Məlik Səfiqulu
Məlik Səfiqulu | |||||
---|---|---|---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Xələfi | Məlik Həsən | ||||
Doğum tarixi | ? | ||||
Doğum yeri | ? | ||||
Vəfat tarixi | ? | ||||
Dini | islam, şiə | ||||
Uşaqları | Məhəmmədbağır, Səfərqulu |
Məlik Səfiqulu (?–?) — XVII əsrin ortalarında Şəki məliyi olmuş şəxs.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
Hələ XVII əsrin birinci rübündə I Şah Abbasın fərmanı ilə Şəki ölkəsindəki Kiş, Nuxu və Şəkərənd kəndləri irs yolu ilə Səfiqulunun, onun qardaşı Davud bəyin və əmisi oğlu Baydar bəyin məlikliyinə verilmişdi. Lakin Şəki ölkəsinin tiyuldarı və başqa hökumət məmurları isə onlara pis münasibət göstərmiş və onlardan qaydadan kənar müxtəlif vergilər almışdılar. Buna görə də I Şah Səfi 21 oktyabr 1633-cü il tarixli fərmanı ilə onların məlikliyinə bağışlanılmış hissəni Şəki tiyuldarının tiyulundan dəyişmiş, nəsildən-nəsilə, törəmədən-törəməyə keçilməsi şəklində onlara bağışlamış və onları vergilərdən azad etmişdir. I Şah Səfinin vəfatından sonra – 1643-cü ilin may/iyun ayında Davud bəy II Şah Abbasa müraciət edərək həmin kəndlərin məlikliyi haqqının onlara bağışlanılması haqqında yeni fərman almağa nail olmuşdur[1].
Lakin I Şah Səfi və II Şah Abbasın fərmanlarına baxmayaraq, Şəki ölkəsinin hakim və tiyuldarları Kiş, Nuxu və Şəkərənd kəndlərinin vergiləri hesabına olan gəliri özləri mənimsəyərək Davud bəyə, qardaşı Səfiquluya və əmisi oğlu Baydar bəyə ondan istifadə etmək imkanı verməmişlər. Buna görə də 1646-cı ilin iyun/iyul ayında Səfiqulu Şirvan bəylərbəyisi Xosrov xanın divanına gedərək I Şah Səfinin 1633-cü ilin avqust/sentyabr tarixli fərmanını onun nəzərinə çatdırmış və bəylərbəyinin də bu məsələyə dair hökm verməsini xahiş etmişdir. Xosrov xanın hökmündə Kiş, Nuxu və Şəkərənd kəndlərinin gəlirlərinin Şəki mahalı tiyuldarının sərəncamından çıxarılması və bunun əvəzində eyni məbləğdə vəsaitin divan məmurları tərəfindən tiyuldara ödəniləcəyi göstərilmişdir. Bu hökmdə daha Davud bəyin adı çəkilməmiş və üç kəndin vergiləri hesabına müəyyən olunmuş məbləğin yalnız Səfiquluya və Baydar bəyə bağışlanması qeyd olunmuşdur. Şirvan bəylərbəyisi Xosrov xanın bu hökmündə Səfiqulunun Kiş, Nuxu və Şəkərənd kəndlərinin məliyi[2], II Şah Abbasın 1651-ci ilin yanvar/fevral ayı tarixli fərmanında isə onun Danqı, Qax və Meşəbaşı bölükləri ilə birlikdə bütün Şəki ölkəsinin məliyi olması qeyd edilmişdir[3].
Səfiqulunun bütün Şəki ölkəsinin məliyi olması ilə yanaşı ona Şəkərənd kəndinin illik “malucəhat”ı hesabına 14 tümən 500 dinar məbləğdə soyurğal da ayrılmışdı. O, II Şah Abbasın hakimiyyətinin son dövrlərinədək – təxminən, 15 il, Şəkinin məliyi olduqdan sonra vəzifəsindən götürülmüş, bütün sərvəti və əmlakı Şirvan bəylərbəyisi tərəfindən müsadirə olunmuşdur. II Şah Abbasdan sonra hakimiyyətə gəlmiş II Şah Səfinin (Şah Süleyman) 1671-ci ilin fevral/may ayı tarixli fərmanı ilə vaxtilə Kiş, Nuxu və Şəkərənd kəndlərinin illik gəlirləri hesabına Davud bəyə, qardaşı Səfiquluya və əmisi oğlu Baydar bəyə ayrılmış üç tümən puldan Baydar bəyin payına düşən hissə əvvəlki kimi yenə də Baydar bəyə bağışlanmış və Baydar bəy vergidən azad olunmuşdur. Lakin Davud bəy və Səfiqulu bəylə bağlı belə bir fərman verilməmişdir[4].
1691-ci ildə Məlik Səfiqulunun oğlu Səfərqulu Şəkinin məlikliyi vəzifəsinə öz namizədliyini irəli sürmüş və sonda Şah Süleymanın fərmanı ilə Şəki məliyi təyin olunmuşdur[5]. II Şah Süleymandan sonra hakimiyyətə gəlmiş Şah Sultan Hüseynin 18 yanvar 1703-cü il tarixli fərmanında isə vaxtilə Şəkərənd kəndinin illik “malucəhat”ı hesabına Məlik Səfiquluya ayrılmış, sonra isə divanın xeyrinə zəbt olunmuş məbləğ 21 mart 1702-ci il tarixdən Məlik Səfiqulunun övladlarına geri qaytarılmışdır[6]. Bu dövrdə Səfiqulunun böyük oğlu Məhəmmədbağır bəy İsfahanda şah sarayında rikabdar vəzifəsində çalışırdı.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)[HTML redaktə]
İstinadlar[redaktə | HTML redaktə]
- ↑ 5. Kiş, Nuxu və Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında II Şah Abbasın hökmü, 2023, s. 81-86.
- ↑ 6. Kiş, Nuxu, Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında Şirvan bəylərbəyisi Xosrov xanın hökmü, 2023, s. 86-88.
- ↑ 11. Şəki məliyi Səfiqulunun şikayəti ilə əlaqədar olaraq II Şah Abbasın fərmanı, 2023, s. 100-103.
- ↑ 15. Şəki ölkəsi məlikliyi haqqında Şah Sultan Hüseynin fərmanı, 2023, s. 122-123.
- ↑ 13. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında II Şah Səfinin (Şah Süleyman) fərmanı, 2023, s. 108-112.
- ↑ 15. Şəki ölkəsi məlikliyi haqqında Şah Sultan Hüseynin fərmanı, 2023, s. 124-125.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- 5. Kiş, Nuxu və Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında II Şah Abbasın hökmü. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 81-86. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 6. Kiş, Nuxu, Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında Şirvan bəylərbəyisi Xosrov xanın hökmü. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 86-88. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 11. Şəki məliyi Səfiqulunun şikayəti ilə əlaqədar olaraq II Şah Abbasın fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 100-103. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 13. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında II Şah Səfinin (Şah Süleyman) fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 108-112. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- 15. Şəki ölkəsi məlikliyi haqqında Şah Sultan Hüseynin fərmanı. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 117-125. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Musəvi T. M. Şəkinin Orta əsrlər tarixi haqqında // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 54. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)[HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
Bu məqalə Şəki Ensiklopediyasının akademik məqaləsidir. |
- M
- 1826-cı ilədək Şəki hakimləri, xanları və s.
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- “Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr
- Şəki Ensiklopediyası:Akademik məqalələr