəbdə, Gömrük Komitəsinin Tədris mərkəzində, Özəl Naxçıvan Universitetində, Özəl Dağıstan Universitetində işləyib, o cümlədən, Təfəkkür və Dağıstan universitetlərində kafedra müdiri olub. 2016-cı ildən Azərbaycan Texniki Universitetinin professordur.

Cəfərova Susanna Abduləziz qızı[redaktə | HTML redaktə]

kimya e. n.

Susanna Cəfərova 1943-cü ildə anadan olmuşdur. 1960-cı ildə Şəki şəhər 10 №-li orta məktəbi qurtarmış və Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1965-ci ildə universiteti bitirmiş və Elmi Şuranın qərarı ilə EA-nın Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasına daxil olmuşdur. Akademiyanın Neft-Kimya prosesləri İnstitutunun Birləşmiş Müdafiə Şurasının “Qeyri-üzvi maddələrin kimya və texnologiyası və fiziki kimya” bölməsində “Daşsalahlı gilablarının və seolit tərkibli krekinq katalizatorlarının teksturlarının adsorbsiya və aktivlik qabiliyyətlərinin tədqiqi” mövzusunda kimya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Susanna Cəfərova namizədlik dissertasiyası müdafiə etdikdən sonra EA-nın Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi vəzifəsində çalışmışdır. O, neft və kimya sahəsinin müxtəlif prosesləri üçün katalizator sintezi, onların tədqiqi və tətbiqi sahəsində elmi tədqiqat işləri aparır. Aldığı elmi nəticələr Macarıstan və Bolqarıstan, Fransa, Almaniya, Tbilisi, Novosibirsk və s. yerlərdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda məruzə olunmuşdur. O, 30-dan artıq məqalə və müəlliflik şəhadətnaməsinin müəllifidir.

2006-cı ildə “İngilis və Azərbaycan dillərində feilin zamanlar sistemi” (müqayisəli-tipoloji tədqiqat) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş. 2012-ci ildən professor elmi adını almışdır.

2013-2015-ci illərdə AMEA Nəsimi adına dilçilik İnstitutunda Dissertasiya Şurasının, 2017-2019-cu illərdə Ali Attestasiya Komandasında ekspert şurasının üzvü olub. 2020-ci ildə yenidən AMEA Nəsimi adına Dilçilik İnstitutunda Dissertasiya Şurasına üzv seçilib.

7 monoqrafiyanın, 2 dərsliyin, 2 metodik vəsaitin, 7 biblioqrafiyanın, 3 tədris proqramının və 80-dən çox elmi məqalənin, 1 lüğətin 1 şeir kitabının müəllifidir. 2013-cü ildə Azərbaycan Respublikasının sərəncamı ilə “əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində dövlət qulluğunda və ATM-da çalışır.

Cəlaləddinov Fidail Fətullah oğlu[redaktə | HTML redaktə]

kimya e.n.

Fidail Cəlaləddinov 1952-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı şəhərindəki 172 saylı orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsinə daxil olmuşdur. 1972-ci ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra Oğuz rayonunda kimya müəllimi vəzifəsində çalışmışdır.Hərbi xidmətdən sonra “Dənizneftlayihə” elmi tədqiqat institutunda mühəndis vəzifəsində işləmişdir. Bir müddət sonra Azərbaycan EA-nın Qeyri-Üzvi və Fizika Kimya İnstitutunda mühəndis vəzifəsinə işə qəbul olmuşdur.

1979-cu ildə həmin institutun aspiranturasuna daxil olaraq, təhsilini davam etdirmək üçün Moskva şəhərinə N.S.Kurnakov adına Qeyri-Üzvi və Ümumi Kimya Elmi-Tədqiqat İnstitutuna ezam olunur. 1984-cü ildə həmin institutda “Bi2O3-ZnO-GO2 və Bi2O3-GA2o3-GO2(G-Si, Ge) üçlü sistemlərində fazaların qarşılıqlı təsiri” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Təhsil aldığı və sonrakı illər ərzində F.Cəlaləddinov ölkəmizdə və xaricdə nəşr olunan elmi jurnallarda 20-dən çox məqalə çap etdimiş, bir neçə ixtiranın müəlliflik şəhadətnaməsini almış, Moskva, Samara, Zveniqorod şəhərlərində keçirilən konfranslarda elmi məruzələrlə çıxış etmişdir. O, hazırda Bakı istehsalat Birliyinin “Geofizcihaz” zavodunda böyük texnoloq vəzifəsində çalışır.

Cəlilov Qurban Nizaməddin oğlu[redaktə | HTML redaktə]

geol.e.d., akad.

AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru, prof. İ.M.Qubkin adına mükafat laureatı, Azərbaycanda neft-qaz elminin təşəkkülündə və inkişafında əvəzolunmaz xidmətləri olan, yeraltı hidroqazdinamika sahəsində elmi istiqamətin əsaslarını qoymuş və böyük elmi məktəb yaratmış görkəmli alim Qurban Nizaməddin oğlu Cəlilov 1927-ci il oktyabrın 27-də Şəki rayonunun Qışlaq kəndində anadan olmuşdur.

Q.N.Cəlilov 1945-ci ildə orta məktəbi gümüş medalla bitirərək. Azərbaycan Dövlət Universitetinin (BDU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, 1950-ci ildə universitetdə təhsilini başa vurub, Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunda aspiranturaya qəbul edilmiş və təhsili davam etmək üçün Moskvaya ezam olunmuşdur. Burada yeraltı hidrodinamika sahəsində tanınmış neftçi-alim, prof. U.N.Şelkaçevin rəhbərliyi altında “Neftlilik konturunun hərəkəti və quyunun sulaşması ilə əlaqədar bəzi məsələlərin hidrodinamik tədqiqi” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. 1954-cü ildə ADU-nun ixtisaslaşdırılmış şurasında müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alır.

Sonrakı dörd ildə (1954-1958) Q.N.Cəlilov Azərbaycanın və ilk növbədə Xəzərin neft yataqlarının işlənməsi üsullarının yaradılması və təkmilləşdirilməsində böyük rol oynamış Azərbaycan Elmlər Akademiyasının əfsanəvi Neft Ekspedisiyasında elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. 1958-1960-cı illərdə Neft Ekspedisiyasının ləğvi ilə əlaqədar Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir.

Q.N.Cəlilovun 1960-cı ildən etibarən həyatının sonrakı yaradıcılıq illəri Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri (keçmiş Neft və Qaz Yataqlarının işlənməsi) İnstitutu ilə bağlı olmuşdur. Burada o, böyük elmi işçi vəzifəsində işləmiş, 1961-ci ildən isə institutun “Yeraltı hidrodinamika” şöbəsinə rəhbərlik etmişdir. O, dərin və geniş tədqiqat işləri apararaq, “Neftlilik konturunun hərəkəti, quyuların sulaşması və süzülmənin fəza məsələləri” mövzusu üzrə doktorluq dissertasiyasını hazırlamış və 1963-cü ildə müvəffəqiyyətlə müdafiə etmişdir. Q.N.Cəlilov 1966-cı ildə “Neft və qaz yataqlarının işlənməsi” ixtisası üzrə professor elmi adını almış, 1972-ci ildə “Neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə Azərbaycan Elmlər Akdemiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Q.N.Cəlilov 1974-1988-ci illərdə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda elmi işlər üzrə direktor müavini işləmiş və elmi seminarın rəhbəri olmuşdur. Alimin elmi-təşkilati fəaliyyəti çalışdığı elm ocağının çərçivəsindən kənara çıxaraq, həmçinin Yer Elmləri Bölməsinin işində də öz əksini tapmışdır: belə ki, o, xeyli vaxt (1980-2000) bölmənin akademik-katibinin müavini kimi fəaliyyət göstərmişdir.

Akademik Q.N.Cəlilovun dərin və məhsuldar elmi araşdırmaları və aldığı nəticələr neft və qaz yataqlarının işlənməsinin layihələndirilməsi və tətbiqində geniş istifadə olunur. O, həmçinin Neft Daşları, Qaradağ, Cənub, Darvin bankəsi, Palçıq pilpiləsi, Hövsan, Duvannı yataqlarının işlənilmə layihələrinin əsas icraçılarından biri olmuşdur.

Akademik Q.N.Cəlilov 230-dan artıq elmi əsərin, o cümlədən, 4 monoqrafiya (“Yeraltı hidrodinamika və neft və qaz yataqlarının işlənilməsi məsələləri”, “Neftlilik konturunun hərəkəti və quyuların sulaşması məsələləri”, “Çoxsaylı yataqlarda quyuların sulaşması məsələləri”, “Çatlı kollektorların hidroqazdinamikası”) və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir. Azərbaycanda hidrodinamiklər məktəbinin yaradıcılarından biri kimi 2 elmlər doktoru və 24 namizədlik dissertasiyasına rəhbərlik etmişdir. Bilik və bacarığını gənc nəslə ötürməyə çalışmış, Bakı Dövlət Universiteti, Texniki Universitet və Təfəkkür Universitetində “Yeraltı hidroqazninamika”, “Hidravlika “, “Maye və qaz mexanikası“ fənlərindən mühazirələr oxumuşdur.

Qurban Cəlilov SSRİ Elmlər Akademiyası Neft və qaz yataqlarının işlənilməsi üzrə Elmi Şuranın, Azərbaycan Elmlər Akademiyasının Neft və Qaz Yataqları Problemləri İnistitutunda, həmçinin bir sıra digər elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərən İxtisaslaşdırılmış Şuraların üzvü olmuşdur. O, Beynəlxalq Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü, Azərbaycan Sovet Ensiklopediyasınnın texnika elmləri redaksiyası üzrə elmi məsləhətçi olmuşdur. Onun çoxillik və məhsuldar elmi və ictimai fəaliyyəti, yüksək ixtisaslı elmi kadrların hazırlanmasındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla mükafatlandırılmışdır, 1985-ci ildə“ Çoxsaylı neft yataqlarının mürəkkəb mədən-geoloji şəraitlərdə öyrənilməsinin geoloji-geofiziki və hidrodinamiki üsulları kompleksinin yaradılması və tətbiqi“ işinə görə bir qrup alimlə birgə İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.

Cəlilov Tacəddin Nizaməddin oğlu[redaktə | HTML redaktə]

kimya e.n.

Tacəddin Cəlilov 1929-cu ildə anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. O, təhsildə yüksək göstəricilər əldə etdiyinə görə dördüncü kursdan etibarən təhsilini Qorki Dövlət Universitetində davam etdirmişdir. 1952-ci ildə orada təhsili başa vuraraq, “analitik kimyaçı” və “tədqiqatçı kimyaçı” ixtisasına yiyələnmişdir.

T.N.Cəlilov ali təhsilli mütəxəssis kimi 1953-cü ildə SSRİ Müdafiə Nazirliyinin xətti ilə Tomsk şəhərinə müvafiq işə göndərilmişdir.

T.N.Cəlilov öz elmi-pedqoji fəaliyyətini 1954-cü ildən etibarən Bakıda davam etdirmişdir. O, Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda mühəndis və laboratoriya müdiri vəzifəsində çalışmışdır.

T.N.Cəlilov 1957-ci ildə respublika Elmlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunda “Üzvi kimya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Sonradan həmin institutda o, baş mühəndis və elmi işçi vəzifələrində işləmişdir.

T.N.Cəlilov 1966-cı ildə “Fizioloji aktiv maddələrin sintezi və tətbiqi” mövzusunda dissertasiya müdafiə edib, kimya elmlər namizədi alimlik dərəcəsi almışdır. O, 1967-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) “Kimya” kafedrasında əvvəlcə baş müəllim, dosent vəzifəsində çalışmışdır. Tacəddin müəllimin elmi-tədqiqat araşdırmaları özünün yeniliyi və çoxcəhətliliyi ilə fərqlənir. Onun sintez etdiyi yeni maddələr xalq təsərrüfatının müxtəlif sahələrində: bitkiçilikdə boy, zəhərləyici və dərman maddələri kimi geniş praktik əhəmiyyətə malikdir. Son illərdə alimin rəhbərliyi ilə sənaye tullantılarının emalı və tətbiqi sahəsində axtarışlar aparılır. Ekoloji tarazlığın pozulmasının qarşısını almaq üçün yüzlərlə kükürdlü, azotlu, halogenli birləşmələr sintez edərək, onlardan inkubator baktersid, kompozisiya materialları kimi geniş tətbiq olunur.

T.N.Cəlilov 250 elmi əsərin müəllifidir. Bu əsərlər kimya və fizika elminin aktual problemlərini əhatə edən çox geniş coğrafi dairədə nəşr olunan jurnallarda çap olunmuşdur. Tacəddin müəllimin müəllifi olduğu elmi əsərlərdən 100-dən çoxu ixtira kimi qeydə alınmış, onlara müxtəliflik şəhadətnaməsi verilmişdir. Onun apardığı çoxcəhətli elmi axtarışlar Azərbaycan EA-nın Aqrokimya, Zoologiya, Elmi-Tədqiqat Olefinlər, Dəniz Neft Layihə, Dərin Neft və Qaz Yataqaları Problemləri institutları və uyğun istehsalat müəssisələri ilə koordinasiya olunur. Tacəddin müəllim universitetin bütün fakültələrində ümumi kimya kursu ilə yanaşı, elmin müasir və perspektivli sahələri üzrə xüsusi kurslar tədris etmişdir.

Onun “Dielektriklər kimyası”, (Dielektriklər kimyasına aid laboratoriya işləri) dərslikləri və bir sıra metodik göstərişləri kimya ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. O, əldə etdiyi nailiyyətlərə görə 1990-cı ildə “Respublikanın əməkdar ixtiraçısı və səmərələşdiricisi” fəxri adına layiq görülmüşdür.

Cəlilova Rəhimə Qurban qızı[redaktə | HTML redaktə]

Cəlilova Rəhimə 1959-cu ildə ziyalı ailəsində anadan olmuşdur. R.Q.Cəlilova 1966-cı ildə 18 saylı şəhər məktəbinə qəbul olunmuş və 1976-cı ildə qızıl medalla həmin məktəbi bitirmişdir. Uşaqlıqdan riyaziyyat elminə böyük meyl göstərirdi və öz arzusunu 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsinə qəbul olunaraq həyata keçirtdi. Tələbəlik illərində özünü elmlərin mənimsənilməsində məharət və istedad götərmişdir, institutun həyatında aktiv iştirak etmişdir və həmin bilik ocağını 1981-ci ildə əlaçı kimi bitirmişdir. Həmin ildə institutun təyinatı üzrə Azərbaycan E.A.Kibernetika İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür və böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.

R.Q.Cəlilova 1983-cü ildə “Hesablama riyaziyyatı” ixtisası üzrə Azərbaycan E.A.Kibernetika İnstitutunun qiyabi aspiranturasına daxil olmuşdur və 1990-cı ildə akademik A.X.Mirzəcanzadənin rəhbərliyi ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almaq üçün uğurla dissertasiya müdafiə etmişdir.

R.Q.Cəlilova tərəfindən tədqiq olunan məsələlərə neft-mədən mexanikasında yeni istiqamət süzülmədə qeyri-xətt, qeyri-taraz prosesləri öyrənən istiqamət ilə əlaqədardır. Bu istiqamət layların neftveriminin artırılmasının yeni texnologiyalarının yaradılması üçün əsas ola bilər.

R.Q.Cəlilova 18 elmi əsərin müəllifidir.

Onun tərəfindən alınan nəticələr elmi və tətbiqi əhəmiyyətə malikdirlər və xalq təsərrüfatı üçün mühüm problemlərdən biri olan layların neftvermənin artırılması problemi ilə əlaqədardır.

R.Q.Cəlilova 1999-cu ildən elmi işlə yanaşı Bakı Dövlət Universitetinin “İnformatika və proqramlaşdırmanın əsasları” kafedrasının nəzdində müəllimlik fəaliyyəti də aparır.

Dəmirçizadə Əbdüləzəl Məmməd oğlu[redaktə | HTML redaktə]

filologiya ü.e.d., prof., Az. SSR EA m.ü, Az. SSR əməkdar elm xadimi, Az. SSR Dövlət mükafatı laureatı

Əbdüləzəl Dəmirçizadə 1909-cu ildə Şəki şəhərində anadan olmuş, ibtidai və orta təhsilini Şəkidə almış, əvvəlcə “Həqiqətul-maarif ” adlanan yeni tipli məktəbdə, sonra isə “Şəki nümunə zəhmət” məktəbində oxumuş, Şəki Müəllimlər Seminariyasını bitirmişdir (1925). Şəki 2 saylı şəhər məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamış, gənclik illərindən bədii yaradıcılığa böyük həvəs göstərmiş, şeirlər, hekayələr və oçerklər, “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Qaraca çoban” pyesini yazmış, ”Dan ulduzu“, “Gənc bolşevik”, “Hücüm”, “Şərq qadını” kimi jurnallarda bədii əsərlərini çap etdirmiş, “Qızıl qələm” cəmiyyəti Şəki şöbəsinin təşkilatçılarından biri olmuşdur. Ancaq onun elmə olan maraq və həvəsi bütün fəaliyyətinə sirayət etmiş, filologiya elmlər doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, Azərbaycan SSR Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı adına qədər yüksəlmişdir. Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunmuş, “Azərbaycan dili tarixi xülasələri” (1938), “M.F.Axundov dil haqqında və Azərbaycan dili” (1941), “Azərbaycan dilinin tarixi” (1948), “Azərbaycan əbədi dilinin inkişaf yolları” (1959), “Kitabi Dədə-Qorqud dastanının dili” (1959), “50 söz” (1962), “Azəri əbədi dilinin tarixi” (1967) və s. kitablarını nəşr etdirmişdir. Azərbaycan dilçiliyi üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rol oynamış, 50-dən çox elmlər namizədi və doktoru yetişdirmiş, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə Bakı şəhərində vəfat etmişdir. Bakı və Şəki şəhərlərində adına küçə var.

Əbdülsəlimzadə Qüdrət Yaqub oğlu[redaktə | HTML redaktə]

iqtisad e.d., prof.

Qüdrət Əbdülsəlimzadə 1933-cü ildə anadan olmuşdur. 1941-1952-ci illərdə Şəkidə orta məktəbdə oxumuşdur. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1960-cı illərdə Azərbaycan EA İqtisadiyyat İnstitutunun aspirantı olmuşdur. 1961-ci ildə iqtisad elmləri namizədi və 1969-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyalar müdafiə etmişdir. 1961-1992-cı illərdə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1992-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin sədri işləmişdir. 1998-2016-ci illərdə Bakı Biznes Universitetinin və Qərb Universitetinin professoru olmuşdur. 30 monoqrafiya, kitab, məqalələr toplusu, elmi-metodik və 400 müxtəlif dillərdə nəşr olunan məqalə, müsahibələrin və magistr, buraxılış işlərinin məsləhətçisi, rəhbəri, opponenti, rəyçisi olmuşdur. O, müxtəlif Elmi Şuraların, Müdafiə Şuralarının, redaksiya heyətlərinin üzvü, Azərbaycan Ensiklopediyasının elmi məsləhətçilərindən və müəlliflərindən biri olmuşdur.

Elmi tədqiqat fəaliyyəti ilə yanaşı, respublikanın ali təhsil ocaqlarında mühazirələr oxumuş, xüsusi kurslar aparmış, Azərbaycan Radio və Televiziya Komitəsində siyasi icmalçılar qrupuna daxil olmuş, respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

Onun geniş əhatəyə malik əsərlərində Azərbaycan təsərrüfat həyatının keçdiyi dinamik və ziddiyyətli inkişaf mərhələləri zəngin mənbələr əsasında hərtərəfli tədqiq olunaraq, elmi şəkildə ümumiləşdirilmişdir. Azərbaycanın iqtisadi tarixinin müəyyən mərhələlərinin öyrənilməsi və nəşri onun iştirakı, habelə bilavasitə rəhbərliyi ilə həyata keçirilmişdir.

Eyni zamanda, onun N.Gəncəvi, N.Tusi, Ə.Nizamülmülk, M.F.Axundov, N.Nərimanov və M.Ə.Rəsulzadənin ictimai-iqtisadi görüşlərinin öyrənilməsinə həsr olunmuş axtarışları ciddi elmi əhəmiyyət kəsb edir.

İqtisadi nəzəriyyənin, beynəlxalq iqtisadi münasibətlərin, müasir keçid dövrü iqtisadiyyatının müxtəlif problemlərinin tədqiqi də onun elmi-nəzəri baxışlarının konkret istiqamətlərini təşkil edir.

Son illərdə Bakı Biznes Universiteti “İqtisadi nəzəriyyələr və Qərb Universiteti”, “İqtisadiyyat, marketinq və menecment” kafedralarının professoru kimi o, Azərbaycan Respublikasında keçid dövrünün iqtisadi-sosial proseslərinin tədqiqi, xalqımızın iqtisadi və fikir tarixinin yeni səpgidə öyrənilməsi, yaxın-uzaq perspektivdə müstəqil bir ölkənin iqtisadi-sosial dirçəlişi, habelə yüksəliş konsepsiyasının işlənib hazırlanması problemləri ilə məşğul olmuşdur. Prof. Qüdrət Əbdülsəlimzadə 1990-cı il 20 yanvar şəhidlərinin dəfn komissiyasının sədri olmuşdur. Q.Ə 2016-cı ilin 13 oktyabr tarixində Bakı Biznes Universitetində dərs zamanı auditoriyada vəfat etmişdir.

Əbdürrəhimov Hüseynbala Yusif oğlu[redaktə | HTML redaktə]

botanika e.n.

Hüseynbala Əbdürrəhimov 1930-cu ildə doğulmuş, ibtidai və natamam orta təhsilini Nuxa şəhər 11 saylı orta məktəbdə aldıqdan sonra 1943-cü ildə Nuxa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş və oranı bitirib, 1946-cı ildə Nuxa rayon Aşağı Küngüt kolxozunda aqrotexnik işləmişdir.

1949-1954-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil aldıqdan sonra göndərişlə 1958-ci ildə Zaqatala rayonunun Azərbaycan Dövlət seleksiya stansiyasının dayaq məntəqə müdiri, sonra Azərbaycan Respublikası Kənd dayaq məntəqə müdiri, sonra Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyini Toxumçuluq İdarəsinə baş aqronom vəzifəsinə köçürülmüşdür. 1959-cu ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun aspiranturasına daxil olub, “Cənubi Muğanın dəmyə və suvarma şəraitində müxtəlif yerli, seleksiya və gələcəkli (perspektivli) buğda sortlarının bioloji və təsərrüfat xüsusiyyətləri” mövzusunda prof. E.N.Sinksiyanın rəhbərliyi altında tədqiqat aparıb, 1964-cü ildə Leninqrad Elmi Şurasında müdafiə edib, elmlər namizədi alimlik dərəcəsi almışdır.

Aspiranturadan sonra həmin institutda qalıb, əvvəlcə kiçik elmi işçi, 1964-cü ildən isə baş elmi işçi, daha sonra 1993-cü ildən aparıcı elmi işçi işləmişdir. Cənubi Muğan və Şəki-Zaqatala rayonlarında payızlıq buğdaların məhsuldarlığının artırılmasına böyük əmək sərf etmiş, gərgin və çoxillik seleksiya işi nəticəsində dən keyfiyyəti yüksək olan quraqlığa və davamlılığı ilə əvvəlki buğda sortlarından fərqlənən “Muğan” payızlıq bərk buğda sortu 1979-cu ildə respublikamızın 4 regionunda (I-II-IV-VIII), “Pərzivan-1” payızlıq yumşaq buğda sortu isə 1990-cı ildə Şəki-Zaqatala regionu üçün rayonlaşdırılmışdır. Bu sortlar Respublikamızın müxtəlif rayonlarında – Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kürdəmir, Biləsuvar, Şamaxı, Şəki, Oğuz, Zaqatala, İsmayıllı, Ağdam, Füzuli və s. geniş sahələrdə səpilmiş və hər hektarından əvvəlki illərdəkindən 3-5 sentnerdən artıq məhsul toplanmışdır ki, bunların iqtisadi səmərəsi hər ildə milyon və milyard manatlar təşkil etmişdir. Bunlardan başqa, bir çox perspektivli (gələcəkli) hibrid bərk və yumşaq payızlıq buğda sortları- “Leukurum”, ”Eritromelan 1076”, “Pərzivan 2” və “Şəki 1” yaradılmışdır ki, onlardan “Şəki 1” yumşaq buğda sortu hazırda Dövlət sınağında ikinci müxtəlif torpaq-iqlim şəraitində yoxlanmış və tətbiq olunmuşdur. Bu sort Şəki-Zaqatala bölgəsində ən qorxulu olan füzarioz xəstəliyinə və yatmaya qarşı davamlı olub, yüksək məhsuldarlığı digər sortlardan 5-10 sentner artıq məhsul verməsi ilə üstündür.

65-dən artıq elmi əsərin və 5 çap vərəqi həcmdə kitabçanın müəllifidir. Bu əsərlərdə payızlıq taxılların müxtəlif seleksiya üsullarından, alınmış hibrid formalarının seçilməsindən, onların bioloji və təsərrüfat xüsusiyyətlərindən, yeni sortların becərilmə texnologiyasından, toxumçuluğundan, yeni rayonlaşmış sortların seçilməsi və yerləşdirilməsindən bəhs edilir.

Onun Moskva, Leninqrad, Kuybışev, Krasnodar, Odessa, Kiyev, Daşkənd, Aşqabad, Tbilisi, Mironovka, Yerevan, Riqa, Vilnüs və s. şəhərlərdə elmi simpozium, konfrans və elmi yığıncaqlarda iştirak edib, çıxışları və məqalələri çap olunmuşdur.

H.Əbdürəhimov Tbilisi şəhərində yaradılan Zaqafqaziya respublikaları “Seleksiya” mərkəzinin, Azərbaycan Seleksiya və Genetika Cəmiyyətinin Rəyasət heyətinin və respublika “Bilik” cəmiyyətinin üzvü olmuşdur. 1982-ci ildə “Şərəf Nişanı” ordeninə, 1983-cü ildə ÜİXTNS-nin bürc medalına, 1986-cı ildə “Əmək veteranı” adına və 1987-ci ildə “SSRİ ixtiraçısı” nişanına layiq görülmüşdür. 1992-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Elmi Şurasının qərarı ilə ona taxılçılığın inkişaf etdirilməsində uzunmüddətli səmərəli əməyinə və elmi fəaliyyətinə görə “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilməsi üçün Azərbaycan Respublikası Milli Məclisi qarşısında vəsatət qaldırılmışdır.

Əbdürrəhmanov Yusif Ələkbər oğlu[redaktə | HTML redaktə]

biologiya e.d., prof. AEA-nın müxbir üzvü

Yusif Əbdürrəhmanov 1912-ci ildə anadan olmuşdur. Şəki nümunə zəhmət məktəbini qurtarmış, 1925-ci ildə Şəki Pedaqoji Məktəbinə daxil olmuşdur, 1929-cu ildə texnikumu bitirib 4 il kənd müəllimi işləmişdir. 1934-cü ildə ADU-nun biologiya fakültəsinə daxil olmuş və 1939-cu ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Görkəmli sovet ixtioloqudur. Biologiya elmləri doktoru (1964), professor (1965), Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1945-ci ildən Azərbaycan EA Zoologiya İnstitutunda işləmiş, 1952-ci ildən ömrünün axırınadək həmin institutda “Su heyvanları” şöbəsinə və “İxtiologiya” laboratoriyasına rəhbərlik etmişdir. Əsərləri Xəzər dənizi və su hövzələrinin balıq təsərrüfatı və faunasının tədqiqinə həsr edilmişdir. 100-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifi, zoologiya terminləri lüğətinin tərtibçilərindəndir. Onun elmi kadrların yetişdirilməsində böyük xidmətləri vardır. “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir. Ondan artıq monoqrafiyanın müəllifidir. “Azərbaycan balıqları” (Bakı, 1955), “ Azərbaycanın şirin su balıqları” (Bakı, 1962), “Azərbaycanın vətəkə balıqları” ( Bakı, 1965), “Azərbaycanın faunası” (c.7, Balıqlar. Bakı, 1966), “Rıbı presnıx vod Azərbaydjana (B., 1962) əsərləri məşhurdur. 1968-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1977-ci ildə vəfat etmiş və İkinci Fəxri xiyabanda dəfn edilmişdir.

Əfəndiyev Heydər Xəlil oğlu[redaktə | HTML redaktə]

kimya ü.e.d., prof, AMEA müxbir üzvü

Heydər Əfəndiyev 1907-ci ildə anadan olmuşdur. 1920-ci ildə natamam orta məktəbi bitirmiş, 1925-ci ildə isə Şəki Pedaqoji Texnikumunu qurtardıqdan sonra ibtidai və orta məktəblərdə müəllimlik etmişdir. Sonra Pedaqoji texnikum nəzdində Nümunə məktəbinin müdiri vəzifəsində çalışmışdır.1927-1931-ci illərdə Bakı Dövlət Universitettinin təbiət-riyaziyyat fakültəsində oxumuşdur.

H.X. Əfəndiyev ali təhsilini başa vurduqdan sonra Şəki Tibb Texnikumunun fəhlə fakültəsinə tədris-hissə müdiri təyin edilmişdir. 1933-cü ildə SSR Elmlər Akademiyası Azərbaycan filialının biologiya sektorundakı geokimya laboratoriyasında işə daxil olmuş və 8 il müddətində laborantlıqdan böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1941-ci ildə H.X.Əfəndiyev “Azərbaycanın ultraəsaslı süxurlarından nikel axınması” mövzusunda dissertasiya müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə Azərbaycan EA Kimya İnstitutunun “Qeyri-üzvü kimya” laboratoriyasının müdiri təyin edilmişdir. II Dünya müharibəsi illərində H.X.Əfəndiyevin rəhbərlik etdiyi laboratoriyada saf kobalt oksid hazırlanmışdır. 1949-cu ildə onu Azərbaycan EA Kimya İnstitutuna direktor təyin etmişlər. Bu vəzifədə ömrünün axırınadək işləmişdir. H.X.Əfəndiyev 1958-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi adını almaq üçün “Kiçik Qafqazın şimal-şərq hissəsinin hidroterminal filiz kompleksi” mövzusunda dissertasiya müdafiə etmişdir. O, 1959-cu ildə professor adına layıq görülmüşdür. 1967-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.

Professor H.X.Əfəndiyev respublikamızda geokimya elminin yaradıcılarından biridir. Onun rəhbərliyi ilə bir neçə istiqamətlərdə elmi-tədqiqat işləri aparılmışdır. Onlardan birinin istiqaməti mineral suların radioaktivliyinin tədqiqi, radioaktiv bulaqların əmələ gəlməsi fiziki-kimyəvi şəraitinin öyrənilməsi, radioaktiv elementlərin neft-çökmə, süxur-lay suları sistemində paylanması məsələlərinin işıqlandırılması, bəzi radioaktiv elementlərin toplanmasında neft üzvi maddələrin rolunun aydınlaşdırılması və s. olmuşdur. Onun rəhbərliyi ilə əməkdaşlarının tədqiq etdiyi elmi işlərin ikinci istiqaməti isə filiz yataqlarında, minerallarda, neftdə, lay sularında və həmçinin müxtəlif süxurlarda selin, tellur, renium, indium, tallium, kadmium və həmçinin rubidium və seziumun və b. elementlərin yayılmasının və onların birləşmə formalarının öyrənilməsi olmuşdur. Onun rəhbərliyi ilə həmçinin mineral xammalı (serpentinidlərin, alumitlərin neft sularının, filiz şlamlarının və s.) kompleks emalında bir sıra nadir elementlərin alınması işinin öyrənilməsində, bəzi elementlərin (vanadium, selen, tellur) təyini üsulunun və istehsalının texnoloji sistemlərinin müəyyən edilməsində, nadir və nadir torpaq elementlərin birləşmələrinin sintezi və fiziki-kimyəvi xassələrinin tətbiqində geniş işlər aparılmışdır.

Professor H.X.Əfəndiyevin çoxcəhətli elmi-tədqiqat işləri 8 monoqrafiya və kitabda, 216-ya qədər elmi əsərdə öz əksini tapmışdır. Onun redaktorluğu ilə 22 monoqrafiya və məqalə toplusu çapdan çıxmışdır.

Professor H.X.Əfəndiyevin Azərbaycan dilində kimya və geologiya terminlərinin yaradılması və təkmilləşdirilməsində xidmətləri əvəzsizdir. Onun pedaqoji fəaliyyəti öz səviyyəsi etibarilə heç də elmi-tədqiqat və təşkilatçılığından geridə qalmır. O, 1938-1945-ci illərdə Azərbaycan Sənaye İnstitutunda assistent və dosent, 1945-1958-ci illərdə isə BDU-nun professoru olaraq tələbələrə geokimyadan, mineralogiyadan və filiz yataqlarından mühazirələr oxumuşdur. Onun əməyi yüksək qiymətləndirilmiş, iki dəfə “Şərəf Nişanı” ordeni və digər medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Prof.H.Əfəndiyev 1949-1967-ci illərdə Qeyri-üzv və Fiziki Kimya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə 12 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlanmışdır. “Azərbaycan Kimya Jurnalı”nın və “Elm və həyat” jurnalının redaksiya heyətlərinin üzvü olmuşdur. H.X.Əfəndiyev 1967-ci ildə vəfat etmişdir.

Əfəndiyev Hüseyn Əhməd oğlu[redaktə | HTML redaktə]

fizika ü.e.d.

Hüseyn Əfəndiyev 1911-ci ildə anadan olmuşdur. Şəki Müəllimlər Seminariyasını bitirdikdən sonra Təcrübə-nümunəvi məktəbində müəllimlik etmişdir. 1932-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1937-ci ildə oranı qurtarmışdır. 1942-ci ildə həmin universitetdə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1942-1946-cı illərdə H.Zərdabi adına Pedaqoji İnstitutda müəllimlik etmişdir. O, 1958-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləməyə başlayır və orada elektronoqrafiya laboratoriyasına rəhbərlik edir. Bu laboratoriyanın təşkilində H.Ə.Əfəndiyev böyük zəhmət və biliyini sərf etmiş və ömrünün son günlərinə kimi onun müdiri vəzifəsində işləmişdir.

Hüseyn müəllimin elmi fəaliyyətinin əsas istiqaməti elektron cihazlarında nazik təbəqələrin difraksiyası ilə tədqiqi Azərbaycanda ilk dəfə onun tərəfindən həyata keçirilmişdir. O, keçmiş Sovet İttifaqında ilk dəfə olaraq kinematik elektronların difraksiyası ilə tədqiqi Azərbaycanda ilk dəfə onun tərəfindən həyata keçirilmişdir. O, keçmiş Sovet İttifaqında ilk dəfə olaraq kinematik elektronoqrafiya üsulunu işləmiş və tətbiq etmişdir. Bu üsuldan istifadə edərək nazik təbəqələr arasında gedən reaksiya və çevrilmələrin idarə olunması qanuniyyəti aydınlaşdırılmışdır.

Üsulun imkanları Bi-Se, Ni-Se, Cu-Se, Jn-Sb və s. Sistemlərin nazik təbəqələrinin tədqiqində nümayiş etdirilmişdir. Onun yüksək həssaslığı nazik təbəqələrdə gedən reaksiyaların fasiləsiz birbaşa qeydi, yüksək olmayan temperatur sahəsini əhatə etməsi üstün cəhətlərindəndir. H.Əfəndiyevin apardığı tədqiqatlar Azərbaycanda mikroelektronikanın inkişafı üçün baza yaratmış, nəticələri 50-dən çox elmi əsərdə və bir monoqrafiyada öz əksini tapmışdır.

H.Əfəndiyevin rəhbərliyi ilə 7 elmlər namizədi hazırlanmışdır. 1967-ci ildə “Nazik təbəqələrdə faza çevrilmələri və qarşılıqlı təsirin elektronoqrafik təyini” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Çox geniş maraq dairəsinə malik olan prinsipial alim gənc fiziklər üçün örnək olmuşdur. Alimin əmək fəaliyyəti dövlət mükafatları ilə qiymətləndirilmişdir. Hüseyn müəllim 1968-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Əhmədov Namiq Abduləvvəl oğlu[redaktə | HTML redaktə]

fizika ü.e.d., prof.

