Məhəmmədhüseyn xan
Məhəmmədhüseyn xan | |||||
---|---|---|---|---|---|
Məhəmmədhüseyn xan Həsən ağa oğlu | |||||
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Sələfi | Ağakişi bəy | ||||
Xələfi | Hacı Əbdülqadir xan | ||||
Vəfat tarixi | avqust 1780 | (avqust)||||
Dəfn yeri | Şəki xan qəbiristanlığı, (özü tərəfindən tikilmiş 1-ci Cümə məscidinin mehrabının altında) | ||||
Atası | Həsən ağa |
Məhəmmədhüseyn xan (?–1780) — 1759–1780-cı illərdə Şəki xanı olmuş şəxs. 1780-cı ilin avqustunda əmisi Hacı Əbdülqadir xan tərəfindən hakimiyyətdən devrilərək boğdurulmaq yolu ilə edam edilmişdir.
Haqqında məlumatlar
Hacı Çələbi xanın nəvəsidir. Atası Həsən ağa isə hələ Hacı Çələbi xanın sağlığında, bir döyüşdə həlak olub.
1955-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəkidə hakimiyyətə keçir. lakin 4 il sonra isə o Ərəşdə Qazıqumuxlu Məhəmməd xan tərəfindən öldürülür. Bundan sonra Məhəmməd xan Nuxaya daxil olur və 40 gün Nuxada qalır. 40 gündən sonra isə Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn ağa qonşu xanların hərbi yardımı ilə Məhəmməd xanı Nuxadan qovur və özünü Şəki xanı elan edir.
Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına səbəb oldu. Nəticədə Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldütdürür. İkinci əmisi Hacı Əbdülqadir ağa isə Dardoqqaza qaçır (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadir ağanı Qarabağ xanı İbrahim xan, Gürcüstan çarı İrakli dəstəkləməyə başlayır. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza hücum etsə də oranı tuta bilmir. Oğlu Məhəmmədhəsən ağanı barışıq üçün əmisinin yanına əmanət göndərir. Lakin Hacı Əbdülqadir ağa Məhəmmədhəsən xanı İbarahim xana göndərir ki, edam etdirsin. 1780-cı ilin avqust ayında Hacı Əbdülqadirin Dardoqqazdan göndərdiyi 60 nəfər gecəliklə gizlincə gəlib Nuxa ətrafındakı dağlarda gizlənirlər. Günorta saatlarında isə xəlvəti dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki Şəkixanovların evi olmalıdır) mühasirəyə alırlar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu Fətəli ağa ilə birlikdə onlara silahlı müqavimət göstərir; oğlu tüfəngi doldurub verir, o isə atəş açır. Amma sonda yaralanaraq təslim olur. Onu bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam edirlər. Bundan sonra hakimiyyət Məhəmmədhüseyn xanın əmisi Hacı Əbdülqadir xana keçir.
Digər
Məhəmmədhüseyn xanın sifarişi ilə 1765/1766-сı ildə (hicri 1179) indiki Şəkixanovların evi, 1769/1770-ci ildə (hicri 1183) indiki Xan məscidi tikilmişdir.
“Müşaqi” ədəbi təxəllüsü ilə şeirlər də yazmış, o dövrün ən məşhur şairləri ilə məktublaşmışdır.
Ölümü münasibəti ilə Molla Vəli Vidadi “Müsibətnamə” adlı məşhur müxəmməsini qələmə almışdır.
Salman Mümtaz Məhəmmədhüseyn xanın özü tikdirdiyi məscidin – Xan məscidinin mehrabı içində dəfn edildiyini göstərmişdir.
2021-ci il iyul ayının 3-də həmin yerdə onun qəbri açılmış, sümükləri və yaralandığı güllə aşkar edilmişdir.
Ədəbiyyat
- Məhəmmədhüseyn xan Müştaq / Salman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- Aydın Məmmədov. Məhəmmədhüseyn xan Müştaqinin aqibəti . http://www.tarix.shaki.info. Şəki tarixi. Arxivləşdirilib (12 may 2021).
Həmçinin bax
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |