Teymur Rüstəmov
Teymur Rüstəmov ( Rüstəmov Teymur Aslan oğlu; d. 17 noyabr 1960-cı il, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı tanınmış heykəltaraş, Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsinin müəlliflərindən biri. Görkəmli heykəltəraş və medalyer Aslan Rüstəmovun oğlu, Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı oğlu, tanınmış heykəltəraş Mahmud Rüstəmovun qardaşı, tanınmış bloger, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri Aytən Rüstəmovanın həyat yoldaşıdır.
Haqqında məlumatlar
1960-cı ildə Bakıda anadan olub.
Bakıda Əzim Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Yaradıcı işləri Azərbaycanda və başqa ölkələrdə təşkil olunmuş bir çox incəsənət sərgilərində nümayiş etdirilib və dəfələrlə mükafatlanıb.
Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsi, ümummilli lider Heydər Əliyevin abidəsi, Mirməmməd Cavadzadənin xatirə abidəsi onun, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovun birgə işidir.
2012-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.
2017-ci ildən Tacikistanda yaşayır və yaradıcı fəaliyyətini orada davam etdirir.