Namiq Əhmədov 1949-cu ildə Şəki şəhərində anadan olmuşdur.1966-cı ildə Şəki şəhər 12 saylı orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1971-ci ildə oranı fərqlənmə diplomu ilə qurtarmışdır. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan EA Fizika İnstitutuna göndərilmiş, 1972-ci ildə aspiranturaya daxil olmuş, SSR EA Bioüzvü Kimya İnstitutuna ezam edilmişdir. Burada professor Y.M. Popovun rəhbərliyi altında “Oliqopeptidlərin nəzəri konformasiya analizi” mövzusunda namizədlik dissertasiyasını başa vurmuş, 1976-cı ildə ADU-da müdafiə edib fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 1991-ci ildə Moskvada SSR EA Kimyəvi Fizika İnstitutunda “Peptid molekullarının struktur-funksiya təşkili” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

Aspiranturanı bitirdikdən sonra təyinatla ADU-da elmi fəaliyyətə başlamışdır. Hazırda Universitetin “Molekulyar fizika” elmi-tədqiqat laboratoriyasında işləyir. Eyni zamanda 1976-cı ildən pedaqoji fəaliyyətlə də məşğuldur. Müxtəlif ixtisas kurslarında Ümumi fizikadan mühazirələr oxumuş, kurs və diplom işlərinə rəhbərlik etmişdir.

N.Əhmədov 180-dan çox elmi məqalənin müəllifidir. Çoxlu sayda beynəlxalq, ümumittifaq və respublika səviyyəli simpozium, qurultay və konfranslarda iştirak etmişdir. Məqalələri Rusiya, ABŞ, Fransa və Türkiyədə çap olunmuşdur. Onun elmi yaradıcılığı peptik və zülal molekullarının fəza quruluşlarının nəzəri tədqiqinə, struktur-funksiya təşkilinin müəyyən edilməsinə və onların əsasında peptid molekullarının yalnız müəyyən funksiyalarını özündə saxlayan sintetik analoqlarının yaradılmasına həsr olunmuşdur.

2007-ci ildən BDU-nun professorudur.

Əhmədov Nəcməddin Hidayət oğlu[redaktə | HTML redaktə]

geologiya e.d.

Nəcməddin Əhmədov 1932-ci ildə anadan olmuşdur. 1949-cu ildə Şəkidəki M.Qorki adına 10№-li orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, və 1954-cü ildə kənd təsərrüfatı istehsalatı proseslərinin mexanikləşməsi ixtisası üzrə tam kursu qurtarmışdır. Aspiranturada saxlanmaq hüququndan imtina edərək təyinatı üzrə əmək fəaliyyətinə başlamışdır. İndiki Oğuz rayonu MTS-ində nəzarətçi-mexanik, 1957-ci isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatı müəssisələrinin təşkili” kafedrasına assistent vəzifəsinə təyin olunmuşdur.

1960-cı ildə K.A.Timiryazev adına Lenin ordenli Moskva Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına imtahan vermişdir. 1964-cü ildə Akademiyanın “İqtisadiyyat” fakültəsinin Elmi şurasında akademik S.Q.Kolesnevin rəhbərliyi ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Kolxozlarda maşın-traktor parkından səmərəli istifadənin təşkili” (Azərbaycan SSR Vartşen istehsalat idarəsi kolxozları timsalında) mövzusunda dissertasiya müdafiə etmişdir. Dissertasiyanın nəzəri və praktik əhəmiyyəti konkret təbii-iqtisadi şəraitdən asılı olaraq traktor və kənd təsərrüfatı maşınlarından səmərəli istifadə yolları müəyyənləşdirilmiş, maşın-traktor parkının lazımi keyfiyyət və kəmiyyət tərkibinin təyin edilmə qaydaları işlənilmişdir. “Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının təşkili” adlı dərs vəsaiti çap olunmuşdur.

Hazırda Kənd Təsərrüfatı Akademiyasının “İqtisadiyyat” fakültəsi “Kənd təsərrüfatı istehsalının təşkili və sahibkarlıq” kafedrasında dosent işləyir. 1985-1992-ci illərdə Azzərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Aqrar-Sənaye Kompleksini İdarəetmə ali məktəbində “Aqrar-sənaye kompleksini idarəetmənin təşkili” kafedrasının müdiri təyin edilmişdir.

N.Əhmədov müxtəlif illərdə (1967, 1975, 1989, 1997, 1998, 1999 və s.) Moskva, Sankt-Peterburq, Kostroma, Bakı, Gəncə şəhərlərində konfrans və seminarlarda iştirak etmişdir.

N.Əhmədovun 100-ə qədər məqaləsi və bir dərs vəsaiti çap olunmuşdur. “Azərbaycan SSR-də kənd təsərrüfatında istehsalın təşkili” (Gəncə, 2, 75 ç.v., şərikli) kitabı 1980-cı ildə işıq üzü görmüşdür. “Biznes planın tərtibinə dair praktikum” adlı dərs vəsaitinin də çap etdirilməsi nəzərdə tutulmuşdur.

N.Əhmədov 1989-cu ildə uzun illər xalq təsərrüfatında səmərəli fəaliyyətinə və əmək xidmətlərinə görə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin “Əmək veteranı”medalı ilə təltif olunmuşdur.

Ələkbərov Rəsul Əli oğlu[redaktə | HTML redaktə]

kimya e.d., prof.

Rəsul Ələkbərov 1928-ci ildə anadan olmuş, 1947-ci ildə Şəkidə orta məktəbi bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. Bir müddət oxuduqdan sonra onu Qorki şəhərində təhsilini davam etdirməyə göndərmişlər. 1952-ci ildə Qorki Dövlət Universitetinin kimya fakültəsini bitirdikdən sonra təyinatla Tomsk şəhərinə göndərilmiş, 1953-1955-ci illərdə orada öz ixtisası üzrə işləmişdir.

1955-ci ildən R.Ə.Ələkbərovun əmək fəaliyyəti Azərbaycan Elmlər Akademiyası Qeyri-Üzvi və Fiziki Kimya İnstitutu ilə bağlı olmuşdur. 1955-ci ildə orada aspiranturaya daxil olmuş, 1958-ci ildə təhsilini bitirdikdən sonra institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1961-ci ildə elmlər namizədi diplomu almış və baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1962-1970-ci illərdə laboratoriyada elmi işlər üzrə müdir müavini, 1970-ci ildən ömrünün sonuna kimi QÜFKİ-də laboratoriya müdiri işləmişdir.

R.R.Ələkbərov elmi ad aldıqdan sonra respublikanın resursları əsasında alınan naften və tionaften turşularından istifadə edərək bir sıra ağır metalların sulu məhlullardan çıxarılması, qatılaşdırılması, təmizlənməsi, təyini üzərində tədqiqat işləri aparmışdır. Aparılan tədqiqatlar nəticəsində ona 1969-cu ildə kimya elmləri doktoru elmi dərəcəsi, 1972-ci ildə professor elmi adı verilmişdir.

Professor R.Ə.Ələkbərovun rəhbərliyi ilə neft məhsullarından alınan yeni-yeni ekstragentlər sinfi yaradıldı.

Məsələn, naften turşuları, xlorlaşdırılmış naften turşuları, alkilfenollar, naften turşuları ilə alkilfenolların sinerketik qarışıqları, bis-2-oksi-5 oktilbenzilamin, bis-2-oksi-5 oktilbenzilamin və naften turşusunun sinerketik qarışığında, tiobenzoy turşularında aminlərdən istifadə edərək, ağır metalların çıxarılmasında, qatılaşdırılmasında və təyini üzərində geniş tədqiqat işi aparılmışdır. Aparılan tədqiqat işlərinin nəticəsi 250-dən çox elmi məqalə və 60-dan çox müəlliflik şəhadətnaməsində əksini tapmış, 2 patent alınmışdır. Elmi məqalələri respublikamızda və xaricdə çap edilmişdir. Professor R.Ələkbərov ixtisası üzrə respublikamızın hüdudlarından kənarda tanınmış görkəmli alimlərdən olmuşdur.

O, uzun müddət QÜFKİ-də elmi işlər üzrə direktor müavini işləmiş, gənc alimlərin yetişdirilməsində xidmətlər göstərmişdir. Rəsul Əli oğlu Ələkbərov 2000-ci ildə vəfat etmişdir.

Əliyev İlham Vəliyullah oğlu[redaktə | HTML redaktə]

riyaziyyat ü.e.d., prof.

İlham Əliyev 24 mart 1951-ci ildə Şəki rayonunun Baş Layısqı kəndində anadan olmuşdur. 1968-ci ildə Baş Layısqı kənd orta məktəbini bitirmişdir. 1968-ci ildə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutuna daxil olub, 1972-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Şəki rayonuna göndərilmiş, Baş Layısqı və Aşağı Layısqı kənd 8 illik məktəbində riyaziyyat müəllimi işləmişdir. 1975-ci ildə V.İ.Lenin adına APİ-nin “Riyazi analiz” kafedrasında əyani aspiranturaya qəbul olunmuşdur. 1980-cı ildə “Bütün oxda ikinci tərtib diferensiyal-operator tənliklərin spektral nəzəriyyəsi və onun tətbiqləri” mövzusunda prof. S.Y.Yaqubovun rəhbərliyi altında Azərbaycan EA-nın Mexanika və Riyaziyyat İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Müdafiədən sonra 1983-cü ilə qədər V.İ.Lenin adına APİ-nin “Riyazi analiz” kafedrasında baş laborant, sonra isə Azərbaycan Nedt və Kimya institutunun Sumqayıt filialında (Hazırkı Azərbaycan Sənaye İnstitutu) müəllim işləmişdir.

1983-1987-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında assent, 1990-2000-ci illərdə Azərbaycan Sənaye İnstitutunun “Ali riyaziyyat“ kafedrasında baş müəllim, dosent, 2001-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin “Riyazi analiz və funksiyalar nəzəriyyəsi” kafedrasında dosent işləmişdir. 2004-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun “Riyaziyyat və onun tədrisi metodikası” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2006-cı ildən AMEA RMİ-nin “Riyazi fizika tənlikləri ” şöbəsində elmi işçi, 2012-ci ildə isə aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2012-ci ildə “Diferensial-operator tənliklərin bəzi spektral nəzəriyyəsi və onların tətbiqi” mövzusunda dissertasiya müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Funksiyalar Nəzəriyyəsi” kafedrasında professor vəzifəsində işləyir. 50-dən çox elmi və metodiki işi çapdan çıxarmışdır. Dünyanın müxtəlif jurnallarında elmi məqalələri dərc olunmuşdur.

Əliyev Qoşqar Seyfulla oğlu[redaktə | HTML redaktə]

texnika ü.f.d.

Qoşqar Əliyev 1966-cı ildə anadan olmuşdur. 1983-cü ildə Şəki şəhər 7 saylı orta məktəbi bitirmişdir. Sənədlərini Azərbaycan Neft və Kimya İnstitutunun “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsinin “Tətbiqi riyaziyyat” ixtisasına vermiş və qəbul olunmuşdur.

1984-1986-cı illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir. Ordudan tərxis olunduqdan sonra Qoşqar Əliyev öz ixtisası üzrə təhsilini davam etdirmişdir.1990-cı ildə institutu fərqlənmə diplomu ilə bitirib təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna göndərilmişdir. Elə həmin il Q.Əliyev “Kimya texnologiyasının proses və aparatları” ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. Aspiranturada təhsilini başa vurduqdan sonra 1995-ci ildə professor Çingiz İbrahimovun rəhbərliyi altında “Səthi aktiv maddələrin neftdaşıyıcı layların məsaməli mühitində qeyri-izotermik adsorbsiya proseslərinin modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.

Qoşqar Əliyev hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının akad.M.F.Nağıyev adına Katalioz və Qeyri-Üzv Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. Onlarla elmi məqalə və tezislərin müəllifidir.

Əliyev Ramil Manaf oğlu[redaktə | HTML redaktə]

filologiya e.d., prof

Ramil Əliyev 1953-cü ildə anadan olmuşdur. 1970-ci ildə Şəki şəhərindəki M.Qorki adına 10№-li orta məktəbdə təhsilini başa vurmuşdur. Şəki mətbəəsində işləmiş, 1971-ci ildə müəssisənin zəmanəti ilə Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə göndərilmiş, 1972-ci ildə isə filologiya fakültəsinə qəbul olunmuş, 1977-ci ildə həmin fakültəni bitirmişdir.

Təyinatla Şəkiyə gəlmiş, ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya qayıtmış, bir müddət qeyri işlərdə çalışdıqdan sonra Azərbaycan EA-nın “Elm” nəşriyyatına redaktor vəzifəsinə qəbul olunmuş, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı olmuş, f.e.d., prof. Əli Saləddinin rəhbərliyi ilə 1992-ci ildə N.Tusi adına ADPU-nun İxtisaslaşdırılmış Elmi Şurasında “Mifoloji motivlər və onların Azərbaycan nağıllarında izləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İxtisaslaşdırılmış Elmi Şuranın qərarı ilə elmi işindən ali məktəblərin filologiya fakültələrində “Mifologiya” ixtisas kursunun tədrisində dərs vəsaiti kimi istifadə olunması tövsiyə olunmuşdur. Həm namizədlik, həm də doktorluq işinin mövzusu birbaşa fəlsəfə ilə bağlı olduğundan fəlsəfənin “Mifologiya” bölməsinin tədrisində müəllifin bu mövzuya aid kitabları (Azərbaycan nağıllarında mifik görüşlər. Bakı, 1992; Mifoloji şüurun bədii spesifikası. Bakı, 2001. ) Dərs vəsaiti kimi istifadə olunmasında uyğun dissertasiyaların, elmi işlərin yazılmasında ədəbiyyat kimi diqqəti cəlb edir.

Namizədlik dissertasiyasının müdafiə etdikdən sonra bir müddət yenə “Elm” nəşriyyatında çalışmış, 1994-cü ildən Azərbaycan EA Beynəlxalq Münasibətlər (keçmiş Milli Münasibətlər İnstitutu) İnstitutunda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.

R.M.Əliyev bir çox elmi konfrans və simpoziumlarının iştirakçısı olmuş, “Böyük Oktyabr və müasirlik” (1988), “Azərbaycan folklorşünaslığı məsələləri”(1988), “Folklor və mədəniyyət” (1989), “Azərbaycan XXI əsrin astanasında” elmi-praktik konfranslarında (may 1998) maraqlı məruzələr etmişdir. O, işlədiyi institutda keçirilən elmi konfransların iştirakçısı, kənarda təşkil olunmuş konfrans və simpoziumların məruzəçisi kimi çıxış etmiş, öz mövzusu ilə bağlı və digər mövzularda 30-dan artıq elmi, publisistik, bədii yazıların, məqalələrin müəllifidir.

R.M.Əliyev 20-dən artıq kitab, monoqrafiya, dərslik, dərs vəsaiti, proqram, 50-dən artıq məqalənin müəllifidir. “Azərbaycan nağıllarında mifik görüşlər” (7,5 çap vərəqi, Bakı, 1992), “Elm” nəşriyyatında, “Türk dünyasından yarpaqlar” (Kamil Muxtarovla birgə 6 çap vərəqi Bakı, 2000), “Mifoloji şüurun bədii spesifikası”(8 çap vərəqi, Bakı ,2001), “XX əsrdə türk xalqlarının birliyi ideyası”(Kamil Muxtarovla birgə 10 çap vərəqi, Bakı, 2002) kitabları “Qartal” nəşriyyatında çap olunmuşdur. 1992-ci ildə Ərzurum Universitetində nəşr olunmuş “Azərbaycan folklorçuları” kitabında fəaliyyəti haqqında elmi biblioqrafik yazı verilmişdir.

Əlizadə Zahid İlyas oğlu[redaktə | HTML redaktə]

fizika-riyaziyyat ü.e.d.

Zahid Əlizadə 1910-cu ildə anadan olmuşdur.

Z.İ.Əlizadə Respublikanın ilk doktoru-fizikidir. O, 1927-ci ildən Respublikanın orta məktəblərində və texnikumlarında müəllimlik etmişdir, aspirant olmuş, Bakı şəhərinin ali məktəblərində elmi-tədqiqat işləri aparmış, dosent kimi V.İ.Lenin adına APİ-də, S.M.Kirov adına ADU-da, Azərbaycan Dövlət Qiyabi İnstitutunda fizika kafedrasının müdiri vəzifəsində çalışmış, 12 ildən çox Azərbaycan SSR Elmlər Akademiyasının fizika-riyaziyyat institutunun elmi işlər üzrə müdir müavini, metallar fiziki laboratoriyasının müdiri olmuşdur.

Böyük Vətən Müharibəsi illərində Z.İ.Əlizadə Zaqafqaziya cəbhəsi təşkilatının işini yerinə yetirmək üçün səfərbərliyə alınmış və müharibədən sonra Moskvaya, SSRİ Elmlər Akademiyasına, doktoranturaya göndərilmişdir. 1948-ci ildən 1950-ci ilə kimi Z.İ.Əlizadə MDU nəzdindəki Fizika İnstitutunun baş elmi işçisi vəzifəsində işləmişdir. 1951-ci ildə Z.İ.Əlizadə yüksək elmi-nəzəri və təcrübi səviyyədə doktorluq işini qurtarmış və MDU-da müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru elmi dərəcəsini almışdır.

1951-ci ildə respublikanın ilk elmlər doktoru-fiziki kimi Azərbaycana qayıtmışdır.

Z.İ.Əlizadə 50-dən çox elmi əsər və kəşflərin müəllifidir. Bunlardan əksəriyyəti SSRİ Elmlər Akademiyası, MDU Xəbərlər, Az.SSR Elmlər Akademiyasının Xəbərləri və AzPİ-nin nəşriyyatında çapdan çıxmışdır. Z.İ.Əlizadənin elmi işləri Sovet və xarici ölkə alimləri tərəfindən yüksək qiymətləndirilmiş və bir sıra sovet və dünya ədəbiyyatlarına daxil edilmişdir.

Professor Z.İ.Əlizadə elmi pedaqoji və ictimai işini bacarıqla aparmış, Respublikada gənc mütəxəssislərin, elmlər namizədlərinin hazırlanmasında Z.İ.Əlizadə çox aktiv iştirak etmişdir. Elmi-pedaqoji işinə, Vətən müharibəsi zamanı Dövlət tapşırığını yerinə yetirdiyinə və kəşflərinin sənayedə tətbiqinə görə professor Z.İ.Əlizadə “Qırmızı Ulduz” ordeni və bir sıra medallarla təltif olunmuşdur.

Əlizadə Zəkəriyyə Mabud oğlu[redaktə | HTML redaktə]

geologiya-mineralogiya e.d., prof.

Zəkəriyyə Əlizadə 2 fevral 1936-cı ildə Azərbaycan SSR-nin Şəki Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Şəki şəhər 10 saylı orta məktəbində orta təhsil almış, sonra isə Azərbaycan Sənaye İnstitutunda daş mühəndisi-geoloq ixtisasına yiyələnmişdir. Litologiya, geokimya ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 55 elmi əsərin, 3 monoqrafiyanın müəllifidir. Xarici ölkələrdə 10-dan çox elmi əsəri çapdan çıxmışdır. 4 müəlliflik şəhadətnaməsi və patent almışdır. 1972-ci ildən 1995-ci ilədək Azərbaycan EA-nın Fizika institutunun nəzdində yaradılmış Şəki Zona elmi bazasının direktoru, 1995-ci ildə müəssisə Şəki Regional Elmi Mərkəzinə çevrildikdən sonra isə həmin müəssisənin direktoru olmuşdur. Z.Əlizadənin öz xahişi ilə tuduğu vəzifədən azad olunması barədə AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixdə keçirilmiş iclasında qərar qəbul olunmuşdur. Əsas elmi nailiyyətləri • Qərbi Azərbaycanın ağcaqıl çoküntülərində qələvi torpaq elementlərindən Ba və Sr, dəmir qrupu elementlərindən isə Mn, V, Cr, Ni, və Ti-nin ayrı-ayrı litoloji tərkibə malik çöküntülərdə miqdarı spektral analiz üsulu ilə öyrənilməsi, onların yayılma qanunauyğunluqları müəyyənləşdirilməsi, müvafiq geokimyəvi xəritələrin tərtib edilməsi. • Mürəkkəb dislokasiyaya uğramış rayonların filizləşən suxurlarının litologiyası və filiz elementlərinin geokimyası Böyük Qafqazın cənub yamacının orta və üst yuRa çöküntülərini təşkil edən ayrı-ayrı süxur növlərindən dəmir qrupu elementləri və filiz elementləri və filiz elementləri hesab edilən qurğuşun, mis və sink polimetal elementlərinin tədqiqi, regional geokimyasının öyrənilməsi, müvafiq geokimyəvi xəritələr tərtib edilməklə filizlilik baxımından yeni perspektivli sahələrin müəyyən edilməsi. 1993-1999 illərdə Bakı Dövlət Universitetinin Şəki filialında “Diyarşunaslığın əsasları” və “Təbiətşunaslıq” fənnlərindən dərs demişdir. Əsas elmi əsərlərinin adları: • Qərbi Azərbaycanın ağcaqıl çöküntüləridə bəzi kimyəvi elementlərin paylanması qanunauyğunluğu və onunla əlaqəli paleocoğrafi problemlər (namizədlik desertasiyası 1966). • Azərbaycanın ağcaqıl çöküntülərinin litologiyası. Ə. C. Sultanov, 1979. • Mürəkkəb dislokasiyaya uğramış rayonların filizyerləşən suxurlarının litologiyası və filiz elementlərinin geokimyası (B. Qafqazın cənub yamacının orta və üst yura çökəklikləri timsalında )D. dis. k. 1988. • Böyük qafqazın Cənub yamacının Tfan antiklinorisində filizləşən orta yura çöküntülərinin geokimyası. Moskva, 1980. Ümumit. müşav. tezisləri. • Böyük Qafqazın cənub yamacının orta və üst yura çöküntülərinin litoloji və petroqrafik tərkibinin kimyəvi elementlərinin paylaşmasına təsiri. Litoqrafiya və faydalı qazıntılar jurnalı, Moskva. 1987.

Əsədova Rəna Şərif qızı[redaktə | HTML redaktə]

texnika ü.f.d., dosent Əsədova Rəna 1962-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969-1979-cu illərdə orta məktəbdə təhsil almış, 1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1984-cu ildə institutu mühəndis-elektrik ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. 1980-2003-cu illərdə Sumqayıt Dövlət Universitetində (keçmiş Azərbaycan Sənaye İnstitutu) laborant, baş laborant, assistent, baş müəllim vəzifələrində çalışmışdır. 2002-ci ilin oktyabr ayında AMEA-nın müxbir üzvü, professor F.İ.Məmmədovun rəhbərliyi altında “Sənaye obyektlərinin idarə sistemləri üçün bütöv maqnit keçirici iki ölçülü elektromaqnit böyük yerdəyişmələr çeviricilərinin işlənməsi və tədqiqi” mövzusunda namizədlik dissertasiyasini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. Dissertasiyada təklif olunan çevirici iqtisadi cəhətdən səmərəli, sadə hazırlanma texnologiyasına və yüksək ölçmə dəqiqliyinə malik olmaqla bərabər, eyni zamanda iki çeviricinin işini yerinə yetirməyə qadirdir.

2003-cü ilin yanvar ayından AMEA-nın Kibernetika İnstitutunda elmi işçi, 2004- cü ilin sentyabr ayından isə “Elmi-texniki informasiya, patent tədqiqatları ” şöbəsinin rəhbəri vəzifəsində çalışır, dosentdir.

Rəna xanım həm də Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosentidir.

O, dəfələrlə Respublika və Beynəlxalq elmi konfranslarda, Beynəlxalq Elmi simpoziumlarda məqalə ilə çıxış etmişdir. Rəna xanım 14 elmi məqalənin, iki elmi ixtiranın və bir metodik vəsaitin müəllifidir. Məqalələri Respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında çap olunmuşdur.

Əyyubov Əsgər Cabbar oğlu[redaktə | HTML redaktə]

coğrafiya e.d., prof.

Əsgər Əyyubov 1926-cı ildə anadan olmuşdur. Orta təhsilini Şəkidə 5 № li məktəbdə, sonra pedaqoji texnikumda almış, 1944-cü ildə başa vurmuşdur. 1946- cı ildə Azərbaycan Dövlət Universitetinə daxil olub oranı fizika-coğrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə 1951-ci ildə qurtarmış, təhsilini davam etdirmək üçün 1951-ci ilin axırında Moskvaya, SSRİ EA-nın Coğrafiya İnstitutunun aspiranturasına göndərilmişdir. 1954-cü ildə Moskvada Coğrafiya İnstitutunda professor Leonid Aleksandroviç Çubukovun rəhbərliyi altında “Azərbaycanın kurort və müalicə yerlərinin müqayisəli iqlim səciyyəsi” mövzusunda namizədlik, 1971-ci ildə Bakıda Azərbaycan EA Coğrafiya İnstitutunun Elmi Şurasında Azərbaycan SSRİ-in iqlim ehtiyatları və onların kənd təsərrüfatında istifadəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Dissertasiyalar üzrə apardığı tədqiqatların nəzəri əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə bu sahələr üzrə metodologiya işlənmiş və onların bazasında respublika kurort iqlimşünaslığı və aqroiqlimşünaslıq elmlərinin əsası qoyulmuşdur. Bu istiqamətləri sonralar o, daha da inkişaf etdirmiş və hər iki sahəni təmsil edən məktəb yaratmışdır.

Dissertasiya işlərinin praktik əhəmiyyəti ondan ibarətdir ki, hər iki istiqamət üzrə ilk dəfə rayonlaşdırma aparılmış və ayrı-ayrı bölgələrin potensialı, iqlim məhsuldarlığı müəyyənləşdirilmişdir.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Ə.Əyyubov Moskvadan Bakıya qayıtmış və 1955-ci ilin yanvarından 2000-ci ilədək Azərbaycan EA Coğrafiya İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində işləmişdir.

Ə.Əyyubov fizika-coğrafiya, landşaftşünaslıq, tibb iqlimşünaslığı, kurort iqlimşünaslığı, aqroiqlimşünaslıq, ekologiya və başqa sahələr üzrə respublika, ittifaq və beynəlxalq simpozium, konfranslarda məruzələrlə çıxış etmiş, Moskva, Sofiya, Varşava, Krakov, Dehli və Təbrizdə çağırılmış elmi toplantıların fəal iştirakçısı olmuşdur. 1960-cı ildən indiyədək respublikanın ayrı-ayrı məktəblərində - BDU-da, ADPU-da dərs deyib, dəfələrlə həmin təhsil ocaqlarında dövlət imtahan komissiyalarının sədri olmuş, hazırladığı elmi kadrlara görə1978-ci ildə professor adı almışdır. O, çap olunmuş 230-dan çox elmi əsər, o cümlədən 11 monoqrafiya, 5 elmi-kütləvi kitabın, iki 1:600000 miqyaslı xəritə və bir atlasın müəllifidir. Bu kitabların arasında xüsusi olaraq Şəki rayonu və Şəki şəhərinə həsr olunanlar da vardır. 40-a qədər elmi əsəri müxtəlif xarici ölkələrdə dəCs etdirmişdir.

Əsgər Əyyubov bir elmlər doktorunun, iki elmlər namizədinin yetişdirilməsində böyük əmək sərf etmişdir.

Onun elmi-tədqiqat işlərinin əksəriyyəti ümumi coğrafi problemlər, nəzəri və elmi-metodiki məsələlərlə bərabər, tətbiqi istiqamətlərinə həsr olunmuşdur. Azərbaycanın kurort və müalicə yerlərini dünyanın məşhur kurortları ilə müqayisə edərkən Ə.Əyyubov respublikanın çox böyük iqlim-kurort potensialına malik olduğunu aşkarlamış kurortlarımızın profilində müalicə amilinin yerini müəyyənləşdirmiş, onları ilk dəfə keyfiyyətcə qiymətləndirmişdir. Ə.Əyyubov tərəfindən aparılmış iqlimin bonitirovkası nəinki respublika iqliminin keyfiyyətcə qiymətləndirilməsinə, habelə iqlimlə digər coğrafi ünsürlərin asılılıq qanunauyğunluqlarını müəyyən etməyə imkan vermişdir. Onun rəhbərliyi və iştirakı ilə SSRİ-də ilk dəfə iqlim meliorasiya rayonlaşdırılması sistemi yaradılmış və Azərbaycan ərazisinin iqlim-meliorasiya rayonlaşdırılması aparılmışdır.

Ə.Əyyubov Azərbaycan EA Yer elmləri üzrə “Xəbərlər” jurnalının baş redaktorunun müavini, Ali Attestasiya Komisiyasının Yer Elmləri Bölməsi üzrə eksperti olmuşdur. “Azərbaycanın iqlimi” monoqrafiyasına görə Ə.Əyyubov Azərbaycan Dövlət mükafatını (1972), “Azərbaycan iqliminin bonitirovkası” monoqrafiyasına görə SSRİ Coğrafiya Cəmiyyətinin F.P.Litke adına qızıl medalını (Lelinqrad, 1976), “Azərbaycan SSR-in aqroiqlim rayonlaşdırılması” xəritəsinə görə SSRİ XTNS-nin bürünc medalını (Moskva, 1976), ”Azərbaycan Respublikasının aqroiqlim atlası”na görə Azərbaycan “Təhsil” cəmiyyətinin birinci mükafatını (Bakı, 1994) almışdır. Ə.Əyyubov 2000-ci ilin sentyabrında dünyasını dəyişmişdir.

Əyyubov Fikrət Cabbar oğlu[redaktə | HTML redaktə]

kənd təsərrüfatı e.n.

Fikrət Əyyubov 1934-cü ildə anadan olmuşdur. Orta təhsilini Şəkidə 2 və 10 №-li məktəblərdə 1951-ci ildə başa vurmuşdur. Həmin ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olub, oranı 1956-cı ildə müvəffəqiyyətlə bitirmişdir. 1956-1958-ci illərdə təyinatla Şəki rayonunun Baş Küngüt kəndindəki orta məktəbdə coğrafiya müəllimi işləmiş, sonra 1958-ci ildən 1961-ci ilə qədər Bakıda Hidrometeorologiya idarəsində hidroqrafik partiyanın rəisi vəzifəsində çalışmışdır. Eyni zamanda Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin eroziya sektorunda qiyabi aspirant olmuşdur.

“Üçüncü dövr platosunda (Göyçay və Əlican çayları arası) torpaqların eroziyası” adlı dissertasiyasını prof. Kazım Ələkbərovun rəhbərliyi altında 1967-ci ildə müdafiə etmiş və kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədən sonra 1969-cu ildə Azərbaycan EA Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində laboratoriya müdiri vəzifəsində işləmişdir.

Müxtəlif vaxtlarda Moskva, Perm,Vladivostok, Daşkənd və digər şəhərlərdə kosmik tədqiqatlar, torpaq eroziyası və başqa problemlərlə əlaqədar keçirilən elmi konfrans və simpoziumlarda Azərbaycanı təmsil etmiş və məruzələrlə çıxış etmişdir.

F.Əyyubov 50-dən artıq elmi əsərin və bir kitabın müəllifidir. 3,5 çap vərəqi olan “Kosmosdan təbiətə nəzər” adlı kitabı 1985-ci ildə çap edilmişdir. O, Azərbaycanda karst torpaqlarının, torpağın eroziyası və onun kosmik tədqiqatlar əsasında öyrənilməsi problemlərinə həsr edilmiş, kosmik fotoşəkillərin, yer səthində geomorfoloji quruluşun aerokosmik şəkillər vasitəsilə öyrənilməsi məsələlərinə həsr edilmişdir. Müəllifin Şəki rayonuna aid konstrukiv-coğrafi təklifləri problem kimi öz həllini gözləyir. Bunların arasında Acınohur gölünün taleyi haqqda verilən təklif xüsusi əhəmiyyət kəsb edir. F.Əyyubovun fikrincə, bu göl özünün son vaxtlarını yaşayır və onun tam qurumasına şərait yaratmaqla Şəki və Qax rayonlarının əkin sahələrini xeyli artırmaq olar. O, “İnterkosmos” xətti ilə 1984-1987-ci illərdə Şəkidə vaxtaşırı keçirilən “Günəş” eksperimentlərinin iştirakçısı və təşkilatçılarından biri olmuşdur.

F.Əyyubov uzun illər Eroziya Sektoru və Coğrafiya İnstitutunda yerli komitənin sədri və sədr müavini kimi ictimai fəaliyyət göstərmişdir. Onun əsərləri və ətraf mühitin qorunması sahəsində elədiyi məruzələr dəfələrlə müxtəlif diplom və mükafatlarla qiymətləndirilmişdir. “Kosmosdan təbiətə nəzər” kitabı 1986-cı ilin dekabrında Ümumittifaq “Bilik” Cəmiyyətinin, həmin ilin mayında isə Azərbaycan SSR “Bilik” Cəmiyyətinin diplomlarını almışdır. Zəhmətkeşlər arasında kosmik tədqiqatlar sahəsində elmi-texniki nailiyyətlərin təbliğində fəal iştirakına görə Azərbaycan SSR “Bilik” Cəmiyyətinin xüsusi diplomları ilə (24 dekabr 1986 və 5 may 1987-ci illər) təltif edilmişdir.

F.Əyyubov 1991-ci ildə vəfat etmişdir.

Əzizov Elman Mövlüd oğlu[redaktə | HTML redaktə]

filologiya ü.f.d.

Elman Əzizov 1962-ci ildə Şəki rayonunda Baş Layısqı kəndində anadan olmuş, doğulduğu kənd orta məktəbini (1980), BDU-nun filologiya fakültəsini bitirmişdir (1991). Görkəmli şair-aşıq Molla Cumanın qızı Reyhan xanımın nəvəsidir. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuş, “Molla Cumanın yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. “Molla Cumanın yaradıcılığı” kitabı çapdan çıxmış, folklorşunaslığın aktual məsələlərinə, aşıq şeirinin xüsusiyyətlərinə dair və s. elmi, publisist yazıları BDU-nun “Dil və ədəbiyyat” məcmuəsində “Ərən”, “Rezonans”, Gülüstan, “Azərbaycan”, “Dərbənd” və başqa mətbuat orqanlarında çap olunmuşdur. Tədqiqatçı, publisist bu gün də dövrü mətbuatda ardıcıl çıxış edir.

Əzizov Fərhad Şirin oğlu[redaktə | HTML redaktə]

biologiya ü.f.d.

Fərhad Əzizov 1946-cı ildə anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə qəbul olunub, 1969-cu ildə bitirmişdir. 1969-cu ildən 1970-ci ilə qədər Sumqayıt Kimya zavodunda aparatçı vəzifəsində, 1970-ci ildən 1974-cü ilə qədər “Neft kimya avtomat” Elmi-Tədqiqat Layihə İnstitutunda mühəndis vəzifəsində işləmişdir.

1974-cü ildən AzEA-nın Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1976-cı ildə AzEA Genetika və Seleksiya İnstitutunda aspiranturaya qəbul olmuş, 1980-cı ildə bitirmişdir.

1983-cü ildə Daşkənd şəhərində Özbəkistan EA-nın “Bioüzvi-Kimya” İnstitutunun Elmi Şurasında dissertasiya işini müdafiə etmiş, biologiya elmləri namizədi elmi adı almışdır.

İxtisası üzrə 5 müəlliflik şəhadətnaməsi, 1 səmərələşdirici təklif üçün şəhadətnamə almış, 25 məqalə və tezis dərc etdirmiş, 1 monoqrafiya nəşr etdirib. Məqalə və tezislər Moskva, Novosibirsk, Düşənbə, Sankt-Peterburq, Vladiqafqaz şəhələrində nəşr olunan kitab və elmi jurnallarda dərc olunmuşdur.

2001-ci ildən pedoqoji fəaliyyətlə məşğul olurmuş. Şəki Pedaqoji Texnikumunda “Anatomiya, fiziologiya və gigiyena” fənnini Musiqi Texnikumunda “Biologiya fənnini” tədris etdirmişdir.

2001-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tədris proqramları İnstitutu tərəfindən təsdiq olunmuş “Anatomiya, fiziologiya və gigiyena”, “Biologiya fənnləri” üzrə tədris proqramlarının müəllifidir.

Bir sıra MDB ölkələrində Rusiya, Gürcüstan, Bolqarıstan, Türkiyə respublikalarında keçirilən konfrans və simpoziumlarda iştirak edib.

2001-ci ildə “Bioflor”Ekoloji Tərbiyə İctimai Birliyini təsis etmiş, onun sədridir.

2002-ci ildən “Şəki Sənətkarlar Assosiasiyası”nın və 2003-cü ildən Şəki “Ailə Turizm Assosiyasiyası”nın, 2004-cü ildən Şəki “Sahibkarlar Assosiasiyası” nın təsisçisidir.

2002-ci ildə “Mədəni irsin qorunma layihəsi” üzrə Şəki ictimai işçi qrupunun rəhbəri seçilmiş, Cənubi Qafqazda Turizm təşəbbüsləri Proqramı çərçivəsində “Transqafqaz” Turizm layihəsi üzrə 2002-ci ildə Tbilisidə keçirilən Beynəlxalq seminarın iştirakçısı olmuş, fasilitator sertifikatı almış, 2001-ci ildə Alman-Azərbaycan texniki əməkdaşlıq “GTZ” xətti ilə təşkil olunmuş bir illik “Məsləhətçilərin seminar yolu ilə hazırlanması” kursunun müdavimi olmuş, sertifikatlar almışdır.

2003-cü ildə “İmplus firmasına icraçı direktor təyin olunmuş, “Biznes-məsləhət” Mərkəzinin rəhbəridir.

Hacəhmədzadə Xuraman Şamil qızı[redaktə | HTML redaktə]

texnika ü.f.d.

Xuraman Hacəhmədzadə 1961-ci ildə anadan olub. Orta təhsilini Şəki şəhər 20 saylı məktəbdə almışdır. Hacəhmədzadə Xuraman 1987-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Kimya texnologiyası” fakultəsini bitirmişdir.

1992-ci ildən Azərbaycan MEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun Nəzəri Problemləri İnstitutunun əməkdaşıdır. Hal-hazırda AMEA Kimya Problemləri İnstitutunda elmi fəaliyyətini davam etdirməkdədir.

2017-ci ildə X.Hacəhmədzadə professor Çingiz İbrahimovun rəhbərliyi altında “Poliizobutilenin modifikasiyası, katalitik destruksiyası proseslərinin tədqiqi, riyazi modelləşdirilməsi və parametrlərinin hesablanması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Hacıyev Rasim Məmmədiyə oğlu[redaktə | HTML redaktə]

geologiya ü.e.d., prof.

Rasim Hacıyev 1925-ci ildə anadan olmuşdur. Şəki şəhər 10№-li məktəbi bitirmişdir. 1948-ci ildə Moskva Geoloji Kəşfiyyat İnstitutuna daxil olmuş və 1953-cü ildə bitirmişdir. İnstitutu qurtardıqdan sonra Bakı şəhərində istehsalatda - Dəniz Geofiziki-Kəşfiyyat Trestində işləmişdir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda çalışmışdır. 1958-ci ildə “Yer qabığı qatlarının sıxlığının və qalınlığının qravitasiya anomaliyalarına təsirlərinin hesaba alınması” mövzusunda dissertasiya müdafiə etmişdir. Müdafiədən sonra Geologiya İnstitutunda laboratoriya, sonradan şöbə müdiri işləmiş, eyni zamanda pedaqoji fəaliyyət göstərmişdir. 1966-cı ildə “Azərbaycanın dərinlik geoloji quruluşu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Dissertasiyanın elmi əhəmiyyəti ondan ibarətdir ki, müəllif Azərbaycanın Xəzər dənizində regional və lokal qravitasiya anomaliyalarını geniş təd qiq etmiş və neftli-qazlılığı haqqında fikirlər söyləmişdir. Onun rəhbərliyi altında Xəzər və dünyanın digər dənizlərinin dib-qravitasiya planlamasının (“Lövbərsiz” üsulla) metodikası və texnologiyası yaradılmışdır.

O, bir çox forum, simpozium, konfrans və sessiyalarda məruzə etmişdir. Azərbaycan Dövlət Universitetində professor kimi fəaliyyət göstərmişdir. 2 monoqrafiyası - “Dəniz geofizika kəşfiyyatı” (1962) və “Azərbaycanın dərin qatlarının geoloji quruluşu” (1966) əsərləri çap olunmuşdur. Elmi tədqiqatlarında nəzəri və praktik cəhətdən kembriyəqədərdən başlamış, Yer qabığı kəsilişinin təhlilini vermiş və onun inkişaf tarixini göstərmişdir. Yer qabığının iri strukturlarının dalğa nəzəriyyəsini irəli sürmüş və dalğa proseslərinin səbəbini qabıqaltı kütlənin hərəkətini Yer qatlarının daxili dalğalarını və qravitasiya qərarsızlığını tədqiq etmişdir. Daxili dalğaların modelləşdirmə qurğusunun konstruksiyasına görə müəlliflik şəhadətnaməsi almışdır. Litosfera və astanosfera sərhədlərində daxili dalğaların riyazi modelləşdirilməsi ilə məşğul olmuş, laylı litosferanın əmələ gəlməsi nəzəriyyəsini təklif etmişdir. O, Azərbaycanda ilk dəfə olaraq ağırlıq kütləsinin əsri variasiyasının öyrənilməsinə və qüvvənin qabarmayan variasiyalarının sistematik tədqiqinə başlamışdır. İlk dəfə olaraq Abşeron yarımadasının ağırlıq qüvvəsinin qabarmayan variasiyaları xəritəsini tərtib etmişdir.

Rasim Hacıyev 1988-ci ildə dünyasını dəyişmişdir.

Hacıyev Rasim Rəmzi oğlu[redaktə | HTML redaktə]

fizika-riyaziyyat e.n.

Rasim Hacıyev 1956-cı ildə anadan olmuşdur. Bakı şəhərində 1963-cü ildə 47 saylı (Nərimanov rayonu) məktəbin 1-ci sinfinə daxil olmuş, 1978-ci ildə həmin ixtisas üzrə fərqlənmə diplomu ilə qurtarmışdır.

R.Hacıyev 1978-1981-ci illərdə AMEA Kibernetika İnstitutunun “Riyazi kibernetik” üzrə aspiranturasını qurtardıqdan sonra 1988-ci ilə qədər həmin institutun elmi işçi vəzifəsində çalışmışdır.

O, 1984-cü ildə akademik C.Allahverdiyevin rəhbərliyi altında “Stoxaostik sistemlərin müşahidə və idarə edilməsi” mövzusunda mühüm nəzəri əhəmiyyətə malik namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Rasim Hacıyev 1988-1994-cu ildə AMEA Genetika və Seleksiya İnstitutunda baş elmi işçi vəzifəsində işləmiş və akademik U.Ələkbərovun rəhbərliyi altında müasir elmi-tədqiqat sahəsi olan genetikanın riyazi modelləşdirilməsi məsələləri ilə məşğul olmuşdur.

R.Hacıyev 1978-1994-cü illərdə həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, BDU və AzTU-da riyazi kibernetikadan tələbələrə mühazirələr oxumuşdur. 1994-cü ilin fevral ayından Birləmiş Millətlər Təşkilatının (BMT)-“Ümumdünya Ərzaq Proqramı”nın Azərbaycandakı nümayəndəliyində “Maliyyə inzibati” şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.

Hacıyev Şaban Salam oğlu[redaktə | HTML redaktə]

geologiya ü.f.d.

Şaban Hacıyev 1928-ci ildə anadan olmuşdur. 1936-1946-cı illərdə Şəkidəki 10№-li məktəbdə oxumuş və gümüş medalla bitirmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika bölməsinə daxil olmuş və 1953-cü ildən oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada saxlanılmış, 1957-ci ildə Azərbaycan EA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna baş mühəndis vəzifəsinə, 1966-cı ildə həmin institutun qiyabi aspiranturasına qəbul olunmuş, namizədlik dissertasiyası müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-1970-ci illərdə “Atom enerjisinin istifadəsi” kafedrasının assistenti, 1970-1977-ci illərdə həmin kafedranın dosenti, 1977-90-cı illərdə “Nəzəri mexanika” kafedrasında dosent vəzifəsində işləmişdir. 20-dən artıq elmi əsərin müəllifi olmuşdur.

Şaban Hacıyev 1990-cı ildə vəfat etmişdir.

Hacıyeva (Orucəliyeva) Tahirə Abdulla qızı[redaktə | HTML redaktə]

kimya e.n.

Tahirə Hacıyeva 1942-ci ildə anadan olmuşdur. 5-ci sinfə qədər Baş Göynük kənd məktəbində oxumuş, 1955-ci ildən Bakıdakı 194 saylı orta məktəbdə təhsilini davam etdirmişdir.1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1967-ci ildə mühəndis-texnoloq ixtisası üzrə qurtarmışdır. İnstitutu bitirdikdən sonra Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda baş laborant, kiçik elmi işçi. elmi işçi vəzifələrində işləmiş, 1971-ci ildə “Yüksək molekullu birləşmələrin kimyası” ixtisası üzrə aspiranturaya daxil olmuş, keçmiş Sovet məkanının ilk polimer alimlərindən biri olan A.A.Berlinin və Ə.Rəhimlinin rəhbərliyi altında 1980-cı ildə “Yarımkeçiricilik xassələri olan polihidro xinolun alınması və tədqiqi” mövzusunda dissertasiya müdafiə edib, kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 10-dan çox müəlliflik şəhadətnaməsinin, bir patentin və 30-dan çox elmi işin müəllifidir. Onun tezisləri bir çox xarici ölkələrdə, o cümlədən Brazilyanın Rio-de Janeyro şəhərində, Bolqarıstanda çap olunmuşdur.

Hacıyev Fərman Mustafa oğlu[redaktə | HTML redaktə]

geol.ü.e.d., prof.

Fərman Hacıyev 1929-cu ildə anadan olmuşdur. 1947-ci ildə Şəki şəhərindəki S.M.Kirov adına 10 nömrəli orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və 1953-cü ildə bitirmişdir. Təyinatla Bakı şəhərindəki elmi-tədqiqat və layihə İnstitutuna işə göndərilmişdir. 1960-cı ildə “Устойчивая прочностъ и динамика нефтяных выжек” mövzusunda namizədlik dissertasiyasının 1991-ci ildə isə “Научные основы проектирования морских стационарных платформ для освоения нефтегазовых месторождений” mövzusunda doktorluq dissertasiyasının müdafiə etmişdir. Namizədlik dissertasiyası müdafiə etdikdən sonra Elmi-Tədqiqat və Layihə İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. Doktorluq dissertasiyası müdafiə etdikdən sonra işlədiyi yer Elmi-Tədqiqat və Layihə İnstitutunda “Dənizneftqaz-Layihə”də direktor vəzifəsində işləmişdir. 1978-ci ildən Azərbaycan İnşaat Mühəndisləri Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında dosent, 1991-ci ildən isə professor vəzifəsində işləmişdir.

Çap edilmiş kitabları: • Некоторые вопросы расчета морских нефтепромысловых сооружений. Баку, 1962. Аз НТО НГП. • Расчет свай морских нефтепромысловых сооружений Баку, 1962. Аз НТО НГП. • Глубоководная нефтепромысловых стационарная платформа для условий Каспийского моря. Москва, 1980 • Морские стационарные двухярусные платформы. Москва, 1982. • Прочностъ и устойчивостъ морских стационарных платформ. Москва, 1984. • Нагрузка воздейства морские стационарные платформы. Москва, 1986. F.Hacıyev neft-qaz mədən qurğularının hesablanması və layihələndirilməsi üzrə 200-dən çox elmi əsərin müəllifidir. 12 nəfər elmlər namizədi yetişdirmişdir. Bilavasitə onun iştirakı və rəhbərliyi ilə mühüm xalq təsərrüfatı əhəmiyyətli elmi-texniki və konstruktor işləri yerinə yetirilmişdir. Onun konstruktiv və nəzəri işləmələri əsasında hazırlanmış platformaların sənaye, sınaq və seriyalı nümunələri hazırda Xəzər dənizinin, Qara dənizin, Azov, Baltik, Cənubi Çin və Hind dənizlərinin neft və qaz yataqlarında istismar olunmaqdadır. Bir çox illər ərzində SSR EA-nın su təsərrüfatı problemləri üzrə şurasının hidrotexniki qurğulara dalğaların təsiri üzrə komissiyanın üzvü, neft-qaz sənayesi, Azərbaycan elmi texniki cəmiyyətinin hidrotexnika bölməsinin sədri, zələzələyə davamlı tikinti üzrə SSR Milli Komitəsinin Azərbaycan bölməsinin üzvü olmuşdur. “Azərbaycan Neft Təsərrüfatı” jurnalının redaksiya şurasının və “Dənizneftqazlayihə” İnstitutu Elmi Şurasının, Azərbaycan Dövlət Neft Akademiyasında dissertasiya müdafiəsi üzrə ixtisaslaşmış Elmi Şuranın sədr müavini və Azərbaycan İnşaat Mühəndisləri Universitetində dissertasiya müdafiəsi üzrə İxtisaslaşmış Elmi Şuranın üzvü olmuşdur. On il ərzində “Dənizneftqazlayihə” İnstitutunun direktoru və hazırda həmin institutda direktor müavini işləmişdir.

Heydərova Elçinə Aslan qızı[redaktə | HTML redaktə]

kimya e.n.

Elçinə Heydərova 1937-ci ildə anadan olmuşdur. 1952-ci ildə Yevlax şəhər 72 saylı dəmiryol məktəbini bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1959-cu ildə qurtamışdır. Ali məktəbi bitirdikdən sora Azərbaycan EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutuna işə qəbul olunmuşdur. Əvvəlcə kiçik elmi işçi, sonra isə dissertant olmuşdur.

1970-ci ildə P.H.Rüstəmovun rəhbərliyi altında “Jn-S-Te üçlü sistemindəki qarşılıqlı təsirin tətbiqi və A 23 B36 tip birləşmələrdə anion əvəzedilmə nəticəsində üçlü fazaların əmələ gəlməsi” mövzusunda Kimya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiyası müdafiə etmişdir. Tətbiq edilmiş Jn-S-Te sistemində anionəvəzedilmə nəticəsində əmələ gəlmiş üçlü birləşmələrdə bəzi qanunauyğunluqlar aşkar edilmişdir. Seçilmiş və işlənmiş mövzu aktual olmaqla bərabər praktik əhəmiyyətə malikdir. Dissertasiyada yarımkeçirici maddələrin xassələrinə aid bəzi zəmanətlər verilmişdir. Belə ki, mürəkkəb yarımkeçirici birləşmələr başqa materiallarla birlikdə mürəkkəb Xassəli maddələr əmələ gətirir. Jn-2-Te3 əsasında alınan materiallar foto və termorezistorlarda tətbiq olunmaq üçün təklif edilmişdir. Öyrənilmiş hal diaqramları, sorğu materialı kimi qəbul olunmuşdur.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda baş elmi işçi vəzifəsində işini davam etdirmişdir. E.Heydərova elmi fəaliyyəti ilə bağlı olaraq konfranslarda da iştirak etmişdir (Moskva, Lelinqrad, Bakı, Tiblisi). 41 elmi məqalənin və müəlliflik şəhadətnaməsinin müəllifidir. XTNS-nin iştirakçısı kimi şəhadətnamə və medal almışdır.

Həmidov Rəfael Hüseyn oğlu[redaktə | HTML redaktə]

riyaziyyat ü.f.d.

Rəfael Həmidov 1947-ci ildə anadan olmuşdur. 1965-ci ildə Şəkidəki 10№-li orta məktəbi qızıl medalla bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1970-ci ildə oranı qurtarmışdır. Elmi Şuranın qərarı ilə aspiranturada saxlanmışdır. 1984-cü ildə Azərbaycan EA-nın müxbir üzvü C.E.Allahverdiyevin elmi rəhbərliyi altında “Bəzi çoxkriteryalı optimallaşdırılma məsələlərinin həll üsulları” mövzusunda Elmlər Akademiyasının Kibernetika İnstitutunun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə etmişdir. Alınmış nəticələrin praktik tətbiqi müvafiq sənədlərlə təsdiqlənmişdir. Alınan nəzəri nəticələrin sonrakı inkişafı müəllifin işlərində öz əksini tapmışdır.

Rəfael Həmidov 174-1990-cı illərdə AMEA Kibernetika İnstitutunda, 1990-1997-ci illərdə Neft Akademiyasında işləmiş, 1997-ci ildən BDU-nun “Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə” kafedrasında dosent vəzifəsində çalışır, kafedra müdiridir.

O 1976-cı ildə riyaziyyatçıların Kanadada keçirilən konqresində və 1999-cu ildə Bakıda keçirilən simpoziumda iştirak etmişdir. Riyaziyyatın müxtəlif sahələrinə aid 27 məqalənin müəllifidir. (17-si xaricdə çap olunmuşdur.)

Həmidov Rəhman Hüseyin oğlu[redaktə | HTML redaktə]

kimya e.n.

Rəhman Həmidov 1949-cu ildə Şəki rayonunun Baş Küngüt kəndində anadan olmuşdur. 1966-cı ildə Şəki şəhər 10№-li məktəbi bitirərək Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuş, 1971-ci ildə oranı bitirmişdir. 3 illik müəllimlik fəaliyyətindən sonra Azərbaycan EA Şəki Zona Elmi bazasında 1il kiçik elmi işçi vəzifəsində işləmişdir. 1975-1978-ci illərdə EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun əyani aspirantı olmuşdur. Akad. H.Şahtaxtinskinin rəhbərliyi ilə “Filizçay polimetal filizindən alınmış mis konsentratından misin pirohidro metallurgiya üsulları ilə çıxarılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır. Elmi işləri Filizçay polimetal filizinin birbaşa işlənməsinə - yandırılma, reduksiya, məhlulaköçürülmə, ekstraksiya və s. proseslərin fiziki-kimyəvi üsullarla tədqiqinə həsr edilmişdir.

Görülmüş işlərin nəticələri Mendeleyev qurultaylarında (Bakı), keçmiş ittifaq konfranslarında (Almata, Karakanda, Bakı, Gəncə və s.) dinlənilmiş və dərc edilmişdir. 4 ixtiranın müəllifidir.

Eyni zamanda, respublikada ilk dəfə olaraq energetika üçün strateji əhəmiyyət daşıyan yüksək gərginlik məhdudlaşdırıcıları hazırlanması texnologiyasının mənimsənilməsi müəlliflərindən biridir.

Rəhman Həmidov hazırda Azərbaycan EA QÜFKİ-də böyük elmi işçi vəzifəsində çalışır.

Həsənov Allahverdi Biyakir oğlu[redaktə | HTML redaktə]

texnika e.d., prof.

Allahverdi Həsənov 1957-ci ildə Şəki rayonunu Kiş kəndində anadan olmuşdur. 1973-cü ildə Kiş kənd 1№-li orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1978-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinat üzrə Azərbaycan EA Mexanika və Riyaziyyat İnstitutunun (RMİ) Riyazi modelləşdirmə üzrə Xüsusi Konstruktor Bürosunda işə başlamış, 1980-ci ildə RMİ-nin aspiranturasına (istehsalatdan ayrılmamaqla) daxil olmuşdur. 1984-cü ildə RMİ-nin İxtisaslaşmış Elmi Şurasında “Deformasiya edən bərk cisimlər mexanikası” ixtisası üzrə “Özlü elastik mühitlərdə qərarlaşmamış istilik mexaniki dalğaların yayılmasının bəzi məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi rəhbəri M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru İ.A.Kiko olmuşdur. Dissertasiyada yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələri əsasən müdafiə sənayesi müəssisələrində: Bərk polimer materiallara dinamik xarici təsirlər zamanı yüklənmədə öz-özünə yanması, plastik lövhələrin üst laylarının istilik üçün “bərk yanacaq”konstruksiyalarının təhlükəsiz istismarı və s. sahələrdə praktik tətbiqini tapmışdır. Elmi tədqiqat işi 1984-cü ildə keçmiş SSR-də ən vacib işlər siyahısına salınmışdır. Dissertasiya işində təklif olunmuş nəzəri-riyazi üsullar müəyyən sinif məsələlərin həllində yeni və effektiv üsul kimi sahənin aparıcı alimləri tərəfindən etiraf və qəbul edilmişdir.

A.Həsənov 2005-ci ildə “Mexaniki sistemlərin qeyri-stasionar xarici təsirlərə reaksiyasının riyazi modelləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 2013-cü ildə ixtisas üzrə professor elmi dərəcəsi almışdır. Prof. A.B.Həsənov 140 elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. Məqalələrindən 28-i müxtəlif nüfuzlu xarici jurnallarda və Beynəlxalq elmi konfransın materiallarında çap olunmuşdur. (1982, Dnepropetrovsk; 1983, Qomel; 1984, Novosibrsk;1986, Moskva: 1989, Leninqrad; 1983, Tallin; 1994, 1999, 2000 Bakı; 1998, Trabzon).

Prof.A.Həsənov Bakı şəhərinin texniki ali məktəblərində saat hesabı ilə dərs deməklə pedaqoji fəaliyyət göstərir. Yerinə yetirdiyi elmi tədqiqat işləri dəniz sualtı boru kəmərləri və stasionar dəniz platformaları tipli neft-mədən qurğularının tikintisi və istismarı zamanı möhkəmliliyinin və etibarlılığının təmin olunmasına həsr olunmuşdur. Praktik nəticələr ARDNŞ-in dənizdə neft çıxarmaq üzrə Baş İstehsalat idarəsinin layihə-kostruktor, tikinti işlərində tətbiq olunmaqdadır. Bundan başqa, sürtünmə vasitəsi ilə qaynaq prosesinin mükəmməl riyazi modelini yaratmış, nəticədə prosesin optimal parametrlərinin kompyüter vasitəsilə hesablanması və prosesin avtomatlaşdırılması mümkün olmuşdur.

Professorun rəhbərliyi altında çalışan tədqiqatçılardan 4 nəfəri dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. A.B.Həsənovun rəhbərliyi ilə mürəkkəb reologiyalı mexaniki və ekoloji sistemlərin riyazi modellərinin yaradılması, texniki obyektlərin keyfiyyət və istismar xarakteristikasının nəzəri təminatı, operativ monitorinqi və uzunmüddətli proqnozlaşdırılması məsələləri üzərində elmi araşdırmalar aparılır. Mürəkkəb reologiyalı mühitlərlə təsvir olunan müxaniki və ekoloji sistemlərin qeyri-stasionar xarici təsirlərə reaksiyasının riyazi modelləri yaradılmış, texniki obyektlərin keyfiyyət və istismar xarakteristikalarının operativ monitorinqi və uzun müddətli proqnozlaşdırılması sahələrində mühüm nəticələr almışdır. Prof. A.B.Həsənov hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda şöbə müdiri vəzifəsində çalışır.

Hümmətov Nurpaşa Ömər oğlu[redaktə | HTML redaktə]

pedaqoji e.n.

Nurpaşa Hümmətov 1923-cü ildə anadan olmuşdur. 1931-ci ildə Oxud kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1938-ci ildə 7-ci sinfi bitirərək Şəki Pedoqoji Texnikumuna daxil olmuşdur. 1941-ci ildə Texnikumu bitirib, ordu sıralaraına getmişdir. 1943-cü ildə ağır yaralandığına görə ordu sıralarından tərxis olunmuş, pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur,1950-ci ildə İnstitutun dil və ədəbiyyat fakültəsini bitirmişdir.Sonra rayonda dil və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. 1948-ci ildən 1989-cu ilədək Oxud kənd orta məktəbində dil və ədəbiyyat müəllimi işləməklə bərabər 1969-cu ildən 1985-ci ilədək məktəbin pedaqoji kollektivinə rəhbərlik etmişdir.

N.Hümmətov 1971-ci ildə “V-VIII siniflərdə Azərbaycan dili dərslərində şagirdərin rabitəli nitq vərdişlərini inkişaf etdirmək yolları” mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Namizədlik dissertasiyasının müdafiəsindən sonra da Oxud kənd orta məktəbinin kollektivinə rəhbərlik etmiş, Şəki şəhər Müəllimləri Təkmilləşdirə İnstitutunda öz fənnini tədris etmişdir. 1988-1989-cu illərdə EA-nın Şəki bölməsində folklor nümunələrinin toplanmasında fəallıq göstərmişdir.

N.Hümmətov 1967-ci ildə Azərbaycan müəllimlərinin I, 1977-ci ildə II qurultaylarının nümayəndəsi, gənc yazıçıların III Respublika müşavirəsinin iştirakçısı olmuşdur. O, 250 şeir, 150 məqalə, bir çox oçerk və monoqrafiyaların müəllifidir. Oxud kəndinin alim və ziyalılarının yetişməsində onun müəllim kimi böyük rolu olmuşdur. Pedaqoji fəaliyyəti Maarif Nazirliyinin nəzərindən qaçmamış, dəfələrlə fəxri fərmanlar, yubiley medalları, “Azərbaycan SSR qabaqcıl maarif xadimi” nişanı ilə təltif edilmişdir.

Hüseynbəyova Almaz Məmmədəli qızı[redaktə | HTML redaktə]

fizika-riyaziyyat e.n., dos.

Almaz Hüseynbəyova 1934-cü ildə anadan olmuşdur. 1951-ci ildə Şəki şəhər 5 saylı məktəbi bitirmişdir. Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub, 1957-ci ildə riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Elmi şuranın qərarı ilə aspiranturada saxlanılmış, 3 illik Moskva şəhərinə ezam edilərək aspirantura dövrünü V.İ.Lenin ordenli Moskva Energetika İnstitutunda keçirmişdir.

V.İ.Lenin ordenli Moskva Energrtika İnstitutunun professoru f.r.e. M.İ.Vişikin rəhbərliyi altında “Çuxur potensiallı məsələlərdə məxsusi funksiyalı və məxsusi ədədlərin asimitotik təfriqi” mövzusunda Bakı Dövlət Universitetinin Elmi Şurrasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan SSR EA-nın Rəyasət Heyətinin 1965-ci il qərarı ilə diferensial tənliklər ixtisası üzrə baş elmi işçi vəzifəsinə layiq görülmüşdür. Dissertasiyada həll olunan məsələ kvant mexanikasında öz tətbiqini tapmışdır.

ADU-nun 5-ci kursunda oxuyarkən, yəni 1957-ci ildən Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi əvəzi, kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri və nəhayət, 1995-ci ildən Azərbaycan EA RMİ nəzdindəki Xüsusi Konstruktor bürosunda elmi işlər üzrə direktor müavini işləmişdir.

A.Hüseynbəyova Moskva, Leninqrad şəhərlərində riyaziyyat üzrə qurultay, simpozium və seminarlarda elmi məruzələrlə çıxış etmişdir. 1965-ci ildə Polşa Respublikasında bir aylıq məzuniyyətdə olmuş, elmi məruzələrlə çıxış etmişdir (Varşava, Krakov, Pozna). Bundan əlavə, SSR maarif, ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının IX qurultayının, qadınların Bakıda keçirilən IV qurultayının iştirakçısı olmuşdur. BDU-da, Tusi adına APU-da saat hesabı ilə işləmiş, Pedaqoji Universitetdə 4il riyaziyyat üzrə dövlət imtahan komissiyasının sədri olmuşdur. 26 elmi məqalənin müəllifidir. “Elm və həyat” və “Fizika və Riyaziyyat tədrisi” jurnallarında riyaziyyata aid məqalələri çap olunmuşdur. 2 nəfər elmlər namizədi yetişdirmişdir.

A.Hüseynbəyova Azərbaycan EA RMİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, uzun illər qadınlar şurasının sədri (RMİ-nin), Azərbaycan EA Həmkarlar İttifaqı Komitəsinin üzvü, məclisinin üzvü, RMİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədr müavini (XKB üzrə) işləmişdir. 5 il SSR maarif, ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqı komitəsinin üzvü olmuşdur. Əmək veteranı olmuşdur.

Hüseynov Cəbrayıl Muxtar oğlu[redaktə | HTML redaktə]

aqrar e.d., prof., akademik

Cəbrayıl Hüseynov 1913-cü ildə Nuxa şəhərinə anadan olmuşdur. 1920-1927-ci illərdə Şəki şəhər 3 №-li orta məktəbi bitirmişdir. 1927-1929-cu illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirib.1930-1934-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbəsi olmuşdur. 1934-1936-cı illərdə Az.KTİ-nin aspirantı və Az.ETPİ-nin baş elmi işçisi, 1936-1939-cu illərdə Ümumittifaq Elmi-Tədqiqat Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirantı olmuş, 1939-cu ildə Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının Elmi Şurasında “Xlorpikrin və xlor qazının müxtəlif torpaqlarda mineral gübrə fondundan asılı olaraq bitkilərin məhsuldarlığına təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1939-1941-ci illərdə SSR EA Azərbaycan filialının baş elmi işçisi, üzvü gübrələr laboratoriyasının rəhbəri, 1944-1945-ci illərdə SSR EA Azərbaycan filialının Aqrokimya İnstitutunun direktor müavini, 1945-1952-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ilk direktoru olmuşdur.

1943-cü ildə “Şərəf”nişanı, 1944-cü ildə “Qafqazın müdafiəsinə görə” ordenləri ilə təltif olunmuşdur. 1946-cı ildə “Əməkdə rəşadətə görə” medalını almışdır. C.Hüseynov 1947-ci ildə V.V.Dokuçayev adına İnstitutun (Moskva) Elmi Şurasında “Neft emalı sənayesinin tullantılarından alınan gübrələrin Azərbaycan torpaqlarında tətbiqinin səmərəliliyi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1948-ci ildə professor vəzifəsinə layiq görülmüş, 1949-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. C.M. Hüseynov 1950-ci ildə SSR Dövlət Mükafatı laureatına layiq görülmüşdür. Bakı Şəhər Deputatları Sovetinin VI çağırış 152 saylı seçki dairəsindən deputat seçilmişdir. 1951-ci ildə “Şərəf nişanı” ordeni ilə tərtib edilmişdir.1952-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakultəsinin professoru, 1953-1954-cü illərdə Azərbaycan EA Əkinçilik İnstitutunun aqrokimya laboratoriyasının müdiri, 1954-1957-ci illərdə Azərbaycan EA Torpaqşünaslıq İnstitutunun aqrokimya şöbəsinin müdiri olmuşdur. 1955-ci ildə Ümumittifaq KTNS-də iştirak edib gümüş medala layiq görülmüşdür. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən yeni neft boy maaddəsinin (NRV) alınmasında xidmətlərinə, pedaqoji fəaliyyətinə və anadan olmasının 50 illiyi münasibətilə fəxri fərmanla təltif edilmişdir. 1962-ci ildən dünyasını dəyişənədək Ümumittifaq Torpaqşünaslar Cəmiyyəti Azərbaycan filialının sədri olmuş, torpaqşünasların II qurultayının (Xarkov) nümayəndəsi idi. 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, Azərbaycan Ali Sovetinə VI çağırış Şahbuz dairəsindən nümayəndə seçilmişdir. 1964-cü ildə Bolqarıstanda keçirilən Azərbaycan ongünlüyünün, 1965-ci ildə Ümumittifaq KTNS-nın, 1959-cu ildə Mendeleyev cəmiyyətinin VIII, 1965-ci ildə isə IX qurultayının iştirakçısı olmuş, “Əmək rəşadəti” ordeni ilə təltif edilmişdir. C.Hüseynov Moskvada torpaqşünasların I qurultayında Tartu şəhərində keçirilən torpaqşünasların III qurultayında, 1970-ci ildə Alma-Atada keçirilən IV qurultayında Zaqafqaziya aqrokimyaçılarının I iclasında (1959, Yeravan), məruzələr etmiş, Zaqafqaziya aqrokimyakılarının II iclasının təşkilatçısı və iştirakçısı, 1958-ci ildə Ümumdünya Torpaqşünasları Cəmiyyətinin AFR-də keçirilən konqresinin nümayəndəsi (Hamburq), 1960-cı ildə ABŞ Beynəlxalq Torpaqşünaslar Cəmiyyətinin VII konqresinin iştirakçısı olmuşdur. O, 1960-cı ildə Azərbaycan SSR-nın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1960-1961-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının vitse-prezidenti seçilmiş, 1961-1963-cü illərdə Azərbaycan EA kənd təsərrüfatı elmləri bölməsinin akademik-katibi olmuşdur. 19653-cü ildən ömrünün sonunadək Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.Akad. C.H. 200 elmi əsərin, o cümlədən 6 monoqrafiya və 12 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi altında 50-dən artıq fəlsəfə doktoru, elmlər doktoru yetişmişdir.

Akademik C.H 1974-cü ildə vəfat etmişdir.

Hüseynov Cəlil Yusif oğlu[redaktə | HTML redaktə]

tibb e.d., akademik

Cəlil Hüseynov 1896-cı ildə Nuxa şəhərində anadan olmuşdur. Görkəmli patanatom 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakultəsini bitirmişdir. Azərbaycanda patoloji anatomiyanın banilərindən biridir. Tibb elmləri doktoru (1936), Azərbaycan EA müxbir üzvü (1959), akademiki (1967), Azərbaycan SSR əməkdar elm xadimi (1957), səhiyyə əlaçısı (1943) adlarına layiq görülmüşdür. C.Hüseynov 1924-1935-ci illərdə Muğan malyariya ekspedisyasına rəhbərlik etmiş, ilk dəfə olaraq Azərbaycan dilində histologiya, mikrobiologiya, potoloji anatomiya, ümumi patologiya və s. fənnlərdən dərs demişdir. 1946-1979-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “Patoloji anatomiya” kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, patoloji anatomiyanın aktual məsələlərinə həsr edilmişdir. Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri (1946-cı ildən), AzSSR Səhiyyə Nazirliyinin baş patoloqanatomu olmuşdur (1946-1979). Ümumittifaq Patoloji Anatomiya Elmi Cəmiyyətinin fəxri üzvü (1971-ci ildən), ASE elmi redaksiya şürasının üzvü (1976-cı ildən), Azərbaycan SSR EA Biologiya bölməsinin akademik katibinin müavini (1972-ci ildən) olmuşdur. Elmi kadrların hazırlanmasında böyük xidməti vardır. 2dəfə Lenin ordeni, 2 dəfə Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilmişdir.

Xalıqov Fikrət Ramazan oğlu[redaktə | HTML redaktə]

filologiya e.d., prof.

Filologiya elmləri doktoru, professor Fikrət Ramazan oğlu Xalıqov 1949-cu ildə anadan olmuşdur. Baş Layısqı kəndindəki orta məktəbi bitirdikdən sonra (1966) M.F.Axundov adına APDİ-nin Avropa dilləri fakültəsində alman və Azərbaycan dilləri ixtisası üzrə ali təhsil almışdır (1966-1971). Təyinatla Qəbələ rayonun Mirzəbəyli kənd məktəbində ixtisası üzrə müəllim işləmişdir (1971-1973). Ailə vəziyyəti ilə bağlı Ağdam şəhərinə köçmüş və orada Maarif işçiləri evində müavin vəzifəsində çalışmışdır (1974).

1975-ci ildən Bakı şəhərinə gələn Fikrət Xalıqov Azərbaycan Elmlər Akademiyasının “Xəzər” Elmi Mərkəzində tərcüməçi kimi fəaliyyətini davam etdirmişdir. Elmi-tədqiqat işinə olan maraq onu Nəsimi adına Dilçilik İnstitutuna aparmışdır. Bu institutda kiçik elmi işçi, elmi işçi, şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışmış (1979-1992), müəssisənin ictimai həyatında fəal iştirak etmiş, institut həmkarları komitəsinin sədri olmuşdur (1988-1990). “Mil-Qarabağ düzü rayonlarının toponimiyası (Ağdam, Ağcabədi və Bərdə rayonlarının materialları əsasında)” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1984).

