Varaz-Peroj

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 23:51, 16 dekabr 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Varaz-Peroj
Varaz-Peroj Aranşahi[q 1]
KishChurch 4314.jpg
Varaz-Perojun VII əsrin ortalarında bərpa etməyə çalışdığı Kiş kilsəsi[q 2] , 2019-cu il.
bayraqŞəki knyazı
VII əsrin ortaları
Şəxsi məlumatlar
Sülalə Aranşahi — Mehrani
Atası Varaz-Qriqor
Anası Huriduxt
Uşağı Varaz-Tiridat

Varaz-Peroj (Varaz-Firuz) – Aranşahi sülaləsinin davamçısı[q 1], knyaz[q 3], Qafqaz Albaniyası şahzadəsi; Albaniya hökmdarlarından Varaz-Qriqorun (h.o. 628 – 652[q 4]) böyük oğlu, Cavanşirin (h.o. 652 – 681) böyük qardaşı, Varaz-Tiridatın (h.o. 681 – 701) isə atasıdır. Adı heç yerdə Şəki knyazı kimi çəkilməsə də, mənbələrdə onun Şəkinin knyazı olduğunu göstərən bəzi məlumatlar var və bu məlumatlara əsasən ehtimal etmək olar ki, 651/652-ci ildə, yaxud bundan az sonra Şəki ərazisinə daxil olmuş ərəblərlə sülh müqaviləsi bağlamış, ərəb mənbəsində adı çəkilmədən “Şəki hökmdarı” kimi təqdim olunmuş şəxs də məhz, Varaz-Peroj olmuşdur. Laknar[q 5] titulu da daşıyıb və ailəsi ilə birlikdə Kiş kəndində yaşamışdır.

Haqqında məlumatlar

Çox güman ki iranlıların 638-ci ildə[1] Bərdədə girov götürdükləri Mehrani xanədanının nümayəndələri arasında Varaz-Peroj da olmuşdur[2].

Bunun ardınca isə bir müddət sonra Varaz-Peroj və qardaşı Cavanşir, Bərdədə iranlılar tərəfindən yenidən girov götürülmüş ataları Varaz-Qriqorun azad edilməsi üçün Kürün sol sahilindən Bərdəyə müvəffəqiyyətli əks-hücum təşkil etmişdilər[3].

Osman ibn Əffanın xəlifəliyi dövründə (h.o. 644 – 656) Salman ibn Rəbiənin komandanlığı altında Qafqaz Albaniyası ərazisinə daxil olan ərəblər Kür çayını keçərək Qəbələni tutmuş, sonra isə “Şəkkən” və “Kəmibəran” hökmdarları ilə vergi ödəmələri şərti ilə sülh müqavilələri bağlamışdılar[4][q 6]. Mənbədə “Şəkkən” və “Kəmibəran” hökmdarlarının adlarını çəkməsə də, onların Albaniya şahzədələri – birincinin Varaz-Peroj, ikincisinin isə Cavanşir olduğunu ehtimal etmək üçün kifayət qədər ciddi əsaslar var. Belə ki ikincinin Kambisienada yerləşən Girdiman knyazlığının knyazı Cavanşir olduğuna dair “Albaniya tarixi”ndə açıq-aydın işarə var, həmçinin həmin mənbədə birincinin Kişdə fəaliyyəti və ailəsinin Kişdə yaşaması ilə bağlı məlumatlar da var[q 7].

Varaz-Peroj Kişdə V əsrin birinci yarısında kənd əhalisi tərəfindən tanrının adına tikilmiş kilsəni təmir etməyə çalışmış, lakin günbəzinin üstünü sökə bilməmişdir[5].

Albaniya katolikosu Uxtanes (katalikosluq dövrü: 671 – 683) Varaz-Perojun baba, yaxud nənələri bir olan nikahlara yol vermiş ailə üzvlərini lənətləyərək həmin nikahları pozdurmuşdur[6].

Qeydlər

  1. 1,0 1,1 Aranşahilər sülaləsi – “Albaniya tarixi”ndə bu sülalənin adı cəmi bir dəfə və o da Varaz-Perojun əsli-nəcabətini göstərmək üçün çəkilir (Мовсес Каланкатуаци (книга первая), 1985).
  2. Mətn: «Впоследствии, спустя длительное время, один из знатных людей – князь Вараз-Перож из рода Араншаhиков – решил обновить Старую Церковь, но не мог сломать кирпичную кладку вершины купола, ибо под ним покоились Крест Господен и мощи мучеников» (Мовсес Каланкатуаци (книга первая), 1985)
  3. “Albaniya tarixi”nin azərbaycancaya və ruscaya tərcüməsində «knyaz» sözü böyük ərazi – vilayət, yaxud mahal sahibi kimi, «Albaniya knyazı», «Albaniyanın böyük knyazı» ifadələri isə Albaniya hökmdarı kimi başa düşülür.
  4. “Albaniya tarixi”ndə Cavanşirin hakimiyyəti 638-ci ildən hesablansa da (Moisey Kalankatuklu., 2006, s. 202, 293), həm də göstərilir ki, Cavanşirin atası Varaz-Qriqor 652-ci ildə hələ Albaniya hökmdarı olaraq qalırdı və Albaniya üçün həlledici qərarlar vermək səlahiyyəti yalnız ona aid idi (Moisey Kalankatuklu., 2006, s. 203).
  5. Laknar – “Albaniya tarixi”nin rusca 1861-ci il nəşrində bu söz «Лахнар» kimi çap edilib və aidiyyəti olan 3-cü haşiyədə sözün naməlum olması vurğulanmışdır (Мойсея Каганкатваци, 1861, с. 172). “Albaniya tarixi”nin rusca 1985-ci il Yerevan nəşrində isə söz «Лакнар» kimi verilsə də, haşiyədə mənası izah olunmayıb (Мовсес Каланкатуаци (книга первая), 1985, с. 113). “Albaniya tarixi”nin azərbaycancaya tərcüməsində isə “laknar (eşikağası)” kimi gedib (Moisey Kalankatuklu., 2006, s. 237).
  6. “Albaniya tarixi”ndə bu hadisənin 651/652-ci ildə, yaxud bu tarixdən az sonra baş verdiyi göstərilir (Moisey Kalankatuklu., 2006, s. 202, 293).
  7. “Albaniya tarixi”ndə ərəblərin Albaniyaya «Yezdəgirdin şahlığının iyirminci ilində», yəni 651/652-ci ildə, yaxud bundan az sonra gəlib çıxmaları göstərilir (Moisey Kalankatuklu., 2006, s. 202 – 203). Ardınca məlumat verilir ki, «cənubdan gələnlərin amansız olduğunu görən Cavanşir onlara tabe olmayıb Kür çayının o biri sahilinə keçir» (Moisey Kalankatuklu., 2006, s. 203). Hara keçir bəs? Bu sualın cavabı bir az əvvəl verilib: «Kambeçan vilayətində və Kürün o biri sahilində yerləşən öz ata-baba mülkünə» (Moisey Kalankatuklu., 2006, s. 200). Ardınca məlumat verilir ki, «o, bir qədər orada qaldıqdan sonra yenə də ürəyinin atəşini söndürmək üçün ərəblərlə döyüşə yenidən başlamaq və atasını azad eləmək istədi. Lakin atası onu bu fikirdən daşındırdı və könüllü olaraq düşmənə təslim oldu» (Moisey Kalankatuklu., 2006, s. 203). Bundan məlum olur ki, ərəblərin hücumu zamanı Cavanşirin atası Varaz-Qriqor Albaniyanın qış paytaxtı olan Bərdə şəhərində mühasirədə imiş. Cavanşir atasına köməyə getmək istəmiş, lakin atası döyüşməyi məsləhət görməmişdir, ərəblərə könüllü təslim olmuşdur. Ərəb mənbəsinə görə isə Salman ibn Rəbiə bir neçə gün Bərdə şəhərini mühasirədə saxlamış, sonda şəhər əhalisi ilə sülh müqaviləsi bağlayaraq şəhərə daxil olmuşdur (əl-Bəlazuri, 2005, s. 113). Heç şübhə yoxdur ki, “Albaniya tarixi” və ərəb mənbəsində eyni hadisədən bəhs edilir. Əgər “Albaniya tarixi”ndə Cavanşirin həmin vaxt «Kambeçan vilayətində» olduğu göstərilirsə, ərəb mənbəsinindəki «Kəmibəranın hökmdarı» da əlbəttə ki Cavanşir olmalıdır, ondan başqa kim ola bilərdi ki? “Albaniya tarixi”ndən bilirik və burada da qeyd etdik ki, Cavanşirin ata-baba yurdu olan Girdiman Kürün sol sahilində – Kambisiena vilayətində idi. Bu vilayətin adı “Albaniya tarixi”ndə «Kambeçan», ərəb mənbələrində isə «Kəmibəran» kimi gedir. Ərəb mənbələrindən məlum olur ki, bu vilayət Şəkidən qərbdə olub... O ki qaldı eyni ərəb mənbəsində «Kəmibəran»la yanaşı qeyd olunan «Şəkkən» hökmdarının kim olmasına, biz “Albaniya tarixi”ndən bilirik ki, Uxtanesin katolikosluğu dövründə (671 – 680) Cavanşirin böyük qardaşı Varaz-Perojun ailəsi Kürün sol sahilindəki Həcəri nahiyəsində – Uti vilayətinin Kiş kəndində yaşayırdı (Мовсес Каланкатуаци (книга вторая), 1985, ...и на другом берегу реки Куры hЕджери, семья Вараз-Перожа, носящего патив лакнара в Гисе в гаваре Ути, [семья] Варажна из Аражакана и семья Туерака.), bundan başqa, Varaz-Peroj şəxsən özü Kiş kilsəsini təmir etməyə çaışmışdır, həm də knyaz titulu daşıyırdı (Мовсес Каланкатуаци (книга первая), 1985, Впоследствии, спустя длительное время, один из знатных людей – князь Вараз-Перож из рода Араншаhиков – решил обновить Старую Церковь, но не мог сломать кирпичную кладку вершины купола, ибо под ним покоились Крест Господен и мощи мучеников) və knyaz titulu daşıması isə onun həmin ərazinin hakimi olduğunu göstərir (bax: 3-cü qeydə).

İstinadlar

Ədəbiyyat

  1. Мовсес Каланкатуаци. Книга первая // История страны Алуанк. — Ереван, 1985.
    Мовсес Каланкатуаци. Книга вторая // История страны Алуанк. — Ереван, 1985.
  2. Мойсея Каганкатваци . // [1]. — Санктпетербург, 1861. — С. 172.
  3. Moisey Kalankatuklu Albaniya tarixi. — Bakı: Avrasiya - Press, 2006. — 10.000 nüsx. — ISBN 9952-421-52-2 ISBN 978-9952-421-52-1.
  4. əl-Bəlazuri Kitəb futuhi-l-buldən; Ərməniyyənin fəthi // Orta əsr ərəb mənbələrindən Azərbaycan tarixinə aid materiallar. — Bakı: Nurlan, 2005. — Səh.: 106. — 200 nüsx.

Şablon:Yaxşı məqalə