Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Məhəmmədhüseyn xan

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 07:42, 6 iyul 2021 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Məhəmmədhüseyn xan
Məhəmmədhüseyn xan Həsən ağa oğlu
Məhəmmədhüseyn xan
“Şəki xanı Məhəmmədhüseyn xan Müştaqi” heykəlinin eskizi (Albert Mustafayev, 2009-cu il.)
III Şəki xanı
1759 — avqust 1780
Sələfi Ağakişi bəy
Xələfi Hacı Əbdülqadir xan
Şəxsi məlumatlar
Vəfat tarixi avqust 1780(1780-08-00) (avqust)
Dəfn yeri Şəki xan qəbiristanlığı, (özü tərəfindən tikilmiş 1-ci Cümə məscidinin mehrabının altında)
Atası Həsən ağa

Məhəmmədhüseyn xan (?–1780) — 1759–1780-cı illərdə Şəki xanı olmuş şəxs, Hacı Çələbi xanın nəvəsidir. 1780-cı ilin avqustunda əmisi Hacı Əbdülqadir xan tərəfindən hakimiyyətdən devrildikdən sonra boğdurulmaq yolu ilə edam edilmişdir.

Haqqında məlumatlar

Atası Həsən ağa hələ Hacı Çələbi xanın sağlığında, bir döyüşdə həlak olmuşdur.

1955-ci ildə Hacı Çələbi xanın vəfatından sonra onun oğlu Ağakişi bəy Şəkidə hakimiyyətə keçmişdi. Lakin 4 il sonra o, Ərəşdə Qazıqumux hakimi Məhəmməd xan tərəfindən sui-qəsdlə öldürüldü. Bundan sonra isə Məhəmməd xan Şəki xanlığının paytaxtı olan Nuxanı (indiki Şəki) da tutdu. Lakin bu hadisələr vaxtı Nuxanı tərk etmiş Məhəmmədhüseyn xan, Məhəmməd xanın Nuxaya daxil olmasının 40-cı günü qonşu xanların hərbi yardımı ilə Nuxanı Məhəmməd xandan geri aldı və özünü Şəki xanı elan etdi.

Hacı Çələbi xanın iki oğlu sağ ola-ola nəvəsinin özünü Şəki xanı elan etməsi Məhəmmədhüseyn xanın əmilərinin öz qardaşoğulları ilə ədavətə başlamasına səbəb oldu. Nəticədə Məhəmmədhüseyn xan öz əmilərindən birini – Cəfər ağanı, öldürtdürdü. İkinci əmisi Hacı Əbdülqadir ağa isə Dardoqqaza qaçdı (Qanıx çayının Kürə töküldüyü yerdə yarımada). Orada Hacı Əbdülqadir ağanı Qarabağ xanı İbrahim xan, gürcü çarı İrakli dəstəkləməyə başladılar. Məhəmmədhüseyn xan dəfələrlə Dardoqqaza hücum etsə də uğur qazana bilmədi. Əlacı üzülüb, oğlu Məhəmmədhəsən ağanı barışıq üçün əmisinin yanına əmanət göndərdi. Lakin əvəzində, Hacı Əbdülqadir ağa Məhəmmədhəsən ağanı tutub Məhəmmədhüseyn xanın qatı düşməni olan İbrahim xana təhvil verdi ki, Məhəmmədhüseyn xandan intiqam almaq üçün oğlunu – Məhəmmədhəsən ağanı öldürsün...

1780-cı ilin avqust ayında isə Hacı Əbdülqadir ağanın Dardoqqazdan göndərdiyi 60 nəfər gecəliklə gizlincə gəlib Nuxa ətrafındakı dağlarda gizləndilər. Onlar günorta saatlarında dağdan aşağı düşüb Məhəmmədhəsən xanın iqamətgahını – Qurğuşunlu otağı (indiki Şəkixanovların evi olmalıdır) mühasirəyə aldılar. Məhəmmədhüseyn xan yanındakı ikinci oğlu Fətəli ağa ilə birlikdə onlara silahlı müqavimət göstərdi; oğlu tüfəngi doldurub verdi, o isə atəş açdı. Amma sonda yaralanaraq təslim olmağa məcbur oldu. Bundan sonra hakimiyyət Hacı Əbdülqadir xanın əlinə keçdi. Məhəmmədhüseyn xanı isə bir həftə saxlayıb, hansısa müqaviləyə qol çəkdirdikdən sonra boğdurmaq yolu ilə edam etdilər.

Digər

Məhəmmədhüseyn xanın sifarişi ilə 1765/1766-сı ildə (hicri 1179) indiki Şəkixanovların evi, 1769/1770-ci ildə (hicri 1183) indiki Xan məscidi tikilmişdir.

Məhəmmədhüseyn xan “Müşaqi” ədəbi təxəllüsü ilə şeirlər yazmış, o dövrün ən məşhur şairləri ilə məktublaşmışdır.

Faciəli ölümü münasibəti ilə o dövrün ən məşhur şairlərindən biri olan Molla Vəli Vidadi özünün “Müsibətnamə” adlı məşhur müxəmməsini qələmə almışdır.

Salman Mümtaz, Məhəmmədhüseyn xanın özü tikdirdiyi məscidin – Xan məscidinin “mehrabı içində” dəfn edildiyini göstərib;

2021-ci il iyul ayının 3-də həmin yerdə – məscidin 1-ci mehrabın qarşısında, 1-2 metr qərb tərəfdə, insan sümükləri, bir ədəd güllə aşkar edilib.

Ədəbiyyat

  1. Məhəmmədhüseyn xan Müştaq / Salman Mümtazın redaktəsi ilə. — Azərbaycanı tədqiq və təəbbö cəmiyyəti. — Bakı, 1925.
  2. Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
  3. Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
  4. Aydın Məmmədov. Məhəmmədhüseyn xan Müştaqinin aqibəti. http://www.tarix.shaki.info. Şəki tarixi. Arxivləşdirilib (12 may 2021).

Həmçinin bax

Vikimənbədə Məhəmmədhüseyn xan ilə əlaqəli məlumatlar var.