“Azərbaycan dilinin folklor onomastikası” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır (2004). Elmi-tədqiqat işi ilə birgə elmi-pedaqoji sahədə də fəaliyyət göstərən Fikrət Xalıqov Azərbaycan Texniki Universitetində tələbələrə Azərbaycan dilini tədris etmiş, bu universitetdə müəllim, kafedranın dosenti kimi vəzifələrdə çalışmışdır (1989-2003).

Elmi-pedaqoji fəaliyyətini Azərbaycan Müəllimlər İnstitutunda davam etdirən Fikrət Xalıqov 2003-cü ildə Azərbaycan dili, ədəbiyyat və tədrisi metodikası kafedrasının dosenti olmuş, 2007-ci ildən indiyə qədər həmin kafedranın müdiri seçilmişdir. 2011-ci ildə professor diplomu almışdır. Fikrət Xalıqov ölkənin elmi və elmi-pedaqoji ictimaiyyətində hörmət və nüfuza malik alim və pedaqoqlardandır. Onun 2 cildlik “ Folklor onomastikası ” (I C-1997, II c-2000), “Azərbaycan onamologiyası” (2010) monoqranomastik vahidlərinin öyrənilməsi baxımından maraq doğuran elmi yaradıcılıq işləridir. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”nin (2007) əsas müəlliflərindən biridir. Folklorda ad məsələlərinə həsr edilmiş 40-dan artıq elmi məqalənin, dilçiliyin digər sahələri ilə bağlı, eləcə də Azərbaycan alman dili əlaqələrinə həsr edilmiş onlarla elmi araşdırmanın, elmi-metodik vəsaitin müəllifi, xeyli dərs vəsaitinin və monoqrafik tədqiqatların redaktoru və ya rəyçidir.

Bakı, Moskva, Ufa, Daşkənd, Gülüstan, Mahaçqala və s. şəhərlərdə dilçilik, dialektologiya, folklor məsələlərinə həsr edilmiş müxtəlif respublika və beynəlxalq sıəviyyəli simpozium və konfranslarda Fikrət Xalıqov Azərbaycan dilçilik elmini ləyaqətlə təmsil etmiş alimlərdəndir. Fikrət Xalıqov respublikada yüksək ixtisaslı elmi kadrların hazırlanmasında da xidmət göstərir. Onun rəhbərliyi altında filologiya üzrə 3, pedaqoji elmlər üzrə və 4 doktorant tədqiqat işi aparır. Magistr işlərinə mütəmadi olaraq rəhbərlik edir.

2008-2010-cu illərdə AMEA-nın Folklor İnsititunda, 2010-2013-cü illərdə Nəsimi adına Dilçilik İnstitunda Dissertasiya Şuralarının üzvü olmuş, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə ekspert şurasının üzvü təyin olunmuşdur.

Fikrət Xalıqov həssas, qayğıkeş pedaqoq və səriştəli maarif xadimi kimi ali məktəb pedoqogikası sahəsində araşdırmalar aparır. Son 20 ildə Azərbaycan təhsilində özünü göstərən yeniləşmələrlə bağlı onun əməyi böyükdür. Azərbaycan Təhsil Strategiyasının müzakirəsində, yeni tədris texnologiyalarının tətbiqində, təhsilin ayrı-ayrı sahələri ilə bağlı (tələbə elmi cəmiyyətləri, kurrikulum təhsili, innovasiyalar və s.) müzakirə və təqdimatlarda fəal iştirak edir.

Xasməmmədov Fatiq İsa oğlu[redaktə | HTML redaktə]

texnika e.n.

Fatiq Xasməmmədov 1934-cü ildə qulluqçu ailəsində anadan olmuşdur. Hələ uşaq ikən atasını itirmiş və anası ilə birlikdə doğma Nuxa (indiki Şəki) şəhərinə köçmüşlər. 1942-ci ildə Şəkidə 10 saylı orta məktəbin birinci sinfinə getmiş və 1952-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra o dövrün ən nüfuzlu ali məktəblərindən biri olan M.Əzizbəyov adına Azərbaycan Sənayə İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Neft mexanika fakütəsinin “Neft və qaz proseslərinin emalının avtomatlaşdırılması” ixtisası üzrə təhsilini davam etdirmişdir. İnstitutda S.M.Kirov adına təqaüdlə oxumaqla yanaşı o, elmi axtarışlara böyük maraq göstərmiş və institut tələbə elmi cəmiyyətinin fəal üzvlərindən olmuşdur. Dəfələrlə institut və respublika miqyasında keçirilən tələbə elmi konfraslarında maraqlı məruzələrlə çıxış etmiş, müvafiq elm sahələrinin aparıcı mütəxəsislərinin diqqətini cəlb etmişdir.

F.İ.Xasməmmədov 1957-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan EA Yesman adına Energetika İnstitutuna göndərilmiş və kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. Bir neçə il orada işlədikdən sonra aspiranturaya qəbul edilmiş və daha ciddi tədqiqat işləri ilə məşğul olmağa başlamışdır. Tezliklə onun tədqiqatları öz nəticəsini vermiş və o, 1964-cü ildə bilavasitə neft emalı prosesləri ilə bağlı olan “Bir və çoxaxınlı qızdırıcı borulu sobaların avtomatik tənzimləyicisi obyekti kimi tədqiqatı və onların avtomatlaşdırma sxemləri” adlı çox maraqlı dissertasiya işini “Energetika və İstehsal Proseslərinin Avtomatlaşdırılması” birləşmiş Elmi Şurada müvəffəqiyyətlə müdafiə etmiş və AAK-nın qərarı ilə ona texnika elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Həmin eldən o, M.Əzizbəyov adına Neft və Kimya institutunun “İstehsal Proseslərinin Avtomatlaşdırılması” kafedrasına müəllim keçmişdir. 1969-cu ildən həmin kafedranın dosenti seçilmiş və ömrünün axırına qədər orada çalışmışdır. 1972-ci ildə onun İ.Ə.İbrahimov ilə birlikdə yazdıqları “Avomatik tənzimləmə nəzəriyyəsinin əsaları və istehsal proseslərinin avtomatlaşdırılmasının dərsliyi bu gün də müvafiq elm sahələrində çalışan alim və mütəxəsislərin, aspirantların və tələbələrin stolüstü kitabıdır. Bundan başqa, o, bir sıra metodik vəsait və kitabçaların da müəllifidir ki, bunlardan ikisi 1972 və 1977-ci illərdə Moskvada çap edilmişdir.

1980-cı ildə F.İ.Xasməmmədovun Moskvanın “Kimya” nəşriyyatında “Borulu sobaların idarə edilməsininin avtomatlaşdırılması” adlı 216 səhifəlik monoqrafiyası da çap edilmişdir.

F.İ.Xasməmmədov 93 elmi əsərini çap etdirmişdir ki, onların ümumi həcmi 81 çap vərəqidir. Bundan başqa, onun 4 işi keçmiş SSRİ-nin ixtiralar və kəşflər komitəsinin müəlliflik şəhadətnamələrinə layiq görülmüşdür. Onun əsas əsərləri dünyanın və keçmiş SSRİ-nin aparıcı elmi mərkəzlərində çap edilmiş və bu da onun o zaman ümumittifaq miqyasında yüksək səviyyəli mütəxəssis kimi tanınmasına imkan vermişdir.

F.İ.Xasməmmədov daima elmi-tədqiqat işlərini davam etdirərək texnika elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini başa çatdırmış və fakültə elmi şurasında müzakirə etmişdir. Lakin amansız ölüm ona bu arzusuna çatmağa imkan vermədi. 1980-cı ildə fevralın 8-də ömrünün və elmi yaradıcılığının çiçəkləndiyi bir vaxtda avtomobil qəzasına düşərək faciəli şəkildə dünyasını dəyişmişdir.

Xəlifəzadə Mahir Çingiz oğlu[redaktə | HTML redaktə]

fizika-riyaziyyat e.n.

Mahir Xəlifəzadə 1962-ci ildə anadan olmuşdur. O, 1979-cu ildə Bakı şəhəri 20 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Mahir Xəlifəzadə 1984-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1984-1987-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik A.Qarayev adına Fuzuologiya İnstitutunun əməkdaşı olmuşdur.

1988-1992-ci illərdə SSRİ EA-nın Moskvadakı Beynəlxalq Bioloji İnstitutunda məqsədli aspiranturasında təhsil almışdır.

O, həmin institutda, 1992-ci ildə “Görə prosesinin molekulyar əsasları” mövzusunda dissertasiya müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Bu dissertasiya işində insanın görmə prosesinin fiziki əsaslarını öyrənmə və görmə prosesində baş verən biofiziki hadisələrin molekulyar səviyyədə mahiyyəti açıqlanmışdır. 1993-cü ildə AMEA-nın Fiziologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır.

M.Xəlifəzadə 1993-cu ildə Azərbaycan Respublikası Ali Soveti yanında Humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzində beynəlxalq münasibətlər problemləri üzrə analitik qrupun rəhbəri olmuşdur.

1994-cü ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunmuşdur. Həmin ilin sentyabr ayında Yaponiya XİN tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak etmiş və Yaponiyanın Yeni Müstəqil Dövlətlərinin siyasətinə dair Yaponiya XİN-in sertifikatına layiq görülmüşdür.

1995-1997-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyində siyasi məsələlər üzrə II katib vəzifəsində işləmişdir. Dövlət departamenti və konqresi ilə əlaqə yaratmış, Azərbaycana məxsus olan məsələlərin həllinə çalışmışdır.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-a rəsmi-işguzar səfərində iştirak etmişdir. Həmin ilin avqust ayında xidməti ezamiyyəti başa çatmış, Avropa, ABŞ və Kanada İdarəsinin ABŞ sektoruna II katib vəzifəsinə təyin olunmuşdur. Sentyabr ayında Yunanıstan XİN tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak etmiş, Avropa Birliyinin siyasətinə dair Yunanıstan XİN-in Sertifikatını almışdır.

1999-cu ilin yanvar-mart aylarında XİN-in xətti ilə ATƏT-in Kosovadakı fəaliyyətinə görə ATƏT-in Baş Katibi C.K.Araqona tərəfindən fəxri diploma layiq görülmüşdür. 2000-ci ilin oktyabr ayında İsveç XİN tərəfindən təşkil olunmuş diplomatik kurslarda iştirak etmiş, İsveç Avropa Birliyinin siyasətinə dair İsveç XİN-in sertifikatına nail olmuş, elə həmin ilin fevral ayında ABŞ və Kanada şöbəsinin I katibi (müdir əvəzi) vəzifəsinə təyin olunmuşdur.

2002-ci fevral ayının 25-də İkinci Ərazi İdarəsinin Orta Şərq Cənubi Asiya şöbəsinə I katib vəzifəsinə (müdir müavini) vəzifəsinə təyin olunmuşdur.

2004-2006 cı illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İslandiya Krallığındakı səfirliyinə siyasi məsələlər üzrə I katib vəzifəsində çalışmış, işlədiyi müddətdə İsveç və İrlandiya ilə bağlı məsələrlə məşğul olmuş, həmçinin Azərbaycan tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Krallığının Kraliçası II Yelizavetanın Britaniyada akkreditə olunmuş diplomatlarına həsr olunmuş qəbulunda iştirak etmiş və 2004-cü ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin bu krallığa işgüzar səfərində iştirak etmişdir.

O, 2005-ci ildə AR-nın XİN tərəfindən dünya azərbaycanlılarının İsveçdə keçirilən 8-ci konqresinə ezam olunmuşdur. M.Xəlifəzadəyə 2006-cı il iyun ayında XİN-də Müşavir diplomatik rütbəsi verilmişdir.

Mahir Xəlifəzadə 2006-cı ilin dekabr ayından bu günə kimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi I Avropa şöbəsinin müdiri vəzifəsində çalışır. M.Ç.Xəlifəzadə yerli və xarici jurnallarda beynəlxalq münasibətlərə dair nəşr olunmuş bir sıra məqalələrin müəllifidir.

Xəlilova (Əbdürrəhmanova) Almaz Əhmədiyyə qızı[redaktə | HTML redaktə]

fizika-riyaziyyat ü.f.d., dos.

Almaz Xəlilova 1940-cı ildə doğulmuşdur. IV sinfədək Şəki şəhər rus orta məktəbində oxumuş, 1957-ci ildə Bakı şəhər 134 saylı orta məktəbi bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Univerisitetinin fizika fakültəsini bitirib, EA-nın Fizika İnstitutunun aspiranturasına qəbul olunmuş və A.İ.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutuna ezam edilmişdir. 1967-ci ildə A.İ.Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun Elmi Şurasında prof. D.N.Nasledov və akad. M.İ.Əliyevin rəhbərliyi altında “Ga-SB-Te sistemində bərk məhlulların alınması və elektron və fononların səpilmə mexanizmlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən A.Ə Xəlilova Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1975-ci ildə ona “Yarımkeçiricilər və dielektriklər fizikası” üzrə baş elmi işçi adı verilmişdir.

Onun apardığı tədqiqatlar bərk cisimlərdə elektron və fonon proseslərinə, zolaq quruluşlarına kənar qüvvələrin (təzyiq, elektrik və maqnit sahələri) təsirinə həsr olunmuşdur. Tədqiqatlar nəticəsində bir neçə müəlliflik şəhadətnaməsi almış, dizel mühərriklərin texniki vəziyyətini və neft kəmərlərindəki sürətli axın proseslərini diaqnoz etmək üçün yeni növ tenzomüqavimətlər və “Pasqal” adlı cihaz yaradılmışdır.

A.Ə.Xəlilovanın 100-dan artıq əsəri respublika və xarici ölkələrin elmi və elmi-kütləvi jurnallarında dərc olunmuşdur.

A.Ə. Xəlilova 1972-1982-ci illərdə EA Rəyasət Heyətinin Elmi katibi vəzifəsində çalışmışdır. Dosent A.Ə.Xəlilova hazırda AMEA Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. AMEA “Xəbərlər, fizika-texnika və riyaziyyat elmləri seriyası, fizika və astronomiya” jurnalının məsul katibidir.

A.Ə.Xəlilova NATO-nun əməkdaşlığa dəstək, AMEA Fizika İnstitutu və Belorus Fundamentaql Tədqiqatlar Fondu, AR Prezidenti yanında Elmin İnkişaf Fondu və b. qrant və layihələrdə iştirak etmişdir. Əməyi qiymətləndirilmiş AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.

İbadzadə Afaq Cəfər qızı[redaktə | HTML redaktə]

texnika ü.f.d.

Afaq İbadzadə 1943-cü ildə anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmiş və Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda işləməyə başlamışdır. 1977-ci ildə “SaA seolitinin köməyi ilə neft fraksiyalarından normal parafinlərin ayrılması” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən MEA Geologiya İnstitutunun “Palçıq vulkanizmi və böyük dərinliklərin neft qazlılığı” laboratoriyasında elmi işçi vəzifəsində çalışır. Azərbaycanın alternativ yanacaq mənbələri üzrə elmi tədqiqatlar aparır. 35 məqalənin, o cümlədən 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. A.İbadzadə hazırda AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır.

İbrahimov Firədun Nadir oğlu[redaktə | HTML redaktə]

Firədun İbrahimov 1952-ci ildə Şəkinin Qudula kəndində anadan olmuşdur. Ümumi təhsilini Şəki Şəhər M.Fuzuli adına orta məktəbdə tamamlamışdır. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fəqlənmə diplomu ilə bitirmişdir. 1978-1982- ci illərdə ADPİ-də aspirantura hazırlığı keçmiş və 1982- ci ildən namizədliki dissertasiyası müdafiə edərək Pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1998-2000-ci illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun doktoranturasında elmi-fəaliyyətini davam etdirmiş və Pedaqogika üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır.

ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri və professorudur. Rusiya Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Respublikasının əməkdar müəllimidir. Avropa Kitab Evinin Qızıl medalına və Qabaqcıl Maarif Xadimi döş nişanına layiq görülmüşdür. Ümumi həcmi 700 çap vərəqindən artıq 165 elmi əsərin müəllifidir. Onun 15 elmi məqaləsi xaricd çap olunmuşdur.

“Təlimdə alqoritmik və evristik fəaliyyətin optimal nisbətlərinin əsaslarına dair oçerklər” (404 səh.), “Təlimin mükəmməl sistemi” (204 səh.), “Analitik və evristik məntiqlə həll olunan tapşırıqlar” (412 səh.), “Natural ədədlər üzərində əməllərin mənimsənilməsinin alqoritmik əsasları” (175 səh.), “Təlim prosesinin idarə edilməsinin bəzi məsələlərinə dair muhazirə konpektləri” (204 səh.), “Təlimdə alqoritmik və evristik fəaliyyət növlərinin yeri” (129 səh.), “Mürəkkəb məkan təsəvvürlərinin inkişafına istiqamətlənən tapşırıqlar” (175 səh.), “Riyaziyyatın təlimi haqqında pedaqoji düşüncələr” (226 səh.), “Təlimdə sistemdaxili münasibətlər (106 səh.), “Riyaziyyat təlimində tapşırıqların əsas arqumentə görə tətbiqi (82 səh.), “Şəki dövlətçiliyin qalasıdır” (200 səh.), “Təlim prosesinin mahiyyəti (83səh.),”Təlim prosesi:imkan, hərəkət, yeni keyfiyyət” (84 səh.), “Təlimin dərk edilməsinə sistem-struktur baxımından yanaşma” (172 səh.), “İbtidai məktəbdə riyaziyyat tədrisinin bəzi məsələləri” (232 səh.), “Planimetriya üzrə tapşırıqlar” (192 səh.), “Təlim fəaliyyətinin idarə olunmasının formal-dialektik qeyri-səlis məntiqi” (100 səh.),”Planimetriyadan 888 sual” (212 səh.), “Məkanı mənimsəmək təcrübəsini öyrənək” (220 səh.), “Müstəqil iş (reproduktiv və produktiv) mühitin tənzimlənməsinə yönələn tapşırıqlar” (373 səh.), “V-VI siniflərin riyaziyyat kursuna aid tapşırıqlar” (300 səh.), “Cəbr kursuna aid testlər” (250 səh.), “Pedaqogikaya giriş” (396 səh.), “Ümumi pedaqogikadan muhazirələr” (544 səh.),”Didaktika”(648 səh.), “Pedaqogika. 2 cilddə (dərslik), (I cild, 708 səh.), “Pedaqogika”. 2 cilddə (dərslik), (II cild, 548 səh.), “Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası” (688 səh.), “Ümumtəhsil məktəbi pedaqo0gikasından muhazirələr” (736 səh.), “Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədrisi metodikası” (1140 səh.), “Ümumi pedaqogika” (864 səh.), “Orta ümümtəhsil məktəblərində riyazi təhsilin fəlsəfəsi, didaktikası, həyata keçirilmə texnologiyası” (1376 səh.), “Determinantlar və matrislər” (95 səh.) və s monoqrafiyalar və dərsliklər F.N.İbrahimovun gərgin əməyinin məhsuludur.

F.N.İbrahimovun ailə üzvlərinin hər biri ali təhsilli müəllimdir. Onlardan ikisi Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adını daşıyır. Üç nəvəsi ali məktəb tələbəsi, iki nəvəsi isə şagirddir.

İdrisova Səadət Şərif qızı[redaktə | HTML redaktə]

Kimya.ü.f.d.

Səadət İdrisova 1955-ci ildə anadan olmuşdur. 1972-ci ildə Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına 1 saylı orta məktəbi bitirmişdir. 1975-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya texnologiya fakültəsinin axşam şöbəsinə daxil olmuş, 1981-ci ildə həmin fakültəni mühəndis-kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. 1974-cü ildən Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında (İndiki Polimer Materialları İnstitutu) laborant, 1981-ci ildən mühəndis, 1986-cı ildən kiçik elmi işçi vəzifələrində çalışmışdır. İnstitutu bitirdikdən sonra elmi tədqiqat işləri ilə məşğul olmuş, 1992-ci ildə k.e.d., prof. M.S.Salahovun rəhbərliyi altında “Orta-meta-, para-, fenilendiaminlərin sis- və trans-4-tsikloheksen-1, 2-dikarbon turşularının anhidridləri ilə asilləşməsi və alınmış amidoturşuların bəzi çevrilmələri” adlı dissertasiya mövzusu təsdiq olunmuş, 1996-cı ildə Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Elmi şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir.

1997-ci ildə elmi işçi, 1999-cu ildən isə baş elmi işçi vəzifəsində çalışmışdır. S.Ş.İdrisova 2000-ci ildən Sumqayıt Dövlət Universitetinin “Üzvi və fiziki kimya” kafedrasında elmi-pedoqoji fəaliyyət göstərmişdir. O, dosentdir. 30-0a yaxın elmi məqalənin. 2 metodik vəsaitin, 1 patentin, 4 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Aparılan elmi-tədqiqat işlərinin nəzəri və praktiki əhəmiyyəti ondan ibarətdir ki, tsiklik dikarbon turşularının orto-, meta- və para-aminofenilenamidlərinin simmetrik və qarışıq bis amidlərini və imidlərinin sintezi üsullaarı işlənib hazırlanmışdır. Tsikloheksen həlqəsinin seçici birləşdirici bronlaşmasının və aromatik həlqənin yüksək dərəcədə hallogenləşdirilmiş termostabil imid antipirenlərdə kriogen xassəsi özü sönən epoksid kompozsiyalarının hazırlanmasında istifadə olunmuşdur.

Səadət İdrisova institutun 14 saylı tədqiqat laboratoriyasının həmkarlar şurasının sədridir.

İsgəndərova Zenfira İsgəndər qızı[redaktə | HTML redaktə]

kimya ü.f.d., dos.

Zenfira İsgəndərova 1950-ci ildə anadan olmuşdur. 1968-ci ildə Şəki şəhər 10 saylı məktəbi qurtarmışdır. Həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1973-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra “Azərelektroişıq zavodu”nun elmi laboratoriyasında mühəndis işləmiş, sonra EA-nın Radiasiya Tədqiqatları sektoruna işə qəbul edilmişdir. 1983-cü ildən həmin bölmənin dissertantı olmuşdur. 1989-cu ildə MDU-da k.e.d. B.Q.Zantiyev və k.e.d. M.A.Qurbanovun rəhbərliyi altında” SO2-H2 sistemində ionlaşdırıcı şüaların təsiri ilə baş verən zəncirvari reaksiyaların tinetikasının eksperimental tədqiqatları” mövzusunda radiasiya kimyası ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. Zenfira İskəndərova respublikamızda bu sahə üzrə müdafiə etmiş ilk qadın alimdir. İşin nəzəri və praktik əhəmiyyəti ondan ibarətdir ki, alınmış eksperimental nəticələr və “SO2-H2” sistemində baş verən zəncirvari proseslər üçün təklif olunan mexanizm analoji sistemlərin termoradiolizinə tətbiq oluna bilər. Bu tədqiqat işi atom-hidrogen energetikası üçün mühim əhəmiyyət kəsb edir. Belə ki, yüksək tempraturlu qazla soyudulan nüvə reaktorlarının texnologiyasında heliumla birlikdə primes kimi SO2, H2, H2O iştirak edir. Tədqiqatlar sübut edir ki, gələcəkdə enerji ehtiyyatlarının tükənməsi ilə əlaqədar yanacaq maddəsi kimi maye hidrogendən geniş istifadə olunacaqdır. Tədqiqatların elmi nəticələri bir sıra konfrans və forumlarda - Bakı, Moskva, Leninqrad, Novosibirsk, Suzdal, Macarıstan, Türkiyə, Ərəbistan, Almaniya, Polşa və s. müzakirə olunmuşdur.

Z.İsgəndərova hazırda EA-nın Radiasiya Tədqiqatları İnstitutunda baş elmi işçi vəzifəsində işləyir. 1997-ci ildən AAK-ın qərarı ilə ona dosent adı verilib. Azərbaycan Beynəlxalq Universitetində müəllim işləyir. 82 elmi əsərin 4 ixtiranın müəllifidir. 52 mıqaləsi xaricdə dərc olunmuşdur.

Z.İ.İsgəndərova 1995-2009-cu illərdə ABU, 2009-2014-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Dos. Z..İ.İsgəndərova hazırda AMEA Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır. İndiki tədqiqatları “Qaz mühitlərinin radiasiya və fotokimyası”na aiddir. Qaz mühitlərində sadə molekulların ionlaşdırıcı və ultrabənövşəyi şüaların təsiri ilə birbaşa və radiolotik çevrilmələrin kinetikası və mexanizminin öyrənilməsi fizika və kimyanın bir sıra mühüm sahələri üçün son dərəcə vacibdir. Bu sahələr sırasına nüvə reaktorlarında qaz-istilik daşıyıcılarının texnologiyası, atmosfer fotokimyası, ətraf-mühitin qorunmasının elmi əsasları hidrogen energetikası, qaz lazerlərində baş verən fiziki-kimyəvi proseslər və s. daxildir.

Z.İskəndərovanın atmosfer havasının keyfiyyətli və qeyri-ənənəvi təmizlənmə üsulu haqqında elmi əsasların işlənməsi ilə bağlı tövsiyyələri hazırlanır.

İslamov Musa[redaktə | HTML redaktə]

filologiya e.d., prof.

Musa İslamov 1924-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuş, doğulduğu kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına daxil olmuş və ömrünü həmişəlik elmə bağlamışdır. M.İslamov 1961-ci ildə “Nuxa dialekti” mövzusunda namizədlik, 1973-cü ildə isə “Türk dillərində əvəzliklər” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.

Professor M.İslamov 100-dən çox məqalənin və 1 sıra monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə etmişdir. Otuz ildən artıq İ.Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri işləmiş, Azərbaycan dialektologiyasının müxtəlif problemlərinə dair dəyərli məqalələr və kitablar çap etdirmişdir. Həmçinin onun redaktorluğu və iştirakı ilə Azərbaycan dilinin dialektoloji atlası və ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” hazırlanıb çap edilmişdir.

Musa İslamov 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.

İsmayılov Jilbert İsfəndiyar oğlu[redaktə | HTML redaktə]

iqtisad e.n.

Jilbert İsmayılov 1939-cu ildə anadan olmuşdur. 1957-ci ildə Şəkidəki Sabir adına 5 saylı orta məktəbi bitirmiş, 1958-1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsində maliyyə-kredit ixtisası üzrə təhsil almışdır. 1963-1965-ci illərdə hərbi xidmətdə olmuş, 1965-1969-cu illərdə Binəqədi və Sabunçu rayon Dövlət Bankı şöbələrində iqtisadçı vəzifələrində işləmişdir. 1969-cu ildən Azərbaycan EA İqtisadiyyat İnstitutunda işləmişdir.

Jilbert İsmayılov 1982-ci ildə Azərbaycan EA müxbir üzvü, i.e.d. prof. A.K.Ələsgərovun rəhbərliyi ilə “Kolxoz-kooperativ mülkiyyəti və onun yetkin sosializm şəraitində inkişafı və ümumxalq mülkiyyətinə yaxınlaşdırılması problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. İlk dəfə olaraq kooperativ mülkiyyətinin kateqoriya sistemində kooperativ mülkiyyətinin mahiyyəti və yeri, kooperativ mülkiyyətinin meydana gəlməsi və inkişafının regional xüsusiyyətləri öyrənilmişdir. J.İsmayılov mülkiyyət münasibətlərinin tədqiqinə dair 100-ə qədər elmi əsərin, o cümlədən 6 monoqrafiyanın (şərikli) müəllifidir.

İqtisadçı alimin nəzəri və praktik yönümlü tədqiqatları təhlili məruzələr və tövsiyyələr şəklində dövlət proqramlarının, respublikanın iqtisadi inkişafına dair konsepsiya və istiqamətlərin işlənib hazırlanmasında istifadə olunmuşdur.

J.İsmayılov 2011-ci ildə vəfat etmişdir.

İsmayılov Mahmud Əliabbas oğlu[redaktə | HTML redaktə]

tarix ü.e.d, prof., AMEA-nın müxbir üzvü

Mahmud İsmayılov 1920-ci il sentyabrın 1-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş (1941), ordu sıralarına çağrılmış (1942-1946), əmək fəaliyyətinə AEA-nın Tarix İnstitutunda başlamış (1946), ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və “Azərbaycan yeni tarixi” şöbəsinin müdiri vəzifələrində çalışmış, 1949-cu ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1983-cü ildə AEA-nın müxbir üzvü seçilmişdir. Elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuş, Azərbaycan dövlət kəndliləri XX əsrin sonunda (1957), “XX əsrin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı” (1960), “Imperializm dövründə Azərbaycanın sosial-iqtisadi strukturu” (1982) və başqa əsərləri çap etdirmişdir. M.Ə İsmayılov 3 cildlik “Azərbaycan tarixi”nin əsas müəliiflərindən biri, 7 cildlik “Azərbaycan tarixi”nin IV vəV cildlərinin məsul redaktoru olmuşdur.Onun 1992-ci ildə çapdan çıxmış “Azərbaycan tarixi” əsəri bir neçə dəfə çap olunmuşdur. Mahmud İsmayıl imzası ilə Azərbaycan oxucusuna yeddi tarixi roman: “Ağ yapıncı”, “Xaqan”, “El üçün yan”, “Sənin ulu baban”, “İki od arasında”, “Qara Yusif ”, “Uzun Həsən”, kimi romanlarını təqdim etmişdir.AEA-nın müxbir üzvü M.İsmayılov “1941-1945-ci illərdə Almaniyanın üzərində qələbəyə görə”, “Qafqazın müdafiəsinə görə” medalları və fəxri fərmanlarla təltif olunmuşdur. Mahmud İsmayılov 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.

İsrafilov Nəsir Əli oğlu[redaktə | HTML redaktə]

texnika.e.d., prof.

Nəsir İsrafilov 1936-cı ildə anadan olmuşdur. 1953-cü ildə Baş Layısqı kənd orta məktəbini bitirmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1958-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən N. İsrafilov Elmi Şuranın qərarı ilə aspiranturada saxlanmış, elmi işini Minsk şəhərində akademik Metsepuranın rəhbərliyi ilə tamamlamışdır.1967-ci ildə N. İsrafilov həmin işi namizədlik dissertasiyası kimi müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Üzərində işlədiyi sahə ilə bağlı tədqiqatlarını davam etdirmiş və 1987-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1988-ci ildə professor adına layiq görülmüşdür.

N.İsrafilov 1964-1970-ci illərdə Elmi-Tədqiqat Mexanizasiya İnstitutunda işləmişdir. 1970-ci ildən ömrünün sonunaq qədər Azərbaycan Politexnik İnstitutunda (sonra İnşaat Mühəndisləri Universitetində) dekan, kafedra müdiri vəzifələrində çalışmışdır. Axırıncı iş yeri “Yol tikintisi maşınları” kafedrası olmuş və müdir vəzifəsini daşımışdır. Nəsir müəllim 1999-cu ildə vəfat etmişdir.

İsrafilova Sevil Zakir qızı[redaktə | HTML redaktə]

kimya e.n.

Sevil İsrafilova 1934-cü ildə anadan olmuşdur. 1953-cü ildə Şəki şəhərindəki 7 saylı orta məktəbi bitirmişdir. Həmin il ADU-nun kimya fakültəsinə daxil olmuş, 1958-ci ildə təyinatla Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) işə göndərilmiş, əvvəlcə institutun təcrübə-qurğu bazasında aparatçı vəzifəsində, sonra “Element üzvi birləşmələr” laboratoriyasında kiçik elmi işçi vəzifəsində işləmişdir.

1961-ci ildə həmin institutun aspiranturasının əyani şöbəsinə daxil olmuş, 1964-cü ildə oranı bitirmişdir. 1966-cı ildə k.e.d. prof. İ.A.Şıxıyevin rəhbərliyi ilə Azərbaycan EA NKPİ ilə Kimya İnstitutunun birgə elmi şurasında “Fosfin turşularının bəzi doymuş və doymamış eterlərinin sintezi və turşu mühitində onların metalın korroziya edilməsi qarşısını alan inqibitor kimi işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiya işi nəzəri cəhətdən mühüm əhəmiyyət kəsb edir. Burada ədəbiyyatda olmayan, birinci dəfə olaraq 40 yeni fosfin turşularının amifatik, siklik, aromatik sırası korbohidrogen törəmələri sintez edilmiş, qarşılıqlı sintez vasitəsilə alınan birləşmələr təsdiq edilmiş və onların fiziki-kimyəvi xassələri öyrənilmişdir.

Sintez edilmiş bu birləşmələrdən bir çoxu fosfin turşularının doymuş və doymamış eterləri yüksək temperaturda və turşu mühitində metalların korroziya edilməsinin qarşısını alan inqibitor kimi işlənməsi xassəsi öyrənilmişdir. Bu tədqiqat işi akademik S.A.Bolezinin rəhbərlik etdiyi V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun problemlər laboratoriyası əməkdaşları ilə birgə aparılmış və yüksək nəticələr əldə edilmişdir.

S.İsrafilova namizədlik dissertasiyasını müdafiə etdikdən sonra yenə NKPİ-nin laboratoriyasında əvvəl kiçik elmi işçi, 1967-ci ildən isə baş elmi işçi vəzifəsində çalışmışdır. DÜİST-ə uyğun olaraq 40-dan artıq analitik analiz metodlarından istifadə edərək xam neftin, neft məhsullarının, fərdi karbohidrogenlərin analiz və identifikasiyası ilə məşğul olan qrupa rəhbərlik etmişdir. O Moskva və Bakıda keçirilmiş elmi konfranslarda iştirak etmiş, 50-dən artıq elmi məqalənin, 20 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Qaffarlı Ramazan Oruc oğlu[redaktə | HTML redaktə]

filologiya ü.e.d., prof.

Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olub.

Ramazan Qafarlı beşinci sinfə qədər Şəki şəhərində yerləşən 7 saylı orta məktəbdə oxumuşdur. 1961-ci ildə ailəsi Bakı şəhərinə köçmüş və o, orta təhsilini burada, 39 saylı orta məktəbdə başa çatdırmışdır. O, 1974-cü ildə N.Tusi adına ADPU-nun filologiya fakültəsini bitirdikdən sonra Elmi şuranın qərarı ilə həmin ali məktəbdə saxlanılmışdır. Estoniyada ordu sıralarında qulluq edib bir müddət seçkili orqanlarda (əvvəl komsomol komitəsində katib, sonra həmkarlar ittifaqı təşkilatında sədr) çalışmışdır. R.Qafarlı 1977-ci ildə ali məktəbi tərk edir və bir neçə il Rusiyada iş icraçısı vəzifəsini yerinə yetirmişdir. 1981-ci ildə Bakı şəhərinə qayıdıb Xətayi rayonunda yerleşən 204 saylı orta məktəbdə ixtisası üzrə işləməyə başlamışdır.

O, 1984-cü ildə N.Tusi adına ADPU-nun əyani aspiranturasına daxil olur. 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Həmin ildən Pedaqoji Universitetdə çalışır. O, 1989-91-ci illərdə filologiya elmləri üzrə Müdafiə şurasının üzvü və elmi katibi seçilir. Hazırda həmin təhsil ocağının “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsində işləyir və Dünya ədəbiyyatı tarixi kafedrasının professorudur. R.Qafarlı 2003-cü ilin oktyabrdan 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq stajirovkası keçmiş, A.Gertsen ad. Rusiya Dövlət Pedaqoji Universitetin elmi şurasında “Мифологическая картина мира азербайджан¬ского этноса” (“Azərbaycan xalqının təsəvvüründə mifoloji Dünya Modeli”) adli doktorluq dissertasiyası mövzusu təsdiqləmişdir. R.Qafarlının tədqiqat işi həmin ali məktəbin “Etnokulturologiya” kafedrasında müzakirə olunub müdafiəyə buraxılmışdır. R.Qafarlı 2010-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunun Müdafiə Şurasında “Azərbaycan türklərinin mifologiyası” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. R.Qafarlının müəllifi olduğu internet saytı (rus və Azərbaycan-türk dillerində) dünyanın bütün kataloqlarına düşmüşdür.

O, on altı dərs proqramının, səkkiz monoqrafiyanın, iki dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Azərbaycan uşaq folkloru və poetikası” (2002), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası” (2005), “Mif, nağıl və əfsanə” (epik ənənədə janrlararası əlaqə) (2004), eləcə də 300-dən şox elmi-publisistik məqalənin müəllifidir. Prof. R.Qafarlı AMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6-cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin 1-ci cildinin (Bakı, Elm, 2004. - 8 çap vəreqi həcmində üç oçerkin: “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları”) müəlliflərindən biridir. Bir sıra əsərləri xarici ölkələrdə – Türkiyədə, Rusiyada: Sankt-Peterburqda “Философия любви на деревнем Востоке и Низами” (“Şərqdə məhəbbət fəlsəfəsi və Nizami”) monoqrafiyası, Moskavada “Детская литература” jurnalında əsərləri çap olunub. Onun toplayıb tərtib etdiyi “Şəki folkloru” (2002) toplusunda Molla Cumənin indiyədək elm aləminə bəlli olmayan altı dastanı toplanmışdır.

R.Qafarlı folklor poetikası, mifologiya, “Kitabi-Dədə Qorqud”un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və “Avesta”, struktur poetikası və s. problemler üzərində tədqiqat işləri aparır. Onun ssenarisi əsasında Dünya azərbaycanlılarının həmrəyliк gününə həsr olunan “Xanım, hey” bedii filmi, “Laylalar” bədii-etnoqrafik filmi çəkilmişdir. R.Qafarlı “Ərən”, “Xəmsə” qəzetlərini, “Qafqaz” və “Xəmsə” jurnallarını təsis etmişdir Onun tərtib və redaktorluq etdiyi “Heydər Əliyev-78”, “Bəxtiyar Vahabzadə-75”, “Akademik Bəkir Nebiyev-70 və 80”, “Ağayar Şükürov-55” xüsusi buraxılışları, siyasi və elm xadimlərimizin həyat səlnaməsinə güzgü tutmuşdur. Onun monoqrafiya və kitabları haqqında xalq şairi, akademik B.Vahabzadə, akademik B.Nebiyev, akademik İ.Həbibbəyli, AMEA-nın müxbir üzvləri Y.Qarayev, A.Nəbiyev, V.Əliyev və b. respublika mətbuatında məqalələrlə çıxış etmişlər.

R.Qafarlı 1990-cı ildə Soçidə keçirilən gənc tənqidçilərin Ümumittifaq müşavirəsində, 2000-ci ildə “Dədə Qorqud-1300” Beynəlxalq elmi simpoziumunda, 2003 və 2004-cü illərdə Sank-Peterburq şəhərində IV və V “Реальность этноса” Beynelxalq elmi konfransında, Türkiyənin Ankara, İstanbul, Antalya, Qazıantep, Fətiyyə, İzmir və b. şəhərlərində keçirilən Uluslararası elmi simpoziumlarda məruzələr oxumuşdur.

2003-cü ilin noyabr ayında R.Qafarlı respublikamızda ilk dəfə olaraq Azərbaycan folkloru və mifologiyasının müxtəlif problemlerini özündə əks etdiren www.azmif. net (“Азербайджанская тюркская мифология и фольклор” // “Azərbaycan türk mifologiyası və folkloru”) saytını yaratmışdır. Mədəniyyətimizi beynəlxalq səviyyədə yaydığına görə www.azmif.net saytı 2005-ci ildə “Netty” Beynelxalq İnternet Akademiyasının müsabiqəsinin qalibi elan olunmuşdur.

Ramazan Qafarlının xidmətlərindən biri də xalq şairi Bəxtiyar Vahabzadənin əsərlərinin külliyatının -12 cildliyin tərtib edib nəşrə hazırlaması və onun, yaradıcılığına “Bəxtiyar Vahabzadə əbədiyyət yolunda” (2010) kitabını çap etdirməsidir.

Qaffarov Tahir Baqi oğlu[redaktə | HTML redaktə]

tarix ü.e.d.

Tahir Qaffarov 1950-ci ildə anadan olmuşdur. İlk təhsilini Şəkidəki 5 saylı məktəbdə almış, Bakıdakı 31 saylı orta məktəbdə tamamlamış, 1969-1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

T. Qaffarov təhsilini Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında davam etdirmiş, 1982-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. O, müasir dövr tarixinin görkəmli tədqiqatçılarındandır.

T.Qafarovun Azərbaycan XX əsr tarixinin tədqiqində, ümumiləşdirilməsində mühüm xidmətləri vardır. “Onun Azərbaycan tarixi – 1920-1991” (Bakı 1999) və “Azərbaycan tarixi: XXəsrin 80-90-cı illəri” (Bakı, 1997) monoqrafiyaları bu baxımdan diqqətəlayiqdir.

O, nəşr olunmağa başlanmış yeddicildlik “Azərbaycan tarixi”nin Redaksiyasının üzvü, VII cildin redaktoru və əsas müəlliflərindən biridir. T. Qaffarov “Azərbaycan kənd əhalisinin həyat tərzi. 1960-1990” (Bakı, 1991), ingilis dilində “Azerbaican in the second World waf” (London, 2001) və başqa monoqrafiyalarının müəllifidir. T.Qafarov türk-erməni münasibətlərinin öyrənilməsinə və bu sahədə tarixi həqiqətlərin üzə çıxarılmasına mühüm diqqət yetirmişdir. Onun “Türklərə qarşı erməni terrorizmi” (Bakı, 2000) və ingilis dilində “Armenian terrorism in forward Asia and Gaucasus” – Ön Asiya və Qafqazda erməni terrorizmi (Nyu-York,2000) kitabları çap olunmuşdur.

T.Qaffarovun tarixin tədrisi sahəsində də mühüm xidmətləri vardır. O, ali məktəblərdə Azərbaycan tarixi, Türkdilli xalqlararası əlaqələr, beynəlxalq münasibətlər mövzularında mühazirələr oxuyur, magistratura üçün “Ümumtürk milli-ictimai fikir tarixi”, “Ümumtürk dövlətçilik tarixi”, “Azərbaycanın ümumtürk tarixində yeri və rolu” (hər üçü 2002-ci ildə çap olunub) və başqa programların müəllifidir. O, orta məktəb üçün “Azərbaycan tarixi” dərsliklərinin müəllifidir.

T.Qaffarov Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi, İnstitut Elmi Şurasının üzvü, İxtisaslaşdırılmış Müdafiə Şurasının elmi katibidir. O, 50-dən çox doktorluq və namizədlik dissertasiyaları müdafiəsinin təşkilində yaxından iştirak etmişdir. Bir neçə namizədlik dissertasiyasına elmi rəhbər olmuşdur.

Qarayev İmran Əliyar oğlu[redaktə | HTML redaktə]

iqtisadi e.ü.f.d.

İmran Qarayev 1960-cı ildə anadan olmuşdur. 1977-ci ildə Bakının Nizami rayonu 238 saylı orta məktəbini bitirmişdir. 1977-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olmuş və 1982-ci ildə fərqlənmə diplomu ilə qurtarmışdır. 1982-1984-cü illərdə Azərbaycan EA Kibernetika İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1984-cü ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul edilmiş və Moskva şəhərinə SSRİ Elmlər Akademiyasının Mərkəzi Riyazi İqtisadiyyat İnstitutunun aspirasnturasına ezam edilmişdir. 1989-cu ildə SSRİ EA Mərkəzi Riyazi-İqtisadiyyat İnstitutunun direktor müavini i.e.d., prof. A.Y.Şevyakovun rəhbərliyi altında “Əhalinin gəlir və istehlakının diferensiallaşmış balanslarının qurulmasının regional xüsusiyyətləri” mövzusunda dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Dissertasiya Azərbaycanda həyat səviyyəsinin sosial-iqtisadi göstəricilərinin modelləşdirilməsinə həsr edilmişdir. Dissertasiyanın nəzəri və elmi-praktik nəticələri 1989-cu ildə SSRİ Dövlət Plan Komitəsi tərəfindən həyat sosial-iqtisadi planlaşdırılması prosesində tətbiq edilmişdir. Müxtəlif illərdə Azərbaycan Sənaye Universiteti və Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Dəfələrlə Moskva, Ufa, Novosibirsk şəhərlərində və respublikada keçirilən konfranslarda çıxış etmişdir. Hazırda Azərbaycan EA İqtisadiyyat İnstitutundaa şöbə müdiri vəzifəsində çalışır.

Qarayev Yaşar Vahid oğlu[redaktə | HTML redaktə]

Yaşar Vahid oğlu Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində sənətkar ailəsində anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada 31 saylı şəhər orta məktəbini bitirmişdir. ADU-nun filologiya fakultəsində təhsil almışdır (1954-1958). Sonra Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləmiş, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışmışdır (1987).

Ədəbi fəaliyyətə 1955-ci ildə “Lenin tərbiyəsi uğrunda” və “Azərbaycan gəncləri” qəzetlərində çıxan ilk əeəbi qeydləri ilə başlamışdır. Bundan sonra muasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. Məqalə və kitabları ”Yaşar”, “ Q.Yaşar ”, “ Y.Qarayev ” imzaları ilə dərc olunmuşdur. Yaşar Qarayev milli ədəbi-bədii fikrin inkişafına güclü təkan verən “ Faciə və qəhrəman ” (1965), “ Tənqid: problemlər, portretlər ” (1976), “Poeziya və nəsr” (1979), “Realizm:sənət və həqiqət” (1980), “Mirzə Fətəli Axundov” (1982), “Meyar-şəxsiyyətdir” (1989), “Tarix: Yaxından və uzaqdan” (1996) və s. kitabların müəllifi kimi Azərbaycan mədəniyyəti tarixində əbədi yaşarılıq qazanmış fenomendir.

O, “Ədəbi proses” adlı illik elmi tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olmuşdur. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqqquz cildlik dünya ədəbiyyatı tarixi, “ Çoxmillətli Sovet ədəbiyyatı tarixi (inqilaba qədərki dövr)” və Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik “Azərbaycam ədəbiyyatı tarixi” monumental əsərlərin müəlliflərindən biridir.

Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışmış, Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, ədəbiyyat institutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət nəşrkomu yanında redaksiya bədii urasının, “Azərbaycan və Ulduz” jurnalı reaksiya heyətinin, “Bilik” Cəmiyyəti rəyasət heyatinin, ensiklopediya heyatinin üzvü olmuşdur. Eyni zamanda SSRİ Yazıçılar İttifaqı rəyasət heyati yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, M.F.Axundov adına mükafat komissiyasının üzvü idi. Yaşar Qarayev 2002-ci il avqustun 25-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.


Qasımova Sədaqət Əbdürəhman qızı[redaktə | HTML redaktə]

filologiya ü.f.d.

Sədaqət Qasımova 1944-cü ildə anadan olmuşdur. 1960-cı ildə Şəki şəhərində 12№-li orta məktəbi, 1965-ci ildə isə ADU-nun Şərqşünaslıq fakültəsini bitirib.

1964-1967-ci illərdə Azərbaycan EA Əlyazmalar fondunda baş laborant vəzifəsində çalışmışdır. 1967-ci ildən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunun aspiranturasına qəbul olunmuş, aspiranturanı bitirdikdən sonra həmin institutun türk filologiyası şöbəsinə işə qəbul edilmiş, Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır.

1983-cü ildə akad. H.Araslının rəhbərliyi altında “Haldun Taneri bədii nəsri” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1994-cü ildə “Haldun Tanerin bədii nəsri” adlı monoqrafiyası çap olunub. Kitabda XX əsr türk ədəbiyyatının görkəmli nümayəndəsi Haldun Tanerin həyatı, ədəbi mühiti, yaradıcılığı tədqiq və bədii nəsri təhlil olunmuşdur. Əsər türk ədəbiyyatının görkəmli şəxsiyyətlərini Azərbaycan oxucularına tanıtmaq baxımından çox əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, türk ədəbiyyatının tədqiqinə aid 20 elmi məqalənin müəllifidir. Müxtəlif elmi-nəzəri konfranslarda iştirak edib. Ömrünün sonunda Azərbaycanın EA Şərqşünaslıq İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır S.Ə.Qasımova 2019-cu ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Qədimov Rauf Mustafa oğlu[redaktə | HTML redaktə]

texnika ü.f.d.

Rauf Qədimov 1942-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1959-cu ildə M.Füzuli adına 3№-li orta məktəbi qurtarmış, M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Neft Akademiyası) daxil olmuş, 1964-cü ildə institutun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsini (İPAF) “Avtomatika və telemexanika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Ali məktəbi qurtardıqdan sonra təyinatla Azərbaycan EA-nın Hesablama Mərkəzində (Hazırda Azərbaycan EA Kibernetika İnstitutu) baş laborant vəzifəsində işə başlayıb. 1989-cu ildə Azərbaycan EA-nınn müxbir üzvü, texniki elmləri doktoru, prof. T.A.Əliyevin rəhbərliyi ilə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Neft Kimya İnstitutunun Elmi Şurasında “Diskretləmə addımını avtomatik təyin etməklə kəsilməz siqnalları çevirən, sıxan və məsafəyə ötürən çoxkanallı ölçmə sistemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. R.Qədimov Azərbaycan Memarlıq və İnşaat Universitetində və Azərbaycan Texniki Universitetində dosent kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Ümumittifaq və respublika konfranslarının iştirakçısı olmuşdur. 46 məqalənin, o cümlədən 15 müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun təklif etdiyi alqoritmlər və texniki qurğular praktiki olaraq neft sənayesində, fiziologiyada, tibbdə və elmin, texnikanın digər sahələrində analoq siqnalların çevrilməsi, ölçülməsi və məsafəyə ötürülməsində istifadə oluna bilər. Göstərilən analoq-rəqəm çeviriciləri bazasında yaradılmış texnoloji parametrləri diskretləmə addımını avtomatik təyin etməklə sinxron kodlaşdıran texniki vəsaitlər çevirmə prosesi ilə sıxma prosesini eyni vaxtda aparmaqla, rabitə kanalına olan tələbatın və mikroprosessor qurğularının yaddaşının həcminin xeyli azaldılmasına imkan verir.

Praktiki və nəzəri nəticələr, həmçinin təklif olunan alqoritm və çoxkanallı sinxron avtomatik nəzarət və idarəsi və informasiya ölçmə sistemlərini layihə edilməsində tətbiq oluna bilər.

R.M.Qədimov hazırda AMEA-nın İdarəetmə sistemləri İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində işləyir.

Qədirov Fəxrəddin Əbülfət oğlu[redaktə | HTML redaktə]

Geologiya-minerologiya e.d., AMEA-nın həqiqi üzvü

Fəxrəddin Qədirov 19 iyul 1950-ci ildə Şəki şəhərində anadan olmuşdur. 1967-ci ildə Şəki şəhər məktəbini gümüş medalla bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuş və 1972-ci ildə oranı bitirmişdir.

Hələ tələbəlik illərində F.Qədirov elmi tədqiqat işinə həvəs göstərmiş, Tələbə Elmi Cəmiyyətinin işində yaxından iştirak etmiş, Bakı, Novosibirsk və Moskva şəhərlərində keçirilən tələbə elmi konfranslarında məruzələrlə çıxış etmişdir.

Yer fizikasına olan həvəsi 1975-ci ildə F.Qədirovu AMEA Geologiya İnstitutuna gətirmişdir. Əmək və elmi fəaliyyəti ilə AMEA Geologiya İnstitutuna bağlanan F.Qədirov 1981-1986-cı illərdə kiçik elmi işçi, 1986-1988-ci illərdə böyük elmi işçi, sonralar “Qravimetriya” laboratoriyasının rəhbəri, “Geodinamika və Seysmologiya” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013-cü ildən AMEA Rəyasət heyətinin üzvü, Yer Elmləri Bölməsinin akademik -katibidir.

F.Qədirov 1984-cü ildə geofizika ixtisası üzrə “Yerin üst mantiyasının iki təbəqəli modelində daxili dalğaların yaranması və sərbəst düşmə təcilinin qabarmayan dəyişməsinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 2002-ci ildə isə “Azərbaycanın dərinlik quruluşunun ədədi qravitasiya modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcələrini almışdır.

Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analizi və yer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər onun elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir.

1998 və 2000-ci illərdə ABŞ-nın Massaçusets Texnologiya İnstitutunda GPS tədqiqatları ilə məşğul olan alim bu texnologiyanı dərindən mənimsəmiş və 1998-ci ildə onun təşəbbüsü ilə Azərbaycan ərazisində ilk dəfə olaraq GPS müşahidə sistemi qurulmuş və GPS texnologiyası əsasında Azərbaycan ərazisinin müasir geodinamikasının tədqiqinin əsası qoyulmuşdur.

Akad. F.Qədirovun rəhbərliyi altında Azərbaycanda 10 ildən artıq müddətdə aparılan GPS monitorinqi nəticəsində Yer qabığının üfüqi hərəkətləri öyrənilmiş, zəlzələ təhlükəsini daha dəqiq dəyərləndirmək üçün deformasiya enerjisinin akkumulyasiya qanunauyğunluqları müəyyənləşdirilmiş, Qafqaz blokunun saat əqrəbinin əksinə dönməsi və Azərbaycan ərazisinin geodinamik şəraitinə təsiri tədqiq olunmuş, Abşeron yarımadasının cənub hissəsinin şərqə tərəf hərəkət etməsi və intensiv yer qabığı qısalmalarının sürəti və baş verdiyi ərazilər müəyyən edilmiş və bütün bunların seysmik proseslərdəki rolu aydınlaşdırılmışdır.

Alim ilk dəfə olaraq Azərbaycanın neftli-qazlı vilayətlərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənmiş və burada konveksiya axınının mümkünlüyünü göstərmiş, palçıq vulkanları quruluşunun qravitasiya və aktivləşmə mexanizmi modelini vermişdir.

F.Qədirov tərəfindən Qafqaz-Xəzər regionunun litosfer quruluşunun 3D qravitasiya modeli hazırlanmış və qırılmaların səth və dərinlik paylanması öyrənilmişdir. Onun təcrübi və nəzəri tədqiqatları nəticəsində Cənubi Xəzər hövzəsində Moho sərhədi altında sıxlığı böyük olan təbəqənin olduğu müəyyən edilmiş və bu təbəqənin regionun geodinamikasındakı rolu öyrənilmişdir.

2007-ci ildə geofizika ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilmişdir.

2014-cü ildə geofizika ixtisası üzrə AMEA-nın həqiqi üzvü seçilmişdir.

2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

250-dən çox elmi məqalənin, 2 monoqrafiyanın müəllifi və 4 monoqrafiyanın həmmüəllifi olan F.Qədirov 9 beynəlxalq elmi-tədqiqat layihəsinin rəhbəri olmuş, ABŞ və Avropada keçirilən beynəlxalq elmi konfranslarda dəfələrlə Azərbaycanı müvəffəqiyyətlə təmsil etmişdir.

Onun elmi rəhbərliyi ilə 12 elmlər namizədi və 1 elmlər doktoru hazırlanmış və hazırda 4 doktorantın elmi rəhbəridir. F.Qədirov bir sıra elmi cəmiyyətlərin, o cümlədən Avropa Geoloq Alim və Mühəndislər Assosiasiyasının (EAGE), Amerika Geofiziklər İttifaqının (təşkilatının) (AGU), Amerika Neftçi-Geoloqlar İttifaqının (AAPG) üzvüdür.

Qəribov Adil Abdulxalıq oğlu[redaktə | HTML redaktə]

kimya e.d. prof, AMEA həqiqi üzvü

Adil Qəribov 1950-ci ildə anadan olmuşdur. Şəki rayon Kiçik Dəhnə orta məktəbini 1966-cı ildə bitirib, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunub, 1972-ci ildə fərqlənmə həmin fakültəni fəqlənmə diplomu ilə qurtarmış, Azərbaycan EA Radiasiya Tədqiqatları Sektoruna fiziki kimya ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur.

1979-cu ildə “Seolit və tərkibində seolit olan katalizatorlara qamma şüaların təsirinin tədqiqi” mövzusunda namizədlik, 1995-ci ildə “Oksid və metal-oksid sistemlərinin səthində maddələri radiasiya-katalitik parçalanma proseslərində enerji ötürülməsinin qanunauyğunluqları” mövzusunda fiziki kimya və radiasiya kimyaları ixtisasları üzrə kimya elmləri doktorluq dissertasiyaları müdafiə edib, uyğun elmi dərəcələri almışdır. 1977-ci ildə bu günədək Azərbaycan EA Radiasiya Tədqiqatları İnstitutunda əvvələcə kiçik elmi işçi və sonra isə “Radiasiya heterogen prosesləri” labaratoriyasının rəhbəri vəzifəsində işləmişdir. 1998-ci ildə radiasiya kimyası ixtisası üzrə professor adına layiq görülmüşdür.

A.Qəribov SSRİ EA Radiasiya Katalizi üzrə Elmi Şurasının üzvü olmuşdur. Respublikamızın radiasiya-heterogen proseslər, bərk cisimlərin radiasiya kimyası üzrə ilk elmlər doktoru və professordur.

A.Qəribov yüksək enerji tutumlu neft-kimya proseslərinin atom enerjisi vasitəsilə effektivliyini yüksəltmək və enerji təminatının elmi əsaslarını yaratmaq məqsədilə seolit və tərkibində seolit olan katalizatorlarda yeni protonodonor və elektronakseptor mərkəzlərin yaradılmasının yeni radiasiya kimyəvi üsullarını aşkar edib. Alınmış nəticələr neft kobrohidrogenlərinin krekinqi proseslərinin effektivliyini artırmağa imkan verir. Onun tərəfindən ilk dəfə oksid katalizatorların radiasiya-katalitik təsiri mexanizmi və radiasiya katalitik proseslərin, həmin proseslərdə enerji çevrilməsi və daşınması proseslərinin ümumi qanunauyğunluqları aşkar olunub. Radiasiya katalitik proseslər üçün katalizator seçilməsinin elmi əsaslarını işləyib hazırlayıb. Atom enerjisinin universal enerji daşıyıcısı olan hidrogen vasitəsilə effektiv çevirib, istifadə etməyə imkan verən suyun radiasiya heterogen parçalanma proseslərinin elmi əsaslarını işləyib hazırlayıb. Onun tərəfindən metan və metan-su buxarı ilə qarışığının radiasiya katalitik parçalanma prosesləri əsasında nüvə çevrilmə proseslərinin enerjisinin istilik və radiasiya tərkib hissələrinin hidrogen SO əsasında effektiv çevrilmə prosesləri işlənib hazırlanıb.

A.Qəribov nüvə reaktorlarının təhlükəsizliyi problemi üzrə istilikayırıcı elementi ilə istilik daşıyıcısı təmasında gedən radiasiya heterogen proseslərin reaktor materiallarını normal və qəza rejimlərində müdafiə və katastrofik oksidləşməsinə və reaktor daxilində hidrogen əmələ gəlməsində rolları aşkar olunub. Alınmış nəticələr əsasında yeni hidrogen-nüvə tipli atom-elektrik reaktorların elmi əsaslarını və su ilə soyudulan nüvə reaktorlarının normal və qəza rejimlərinin ssenariləri işlənib hazırlanması üçün tövsiyyələr verilmişdir.

Professor A.A.Qəribov uzun müddət Rusiya İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutu, sonralar “Kurçatov Elmi Mərkəzi”nin Hidrogen Energetika və Plazma Texnologiya İnstitutu, Rusiya EA Kimyəvi Fizika İnstitutu, M.V.Lomonosov adına MDU-nun “Radiasiya kimyası” kafedrası ilə birlikdə işləmişdir. Respublikamızda radiasiya ekoloji vəziyyəti üzrə çoxlu tədqiqat işləri aparıb və bu problem üzrə elmi əsaslanmış məsləhətlər verir. Onun tərəfindən böyük ekoloji əhəmiyyəti olan SO2-nin radiasiya-katalitik parçalanıb enerji daşıyıcısı və kimyəvi sintez üçün istifadə oluna bilən SO-ya çevrilmə proseslərinin kinetiki və mexanizmi işlənib hazırlanmışdır.

Akad. A.Qəribov 18 fəlsəfə doktoru, 3 elmlər doktorunun hazırlaşmasında iştirak edib.

Onun Azərbaycan elmi qarşısındakı xidmətləri və elmimizi xarici ölkələrdə layiqincə təmsil etməsi, yüksək qiymətləndirilirmiş, AR Prezidenti İ.əLİYEVİN Fərmanı ilə alimə Əməkdar Elm Xadimi fəxri adı, 2020-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Quluzadə Vasif Ələsgər oğlu[redaktə | HTML redaktə]

coğrafiya ü.f.d.

Vasif Quluzadə 1939-cu ildə anadan olmuşdur. Orta təhsilini Şəkidə 10№-li, sonra 5№-li məktəblərdə almış, 1957-ci ildə qurtarmışdır. 1962-ci ildə ADU-nun geologiya-coğrafiya fakültəsində təhsilini davam etdirmiş və 1966-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Ali məktəbi bitirdikdən sonra 1966-1969-cu illərdə Türkmənistan Respublikasının Geologiya İdarəsinin Quqitank geoloji-kəşfiyyat ekspediyasında geoloq vəzifəsində fəaliyyət göstərmişdir. 1969-1971-ci illərdə Azərbaycan EA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Geomorfologiya”şöbəsinin aspirantı olmuşdur. 1974-cü ildən yenidən həmin şöbədə kiçik elmi işçi işləmişdir. Prof. N.Şirinovun rəhbərliyi altında “Kiçik Qafqazın şimal-şərq hissəsinin morfostrukturları, onların quruluşu və inkişaf xüsusiyyətləri” adlı dissertasiyanı 1982-ci ildə Azərbaycan EA H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasında müdafiə etməklə coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədən sonra 1982-1984-cü illərdə həmin institutda kiçik elmi işçi, 1984-cü ildən isə böyük elmi işçi vəzifəsində işləmişdir.

1982-ci ildən BDU-nun coğrafiya fakültəsində pedaqoji fəaliyyət göstərir.

Azərbaycan EA Coğrafiya İnstitutunda işlədiyi müddətdə 50-dən artıq elmi məqalənin, o cümlədən “Azərbaycan paleogeomorfologiyası”, “Azərbaycan relyefi”, “Azərbaycanın konstruktiv coğrafiyası” (3 cilddə), “Kiş və Şin çayları hövzələrinin selləri” kitablarının həmmüəllifi olmuşdur.

Əsas elmi tədqiqatların istiqaməti Yer elmləri üzrə geomorfologiya, paleogeomorfologiya, neotektonika sahələridir. Bu istiqamətlərə uyğun olaraq respublikanın dağlıq bölgələri üzrə müxtəlif miqyaslı geomorfoloji və morfoskulptur təhlilinə əsasən mürəkkəb tipli faydalı qazıntı yataqlarının morfostrukturlarla genetik əlaqəsi öyrənilmişdir. Alınan elmi nəticələr Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatlar İdarəsi tərəfindən yüksək qiymətləndirilərək geoloji axtarış işlərində tətbiq edilmişdir.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyası H.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirir.

Qurbanova (Bağırova) Rahu Ağabala qızı[redaktə | HTML redaktə]

geologiya ü.f.d

Rahu Qurbanova 1936-cı ildə anadan olmuşdur. Orta təhsilini 1944-1954-cü illərdə Şəki şəhər 7№-li qız məktəbində almışdır. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin “Neft-qaz kəşfiyyatı-axtarışı” şöbəsinə daxil olmuşdur. 1959-cu ildə universiteti başa vurub, mühəndis geoloq-neftçi ixtisası almışdır.

1959-cu ildən Elmlər Akademiyasının Geologiya İnstitutuna təyinat almış, uzun müddət həmin institutda işləmişdir. Elmi fəaliyyətə baş laborant vəzifəsi ilə başlayıb, sonrakı illərdə kiçik elmi işçi kimi çalışır. 1976-cı ildə Geologiya İnstitutuna Elmi Şuranın qərarına əsasən Q.A.İsmayılovun rəhbərliyi ilə dissertant qəbul olunub. Elmi işinin mövzusu “Abşeron neftli-qazlı vilayətinin keçid hidrokimyəvi zonası və onların neftin tərkib və keyfiyyətinin dəyişməsinə təsiri” olmuşdur.

1982-ci ildə müdafiə edib elmlər namizədi elmi dərəcəsi almışdır. Elmi işin nəticələri rəy və təkliflər şəklində “Azərneft” Birliyinin Qaradağ, Suraxanı, Qala, Buzovna-Maştağa, Qaraçuxur və bir sıra Xəzər dəniz yataqlarında (Bakı və Abşeron arxipelaqı) tətbiq edilmişdir. Rahu xanım 50-yə qədər elmi məqalənin, 16 hesabatın və iki monoqrafiyanın müəllifidir. Elmi məqalələri əsasən Rusiyanın mərkəzi, Azərbaycanın yerli nəşriyyatlarında dərc olunub. İnstitutda fəaliyyət göstərdiyi bu illər ərzində Moskva, Saratov, Perm şəhərlərində məruzələr oxumuş və eləcə də ikitərəfli Almaniya – Bakı simpoziumunda çıxış etmişdir.

1997-1999-cu illərdə xarici şirkətlə (First Exchange) müqaviləyə əsasən hesabatda iştirak etmişdir. Hesabatda Qobustanın miosen dövr çöküntülərində lay sularının hidrokimyəvi meyarlarına əsasən ehtimal olunan karbohidrogen yığımlarının sahələri müəyyənləşdirilmişdir.

2000-ci ildə Şotlandiyanın Qlazqo şəhərində və Parisdə keçirilən ümumdünya konfranslarına məruzə etmək üçün dəvət olunmuşdur.

Geologiya İnstitutunda işlədiyi müddətdə həmkarlar təşkilatına sədr müavini, qadınlar şurasına sədr seçilmişdir. Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüş, “Əmək veteranı” medalı ilə təltif olunmuşdur.

Qurbanova Rəfiqə Əhməd qızı[redaktə | HTML redaktə]

kimya ü.f.d.

Rəfiqə Qurbanova 1938-ci ildə anadan olmuşdur. 1946-1956-cı illərdə Şəki şəhərindəki 1 saylı orta məktəbdə təhsil almış və oranı qızıl bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1961-ci ildə isə oranı fərqlənmə diplomu ilə bitirərək, kimya fakültəsinin əyani aspiranturasına daxil olmuşdur. 1965-ci ildə aspirantura müddətinin tamamlanmasına 3 ay qalmış “Üzvi kimya” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1965-1966-cı illərdə Sumqayıtda Sintetik Kauçuk Zavodunun mərkəzi laboratoriyasında böyük mühəndis vəzifəsində işləmişdir. 1966-cı ildə Sumqayıtda yenicə açılmış Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialına keçmiş və orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1978-1993-cü illərdə Azərbaycan Elmlər Akademiyası Polimer Materialları İnstitutunda yaradılan “Polimer ölkələr” laboratoriya rəhbərlik etmişdir.

R.Ə.Qurbanova 1992-ci ildə Moskva şəhərində D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında “Oliqo və polistirolların kimyəvi modifikasiya proseslərinin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə kimya elmləribdoktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

R.Ə.Qurbanovanın əsas elmi istiqaməti polistirolun bəzi fiziki-mexaniki xassələrini yaxşılaşdırmaq məqsədilə oliqo və monomerlərlə alkilləşmiş, alkenləşdirilmiş və üzvi turşuların anhidridləri ilə asilləşdirərək makromolekulasında müxtəlif funksional qrupları olan modifikasiya olunmuş polistirolları sintez etməyə müvəffəq olmuşdur. Onun tərəfindən polistrolların örtük əmələgətirmə qabiliyyəti müəyyən edilmişdir. Həmçinin benzol nüvəsində funksional qrupları fiziki və kimyəvi üsullarla sübut edilmişdir. Təbiətindən asılı olaraq funksional qrupların polimer örtüklərin fiziki-mexaniki xassələrinə təsiri hərtərəfli öyrənilmişdir. R.Ə.Qurbanovanın tədqiqat işlərinin bir qismi respublikamızın ekoloji problemlərinin həllinə yönəlmişdir. O, uzun illər Sumqayıt regionunda istehsal tullantılarından məqsədyönlü istifadə edərək stirol istehsalının qalığı olan KORS əsasında bəzi çevrilmələrindən alınan lak-boya materialları Xəzər dəniz neft qurğularında korroziya əleyhinə qoruyucu örtük kimi yoxlamış və müəyyən etmişdir ki, yaradılmış örtüklər uzun müddət aqressiv mühitdə öz xassələrini dəyişmir. R.Ə.Qurbanova kimyanın müxtəlif sahələrinə həsr edilmiş 200-dən çox elmi əsərin, o cümlədən 30 müəlliflik şəhadətnaməsinin, “YMB kimyası”na aid 2 dərsliyin müəllifidir. Onun rəhbərliyi altında 6 elmlər namizədi yetişmişdir.

R.Ə.Qurbanova Türkiyədə, dəfələrlə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində (Moskva, Leninqrad, Riqa, Murmansk, Dnepropetrovsk və s.) keçirilən Bennəlxalq konqres və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir.

R.Ə.Qurbanova Türkiyənin Konya şəhərinin Səlcuq Universitetində “YMB kimyası”ndan dərs demişdir.

Quliyeva Xuraman Veysəl qızı[redaktə | HTML redaktə]

filologiya ü.f.d.

Xuraman Quliyeva 1950-ci ildə anadan olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakultəsində təhsil almışdır. 1974-cü ildən Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsində çalışır. Hal-hazırda böyük elmi işçidir. 1990-cı ildə “Rus dilindən Azərbaycan dilinə kalkaetmə yolları” adlı namizədlik dissertasiyası müdafiə etmişdir. Tədqiqat işində ilk dəfə olaraq müasir Azərbaycan dilində kalkaetmə məsələləri, o cümlədən, ekstralinqvitsik amillərin təsiri altında Azərbaycan dilində kalkaların yaradılması prosesi araşdırılmış, dilimizin zənginləşməsində onların rolu şərh edilmiş, muasir Azərbaycan dilinin terminologiyasının formalaşma yolları müəyyənləşdirilmişdir. Ümumi dilçilikdə diqqət mərkəzində duran kalkaetmə problemi Azərbaycan dilçiliyində xüsusi tədqiqat obyekti kimi ilk dəfə olaraq X.Quliyeva tərəfindən tədqiq olunmuşdur. Bu sahəyə aid bir sıra məqalələrin müəllifidir.

Mədətov Rəhim Səlim oğlu[redaktə | HTML redaktə]

fizika-riyaziyyat e.d., prof.

Rəhim Mədətov 1949-cu ildə anadan olmuşdur. Orta təhsilini 2№-li orta məktəbdə almışdır. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1971-ci ildə başa vurmuşdur. 1971-1973-cü illər ərzində Dəvəçi rayonunda Maarif Şöbəsində çalışmış və 1973-cü ildə Azərbaycan EA-nın Fizika İnstitutuna müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. Akademik H.M.Abdullayev və f.-r.e.d. M.Y.Bəkirovun rəhbərliyi ilə Günəş enerjisinin elektrik enerjisinə çevrilməsi problemi ilə məşğul olmuş və 1980-cı ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Alınmış nəticələr elmi və praktik cəhətdən əhəmiyyətli olduğundan 1981-ci ildə SSRİ EA-nın mühüm işlər proqramına daxil edilmiş, Moskva şəhərində yerləşən “Start”, Kiyevdə “Arsenal” və Bakıda “Azon” zavodunda yarımkeçirici cihazların istehsalında istifadə edilmişdir. Əldə etdiyi elmi nəticələrin elmi və praktik cəhətinə görə, ona 1982-ci ildə SSRİ Dövlət Attestasiya Komitəsinin qərarı ilə baş elmi işçi adı verilmişdir.1982-1985-ci illər ərzində əldə etdiyi elmi nəticələr Azərbaycan və SSRİ-nin EA-nın mühüm nəticə kimi qəbul edilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür.

Qarşıya qoyulan elmi problemin müasirliyi və əldə etdiyi mühüm nəticələr onu elmi axtarışları davam etdirməyə sövq etmiş və 1991-ci ildə Azərbaycan EA Fizika İnstitutunun Böyük Elmi Şurasında doktorluq dissertasiyasını müdafiə etmiş, fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. 1993-cü ildən Azərbaycan EA-nın Radiasiya Tədqiqatları sektorunda “Radiasiya fizikası” laboratoriyasına rəhbərlik etməyə başlamışdır. R.S.Mədətov aldığı elmi nəticələri Moskva, Leninqrad, Kiyev, Türkiyə, İran, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə keçirilən beynəlxalq konfranslarda müzakirə etmiş və birgə elmi-tədqiqat işləri aparmaq məqsədilə dəvətlər almışdır.

R.S.Mədətov Azərbaycan EA Radiasiya Tədqiqatları sektorunda laboratoriya rəhbəri vəzifəsində çalışır və radiasiya şüalarına qarşı davamlı fotoçeviricilərin hazırlanma texnologiyasının yaradılmasının elmi əsası üzrə tədqiqat işlərini davam etdirir.

Məhərrəmova Qiymət Məmmədiyə qızı[redaktə | HTML redaktə]

1963-cü dekabrın 2-də Azərbaycanda Şəki rayonunun Vərəzət kəndində anadan olub. Burada Baş Zəyzid kənd orta məktəbini bitirdikdən sonra ailəlikcə Bakıya köçmüş, 1989-1992-ci ildə 222 saylı uşaq bağçasında tərbiyəçi, 1992-ci ildə istehsalat texniki komplektləşmə idarəsində mühasib, 1993-cü ildə isə təmir-tikinti sahəsində hesabdar işlənmişdir. 1993-1995-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda təhsil almış Qiymət xanım eyni zamanda Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin axşam şöbəsini bitirib, 1995-2000-ci illərdə BDU-nun magistraturasına daxil olmuşdu. Burada 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. 1998-ci ildə "Maarifçi" qəzetində elm, təhsil, mədəniyyət şöbəsinin müdiri, iki ildən sonra baş redaktoru olmuşdur. Hazırda AMEA Əlyazmalar İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. 2009-cu ildən "Elimiz günümüz" qəzetinin təsisçisi vəbaş redaktorudur.

Məmmədəliyev Fətullah Cəlaləddin oğlu[redaktə | HTML redaktə]

kimya ü.e.n.

Fətullah Məmmədəliyev 1928-ci ildə anadan olmuşdur. 1947-ci ildə Böyük Dəhnə kənd orta məktəbini bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1952-ci ildə universiteti qurtarmışdır. 1952-1953-cü illərdə Şəkinin Orta Zəyzid kənd orta məktəbində əvvəlcə dərs hissə müdiri, sonra məktəbin direktoru vəzifəsində çalışmışdır.

F.C.Məmmədəliyev 1963-cü ildə Azərbaycan EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun qiyabi aspiranturasına daxil olmaqla bərabər, kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1968-ci ildə o, “İndium və halkogenlər əsasında AIIIBVİ – AIIICVI, AIIIBVI-AIII 2CVI 3 tipli yarımkeçirici sistemlərin fiziki-kimyəvi tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

F.Məmmədəliyev 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi kimya kafedrasında əvvəlcə assisent, sonralar isə baş müəllim vəzifəsində çalışmışdır. Bu müddət ərzində Fətullah müəllim pedoqoji fəaliyyətini davam etdirərək, 1984-1986-cı illərdə çap olunmuş “Qeyri-üzvi kimya fənni üzrə praktiki məşğələlərin metodiki işləmələri” və “Bioqeyri-üzvi və biofiziki kimya fənni üzrə praktiki məşğələlərin metodiki işləmələri” adlı iki hissədən ibarət dərs vəsaitlərinin müəlliflərindən biri olmuşdur.

Pedaqoji fəaliyyəti ilə yanaşı, F.Məmmədəliyev öz elmi axtarışlarını dayandırmamış, ölkəmizin daxilində və xaricində nəşr olunan elmi jurnallarda 30-a yaxın məqalə çap etdirmiş, Moskva, Omsk və Leninqrad şəhərlərində keçirilmiş müxtəlif elmi konfranslarda məruzələrlə çıxış etmişdir. F.Məmmədəliyev 1992-ci ildə dünyasını dəyişmişdir.

Məmmədov Aydın Mirsaleh oğlu[redaktə | HTML redaktə]

Aydın Mirsaleh oğlu Məmmədov 1944-cü il yanvarın 16-da Şəki rayonunun Kiş kəndində anadan olmuş, natamam orta təhsilini doğulduğu kənddə, orta təhsilini Oxud kəndində almış, Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsini bitirmişdir (1965). Şəki rayonunun Bolludərə kənd məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. 1969-cu ildə keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri bölümünün aspiranturasına qəbul olunmuşdur. Dissertasiya yazmaq üçün “Türk dillərində samitlər: anlaut və kombinatorika” mövzusunu seçmişdir. Əvvəllər Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, sonra isə AEA-nın Ədəbiyyat, dil və incəsənət bölməsində elmi katib işləmiş, 1987-ci ildən “Sovetskaya Türkologiya” jurnalının baş redaktorunun birinci müavini vəzifəsində çalışmış, Bədii Tərcümə Mərkəzinin rəhbəri olmuşdur.“Türk dillərində samit səslər: sözönü və birləşmələri”, “Sözümüz eşidilənədək”, “Son giley” kitablarının, yüzdən çox elmi, ədəbi-tənqidi məqalərin müəllifidir. SSRİ Yazıçılar İttifaqının, Sovet Türkoloqlar Komitəsinin, SSRİ Altayşünaslar İttifaqının, “Sovetskiy pisatel” nəşriyyatının, “Vətən”, “Qayğı” cəmiyyətlərinin idarə, “Ulduz” və “Xəzər” jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur. 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinə deputat, respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri, Qarabağa Xalq yardımı Komitəsinin sədr müavini olmuş, Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir. Aydın Məmmədov 1991-ci il aprel ayının 19-da faciəli surətdə həlak olmuş, oz doğma Kiş kəndində dəfn olunmuşdur.

Məmmədov Ələfsər Bəxtiyar oğlu[redaktə | HTML redaktə]

kimya e.d., prof.

Ələfsər Məmmədov 1952-ci ildə anadan olmuşdur. O, 1969-cu ildə Oxud kənd orta məktəbini tərifnamə ilə bitirmiş və həmin ildə respublika kimya olimpiadasının qalibləri sırasında olmuşdur.

Ə.Məmmədov 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakultəsini fəqlənmə diplomu ilə bitirmişdir.

Ə.Məmmədov 1973-1977-ci illərdə AMEA Kimya Problemləri İnstitutunun əyani aspiranturasında təhsil almışdır.

1974-1975-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

O, 1980-cı ildə Tiblisi Dövlət Universitetində namizədlik dissertasiyasını, 1994-cü ildə AMEA Kimya Problemləri İnstitutunda doktorluq disertasiyasını müdafiə etmiş, kimya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Ələfsər Məmmədov müxtəlif dövrlərdə Su Təsərrüfatı və Meliorasiya Nazirliyinin Su Problemləri İnstitutunda məsləhətçi kimi işləmişdir.

1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Su Təchizatı və Suayırma” kafedrasında professor vəzifəsində çalışır.

Məmmədov Nadir Cəlil oğlu[redaktə | HTML redaktə]

filologiya ü.f.d

Nadir Məmmədov 1927-ci ildə anadan olmuş, 1942-ci ildə Şəki Pedaqoji Texnikumunu, 1950-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra SSRİ EA Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuş, görkəmli alim Əziz Şərəfin rəhbərliyi altında “M.F.Axundov Azərbaycan realist ədəbiyyatının banisidir” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir (1958). Nadir Məmmədov rus dilində “M.F.Axundov bədii yaradıcılığı”, “ M.F.Axundov realizmi” monoqrafiyaları “Elm” nəşriyyatında və “M.F.Axundov realizmi” monoqrafiyasının yeni, təkmilləşdirilmiş variantı “Maarif” nəşriyyatında dərc edilmişdir. O, XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, ədəbiyyat tarixçiləri, həmçinin bir sıra rus və Avropa yazıçıları barədə dövrü mətbuatda Azərbaycan və rus dillərində 300-ə yaxın məqalə, rəy və portret dərc etdirmiş, Moskvada nəşr olunan “Bolşaya Sovetskaya Ensiklopediya” və “Kratkaya Literaturnaya Ensiklopediya”larda bir sıra yazıçıları və ədəbiyyatşünas alimləri, “Azərbaycan Sovet Ensiklopediyası”nda isə Azərbaycan, rus və Avropa yazıçıları barədə portret oçerkləri çap olunmuşdur. Nadir Məmmədov 2012-ci il avqustun 25-də Bakı şəhərində vəfat etmişdir.

Məmmədov Rəşad Sirac oğlu[redaktə | HTML redaktə]

riyaziyyat ü.e.n.

Rəşad Məmmədov 1957-ci ildə anadan olmuşdur. 1974-cü ildə Oxud kənd orta məktəbində təhsilini başa vurmuşdur. Həmin ildə BDU-nun Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1979-cu ildə bitirmişdir. Ali məktəbi bitirdikdən sonra təyinatla Azərbaycan EA Kibernetika İnstitutunda işləmiş və 1981-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1986-cı ildə Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında “Paylanmış parametr elementləri saxlayan və gecikməsi olan sistemlərin optimal idarə olunması” mövzusunda professor A.İ.Yeqorovun rəhbərliyi ilə namizədlik dissertasiyası müdafiə etmişdir. Dissertasiya işi adi və xüsusi törəməli diferensial tənliklər sistemi ilə təsvir olunan mürəkkəb proseslər üçün optimal tənzimləyicinin analitik qurulması məsələsinə həsr olunmuşdur.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra bir müddət EA Kibernetika İnstitutunda işləmiş və 1988-ci ildən ADNA-nın “Tətbiqi riyaziyyat” kafedrasında çalışır.

R.Məmmədov MDB ölkələrinin bir sıra şəhərlərində (Moskva, Kiyev, Dneprepetrovsk, Maqnitoqorsk və s.) elmi konfranslarda iştirak etmişdir. 1990-cı ildən ADNA-nın Tətbiqi riyaziyyat kafedrasının dosentidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında riyaziyyat üzrə Elmi Çetodik Şuranın üzvüdür.

Məmmədov Sabir Cəlil oğlu[redaktə | HTML redaktə]

filologiya e.n.

Sabir Məmmədov 1925-ci ildə anadan olmuşdur. Yeddi illik təhsil aldıqdan sonra 1941-ci ildə Şəkidə Pedaqoji Texnikumunu bitirmiş, 1941-1943-cü illərdə Şəkinin İnçə-Zunud kənd məktəbində, 1943-1944-cü illərdə Şirinbulaq kənd məktəbində, 1944-1945-ci illərdə Cunud kənd məktəbində müəllim işləmiş, 1945-ci ildə Bakıya gələrək, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk dili şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Azərbaycan SSR Maarif Nazirliyinin əmrinə əsasən Gədəbəy rayonu Kiçik Qaramurad kənd orta məktəbinə müəllim təyin edilmişdir. 1967-ci ildə “Seyid Hüseyinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və alimlik dərəcəsi almışdır. 1951-1960-cı illərdə Dövlət Təhlükəsizliyi Komitəsində işləmiş, 1969-cu ildə N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi-kütləvi şöbəsinin müdiri vəzifəsini tutmaq üçün müsabiqədə iştirak etmiş və ömrünün axırınadək bu vəzifədə işləmişdir. C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Qorki və M.P.Vaqifin yubileyləri münasibətilə respublikamızın rayonlarında muzeyin keçirdiyi onlarca elmi sessiyanın təşkilində yaxından iştirak etmişdir.

1971-ci ildə muzeyin ilk partiya təşkilatının katibi seçilmişdir. Mətbuatda çap olunan məqalələri (əsasən 10 məqalə) Seyid Hüseyinin yaradıcılığına həsr olunmuşdur. Sabir Məmmədov 1984-cü ildə vəfat etmişdir.

Məmmədov Şükür Şükür oğlu[redaktə | HTML redaktə]

biologiya e.n.

Şükür Məmmədov 1956-cı ildə ziyalı ailəsində anadan olmuşdur. Orta təhsili Şəki 10 saylı məktəbdə aldıqdan sonra 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Meyvə-tərəvəz və Üzümçülük fakültəsinə qəbul imtahanlarını müvəffəqiyyətlə verib, həmin fakültəyə daxil olmuşdur. 1978-ci ildə İnstitutu fəqlənmə diplomu ilə başa vurub üzümçülük üzrə alim-aqronom ixtisasına yiyələnmişdir.

İş fəaliyyətinə 1979-81-ci illərdə İsmayıllı rayonunda təyinat üzrə sahə aqronomluğundan başlamış, üzümçülük sovxozunun baş arqonomu, İsmayıllı İstehsalat Aqrar Birliyində baş aqronom müavini, Kənd təsərrüfatı şöbəsinin rəisi kimi vəzifələrdə çalışmışdır. İşlədiyi müddət ərzində ştatdan kənar rayon Partiya Komitəsinin ispektoru, rayon komsomolu komitəsinin katibi, “Zəhmətkeş” qəzetinin k/t şöbəsinin müxbiri, rayon partiya komitəsinin büro üzvü kimi ictimai vəzifələri yerinə yetirmişdir.

1982-ci ildən elmə marağı onu Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutuna gətirib çıxardı. Müsabiqə yolu ilə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş və institutun Şəki Elmi Tədqiqat Bazasında elmi fəaliyyətə başlamışdır.

Fəaliyyəti dövründə Azərbaycanın canlı keçmişi olan xalq seleksiyası sortlarının aşkar edilməsi, toplanması, elmi cəhətdən öyrənilməsi və onların əsasında genefond bağının salınması işləri ilə məşğul olmuşdur. Ciddi elmi axtarışlara 1985-ci ildən başlamış və bununla əlaqədar beş il Maldaviya Elmlər Akademiyasının Botanika İnstitutunda Moldaviyanın əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor İvan Sergeyeviç Rudenkonun rəhbərliyi altında elmi axtarışlar aparmışdır. 1990-ci ildə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasına daxil olub, Akademiyanın müxbir üzvü, biologiya elmləri doktoru, professor Maqsud Qurbanovun rəhbərliyi altında “Böyük Qafqazın Cənub yamaclarında yayılmış adi zoğalın bioekeloji xüsusiyyətləri və inkişaf perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Dissertasiya mövzusu aktual bir məsələnin - Şəki-Zaqatala bölgəsinin dağ yamaclarında adi zoğalın dəniz səviyyəsindən müxtəlif hündürlüklərə görə yayılma arealını, bioekoloji forma müxtəlifliyinin öyrənilməsini əhatə edir. O, bir sıra elmi məqalələrin müəllifidir. 3 müəlliflik şəhadətnaməsi var. Bir sıra elmi konfranslarda və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Şəki Elmi-Tədqiqat Bazasının rəhbəridir.

Məmmədov Zaman Mahmud oğlu[redaktə | HTML redaktə]

geologiya e.n.

Zaman Məmmədov 1933-cü ildə anadan olmuşdur. 1952-ci ildə Böyük Dəhnə kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib təyinatla Geologiya İdarəsinə (indiki Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyyatlar Komitəsinə) işə göndərilmişdir. İstehsalatda dörd il geoloq, böyük geoloq, axtarış-kəşfiyyat partiyasının rəisi işlədikdən sonra, 1962-ci ildə Azərbaycan EA Geologiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1966-cı ildə həmin institutun böyük Elmi Şurasında akademiklər M.S.Qaşqay və H.X.Əfəndiyevin rəhbərliyi altında hazırladığı yer qabığında ən az tapılan kimyəvi elementlər olan “Renium, selen və tellurun respublikanın mis-molibden yataqlarında yayılmasının qanunauyğunluqları və geokimyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi araşdırmaların nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Kiçik Qafqaz dağları və Naxçıvan Muxtar Respublikası ərazilərində yayılan mis-molibden yataqlarının filizləri mis və molibden metallarından əlavə yer qabığında olduqca az yayılan və az tapılan renium, selen, tellur, germanium, tallium və qızıl da saxlayırlar. Yatağın iqtisadi cəhətdən rentabelliyini artırmaq üçün istismar prosesində bu elementlərin də filizlərin tərkibindən çıxarılması məsləhət görülür.

Dissertasiyanın digər elmi-praktik əhəmiyyəti renium, selen və tellurun Kiçik Qafqaz dağları və Naxçıvan Muxtar Respublikasının mis-molibden yataqları filizlərində vertikal və horizontal yayılmalarının qanunauyğunluqlarıdır. Bu qanunauyğunluqların riyazi metodlarla araşdırılması göstərmişdir ki, filizləşmə dərinə doğru xeyli davam edir və onun ehtiyatı, o vaxtkı Sovet dövlət Ehtiyatlar Komissiyası tərəfindən təsdiq edilən ehtiyatlardan xeyli çoxdur.

1965-1967-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunda elmi işçi, 1968-ci ildən Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin geoloji-kəşfiyyat partiyalarında böyük geoloq, baş geoloq və rəis vəzifələrində işləmişdir. Əsasən Kiçik Qafqaz dağları (Kəlbəcər, Laçın, Gədəbəy, Daşkəsən, Tovuz, Qazax, Xanlar) ərazisində və Böyük Qafqaz dağları cənub-şərq (Şamaxı, Mərəzə, Xızı) yamaclarının geoloji quruluşu və faydalı qazıntılarının (qızıl, mis, molibden və s.) bilavasitə axtarışı, kəşfiyyatı və proqnoz ehtiyatlarının hesablanması ilə məşğul olmuşdur. Hazırda Şamxorçayın yuxarı axını sahəsində qızıl, mis və digər faydalı qazıntılarla iş aparan geoloji kəşfiyyat dəstəsinin rəisi vəzifəsində işləmişdir.

Z.Məmmədov faydalı qazıntı yataqlarının əmələ gəlməsinin qanunauyğunluqları, yerləşməsi, mineralogiyası və geokimyasına aid 26 elmi məqalənin və 14 elmi hesabatın müəllifidir.

Məmmədov Ziyəddin Fərman oğlu[redaktə | HTML redaktə]

kimya e.n.

Ziyəddin Məmmədov 1935-ci ildə anadan olmuşdur. 1954-cü ildə Orta Zəyzid kənd orta məktəbini bitirmiş və Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1959-cu ildə təhsilini başa vurmuş və təyinatla Sumqayıt Sintetik Kauçuk Zavoduna işə göndərilmişdir.

1962-ci ildə Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olub akademik S.Mehdiyevin rəhbərliyi ilə “İonitlərin iştirakı ilə spirtlərin sianetilləşməsi reaksiyasının tədqiqi” mövzusunda tədqiqat aparmış, 1967-ci ildə Neft-Kimya Prosesləri və Kimya institutlarının birgə Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1970-ci ildə baş elmi işçi, 1973-cü ildə isə dosent vəzifəsinə seçilmişdir. 1967-1971-ci illər ərzində Neft-Kimya Prosesləri İnstitutunun Sumqayıt filialında baş elmi işçi, 1971-ci ildən Azərbaycan Sənaye İnstitutunda dosent vəzifəsində çalışmışdır.

1974-1986-cı illər ərzində iki dəfə həmin institutunun kimya fakültəsinin dekanı seçilmişdir.

Z.Məmmədov bir çox elmi simpozium və konfranslarda (1976-Leninqrad, 1987- Kişinyov, 1991-Bakı) iştirak etmiş, mətbuatda 40-dan artıq elmi məqaləsi çap olunmuşdur. Müəlliflik fəaliyyəti ilə əlaqədar çoxlu metodik göstərişlərin müəllifidir. Onun elmi-tədqiqat işlərinin nəticələri yarımkeçiricilərin alınmasında, polimerlərin modifikasiyasında tətbiq edilir.

Məsimli Əli Əhməd oğlu[redaktə | HTML redaktə]

iqtisadiyyat ü.f.d.

Əli Məsimli Azərbaycan Respublikasının dövlət və ictimai-siyasi xadimi; baş nazir əvəzi (1993), Baş nazirin birinci müavini (1992 – 1993), İqtisadiyyat naziri (1992 – 1993) və s. yüksək dövlət vəzifələrində çalışıb, I – VI çağırış Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd, III – V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005 – 2019) olub.

1953-cü ildə Nuxa şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Siyasi iqtisad fakültəsini bitirib. İxtisasca iqtisadçıdır, iqtisad üzrə fəlsəfə doktorudur. İqtisadiyyatın aktual problemlərinə dair 1300-dən artıq elmi-nəzəri araşdırmanın, o cümlədən, elmi-kütləvi çalışmaların, təhlillərin, məqalələrin, açıqlamaların, müsahibə, çıxış və şərhlərin müəllifi, 3 kitabın və 1 broşüranın həmmüəllifidir. Tədqiqatlarının nəticələri Almaniya, İsveç, Rusiya, Türkiyə, Ukrayna, Latviya, Litva və digər ölkələrdə nəşr olunub. Aktual iqtisadi problemlərə dair ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Avstriya, Belçika, Hollandiya, Türkiyə, Macarıstan, Malayziya, Bolqarıstan, Ukrayna, Latviya, Litva, Estoniya, Gürcüstan, Moldovada məruzə və çıxışlar edib.

1980-1991-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri vəzifələrində çalşıb. 1991 - 1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri vəzifələrində çalışıb.

1993-2005-ci illərdə isə “Müstəqil İqtisadçılar Birliyi” İctimai Təşkilatının prezidenti olub. 2010-cu ildən “İqtisadi və Sosial İnnovasiyalar İnstitutu” ictimai birliyinin həmtəsisçisi və rəhbəridir.

III-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olarkən həm bir sıra qanunların müəllifi kimi qanun yaradıcılığı, həm seçicilərin hüquqlarının müdafiəsi və həm də digər fəaliyyətinə görə ən fəal 10 deputatdan biri, Milli Məclisin V çağırış tərkibi üzrə isə 14 ən fəal deputatından biri hesab edilib. Qanunvericilik fəaliyyəti sahəsində əldə etdiyi nəticələrə görə “Uğur” Milli Mükafatına layiq görülüb. O cümlədən, GUAM Parlament Assambleyası ilə Baltik Assambleyası arasında münasibətlərin inkişaf etdirilməsi, qarşlıqlı səmərəli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində verdiyi töhfələrə görə Baltik Assambleyasının ali mükafatı olan medalla təltif edilib. Milli Məclisin Azərbaycan – Çin, Azərbaycan – Xorvatiya, Azərbaycan – İsveçrə, Azərbaycan – Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

“Sovet dövründən qalma əmanətlərin qaytarılmasına dair Təkliflər Paketi”, “Xarici valyutada olan kreditlərə görə güzəştlərin edilməsinə dair “Təkliflər Paketi”, “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlayıb. Həmmüəllifi olduğu “Reklam haqqında Azərbaycan Respublikasının Qanunu” 2015-ci ildə Milli Məclis tərəfindən qəbul edilmişdir.

“Şəkinin 2011-2020-ci illər üzrə inkişaf proqramı”nın müəllifidir. Nazirlər Kabinetinin Milli Məclisdəki hesabatı və büdcə müzakirələri zamanı “Şəkinin 2011 – 2020-ci illər üzrə inkişaf proqramı”nda nəzərdə tutulan Şəkinin potensialından səmərəli istifadə edilməsi və onun regional mərkəzə çevrilməsinin aktual məsələlərini sistemləşdirərək təkliflər formasında qaldırmaqla yanaşı, həm də aidiyyəti orqanlara göndərmiş və əksər təkliflərinin reallaşdırılmasına nail ola bilmişdir.

Mirhəsənov Nəriman Mustafa oğlu[redaktə | HTML redaktə]

biologiya ü.e.d.

Nəriman Mirhəsənov 1949-cu ildə anadan olmuşdur. 1966-cı ildə Kiçik Dəhnə kənd orta məktəbini bitirmişdir. 1967-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1971-ci ildə biologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. 1971-ci ildə təyinatla Şəki rayonunun Cəfərəbad kənd orta məktəbində bir il müəllim işlədikdən sonra hərbi xidmətə getmiş və 1973-cü ildə Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1979-cu ildə mərhum akademik İ.D.Mustafayevin rəhbərliyi altında “Payızlıq bərk buğdaların kəmiyyət əlamətlərinin irsən keçməsi və dəyişkənliyi” mövzusunda Azərbaycan EA Genetika və Seleksiya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Dissertasiyanın əsas mövzusu Azərbaycanda yetişdirilən yerli bərk buğdanın bəzi formaları ilə xaricdən gətirilmiş bərk buğdanın formaları arasında aparılmış hibridləşmə nəticəsində alınmış hibridlərdə kəmiyyət əlamətlərinin dəyişkənlik spektrləri və irsən keçməsinin spesifikası tədqiq olunaraq gələcəkdə seleksiya sahəsində bərk buğdanın yeni forma və sortlarının alınması üçün zəngin seçmə materialının əldə edilməsindən ibarətdir.

Musayev Neymət İsmayıl oğlu[redaktə | HTML redaktə]

texnika e.n.

Neymət Musayev 28 may 1941-ci ildə Şəki şəhərində sənətkar ailəsində anadan olmuşdur. 1947-ci ildə Şəki şəhər 10 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olomuş, 1957-ci ildə həmin məktəbi bitirmişdir.

1958-ci ildə Bakı Politexnik Texnikumuna qəbul olunmuş, 1961-ci ildə həmin texnikumu bitirmişdir. Elə həmin il Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuş və həmin institutu 1967-ci ildə müvəffəqiyyətlə bitirərək, İnşaat mühəndisi ixtisası almışdır.

1961-1968-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda müxtəlif vəzifələrdə çalışmış, dövlət səviyyəli layihələrin həyata keçirilməsində fəal iştirak etmişdir. 1961-1968-ci illər ərzində Azərbaycan Politexnik İnstitutunda “İnşaatın iqtisadiyyatı və təşkili” kafedrasında assistent vəzifəsində işləmişdir. 1971-ci ildə Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunun İnşaatın İqtisadiyyatı və Təşkili kafedrasında aspiranturaya qəbul olunmuşdur. 1974-cü ildə aspiranturanı müvəffəqiyyətlə başa vurmuş, dissertasiya müdafiə edərək “Texnika elmləri namizədi” alimlik dərəcəsi almışdır. 1972-73-cü illərdə həmin institutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.

1974-cü ildən Azərbaycan Politexnik İnstitutunun İnşaatın iqtisadiyyatı və təşkili kafedrasında baş laborant, 1975-76-cı illərdə İnşaatın texniki təşkili trestində baş mühəndis və rəis vəzifəsində işləmişdir.

1976-cı ildə Azərbaycan SSR Nazirlər Soveti Nəzdində Kolxozlararası baş tikinti idarəsində bölmə rəisi, 1976-84-cü illərdə İnşaatda Əmək üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun Zaqafqaziya kompleks şöbəsinin Əmək vəsaiti mənbələri sektorunun müdiri vəzifəsinə təyin edilmiş, sonralar öz xahişinə əsasən elmi işçi vəzifəsinə keçirilmişdir. 1984-90- cı illərdə Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunda böyük böyük elmi işçi, şöbə rəisi, direktor müavini vəzifələrində çalışmışdır.

SSRİ Sosioloqlar Assosiasiyasının üzvü , texnika elmləri namizədi Neymət Musayev bir çox elmi əsərlərin müəllifi olmuşdur. Neymət Musayev 8 iyul 1990-cı ildə faciəli şəkildə vəfat etmişdir.

Mustafabəyli Hüseyn Lütfəli oğlu[redaktə | HTML redaktə]

geologiya ü.f.d.

Hüseyn Mustafabəyli 1994-cü ildə anadan olmuşdur. 1960-1970-ci illərdə Şəki 2 saylı orta məktəbdə və 1970-75-ci illərdə ADU-nun Geoloji-coğrafiya fakültəsində oxumuşdur. Çezkazçın vilayətində geoloji ekspedisiya mühəndis-geoloq işləmişdir. 1976-cı ildən Azərbaycan EA-nın Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur.

1977-79-cu illərdə SSRİ EA QEOXİ İnstitutunda 2 illik təcrübə keçmişdir. 1980-cı ildə Azərbaycan EA-nın Geologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1984-cu ildə Şərqi Qafqazın Aalen çöküntülərində İndikator elementlərinin paylanma qanunauyğunluqları və onların axtarış əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, geologiya üzrə elmlər namizədi alimlik dərəcəsini almışdır. 1986-92-ci illərdə Şəki Geofizika observatoriyasının Geokimya laboratoriyasında baş geokimyaçı vəzifəsində çalışmışdır.

1992-93-cü illərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

1993-96-cı illərdə Şəki Müəllimlərinin Hazırlığı və Bərpası İnstitutunda təlimatçı işlmişdir.

1996-cı ildən AMEA-nın Şəki Regional Elmi Mərkəzinə elmi işçi və “Geokimya” laboratoriyasının rəhbəri vəzifəsinə qəbul olunmuşdur. Hazırda həmin təşkilatda “Landşafşünaslıq” şöbəsinin rəhbəri vəzifəsində çalışır.

Elmi tədqiqatları Böyük Qafqazın cənub yamacının geokimyası, tətbiqi geokimyanın mühüm problemləri, Böyük Qafqazın cənub yamacının landşaftının geokimyəvi qanunauyğunluqlarının öyrənilməsi və xalq təsərrüfatının inkişafı üçün əməli elmi təkliflərin hazırlanmasına həsr olunmuşdur. Respublikamızın ictimasi-siyasi həyatında zəruri məqamlarda iştirak etmişdir.

1986-89-cu illərdə Şəki Ocaq Cəmiyyətində Xalq folklorunun dərman bitkiləri və vasitələrinin təbliğinə aid bölməsində fəaliyyət göstərmiş, 1989-92-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Şəki Şöbəsinin sədri olmuşdur. 1993-1995-ci illərdə Şəki Müsavat partriyasının sədri olmuşdur. 1996-cı ildən fəal icimai-siyasi fəaliyyətdən kənarlaşıb yenidən elmi fəaliyyətini davam etdirir.

2008 –ci ildən ADPU-nun Şəki filialında “Təbiət elmləri” kafedrasında “baş müəllim” kimi fəaliyyət də göstərir. 4 kitab, 2 tərcümə kitabı, 7 müəlliflik şəhadətnaməsi və 32 məqalə və tezisi çap olunmuşdur.

H.Mustafabəyli 2019-cu ildən “Azərbaycanın Şəki-Zaqatala bölgəsi landşaftlarının biogeokimyası qanunauyğunluqları və litokimyəvi dioqnastik əhəmiyyəti” adlı doktorluq dissertasiyası üzərində işləyir.

Mustafayev Qurbanəli Abdurəhim oğlu[redaktə | HTML redaktə]

geologiya ü.e.d.

Qurbanəli Mustafayev 1926-cı ildə anadan olmuşdur. Orta təhsilini Şəki şəhər 7 saylı orta məktəbdə almış, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş və 1953-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Sonra Moskvada Ümumittifaq Geofiziki-Kəşfiyyat Üsulları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur.

1959-cu ildə Moskva şəhərində M.K.Polşkovun rəhbərliyi ilə “Seysmik məlumatların geoloji interpretasiyasının yeni imkanları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1960-1965-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunda, sonra isə 1965-ci ildən ömrünün sonunadək Azərbaycan Respublikası DNŞ GMG İB-nin Azər Geofizika ETİ-də laboratoriya müdiri vəzifəsində çalışmışdır.

O, 1975-ci ildə Moskva şəhərində “Neft-qaz yataqlarının birbaşa axtarışının seysmik metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İlk dəfə fiziki hadisə - neftli-qazlı çöküntülərdə seysmik dalğaların yüksək udulma effekti məhz Q.Mustafayev tərəfindən aşkar və təcrübi yolla təsdiq edilmişdir. Bunun əsasında seysmik kəşfiyyatla neft-qaz yataqlarının birbaşa axtarışı üsulları işlənib hazırlanmış və müvəffəqiyyətlə tətbiq edilmişdir. Q.A.Mustafayevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan, Orta Asiya, Qərbi Sibir və Gürcüstanda seysmik kəşfiyyatla neft-qaz yataqlarının birbaşa axtarışı üsullarının tətbiqi əsasında bir sıra neft və qaz yataqları aşkar edilmişdir.

Kəşfiyyat geofizikasında mühüm əhəmiyyəti olan birbaşa axtarış üsullarının əsasları və tətbiqinin nəticələri Q.A.Mustafayevin 60-dan çox elmi əsərində, 11 ixtirasında, çoxsaylı elmi hesabat və tövsiyələrində öz əksini tapmışdır. O, bir çox beynəlxalq simpozium, konfrans və sərgilərdə məruzə və eksponatlarla iştirak etmişdir.

Q.A.Mustafayev uzun müddət Azərbaycan EA Geologiya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasının üzvü olmuşdur.

O, rəhbərlik etdiyi laboratoriyada öz məktəbini yaratmış, bu məktəbin davamçıları olan dörd elmlər namizədi və onlarca mütəxəssis yetişdirmişdir.

Q.A.Mustafayev 1998-ci ildə dünyasını dəyişmişdir.

Mustafayev Nazim Pirməmməd oğlu[redaktə | HTML redaktə]

kimya ü.e.d., prof.

Nazim Mustafayev 1941-ci ildə anadan olmuşdur. 1958-ci ildə Şəki şəhər 10 saylı məktəbi bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəıbul olunmuş və oranı 1963-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1963-1966-cı illərdə ADU-nun aspiranturasında oxumuşdur. 1966-cı ildən Azərbaycan EA Aşqarlar Kimyası İnstitutunda kiçik elmi işçi, böyük mühəndis və böyük elmi işçi vəzifələrində çalışmışdır.

1983-cü ildə “Motor yağları üçün aşqar kompozisiyaları” laboratoriyasının müdiri seçilmişdir. 1988-ci ildən isə həmin laboratoriyanın da daxil olduğu “Aşqar kompozisiyaları” şöbəsinə, “Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları” laboratoriyasına rəhbərlik edir.

1968-ci ildə “Ksantokenat, tiol və arilxlorfosfitlər əsasında kükürd və fosforlu birləşmələrin sintezi və sürtgü yağları üçün aşqar kimi tədqiqi” mövzusunda namizədlik və 1991-ci ildə isə “Tiokarbonat turşularının törəmələri əsasında sürtgü yağları üçün yeyilmə və siyrilməyə qarşı təsirli aşqarların yaradılmasının elmi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə “neft kimyası” ixtisası üzrə professor adına layiq görülmüşdür.

Professor N.P.Mustafayevin elmi fəaliyyətində kükürd üzvİ birləşmələri, xüsusən, tiokarbonat turşuları törəmələrinin sintezi, onların yeyilmə və siyrilmə xassələrinin tədqiqi mühüm yer tutur. Kimyəvi quruluş və yağlama xassələri arasında qarşılıqlı əlaqəni müəyyənləşdirmək məqsədilə ksantokenat, ditiokarbanat və tiritiokarbonat turşularının funksional qrupların təbiəti və molekuldaki yeri ilə fərqlənən çox müxtəlif efirləri sintez edilmişdir. Maddələrin məqsədyönlü sintezi prosesində tiokarbonat turşuları törəmələrinin bir sıra yeni alınma üsulları, o cümlədən, ksantokenat turşularının ab-doymamış turşulara və turşu efirlərinə birləşməsi, amin və karbonsulfidin akrilonitril, akril və malein turşuları efirlərinə birgə birləşməsi, hidroksimetilksantokenat və tritiokarbonatların homokon deksləşməsi, habelə spirt, merkartan və aminlərə kondensləşməsi üsulları işlənib hazırlanmışdır. Bu tədqiqatlar nəticəsində onun tərəfindən üzvi kimyanın çox perspektiv bir sahəsi - tiokarbonat törəmələri kimyası inkişaf etdirilmişdir. Onun tərəfindən yaradılmış və istehsal texnologiyası hazırlanmış yeni aşqarlar, transmissiya və sənaye yağları Rusiya Federasiyasında tətbiqini tapmış, o cümlədən yeyilməyə qarşı İXP-14M aşqarı Yarslav neft emalı zavodunda 1990-cı ildən istehsal edilmişdir.

Prof. N.P.Mustafayevin rəhbərliyi və iştirakı ilə yaradılmış motor yağları “Azərneftyağ” İstehsalat Birliyində istehsal edilir. Yuxarıda qeyd edilən istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri 210 elmi əsərdə, o cümlədən 100 müəlliflik şəhadətnaməsində öz ifadəsini tapmışdır. O, bir elmlər doktoru və 6 fəlsəfə doktoru yetişdirmişdir.

N.Mustafayev neft kimyası, sürtünmə və yeyilmə problemləri ilə bağlı MDB ölkələrində keçirilən beynəlxalq simpozium və konfranslarda iştirak etmiş və məzmunlu məruzələrlə çıxış etmişdir. Professorun 90 məqaləsi xaricdə çap olunmuşdur.

Hazırda AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsində işləyir.

Mustafayev Şəmsəddin Rəhim oğlu[redaktə | HTML redaktə]

kənd təsərrüfatı e.n.

Şəmsəddin Mustafayev 1932-ci ildə anadan olmuşdur. 1945-ci ildə 7 illik məktəbi bitirdikdən sonra Şəki Kənd Təsərrüfatı texnikumunun ipəkçilik şöbəsinə daxil olmuşdur. 1948-ci ildə həmin texnikumu bitirdikdən sonra Ağdaş şəhər damazlıq stansiyasında işə başlamışdır.

Ş.R.Mustafayev 1951-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin ipəkçilik şöbəsinə daxil olmuş və oranı 1956-cı ildə fərqlənmə diplomu ilə qurtarmışdır. Sonra o, Şəki rayonunun ipəkçilik idarəsində ipəkçi aqronom işləmişdir. İpəkçilik sahəsində yüksək nailiyyətləri ilə rayonda, eləcə də respublikada tanınır və onu Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutuna toxumçuluq şöbəsinə kiçik elmi işçi təyin edilir. Mustafayev yüksək elmi işi ilə fərqləndiyinə görə aspiranturaya göndərilir. Orada yaxşı oxuyur və az vaxt içərisində xüsusi istedada malik olan Şəmsəddin “Tut ipəkqurdunun sənaye hibridləşdirilməsi üçün yüksək dözümlü xətlərin yaradılması” mövzusunda dissertasiya müdafiə edərək müdafiə edib Kənd təsərrüfatı Elmləri namizədi alimlik dərəcəsi alır.

Ş.R.Mustafayev 1975-ci ildən həmin institutda baş elmi işçi vəzifəsində çalışmaqla yanaşı, doktorluq dissertasiyası üzərində işləmişdir. Azərbaycan Elmlər Akademiyası Şəki Regional Elm Mərkəzində baş elmi işçi kimi çalışmışdır. Elmi monoqrafiyalarından əlavə, 15 elmi məqaləsi müxtəlif dövri mətbuatda nəşr olunur. Onun ipəkçilik fəaliyyəti yüksək qiymətləndirilir. Onun yetişdirdiyi “Şəki-1”, “Şəki-2”, “Sevinc” kimi ipəkqurdu sortları indiyə kimi də davamlı, səmərəli sortlar kimi fəaliyyət göstərir.

İpəkçi kadrların hazırlanmasında xidmətləri olmuş Mustafayev texnikumlarda mühazirələr oxumuşdur.

Ş.R.Mustafayev 1994-cü ildə dünyasını dəyişmişdir.

Mustafazadə Məmməd Abdulkərim oğlu[redaktə | HTML redaktə]

riyaziyyat ü.e.d., prof.

Məmməd Mustafazadə 1909-cu ildə anadan olmuşdur. Orta məktəbi Şəkidə bitirdikdən sonra V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1935-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

1948-ci ildə fizika-riyaziyyat ixtisası üzrə namizədlik, 1973-cü ildə isə “İqtisadi tədqiqatlarda riyazi üsullar” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1935-1960-cı illərdə elmi-tədqiqat institutlarında və ali məktəblərdə baş müəllim, dosent, kafedra müdiri, laboratoriya müdiri vəzifələrində işləmişdir. 1960-cı ildən ömrünün sonunadək Azərbaycan EA Kibernetika İnstitutunda “Riyazi-iqtisadi modellər” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

İqtisadi riyazi tədqiqatlar sahəsində görkəmli alim M.A.Mustafazadə respublikada bu sahənin yaranması və inkişafı üçün çox böyük əmək sərf etmişdir. 70-dən çox elmi tədqiqat əsərlərinin müəllifi olan alim tərəfindən xalq təsərrüfatının müxtəlif sahələrində - neft-qaz yataqlarının optimal istismarı, müxtəlif yüklərin daşınmasının optimal planlaşdırılması, respublikada xalq təsərrüfatı məhsullarının istehsalı və istehlakı və digər məsələlər üzrə kompleks riyazi-iqtisadi modellərin qurulması istiqamətində mühüm elmi-tədqiqat işləri aparmışdır. 1984-cü ildə başqaları ilə birlikdə Azərbaycan Respublikası Dövlət mükafatına layiq görülmüşdür.

M.Mustafazadənin rəhbərliyi altında 12 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Öz gərgin və səmərəli fəaliyyəti nəticəsində iqtisadi və riyazi məsələlərin həlli üçün elmi məktəb yaratmışdır. M.A.Mustafazadənin A.A.Mahmudov ilə birgə çap etdirdiyi “Riyaziyyatın iqtisadiyyata tətbiqi” monoqrafiyası respublika universitetlərində iqdisadi riyaziyyat ixtisası üzrə təhsil alan tələbələrin praktik və nəzəri vəsaitinə çevrilmişdir. Görkəmli alim çox böyük elmi-ictimai iş aparmışdır. Azərbaycan EA-nın “İqtisadi problemlər”, “Kibernetika” Əlaqələndirə Şurasının, SSRİ EA-nın “Xalq təsərrüfatının optimal planlaşdırılması və idarə olunması” Elmi Şurasının Azərbaycan şöbəsinin üzvü, ümumi institut üzrə “İqtisadiyyatın aktual problemləri” seminarının rəhbəri olmuşdur.

Onun xidmətləri respublika hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. Qırmızı Əmək Bayrağı, “Şərəf nişanı” ordenləri və bir neçə medalla təltif olunmuşdur. M.A.Mustafazadə 1989-cu ildə vəfat etmişdir.

Nəbiyev Məmmədsaleh Həmid oğlu[redaktə | HTML redaktə]

geologiya e.n.

Məmmədsaleh Nəbiyev 1934-cü ildə anadan olmuşdur. 1943-cü ildə Şəki şəhər M.F.Axundov adına 2 №-li orta oğlan məktəbinə daxil olmuş, 1953-cü ildə oranı bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinə qəbul olunmuş, 1956-ci ildə mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. Ali məktəbi qurtardıqdan sonra 1958-ci ildən ömrünün axırınadək Geologiya İnstitutunda işləmişdir.

Onun elmi fəaliyyəti Çökmə süxurların litologiyası və geokimyası ilə bağlı olmuşdur. 1965-ci ildə “Şamaxı-Qobustan vilayətinin pont çöküntülərinin litologiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Böyük Qafqazın və Naxçıvanın fanerozoy çöküntülərinin litologiyası və geokimyası ilə məşğul olmuşdur. O, bütün elmi işlərini akademik Ə.Sultanovun rəhbərliyi altında aparmışdır. Kiçik Qafqazın Solehit-Ağdam və Araz zonaları ərazisinin irimiqyaslı geoloji planlaması üçün istinad çəkilişlərinin və stratiqrafik sxemlərin tərtib olunmasında iştirak etmişdir. 36 elmi məqalənin müəllifidir.

M.Nəbiyev 1996-cı ildə dünyasını dəyişmişdir.

Novruzova Firəngiz Əhməd qızı[redaktə | HTML redaktə]

kimya ü.f.d.

Firəngiz Novruzova 1948-ci ildə anadan olmuşdur. 1965-ci ildə Nizami adına 7№-li orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur.1971-ci ildə həmin fakültəni qurtararaq Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun “Bərk cisimlərin kimyası” laboratoriyasında əmək fəaliyyətinə başlamışdır. 1973-cü ildə həmin institutda aspiranturaya daxil olmuş, 1987-ci ildə k.e.d. M.İ.Zərgərovanın və g-m.e.n. N.K.Abdullayevin rəhbərliyi altında “Li2-Jn2 O3- B2O3 sistemində faza tarazlığı və 2 Li2 O- Mo2 O3- 2B2O3(Me –Al, Ga, Jn) tipli boratların fiziki-kimyəvi xassələri” mövzusunda Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edib kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.

F.Novruzova xarici və yerli mətbuatda çap olunmuş 20-dən artıq elmi məqalənin müəllifidir. Ümumittifaq, respublika konfranslarında məruzələrlə çıxış etmiş, bir sıra elmi faktlar irəli sürmüşdür.

F.Novruzova hazırda həmin institutun “Yarımkeçiricilər” laboratoriyasında elmi işçi vəzifəsində çalışır.

Osmanova Barat Rəhim qızı[redaktə | HTML redaktə]

filologiya ü.f.d.

Barat Osmanova 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1957-ci ildə Şəki şəhər 10 №-li məktəbi bitirərək, həmin il Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsinə daxil olmuşdur. 1962-ci ildə təhsili başa vurub, Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

Türkiyə Cümhuriyyətində gedən reformalardan olan dilin sadələşdirilməsi prosesi üzərində araşdırmalar aparmış və bu mövzuda geniş məqalə yazmışdır. Sonralar Türk poeziyasının tədqiqi üzərində işləyərək, namizədlik dissertasiyasını həmin tədqiqatın bir bölümünə həsr edilmişdir. 1979-cu ildə Türk şeirinin yeniləşməsində böyük rolu olan “Qərib”qrupunun yaradıcılarından, “Məlih Cövdət Andayın həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk Filologiyası şöbəsində çap olunan “Türk ədəbiyyatı antologiyası”nın əsas müəlliflərindən biridir. XX əsrin 20-ci illərində “Maarif və Mədəniyyət” jurnalında türk filologiyasına həsr olunmuş məqalələri toplayaraq tədqiq etmişdir. B.Osmanova ümumiyyətlə türk ədəbiyyatının tədqiqinə dair 69 məqalə, 6 kitabın müəllifidir. (“1920-ci illər Azərbaycan mətbuatında Türkiyə ədəbiyyatının tədqiqinə dair materiallar ”, “ Maarif və Mədəniyyət ” jurnalında elmi araşdırmalar, “Saltuknamə” (3 cild)). Müxtəlif elmi-nəzəri konfranslarda məruzələrlə çıxış etmişdir. Hazırda Azərbaycan MEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışmışdır və BDU-nun Şərqşünalıq fakültəsində türk ədəbiyyatından dərs deyir. AMEA-ın Şərqşünaslıq İnstitutunun müdafiə şurasının və Elmi Şuranın üzvüdür. 2016-cı ildə Barat Osmanova Edqar Qrauvilin “Çar Rusiyasının Türkiyə siyasəti” əsərini Azərbaycan dilinə tərcümə edərək çap etdirmişdir.

Pişnamazzadə Böyükağa Fərəculah oğlu[redaktə | HTML redaktə]

kimya ü.e.n

Böyükağa Pişnamazzadə 1918-ci ildə anadan olmuşdur. Atası Hacı Şeyx Fərəculla Zeynalabdin oğlu Pişnamazzadə dövrünün məşhur ruhani alimi və Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini idi.

Pişnamazzadə 1926-cı ildə Şəkidə orta məktəbə getmiş, 1918-ci ildə ailəsinin Bakıya köçməsi ilə əlaqədar təhsilini 18 saylı orta məktəbdə davam etdirmişdir. 1936-ci ildə məktəbi qurtarmış və həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuşdur. 1938-ci ildə, hələ tələbə ikən Azərbaycan EA-nın Kimya İnstitutunda laborant kimi fəaliyyətə başlamış və ali təhsilini 1941-ci ildə başa vurmuşdur. Həmin ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar səfərbərliyə çağırılmış və döyüşən ordunun arxasını müdafiə edən Daxili İşlər Komissarlığının II sərhəd polkunda kimya xidməti rəisi olunmuşdur. O, polkun tərkibində Şimal-Qərb, II Pribaltika, I Ukrayna cəbhələrində döyüş yolu keçmişdir. 1945-ci ildə ordudan tərxis olunduqdan sonra EA Kimya İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə götürülmüşdür. 1947-ci ildə həmin institutun aspiranturasına qəbul olunmuş və1949-cu ildə “Alfa-xlor efirlərin etilen karbohidrogenləri ilə alkilləşməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək üzvü kimya ixtisası ilə kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1952-ci ildə isə böyük elmi işçi adına layiq görülmüşdür.

B.F.Pişnamazzadə 1964-cü ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün sadə və mürəkkəb xlorefirlərin sintezi və çevrilməsi sahəsində tədqiqatlar” mövzusunda dissertasiya müdafiə etmişdir. O, 1952-ci ildən ömrünün sonuna kimi Azərbaycan EA-nın Neft İnstitutunda, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda və onun Sumqayıt filialında “Epoksid qatranların modifkatorlarının sintezi” laboratoriyasına rəhbərlik etmişdir. Onun elmi tədqiqatları üzvi və neft kimyasının müxtəlif sahələrini əhatə edir. Karbon turşularının alfa-xlormetilefirlərini sintez etmiş və onların alınması reaksiyasının termodinamikasını öyrənmişdir. Qamma-xlorefirlərinin alınması zamanı müxtəlif parametrlərin reaksiya gedişinə təsiri zamanı əsas və aralıq məhsullarına əsasən reaksiyanın mexanizminə dair mülahizə söyləmişdir.

B.F.Pişnamazzadə Azərbaycan neftinin tərkibinin öyrənilməsi sahəsində də tədqiqatlar aparmış və neftdən fərdi karbohidrogenlərin ayrılması metodlarını işləyib hazırlamışdır. Onun tərəfindən neftdən alınan benzin fraksiyasından üzvi sintez üçün çox mühüm rol oynayan metil tsiklopentan, tsikloheksan və metiltsikloheksanın ayrılması prosesi xüsusi əhəmiyyət kəsb edir. Neftin təkrar istehsal məhsullarının bazası əsasında laylı plastiklər üçün yeni bağlayıcı maddələr almaq məqsədi ilə doymamış poliefir qətranlarının sintezi də B.F.Pişnamazzadə tərəfindən həyata kecirilmişdir. Onun apardığı çoxşaxəli elmi tədqiqat işlərinin nəticələri 250 elmi əsərdə, o cümlədən 3 kitabda 50 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. O, 10 elmlər namizədi hazırlamışdır.

B.F.Pişnamazzadə müharibə illərində döyüş yoluna və elmdə qazandığı nailiyyətlərə görə dövlət tərəfindən “Almanya üzərində qələbə”, “Əmək şücaəti”, “Fədakar əməyə görə”, “Əmək veteranı” medalları ilə təltif edilmişdir.

Böyükağa müəllim 1977-ci ildə elmi fəaliyyətinin ən məhsuldar çağında həyatdan köçmüşdür.

Rəhimov Rəşad Nizaməddin oğlu[redaktə | HTML redaktə]

fizika ü.e.d.

Rəşad Rəhimov 1948-ci ildə doğulmuşdur. 1966-cı ildə Şəkidəki 11saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə ADU-nun Fizika fakültəsini bitirmişdir. Hərbi xidmətdən sonra 1975-1979-cu illərdə Azərbaycan EA Fizika İnstitutunun aspiranturasında oxumuşdur. 1983-cü ildə akademik M.İ.Əliyev və D.H.Araslının rəhbərliyi ilə “İnSb-İn2GeTe bərk məhlulunda elektron və fonon prosesləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır.

R.Rəhimov 26 respublika və beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuş, 65 məqaləsi yerli və xarici ölkələrin jurnallarında dərc edilmişdir. O, hazırda yarımkeçirici birləşmələrin elektrik və istilik xassələrinin tədqiqi ilə məşğul olur. Apardığı tədqiqatlar bərk cisimlər fizikasının bir sıra məsələlərinin, o cümlədən elektron və fononların səpilmə mexanizmlərinin, enerji zolaqlarının quruluşunun, məxsusi və xarici təsirlərlə yaranan defektlərin təbiətinin öyrənilməsində əhəmiyyət kəsb edir. Tədqiq olunan maddələrin fiziki parametrləri, məlumatları və “bilgi bankı” üçün mühüm nəticələrdir.

Rəşad Rəhimov yarımkeçirici birləşmələrin istilik xassələrini tədqiq etmək üçün işıq impulsu metoduna əsaslanan qurğunun və “Alfa” cihazının müəlliflərindən biridir. “Alfa” cihazı 1985-ci ildə Moskvada XTNS-də bürünc medala layiq görülmüşdür.

Rəsulov Mahir Abdulla oğlu[redaktə | HTML redaktə]

fizika-riyaziyyat ü.e.d., prof.

Mahir Rəsulov 1950-ci ildə anadan olmuşdur. 1968-ci ildə Şəki şəhər N.Gəncəvi adına 7saylı orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş və 1973-cü ildə bitirmişdir.

Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işə başlamışdır. 1975-1977-ci illərdə Moskva şəhərində Hesablama Mərkəzi İnstitutunda araşdırmacı-stajor kimi çalışmış, 1977-ci ildə Azərbaycan EA Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda aspiranturaya qəbul olmuşdur və 1979-cu ildə Moskva Hesablama Mərkəzi İnstitutunda məqsədli aspiranturaya göndərilmişdir. 1983-cü ildə prof. A.A.Abramov və fizika-riyaziyyat elmləri namizədi, baş elmi işçi V.F.Baklanovskayanın rəhbərliyi altında “Cırlaşan palabolik tip tənliklər üçün sonlu fərq sxemlərinin araşdırılması və bəzi riyazi-fizika tənliklərinin həlli” mövzusunda dissertasiya yazaraq fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

1992-ci ildə Azərbaycan EA Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda fəaliyyət göstərən “Texnika elmləri doktoru” elmi dərəcəsini verən “neft və qaz yataqlarının işlənməsi və istismarı” İxtisaslaşdırılmış Elmi Şuranın nəzdində SSR Dövlət Attestasiya Komisyasının əmri ilə yaradılmış birdəfəlik Elmi Şurada 2 “Neft və qaz yataqlarının işlənməsi və istismarı” və “Hesabalama riyaziyyatı” indeksləri üzrə “Neft və qaz yataqlarının işlənmə göstəricilərinin hidro-qazo-dinamik təyini metodlarının effektivliyi və etibarlılığının artırılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru adını almışdır. Dissertasiyada bəzi xüsusiyyətlərə sahib olan qeyri-xətti parabolik və hiperbolik tipli xüsusi törəməli diferensial tənliklər üçün Koşi və başlanğıc-sərhəd problemlərinin kəsilən funksiyalar sinfində analitik və əbədi həllərinin tapılması üçün yeni bir metod təklif olunmuşdur. Alınan nəzəri-elmi nəticələr qeyri-xətti dalğa dinamikasında, istilik texnikasında, yeraltı hidrodinamik problemlərin və s. modelləşdirilməsində və həllində geniş tətbiq olunmuşdur.

1989-cu ildə SSR EA-nın qərarı ilə hesablama riyaziyyatı ixtisası üzrə baş elmi işçi adını almışdır.1988-1999-cu illərdə Azərbaycan EA Dərin Neft və Qaz problemləri İnstitutunda “Lay sistemlərinin əbədi modelləşdirilməsi” sektorunun, sonra da bölməsinin rəhbəri vəzifəsində işləmişdir.

1994-cü ildən Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və Kibernetika fakültəsinin Riyazi fizika tənlikləri kafedrasının professoru vəzifəsində çalışmışdır. 1995-1996-cı illərdə İran İslam Respublikasında 25-26-cı illik beynəlxalq konfranslarda məruzələr etmişdir. Moskva, Riqa, Kazan, Volqoqrad və s. şəhərlərdə keçirilmiş elmi konfranslarda iştirak etmişdir.

Onun 1996-cı ildə “Paznoktnıe sxemi primeenii nekotorıx neynıx zadaç tematiçeskoy fiziki b klasse pazpubnıx funküii” (Bakı, Glm 170s) monoqrafiyası Təhsil Nazirliyinin qərarı ilə “Paznoktnıe metodı uravnenii matematiçeskoy fiziki” adı ilə dərs vəsaiti kimi 1999-cu ildə yenidən çap olunmuşdur. M.Rəsulovun 65 elmi məqaləsi vardır ki, bunlar da xarici və ölkə mətbuatında çap olunmuşdur.

1994-cü ildə Soros Fondunun qrantını almışdır. “Who in the World” ensklopediyasının 12-ci nəşrində haqqında məlumat verilmişdir. 1996-1997-ci illərdə İxtisaslaşdırılmış Müdafiə Şurasının elmi katibi olmuşdur. 1997-ci ildən Türkiyə Cümhuriyyətinin Qara Dəniz Texnik Universitetində Matematik bölümündə professor vəzifəsində işləyir.

Rəşidov Məmməd İsmayıl oğlu[redaktə | HTML redaktə]

filologiya e.n.

Məmməd Rəşidov 1916-cı ildə ipəkçi ailəsində anadan olmuşdur. 1932-ci ildə 10 nömrəli orta məktəbi və Şəki Pedaqoji Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsili davam etdirmişdir. 1937-ci ildə oranı bitirib Şəkiyə qayıdır. 1939-cu ilə qədər Şəki Pedaqoji Texnikumunda müəllim və tədris hissəsi üzrə direktor müavini vəzifəsində işləmişdir. 1939-40-cı illərdə hərbi xidmətdə olmuş, 1945-ci ilədək cəbhə bölgələrində vuruşmuş, bir sıra orden və medallarla təltif olunmuşdur.

Müharibə qurtardıqdan sonra ordudan tərxis olunan M.Rəşidov Azərbaycan EA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1946-cı ildən M.Rəşidov İctimai Elmlər Akademiyasının Ədəbiyyat tarixi və nəzəriyyəsi kafedrasının aspiranturasında təhsilini davam etdirmiş, namizədlik dissertasiyası yazmışdır. 1952-ci ildə Şəkiyə qayıtmış, Stalin rejiminin süqutundan sonra Azərbaycan Pedaqoji İnstitutunun Fəlsəfə kafedrasında baş müəllim vəzifəsinə bərpa olunmuş və ömrünün sonuna qədər orda işləmişdir. 1973-cü ildə müsabiqə yolu il kafedranın dosenti vəzifəsinə seçilmişdir. M.Rəşidov bir çox elmi-tənqidi məqalələrin müəllifidir müəllifidir. Onun “M.Qorki və bədii yaradıcılıq məsələləri” adlı monoqrafiyası oxucuların rəğbətini qazanmışdır. Məmməd müəllim respublika mətbuatında mütəmadi olaraq məqalələrlə çıxış etmişdir.

M.Rəşidov cəbhə xidmətlərinə görə “Vətən müharibəsi ordenlərinin bütün dərəcələrinə, “ İgidliyə görə ” medalına layiq görülmüş, “ Azərbaycan maarif əlaçısı ” döş nişanı, “ Əmək veteranı” medalı ilə təltif edilmişdir.

M.Rəşidov 1988-ci ildə vəfat etmişdir.

Rəşidov Namiq Məmməd oğlu[redaktə | HTML redaktə]

Namiq Rəşidov 1950-ci ildə anadan olmuşdur. Şəkli şəhərindəki 10 №-li orta məktəbin birinci sinfinə getmiş, 1961-ci ildə ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini 39 №-li orta məktəbdə davam etdirmişdir. 1968-ci ildə orta məktəbi bitirmiş və BDU-nun fizika fakültəsinə daxil olmuşdur. Təhsil illərində öz qabiliyyəti və bacarığı ilə fərqlənmiş, Moskvada diplom işi yazaraq 1973-cü ildə ali təhsilini başa vurmuşdur.

1976-cı ilə qədər Azəörbaycan Elmlər Akademiyasının “Radiasiyalı tədqiqatlar” bölməsində işləmişdir. Həmin il Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində aspiranturaya daxil olmuş, 1982-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Elmi araşdırmalarını müvəffəqiyyətlə davam etdirmiş və 1993-cü ildə biologiya elmləri doktoru alimlik dərəcəsi almağa layiq olduğunu sübuta yetirmişdir.

1982-1990-cı illərdə EA-nın Bioloji mərkəzində baş elmi işçi işləmişdir.

Hazırda Ukrayna Respublikası Milli Elmlər Akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi Elmi-Tədqiqat İnstitutunda aparıcı elmi işçi və Şevçenko Dövlət Universitetinin professoru vəzifələrində əmək fəaliyyətini davam etdirir.

N.M.Rəşidov işlədiyi sahənin tanınmış mütəxəssislərindən biridir. Onun bitki hüceyrəsi və genlərlə bağlı yüzlərlə elmi məqaləsi vardır. 1992-ci ildə təqdim etdiyi elmi proyektə görə “Çernobılın bərpası” döş nişanı ilə təltif olunmuşdur.

N.M.Rəşidovun oğlu Araz Rəşidov iki dəfə şahmat üzrə Kiyev şəhər çempionu olmuşdur və bu gün də öz uğurlarını davam etdirir.

Salamov Akif Ələsgər oğlu[redaktə | HTML redaktə]

texnika e.n.

Akif Salamov 1946-cı ildə Şəki şəhərində anadan olmuşdur.

1953-cü ildə Şəkidəki M.Qorki adına 10 saylı orta məktəbi bitirmişdir.

1964-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. Elə həmin ildəcə mühəndis-leytenant rütbəsi alıb, ordu sıralarına yola düşür.

1971-74 cü illərdə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya İnstitutunun (indiki AMEA KPİ) aspiranturasında təhsil almışdır. 1975-ci ildə akademik H.Şaxtaxtinskinin rəhbərliyi altında namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. AMEA KPİ-nin nəzdində olan xüsusi konstruktor texnoloji bürosunda baş mühəndis, sonra isə AMEA Mikrobiologiya İnstitutunda laboratoriya müdiri vəzifələrində çalışmışdır.

A.Salamov bir çox elmi əsər və ixtiraların müəllifi olmuşdur.

2006-cı ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

Salmanova Dilarə Hüseyin qızı[redaktə | HTML redaktə]

riyaziyyat ü.e.n.

Dilarə Salmanova 1930-cu ildə anadan olmuşdur. Şəki şəhər 2№li orta məktəbində oxumuş, 1947-ci ildə Şəki Pedaqoji Məktəbini qurtarmış, 1947-1949-cu illərdə Şəki ikiillik Müəllimlər İnstitutunu, 1949-1954-cü illərdə ADU-nun Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Universiteti qurtardıqdan sonra Elmi Şuranın qərarı ilə aspiranturada saxlanmış, akademiklər Z.İ.Xəlilov və F.M.Maqsudovun rəhbərliyi ilə “Tənliyin baş hissəsinin məxsusi funksiyasına görə ayrılmış üsulunun tətbiqi ilə qeyri-məhdud oblastda II tərtib tənliklər üçün qoyulmuş qarışıq məsələnin həlli” mövzusunda 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Namizədlik dissertasiyası müdafiəsindən sonra Riyaziyyat Institutunda baş elmi işçi vəzifəsində çalışmışdır.

D.Salmanova SSRİ riyaziyyatçılarının III qurultayında (1956) və bir çox konfranslarda iştirak etmişdir. 11 elmi məqaləsi çap olunmuşdur. “Əmək veteranı” medalı ilə təltif edilmişdir.

Səmədov Niyazi Həmid oğlu[redaktə | HTML redaktə]

biologiya e.d., AMEA-nın müxbir üzvü.

Niyazi Səmədov 1916-cı ildə anadan olmuşdur. Biologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın müxbir üzvü olmuş, Zoologiya İnstitutunun “Entomologiya” laboratoriyasının müdiri vəzifəsində işləmişdir. Əsas elmi işləri sitomologiya, torpaq zoologiyası, biosenologiya, kənd təsərrüfatı bitkilərinin mühafizəsi üzrə müxtəlif problemlərə həsr edilmişdir. Onun tədqiqatlarında cücü qrupları olan böcəklər, yarımsərtqanadlılar, ikiqanadlıların kompleks xüsusiyyətləri, yayılması, qidalanma əlaqələri, onların müxtəlif zonalar üzrə yerləşməsi, təsərrüfat əhəmiyyəti, xeyirli növlərindən səmərəli istifadə edilməsi, zəhərli növlərinə qarşı mübarizə tədbirlərinin elmi əsaslarla işlənməsi və tətbiqi məsələlərinə xüsusi diqqət yetirilmişdir.

N.H.Səmədov tərəfindən Azərbaycanda 26 fəsiləyə mənsub 2900-dən çox böcək növü aşkar edilmişdir. Bunların 16-sı elm üçün yeni olmuş, 89-u Qafqaz, 43-ü SSRİ, 760 növü isə respublika faunası üçün ilk dəfə göstərilmişdir. O, 120 elmi əsərin və 5 monoqrafiyanın müəllifidir.

Azərbaycanda entomoloji tədqiqatların təşkilində və inkişafında dəyərli xidmətləri olmuşdur. 1980-cı ildə zoologiya və entomologiya üzrə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.

N.H.Səmədov 1989-cu ildə vəfat etmişdir.

Səmədov Rafiq (Refik Samet)[redaktə | HTML redaktə]

İnformasiya e.d.

Rafiq Səmədov 1960-ci ildə Şəkidə anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Şəkidə, ali təhsilini isə 1977-1983-cü illərdə Kiyev Politexnik Universitetində alıb. 1983-1986-cı illərdə Azərbaycan SSR Dövlət Kosmik Tədqiqatlar Komitəsinin Təbii Sərvətlərin Kosmik Tədqiqatı İnstitutunda işləyib. 1986-1992-cı illərdə Moskvada, Rusiya Milli Elmlər Akademiyasının Vadim Trepeznikov adına Problemlərin İdarəolunması İnstitutunun aspirantı olub.

992-1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda işləyib.

1997-2004-cü illərdə Türkiyənin Dənizli şəhərindəki Pamukqala Universiteti Mühəndislik Fakültəsinin Elektrotexnika mühəndisliyi bölməsində işləyib. 2004-cü ildən isə Ankara Universiteti Kompüter Mühəndisliyi kafedrasının Mühəndislik fakültəsinin dekanıdır. Ana dilindən başqa həm də rus, ukrayna, türk və ingilis dillərində sərbəst danışır.

Süleymanov Aydın Məmmədəli oğlu[redaktə | HTML redaktə]

fizika-riyaziyyat e.n.

Aydın Süleymanov 1949-cu ildə anadan olmuşdur. 1966-cı ildə Şəkidəki 11 №-li orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuş, 1971-ci ildə qurtarmışdır. Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmış, 1972-ci ildə EA Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. Azərbaycan EA müxbir üzvü, f.r.e.d., prof Y.M.Seyidovun rəhbərliyi ilə “Sinqlet-triplet maqnit sistemlərdə optik hadisələr” mövzusunda namizədlik dissertasiyasını 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin nəzdindəki “nəzəri və riyazi fizika” ixtisası üzrə İxtisaslaşmış Elmi Şuranın iclasında müdafiə etmişdir. Elmi işdəki nəticələr həm nəzəri, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Praktikada istifadə olunan bir çox cihazların quruluşunda elmi işin nəticələrindən istifadə olunmuşdur.

A.Süleymanov 1972-ci ildən EA-nın Fizika İnstitutunda işləyir, hazırda baş elmi işçi – dosent vəzifəsini tutur.

Onun 45 elmi məqaləsi (12-si xarici ölkələrdə nəşr olunmuşdur) vardır.

Tələbə Qəbulu Dövlət Komissiyasının “Abituriyent” jurnalında fizika testlərinin hazırlanmasında yaxından iştirak etmiş və metodiki məqalələr və tövsiyyələr nəşr etdirmişdir. Ayrıca test kitabının (1993) müəllifidir.

Süleymanova Ləman Vaqif qızı[redaktə | HTML redaktə]

Süleymanova Ləman Vaqif qızı 1977-ci ildə Şəki rayonunun Cumakənd kəndində ziyalı ailəsində anadan olmuş, 1994-cü ildə doğulduğu kənd orta məktəbini bitirmişdir. BDU-nun Şəki filialının filologiya fakültəsini fərqlənmə diplomu ilə (1999),BDU-nun filologiya fakültəsinin magistraturasını “Folklorşünaslıq mifologiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir (2001). Əmək fəaliyyətinə AMEA-nın Folklor İnstitutunda başlamışdır (2000). O, əvvəl baş laborant, kiçik elmi işçi kimi çalışmış, hazırda elmi işçi işləyir. Elmi toplularda, qəzet və vaxtaşırı çıxış edir. ”Şəki folklor mühiti (sinxronik vəziyyəti və diaxronik proseslər)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. “Şəki folklor mühiti” kitabının müəllifidir.

Sultanov Əzəl Cəfər oğlu[redaktə | HTML redaktə]

geologiya e.d., akademik

Əzəl Sultanov 1905-ci ildə Şəki şəhərində İlisu sultanı Hacı Xəlil bəyin nəvəsi Cəfər bəyin ailəsində dünyaya göz açmışdır. Cəfər bəy XIX əsrin sonlarında Şəkiyə köçmüş, Şəkidəki Sarıca torpaqlarının sahibi olmuşdur.

Əzəl Sultanov 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirmişdir. İlk geoloji fəaliyyətə Zaqafaziya Geologiya İnstitutunun Mehmana geoloji-kəşfiyyat dəstəsində başlamış, sonralar çovdar geoloji-kəşfiyyat dəstəsinin rəisi vəzifəsində çalışmışdır. 1934-cü ildə Azərbaycan Geologiya Bürosunun təşkil olunduğu gündən onun rəisi olmuşdur. 1935-ci ildə Moskva Neft İnstitutunun aspiranturasına qəbul olunub, 1939-cu ildə “Naftalanın akçaqıl çöküntülərinin litologiyası” mövzusunda namizədlik, 1944-cü ildə isə “Azərbaycanın məhsuldar qatının litologiyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1935-1945-ci illərdə Azərbaycan Elmlər Akademiyası Geologiya institutunun baş elmi işçisi, 1945-48-ci illərdə Geologiya İnstitutunun baş elmi işçisi işləmişdir. 1945-ci ildə ona Neftin geologiyası ixtisası üzrə professor adı verilmişdir.

1948-1990-ci illərdə Geologiya İnstitutunda “Litologiya laboratoriyasının” , Litologiya şöbəsi yaranandan sonra isə (1955-1990-cı illərdə) həmçinin onun rəhbəri olmuşdur.

1952-56-cı illərdə Azərbaycan Dövlət universitetinin (indiki BDU) elmi işlər üzrə prorektoru və yaratdığı “ Çökmə süxurların petroqrafiyası ” kafedrasının müdiri işləmiş, eyniadlı fəndən, habelə Litologiya fənnindən dərs deyərək, pedaqoji fəaliyyətini davam etdirmişdir. O, həmçinin bir müddət Azərbaycan Neft-Kimya İnstitutunda da dərs demişdir.

Akademik Əzəl Sultanovun yaradıcılığı olduqca geniş və çoxşaxəlidir, elmi və pedaqoji fəaliyyətin vəhdəti ilə diqqəti cəlb edir.

O, 1954-55-ci illərdə Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Məhsuldar qüvvələri öyrənən Şuranın sədri, 1958-70-ci illərdə yenidən Geologiya İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1959-cu ildə həqiqi üzvü seçilmişdir.

Ə.C.Sultanovun bütün elmi fəaliyyəti geologiyanın vacib məsələlərinin həlli ilə, neft və qaz yataqlarının axtarışı və onların proqnozlaşdırılmasının qiymətləndirilməsi, həmçinin çökmə vulkanogen-çökmə mənşəli qeyri-filiz yataqlarının axtarışı tikinti materialının öyrənilməsi ilə əlaqədər olmuşdur. Böyük Qafqazın cənub yamacının təbii sərvətlərinin, xüsusilə Balakən-Zaqatala zonası filiz yataqlarının öyrənilməsində və kəşfiyyatında akademikin böyük xidmətləti vardır. Akademik Əzəl Sultanov ilk dəfə Azərbaycanın neftli-qazlı məhsuldar qat çöküntülərinin formasının əsas fasial-ritmik qanunauyğunluğunu əsaslandırıb aşkar etmişdir. Alimin Abşeronun məhsuldar qat çöküntülərinin litoloji-numeraloji tərkibinin sahə üzrə dəyişməsi, laylanmanın tsiklik xarakteri, çöküntü-toplanmada fasilələrin mövcudluğu, Abşeron-tipli litofasiyanın ayrılması kimi məsələlərə həsr olunmuş əsərləri böyük əhəmiyyət kəsb edir.

Akademik Əzəl Sultanov 60 ildən yuxarı elmi fəaliyyəti ərzində 300-dən çox elmi əsərin, bir neçə monoqrafiyanın müəllifi olmuşdur. Onların arasında “Böyük Qafqazın cənub-şərq hissəsinin təbaşir çöküntülərinin litologiyası” (1960), “Azərbaycanın Abşeron mərtəbəsi çöküntülərinin litologiyası” (Ə.H.əliyev və b. İlə, 1962) və s var. Əzəl müəllim Şamaxı-Qobustan əyaləti pont çöküntülərinin toplanma şəraitləri və fasial xüsusiyyətini, Cənub-Şərqi Qafqazın çökmə süxur formasiyaları və onların əmələ gəlmə şəraitlərini, Azərbaycanın neft-qaz daşıyıcı süxur formasiyalarının litogenez inkişaf mərhələlərini və bir çox başqa məsələləri həmkarları ilə birgə tədqiq etmişdir. Ümumiyyətlə, akademik Ə.Sultanov çökmə süxurların petroqrafiyası sahəsində nüfuzlu alim, çökmə süxurların öyrənilməsində litoloji-geokimyəvi istiqamətin əsas yaradıcılarından biri olaraq Azərbaycan elm tarixinə düşmüşdür. Onun bu elm sahəsində Azərbaycanda yaratdığı məktub keçmiş Sovet İttifaqında böyük və qabaqcıl məktəblərdən biri olmuşdur.

Akademik Ə.Sultanov elmi və pedaqoji fəaliyyətində uğurlar əldə etdiyi kimi, rəhbər vəzifələrdə işlədiyi zamanlarda da işinə son dərəcə məsuliyyətli, münaqişə və konfliklərdən uzaq, əksinə onları incə yumor hissi ilə dəf etməyi bacaran bir şəxsiyyət kimi tanınmışdır. Onun rəhbərliyi altında çalışan əməkdaşlar arasında yüksək nüfuz sahibi kimi ad çıxarmışdı.

Elmi fəaliyyətinə görə akademik Ə.Sultanov SSRİ-nin ordu və medalları ilə təltif olunmuşdur. 1990-cı ildə vəfat etmişdir.

Şıxov Mövlud Ənəs oğlu[redaktə | HTML redaktə]

kimya ü.e.n

Mövlud Şıxov 1947-ci ildə anadan olmuşdur. Baş Kəldək kənd orta məktəbini bitirdikdən sonra 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuşdur. 1970-ci ildə universiteti bitirib, 1970-1973-cü illərdə Azərbaycan EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasında oxumuşdur. 1974-1976-cı ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Torpaqların biokimyası və humusəmələgəlmənin ekologiyası” laboratoriyasında mühəndis-kimyaçı, kiçik elmi işçi vəzifələrində işləmişdir.

M.Şıxov 1976-cı ildə Azərbaycan EA müxbir üzvü, S.Əliyevin rəhbərliyi altında “Lənkəran zonasının torpaqlarının üzvi maddələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin üzvi mineral birləşmələrinin formalarına təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

Respublika İttifaq və xarici ölkə mətbuatında 42 elmi əsəri çap olunmuş və bir müəlliflik şəhadətnaməsi almışdır. 10-dan çox aspirant və dissertantın elmi rəhbəri olmuş, onların torpaqşünas alim kimi yetişməsində böyük zəhmət çəkmişdir.

Mövlud müəllim torpağın bioloji və aqrokimyəvi xüsusiyyətlərini dərindən bilən alim idi. Onun elmi biliyini və zəngin təcrübəsini nəzərə alan institut rəhbərliyi Torpağın biokimyası və mikrobiologiya laboratoriyasına rəhbərliyi ona tapşırmışdır. M.Şıxov 1990-cı ildən ömrünün sonunadək bu laboratoriyanın müdiri vəzifəsində çalışmışdır. 1991-ci ildən AAK-ın qərarı ilə ona böyük elmi işçi adı verilmişdir.

M.Ə.Şıxov ümumittifaq və beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. 1980-cı ildə Tbilisidə, 1981-ci ildə Aşqabad şəhərində, 1989-cu ildə Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin VIII qurultayında (Novosibirsk), 1990-cı ildə Moskvada, 4 dəfə isə xarici ölkələrdə keçirilən konfranslarda məruzəçi olmuşdur. M.Ə.Şıxov 2000-ci ildə vəfat etmişdir.

Şükürlü Yusif Hacıbala oğlu[redaktə | HTML redaktə]

fizika ü.f.d., dos.

Şükürlü Yusif Hacıbala oğlu 27 oktyabr 1948-ci ildə Azərbaycanın Şəki rayonunun Baş Şabalıd kəndində anadan olmuşdur. 1954-cü ildə doğulduğu kəndin ibtidai məktəbinin birinci sinfinə getmiş və orada ibtidai təhsilini başa çatdırdıqdan sonra təhsilini Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbində davam etdirmişdir. 1965-ci ildə Şəki rayonu Baş Göynük kənd 1 saylı orta məktəbi bitirmiş və 1966-cı ildə ADU-nun Fizika fakültəsinə daxil olmuşdur. O, diplom işini İ.V.Kurçatov adına AEİ-da (Российский научный центр "Курчатовский институт") yerinə yetirmişdir. 1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkizillik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərini tədris etmişdir. 1973-1974-cü illərdə isə həmçinin Tola kənd səkkizillik məktəbində tədris işləri üzrə direktor müavini də işləmişdir.

1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Orta Təhsil verən Texniki Peşə məktəbində fizika müəllimi işləmiş və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. 1975-ci ilin noyabrında Azərb. SSR EA Fizika institutunun nəzdində olan Səki Zona Elmi Bazasına - laborant vəzifəsinə işə keçmişdir. 1976-cı ilin oktyabrından kiçik elmi işçi seçilmiş, Akademiyanin Rəyasət Heyətinin qərarı ilə 1977-ci ilin sentyabrında Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutuna keçirilmiş, 1987-ci ilə qədər orada kiçik elmi işçi vəzifəsində çalışmış, 1987-1990-cı illərdə baş elmi işçi vəzifəsində işləmişdir. 1990-cı ildən Şəki Regional Elmi Mərkəzi sərbəstlik statusu alandan 1 dekabr 2008-ci ilədək Biofizika laboratoriyasına rəhbərlik etmiş, hal-hazırda həmin laboratoriyanın elmi fəaliyyətini tənzimləyir.

Yusif Şükürlü 1975-1992-ci illərdə isə Şəki şəhərinin müxtəlif məktəblərində əvəzçilik əsasında fizika müəllimi işləmişdir. 1992-1996-cı illərdə BDU-nun Şəki filialında baş müəllim, 7 mart 1996-cı il tarixdən isə əvəzçi dosent vəzifəsində çalışmış, 26 noyabr 2002-ci ildə müsabiqə yolu ilə, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının əvəzçi dosenti vəzifəsinə seçilmiş, 2008-ci ildən ADPU-nun Şəki filialının "Təbiət elmləri və onların tədrisi metodikası" kafedrasının dosentidir və 15 oktyabr 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. O, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində və Yenidənhazırlanma fakültəsində mühazirə və seminarlar aparmış, buraxılış işlərinə rəhbərlik etmişdir. Hazırda o, ADPU-nun Şəki filialında mühazirələr, seminarlar və fizika praktikumu dərslərini tədris edir.

Yusif Şükürlü AMEA Rəyasət Heyətinin 15 oktyabr 2014-cü il tarixdə keçirilmiş iclasının qərarı ilə AMEA Şəki Regional Elmi Mərkzinin direktoru vəzifəsinə təyin edilmişdir.

Yusif Şükürlü 24 yanvar 1984-cü il tarixdə Azərbaycan Dövlət Universitetinin ixtisaslaşmış Şuranın (K-0540311) iclasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini almışdır. Hazırda “Quruluş zülallarının fiziki xassələrinin məqsədyönlü dəyişdirilməsinin molekulyar-kinetik mexanizmləri” mövzusunda doktorluq dissertasiyası işini başa çatdırıb və ilkin müzakirə mərhələlərini keçmişdir.

Yusif Şükürlü apardığı elmi-tədqiqat işlərinin nəticələri ilə keçmiş İttifaq və respublika səviyyəsində konfranslarda çıxışlar etmiş, mətbuatda dərc olunmuş və müəlliflik şəhadətnamələri və patentlər almışdır. Onun çap olunmuş 74 elmi, metodik, tədris-metodik və bədii əsərləri var. Onlardan 60-ı fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiəsindən sonra dərc edilmişdir. Müdafiədən sonra və PhD müdafiə işinə aid olmayan 5 müəlliflik şəhadətnaməsi, 4 patent almış, Respublika əhəmiyyətli və müxtəlif xarici elmi jurnallarda 29 məqalə çap etdirmiş, 21 beynəlxalq və yerli elmi konfransların iştirakçısı olmuş və o konfransların materiallarında tezisləri, fizika praktikumuna aid 1 tədris-metodik məqalə (fizika praktikumu), innivativ istiqamətdə 1 metodik vəsaiti, biri ümumi fizika kursuna aid və biri fizikanın dalğa optikası bəhsinə aid olmaqla 2 dərs vəsaiti, biri elmi-fantastik və biri ədəbi-bədii olmaqla 2 bədii kitabı və "Quruluş zülalları" adında monoqrafiyası (rusca) çap olunmuşdur.

Kitablardan biri Yusif Şükürlünün otuz illik elmi axtarışlarını əks etdirən 23,7 çap vərəqi həcmində “Quruluş zülalları” adlı monoqrafiyadır ki, bu əsər 2006-cı ildə AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxmışdır. 2008-ci ildə isə AMİ-nin “Müəllim” nəşriyyatında 4,75 çap vərəqi həcmində “İşığın dispersiyası” adlı dərs vəsaiti nəşr edilmişdir.

Yusif Şükürlü 11 iyun 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Bədii yaradıcılığı bir neçə kitab şəklində oxuculara təqdim olunmuşdur (“Yetti”, “Çəhrayı gödəkçə” ).

Yusif Şükürlünün ümumi fizika, nəzəri fizika, nəzəri mexanika, elektrotexnika və radioelektronika və biofizika fənlərindən oxuduğu mühazirələr, apardığı seminar və laboratoriya işləri, buraxılış işlərinə rəhbərliyi və s. Təbiət elmləri və tədrisi metodikası kafedrasının əməkdaşları və Filialın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməkdədir. Yusif Şükürlünün mühazirələri müasir elmi-pedaqoji səviyyəyə malik olması, orijinallığı, mövzuları ətraflı şərhi və müasir informasiya-kommunikasiya texnologiyasından geniş istifadə edilməsi ilə fərqlənir.

Şükürov Məclum Şükür oğlu[redaktə | HTML redaktə]

texnika e.d.

Şükürov Məclum 1954-cü ildə anadan olmuşdur. 1961-ci ildə Aşağı Küngüt kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1971-ci ildə məktəbi əla qiymətlərlə bitirərək, Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə I Kursa qəbul olmuşdur. 1976-cı ildə Universiteti bitirərək, tətbiqi riyaziyyat ixtisasına yiyələnmişdir.

O, 1976-1980-cı illərdə göndəriş əsasında Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi-tədqiqat işləri ilə məşğul olub. 1980-cı ildə Leninqrad Aqrofizika İnstitutunun məqsədli aspiranturasına qəbul olmuşdur. Aspiranturada təhsil aldığı müddətdə “Suvarılan torpaqlarda əkinlərin nəmliklə idarə olunması” mövzusunda namizədlik dissertasiyası işləyib hazırlamış, 1985-ci ildə Leninqrad İnstitutunda müdafiə edərək, texnika elmləri namizədi adına və alimlik dərəcəsinə layiq görülmüşdür. Aspirantura təhsilini başa vurduqdan sonra təyinatla işləməyə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutuna göndərilmişdir.

M.Şükürov 1984-1986-cı illərdə Əkinçilik İnstitutunda kiçik elmi işçi, 1986-89-cu illərdə baş elmi işçi vəzifəsində çalışmışdır.

O, 1989-cu ildə Lelinqrad Aqrofizika İnstitutunun doktoranturasına qəbul olunmuşdur. Doktoranturada oxuduğu zaman ölkəmizin iqtisadiyyatı üçün çox mühüm əhəmiyyəti olan, ən muasir elmi istiqamətlətdən biri hesab edilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlıq prosesinin riyazi modelləşməsi sahəsinə həsr edilmiş “Tətbiqi modellərin qurulması metodologiyası və əkinlərin nəmliklə təmin olunmasında onlardan istifadə” mövzusunda doktorluq dissertasiyasını işləyib hazırlamış, Sant-Peterburqda bu mövzunu müdafiə edərək Aqrofizika İnstitutunun Elmi Sovetinin qərarı ilə texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Doktoranturada təhsilini başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmış, elmi fəaliyyətini Əkinçilik İnstitutunda davam etdirmişdir.

Məclum Şükürov 1996-cı ildə isə həm ailə vəziyyəti ilə əlaqədar, həm də elmi araşdırmaları bilavasitə Şəki-Balakən regionunda tətbiq etmək məqsədi ilə Şəkiyə gəlmiş və Əkinçilik İnstitutunun rəhbərliyi tərəfindən institutun Şəki Dayaq Məntəqəsinə direktor təyin edilmişdir. Rəhbərlik etdiyi dövr ərazində müəssisənin iqtisadi və elmi həyatında mühüm dəyişikliklər baş vermiş və müəssisəmizin alimləri ilə birgə bölgəmiz üçün vacib olan yüksək məhsuldarlığa malik yeni “ŞƏKİ-1” buğda sortu yaradılmışdır. Altmışdan çox elmi əsərin müəllifidir. Şəki Regional Məsləhət və Şəki Regional Aqrar Elm Mərkəzinə rəhbərlik etmişdir.

Məclum Şükür oğlu Şükürov 1999-2004-cü il Bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsinə, 2005-ci ildə Azərbaycan respublikası üçüncü çağırış Milli Məclisinə seçkilərdə 115 saylı Şəki ikinci kənd seçki dairəsindən Milli Məclisə üzv seçilmişdir.

Tahirov Çingiz Əhməd oğlu[redaktə | HTML redaktə]

Çingiz Əhməd oğlu Tahirov 1925-ci ildə məşhur tarzən, Azərbaycan Respublikasının əməkdar müəllimi Əhmədbəy Tahirovun ailəsində anadan olmuşdur. Orta təhsilini Şəki şəhər 7 saylı orta məktəbdə almış və 1942-ci ildə oranı fərqlənmə sənədi ilə başa vurmuş, 1943-cü ildə M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1949-cu ildə oranı dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir. Ç.Tahirov oxuduğu müddətdə həm də institut tələbə elmi cəmiyyətinin sədr müavini olmuş və onun işində fəal iştirak etmişdir.

O, əmək fəaliyyətinə “Artyomneft” (indiki “Abşeronneft”) Trestinin mərkəzi elmi-tədqiqat laboratoriyasında başlamışdır. 1949-cu ildən 1950-ci ilədək trestin geoloji şöbəsinin rəisi, 1949-cu ildən 1950-ci ilədək trestin geoloji şöbəsinin baş geoloqu işləmişdir. 1950-ci ildən “Kirovabadneftkəşfiyyat” Trestinin Dalməmmədli neft kəşfiyyatının (Acınohur) baş geoloqu və rəisin birinci məavini vəzifələrində çalışmışdır. “Azərneftkəşfiyyat” Birliyinin rəhbərliyi Çingiz Tahirovun elmi-istehsalat fəaliyyətini nəzərə alaraq neft və qaz yataqlarının paleontologiyası və stratiqrafiyası üzrə elmi işçi hazırlamaq məqsədilə onun Azərbaycan Elmi-Tədqiqat Neft Geoloji-Kəşfiyyat İnstitutuna keçirmək qərarına gəlir.

1951-ci ildə ilin oktyabrından bu günə kimi Çingiz Tahirov artıq 56 ildir ki, Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərir. O, palentologiya laboratoriyasında (bu laboratoriya müxtəlif illərdə müxtəlif adlarla fəaliyyət göstərib: stratiqrafiya, stratiqrafiya və fauna, litostratiqrafiya və kollektor xassələri laboratoriyaları) baş mühəndis, baş elmi işçi, laboratoriya müdirinin əvəzi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1951-ci ildən başlayaraq, Böyük Qafqazın Azərbaycan hissəsinin (Şimali Qobustan, dibrar filiz zonası, Quba-Xəzəryanı ərazisi cə Cənub yamacı) və Kiçik Qafqazın Azərbaycan hissəsinin təbaşir çöküntülərinin mikrofauna və stratiqrafiyasının tədqiqi ilə məşğul olur. Çingiz Tahirov 1958-ci ildə akademik Qambay Əlizadənin və professor Cəlil Xəlilovun rəhbərliyi altında “Şimal-şərqi Azərbaycanın apt və alb mərtəbələrinin foraminiferləri və onların stratiqrafik əhəmiyyəti” mövzusunda geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiyasını müdafiə etmişdir.

Onun tədqiqatları nəticəsində alt və üst təbaşir çöküntüləeinin ayrı-ayrı mərtəbə, yarım mərtəbə və hirizontları, həmçinin onların müxtəlif hissələri üçün səciyyəvi olan rəhbər formalarınkompleksləri ayrılmış və dəqiq surətdə təyin edilmişdir. Bu müddət ərzində struktur-axtarış və dərin kəşfiyyat quyularından, eyni zamanda təbaşir çöküntülərinin klassik və əsas kəsilişlərindən götürülmüş minlərlə süxur nümunələri dəqiqliklə tədqiqedilmişdir. Çingiz müəllim foraminiferlərdən 2 yeni cinsin və 101 yeni növün mikropaleontologiya elmində ilk dəfə olaraq təsvirinin müəllifidir. Bu tədqiqatların nəticələri Ç.Ə.Tahirovun “Cənub-Şərqi Qafqazın apt və alb mərtəbələrinin foraminiferləri və onların stratiqrafiq əhəmiyyəti” ( Azərnəşr, Bakkı, 1961) monoqrafiyasında və “Paleontologiyanın əsasları” (Moskva, 1959) 15 cildlik toplunun I cildində, həmçinin ABŞ, Kanada, Macarıstan, Ruminiya və başqa xarici ölkələrdə çap edilmiş mötəbər və nüfuzlu mikripaleontologiya əsər toplularında dərc edilmişdir. Onun “Böyük Qafqazın Azərbaycan Hissəsinin təbaşir çöküntülərinin qumlu foraminiferləri və onların stratiqrafik əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyası 1975-ci ildə müdafiəyə qəbul edilmişdir. Doktorluq dissertasiyası haqqında həm ölkə daxilindən, həm də bir çox xaricdən müsbət rəylər alınmışdır. Hazırda dissertasiya işi Geologiya İnstitutunda müdafiəyə tövsiyə edilmişdir.

Qeyd etmək lazımdır ki, doktorluq dissertasiyasının xülasəsini o, alman dilində yazmışdır. Onun həm dissertasiyaları, həm də başqa əsərləri neft, qaz və başqa faydalı mədən yataqlarının axtarış və praktik əhəmiyyətə malik olmaqla istiqamətləndirici rol oynayırlar.

65 illik iş stajına malik Çingiz Tahirov 160-dan çox elmi əsərin müəllifi olmaqla yanaşı, bir çox respublika, ümumittifaq, beynəlxalq konfrans, sessiya, simpozium, kollokvium və konqreslərdə iştirak etmişdir. O, Polşada 1967-ci ildə keçirilmiş X beynəlxalq mikropaleontoloqlar konqresində sover nümayəndə heyatinin tərkibində Azərbaycan Respublikasının təmsil etmiş və məruzələrlə çıxış etmişdir. Onun 70-dən çox elmi əsəri xarici nəşrlərdə dərc edilmişdir.

Ç.Tahirov Moskvada, Sant-Peterburq, Tblisi, Aşqabad, Kiyev, Minsk, Mahaçqala, Krasnodar, Qrozni və s. elm mərkəzlərinin və neft rayonlarının mikropaleontoloqlarına müntəzəm elmi-praktik məsləhətlər vermiş və zəngin təcrübəsini onlarla bölüşmüşdür. O, bir çox doktorant, dissertant və aspirantların məsləhətçisi və rəsmi opponenti olmuşdur. Onu da qeyd etmək lazımdır ki, Ç.Tahirovun 500- dən artıq məqaləsi jurnal, qəzet və toplularda çap edilmişdir.

1941-1945- ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə və qələbənin 30-cu və 40-cı, 50-ci yubiley medalları ilə təltif edilmiş, 6 dəfə “Əmək veteranı”, Azərbaycan Ali Sovetinin neft Sənayesi Nazirliyi, “Bilik Cəmiyyətlərinin fəxri fərmanları ilə, bir neçə yubiley medalı və fəxri nişanlarla təltif edilmişdir. Elmi fəaliyyəti ilə yanaşı Çingiz müəllim daim respublikanın ictimai-siyasi işlərində də fəal iştirak etmişdir. O, İnstitutun, Nərimanov rayonunun, Bakı şəhərinin, eləcə də, respublikanın ictimai-siyasi işləriylə bu gün də yaxından maraqlanır. O, Azərbaycan Paleontologiya Cəmiyyəti Şurasının üzvü, Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu Veteranlar şurası sədrinin ideoloji iş üzrə muavini, Nərimanov rayon Veteranlar Şurası sədrinin ideoloji iş üzrə muavinidir. Çingiz Tahirov M.F.Axundov adına Respublika Dövlət Kitabxanasının və H.Aslanov adına Mərkəzi Zabitlər evi kitabxanasının, habelə bir neçə başqa kitabxanaların da “Fəxri oxucusu” adına layiq görülmüş və eyni zamanda “Bakı şəhər müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühazirə orqanları veteranları şurasının fəxri fərmanı” və Nərimanov rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə də təltif edilmişdir.

Tanınmış neftçi-alim, Beynəlxalq EKO-Energetika Akademiyasının akademiki, Azərbaycan və Rusiya Milli Elmlər Akademiyalarının nəzdində paleontologiya cəmiyyətlərinin fəxri üzvü, SSRİ neft sənayesi əlaçısı, Azərbaycan Respublikasının əməkdar təbliğatçısı, prezident təqaüdçüsü və müharibə veteranı Çingiz Tahirovun ümumi iş stajının yarım əsrdən çox olmasına baxmayaraq, o, hazırda öz elmi, istehsalat və ictimai-siyasi fəaliyyətini davam etdirir.

Çingiz Əhməd oğlu Tahirov 2005-ci ildən prezident təqaüdçüsüdür.

Tahirova Afaq Ənvər qızı[redaktə | HTML redaktə]

Afaq Tahirova 1948-ci ildə anadan olmuşdur. 1966-cı ildə orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1974-1978-ci illərdə Bakı şəhərində fortepiano sinfi üzrə musiqi müəllimi vəzifəsində işləmişdir.

O, 1978-ci ildən indiyədək Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin əməkdaşıdır. 2004-cü ilin aprelin 7-də “Şəki şəhərinin tarixi (1920-iyun 1941-ci illərdə)” adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Bu mövzunun üzərində işləyərkən o, Azərbaycanın Dövlət Arxivinin Şəki filialından Şəki şəhərinin tarixinə aid çoxlu faktiki material toplamışdır. Mövzu üzrə 6 elmi məqaləsi çap edilib.

O, hal-hazırda AMEA Tarix İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır.

Teymurov Elxan Fərrux oğlu[redaktə | HTML redaktə]

kimya e.d.

Elxan Teymurov 1951-ci ildə anadan olmuşdur. 1966-cı ildə Aşağı Küngüt kənd səkkizillik, 1968-ci ildə Şəki şəhər 10 №-li orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1973-cü ildə oranı bitirərək təyinatla rayona kimya müəllimi göndərilmiş, 1980-cı ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olmuşdur. 1988-ci ildə həmin institutda kimya elmləri doktoru, professor R.Ə.Ələkbərovun və kimya elmləri namizədi, b.e.i. M.M.Məmmədovun rəhbərliyi ilə başa çatdırdığı “2-okon-5-alkiltiofenollar - yeni ekstraksiya-fotometrik reagentlərdir” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

E.F.Teymurov 1990-cı ildən “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat və Layihə İnstitutuna köçürülmüş, orada aparıcı mühəndis, böyük elmi işçi vəzifələrində çalışmış, hazırda aparıcı elmi işçidir.

1995-ci ildə AAK-ın qərarı ilə ona Baş elmi işçi elmi adı verilmişdir.

E.F.Teymurovun əsas elmi istiqaməti ekstraksiya proseslərinin öyrənilməsi və səmərəli ekstragentlərin yaradılmasıdır. O, elmi fəaliyyətini ətraf mühitin mühafizəsi sahəsi ilə sıx əlaqələndirir.

E.F.Teymurov işlədiyi müddətdə çoxlu sayda elmi tədqiqat işlərinin məsul icraçısı, rəhbərlərindən biri olmuş və 70-ə yaxın elmi işin müəllifidir.

Teymurov Mövlud Əsədulla oğlu[redaktə | HTML redaktə]

coğrafiya ü.f.d.

Mövlud Teymurov 1967-ci ildə anadan olmuşdur. Orta təhsilini 1975-1985-ci illərdə Aşağı Göynük kənd orta məktəbində alıb. 1985-ci ildə ADU-nun geologiya-coğrafiya fakültəsinə daxil olmuş və 1991-ci ildə oranı bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Ə.Əliyev adına Coğrafiya İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra elmi işçi vəzifəsində işləmişdir. 1993-1997-ci illərdə həmin institutun qiyabi aspirantı olmuşdur.

M.Teymurov 1999-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun Elmi Şurasında akademik B.Ə.Budaqov və c.e.d. R.M.Qaşqayın rəhbərliyi altında “Kiçik Qafqaz çaylarının su ehtiyyatlarının hesablanma metodikası və onların qiymətləndirilməsi” (Azərbaycan daxilində) mövzusunda dissertasiya müdafiə etmiş, Azərbaycan Respublikası prezidenti yanında AAK-ın qərarı ilə ona coğrafiya elmləri namizədi alimlik dərəcəsi verilmişdir.

M.Teymurov “Azərbaycan XXI əsrin astanasında” elmi-praktik konfransın (may,1998), Coğrafiya Cəmiyyətinin Yeddinci Qurultayının (dekabr,1999), EA aspirantlarının elmi konfranslarının (1993-1996), Meliorasiya və Su Təsərrüfatı Komitəsinin “Su, problemlər, axtarışlar” elmi konfransının (oktyabr, 1999) və s. elmi tədbirlərin iştirakçısı olmuşdur.

Onun elmi tədqiqatlarının əsas istiqamətləri əsasən çayların su ehtiyatlarının öyrənilməsinə, axımın il ərzində paylanmasına, sudan səmərəli istifadə yollarının araşdırılmasına və s. məsələlərə həsr edilmişdir. Kiçik Qafqaz regionu çaylarının orta çoxillik axımının hesablamaq üçün Azərbaycanda ilk dəfə metodika vermiş, axımın ilin isti və sudan intensiv istifadə dövründə paylanmasına görə rayonlaşma aparmış, variasiya əmsalı xəritə tərtib etmişdir. Kiçik Qafqaza daxil olan inzibati rayonların su ehtiyatlarının öyrənilməsi də ilk dəfə onun tərəfindən aparılmışdır. Tədqiqatların nəticələrini müxtəlif elmi və layihə institutları, su təsərrüfatı idarələri yüksək qiymətləndirmişdir.

Hazırda AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunda baş elmi işçi kimi çalışır. M.Teymurov 43 elmi məqalənin (5-i xarici nəşrlərdə) müəllifidir.

Vahabzadə Bəxtiyar Mahmud oğlu[redaktə | HTML redaktə]

filologiya üzrə e.d., AMEA-nin həqiqi üzvü, xalq şairi

Vahabzadə Bəxtiyar Mahmud oğlu 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olmuş, kiçik yaşlarından ailəsi ilə Bakıya köçmüş (1934), burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsil almış (1942-1947), universitetin aspiranturasında saxlanılmış “Səməd Vurğunun poeziyası” mövzusunda namizədlik (1950), “Səməd Vurğunun yaradıcılıq yolu” adlı doktorluq dissertasiyaları müdafiə etmişdir (1964). Bədii yaradıcılığa “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamış, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın, “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” pyeslərinin və 10-dan çox radio tamaşanın müəllifidir. Əsərləri, şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən, ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir. Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmış (1950-1990), 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1945), Azərbaycan Xalq şairi (1984), Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. SSRİ yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü (1981), həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Ədib 1974-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adını almış, 1976-cı ildə Azərbaycan SSRİ-nin, 1984-cü ildə keçmiş SSRİ-nin Dövlət Mükafatı laureatı olmuş, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə mükafatlandırılmış, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995-2000) seçilmişdir. 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncülərindən biri olmuş, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini qələmə almış, Azərbaycan xalqının azadlıq və istiqlal uğrundaki ədalətli mübarizəsinə qoşulmuş, birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə sovet ittifaqı dağıldıqdan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir. Böyük ədəbin bir neçə dəfə “Seçilmiş əsərləri” bir cilddə (1961-1967), iki cilddə (1974-1975) və (1983-1984), beş cilddə (2001-2002), külliyyatının 12 cildliyi bütövlükdə millət vəkili Cavanşir Feyziyevin maddi və mənəvi dəstəyi ilə (üst-üstə 8076 səh) çap etdirilmişdir (2008-2009). Xalq şairi Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuş, Şəki şəhərində büstü qoyulmuş, ev muzeyi yaradılmış, Bakıda və Şəkidə adına küçə verilməklə xatirəsi əbədiləşdirilmişdir.

Zahidova Bəyli Bahad qızı[redaktə | HTML redaktə]

kənd təsərrüfatı e.n.

Bəyli Zahidova 1954-cü ildə anadan olmuşdur. 1971-ci ildə Böyük Dəhnə orta məktəbini bitirmişdir. 1972-ci ildə ADU-nun Biologiya fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin fakültəni bitirmişdir.

1974-cü ildə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Torpaq biokimyası və mikrobiologiya” laboratoriyasına laborant vəzifəsinə işə qəbul edilmişdir. Həmin laboratoriyada həmin illərdə baş laborant, mühəndis, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun İxtisaslaşmış Elmi Şurasında “Muğan düzünün suvarılan torpaqlarının humusluluq vəziyyəti və onun tənzim olunması yolları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Kənd Təsərrüfatı elmləri namizədidir.

Dissertasiyanın mühüm elmi-praktik əhəmiyyəti vardır. Torpaqların humusluluq vəziyyətini göstərən humus və azotun miqdarının, ehtiyatının, humusun fraksiya və qrum tərkibinin, humin turşularının fiziki-kimyəvi xüsusiyyətlərinin kənd təsərrüfatı bitkiləri altında dəyişilməsi ilk dəfə olaraq kompleks şəkildə öyrənilmişdir. Bu göstəriciləri məqsədyönlü şəkildə tənzim etmək üçün iqtisadi cəhətdən səmərəli təkliflər verilmişdir.

B.B.Zahidova İnstitutun “Torpaq biokimyası və mikrobiologiya” laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışmışdır. 25 elmi məqaləsi çap olunmuşdur. Aşağıdakı konfranslarda iştirak etmişdir: • 1990. Moskva MDU, “Azərbaycanın bəzi torpaq tiplərindən alınmış humin turşularının fiziki-kimyəvi xüsusiyyətləri”. • 1994. Həştərxan, Torpaqşünasların Beynəlxalq konfransı. “Suvarılan Kür-Araz ovalığı torpaqlarının kənd təsərrüfatı istifadəsi zamanı humusluluq vəziyyətinin dəyişilməsi”.

Hazırda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləyir.

Zülfüqarov Zülfüqar Hüseynqulu oğlu[redaktə | HTML redaktə]

kimya e.d., prof., AMEA-nın müxbir üzvü

Zülfüqar Zülfüqarov 1913-cü ildə anadan olmuşdur. 1931-ci ildə Şəkidə orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1936-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, və Ə.Qarayev adına Neft emalı zavoduna təyinatla operator köməkçisi vəzifəsinə göndərilmişdir. 1936-1940-cı illərdə zavodda mühəndis və böyük mühəndis vəzifəsində işləmişdir. İstehsalatda çalışmaqla yanaşı, o, SSR EA-nın Azərbaycan filialının Kimya İnstitutunda Fiziki kimya ixtisası üzrə aspiranturaya daxil olmuş və 1941-ci ildə “Gillərin fəallaşdırılnması” prosesində bəzi fiziki-kimyəvi hadisələrin və gillərin ağardıcı xassələrinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

Z.Zülfüqarov 1940-1968-cı illərdə Azərbaycan EA Kimya İnstitutunda (indiki Qeyi-Üzvü və Fiziki Kimya İnstitutu, QÜFKİ) elmi işçidən laboratoriya müdirinədək yüksəlmişdir. O, 1941-1946-cı illərdə II Dünya Müharibəsinin iştirakçısı olmuşdur.

1950-ci ildən Kİ-də “Fiziki kimya” laboratoriyasına rəhbərlik etmişdir. 1955-1956-cı illərdə SSR EA Neft İnstitutunun doktoranturasında oxumuş və1957-ci ildə orada “Neft məhsullarının təmizlənməsi və krekinqinə tətbiq edilən təbii və sintetik metasilika kontaklarının fiziki-kimyəvi tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.1959-cu ildə Fiziki-kimya ixtisası üzrə professor adını almışdır.

Professor Z.Zülfüqarov 1968-1970-ci illərdə Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda “Sənaye katalizatorlarının texnologiyası” laboratoriyasına rəhbərlik etmiş, 1970-1983-cü illərdə QÜFKİ-nin direktoru olmuşdur. 1974-cü ildə elmin inkişafı və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə Azərbaycan SSR-in əməkdar elm xadimi adını almışdır. 1978 və1980-cı illərdə iki dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. O, 1983-cü ildən ömrünün sonunadək Azərbaycan EA QÜFKİ-də “Fiziki-kimya (Kataliz)” laboratoriyasına rəhbərlik etmişdir.

O, elmi-tədqiqat işləri ilə yanaşı, 1948-ci ildən etibarən N.Tusi adına Azərbaycan Pedaqoji İnstitutu və M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində “Kataliz və katalizatorlar” fənnindən mühazirələr oxumuşdur.

Professor Z.Zülfüqarov heterogen kataliz sahəsində görkəmli alim idi. Onun fəaliyyətinin elmi istiqaməti alümosilikatların, mürəkkəb oksid tərkibli katalizatorların və müxtəlif adsorbentlərin sintezi və tətbiqi sahəsinə aiddir. O, respublikamızda bentonit gillər və təbii seolitlərin fiziki-kimyəvi xassələrini tətbiq etmiş və neft kimyası sənayesində işlədilən katalizatorlardan bir çoxunu sintezi şəraitini onun aktivliyinə təsirini öyrənmişdir. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində alınmış fəal adsorbent olan xanlarit neft yağlarının təmizlənməsi üçün tövsiyə edilmişdir. O, həmçinin işlənmiş aliminiummaqniziumslikat tipli katalizatorlardan neft fraksiyalarının krekinqində istifadə edilməsini sınaqdan keçirmişdir. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri 400-ə qədər elmi əsərdə, o cümlədən 2 monoqrafiyada ümumiləşdirilmişdir. O, 62 müəlliflik şəhadətnaməsinin müəllifidir. Professor Z.Zülfüqarovun rəhbərliyi altında 45 nəfər namizədlik dissertasiyası müdafiə etmiş və o, 7 nəfərin doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. O, ikinci dərəcəli Vətən müharibəsi ordeni və 16 müxtəlif medallarla təltif edilmişdir.

Azərbaycan EA-nın müxbir üzvü, professor Z.Zülfüqarov 1992-ci ildə vəfat etmişdir. Xatirəsini əbədiləşdirmək üçün doğulduğu Şəki şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.