Pyotr Babayev
Pyotr Babayev (1883–1920) — azərbaycan əsilli məşhur Rusiya inqilabçısı və ictimai-siyasi xadimi, Moskva şəhər Sokolniki rayon sovetinin sədri.
Haqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
10 iyun (29 may) 1883-cü il tarixdə Rusiya İmperiyasının Ryazan quberniyasındakı Kasimov şəhərində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1891 – 1896-cı illərdə Kasimovda dördillik ibtidai təhsil alıb.
1896 – 1901-ci illərdə kiçik bir mexaniki zavodda şagird olub.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1904-cü ildə hərbi xidmətə çağırılıb. Baltik donanmasında xidmət etməyə başlayıb. Sonra səhhəti ilə əlaqədar donanmadan çıxarılaraq piyada qoşunlarında xidmət etməyə göndərilib. Rus-yapon müharibəsində (1904–1905) iştirak edib. Daha sonra iki il Yekaterinoslavdakı ehtiyatda olan Perekop alayının emalatxanasında yaxşı bir çilingər kimi xidmət edib. 1912-ci ildə hərbi xidmətdən tərxis olunub.
1914 – 1916-cı illərdə yenidən hərbi xidmətdə olub, Almaniya cəbhəsində vuruşub və Georgiyev xaçı ilə təltif olunub.
Siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
1905-ci ildə – Baltik donanmasında hərbi xidmətdə olarkən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasına üzv olub. Bundan sonra matroslar arasında aktiv siyasi təbliğatla məşğul olmağa başlayıb. Dəfələrlə həbs edilərək cəza kamerasında salınıb.
1917-ci il Fevral inqilabında aktiv fəaliyyət göstərib. 10 iyun 1917-ci il tarixdə Patron zavodunun əmək kollektivinin əksəriyyətinin səsi ilə (2848 nəfərdən 2357) Patron zavodunun Zavod komitəsinin üzvü seçilib. Bir neçə gündən sonra isə Petroqrad Fəhlə və Əsgər Deputatları Sovetinin üzvü seçilib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1901 – 1904-cü illərdə ixtisasına uyğun iş axtarmaq üçün əvvəl Volqaboyunu, sonra isə Şimali Qafqazı gəzmiş, müxtəlif yerlərdə ixtisassız fəhlə kimi qara işlərdə çalışmışdır. Bir müddət isə bir paroxodun əvvəl qazanxanasında ocaqçı, sonra isə həmin paroxodun maşinistinin köməkçisi olub.
1912-ci ildə hərbi xidmətdən tərxis edildikdən sonra həyat yoldaşı ilə birlikdə Moskvaya gedib və 1914-cü ilədək – yenidən hərbi xidmətə çağırılanadək, Sokolniki tramvay təmiri parkında çilingər işləyib.
1916-cı ilin əvvəllərində həm səhhətinə görə və həm də yüksək ixtisaslı mütəxəssis olduğuna görə cəbhədən geri çağırılaraq Petroqrad hərbi zavoduna işləməyə göndərilib.
1918-ci ildə bir müddət RK(b)P-nın əvvəl Tambov şəhər partiya komitəsinin, sonra isə Moskva şəhər Sokolniki rayon partiya komitəsinin katibi olub.
1919-cu ildə Moskva şəhər Sokolniki rayon sovetinin sədri seçilib və vəfatına qədər həmin vəzifədə çalışıb.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
25 aprel 1920-ci il tarixdə – 36 yaşında, Moskvada vərəmdən vəfat edib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Atası 1878-ci il Nuxa (indiki Şəki) fəhlə tətillərinin təşkilatçısı kimi Nuxadan Kasimova sürgün olunmuş Həkim Babayev, anası isə Kasimov sakinini olan Lyubov Qriqoriyeva adlı bir rus qadın idi. 1907-ci ildə hərbi xidməti başa çatdıqdan sonra Natalya Petrovna Kuznetsova adlı rus qadınla ailə qurub. Bu nikahdan Valentina adlı qızları doğulub.
Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
1922-ci ildə Moskvadakı məşhur Abrikosova şirniyyat fabrikinə Pyotr Babayevin adı verilib.
1984-cü ildə Azərbaycan KP MK Pyotr Babayevin anadan olmasının 100 illik yubileyini keçirmək barədə qərar qəbul etmişdir. Bu münasibətlə V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin 3 №-li filialına və Şəki rayonundakı üzümçülük sovxozuna Pyotr Babayevin adı verilmiş, Şəkidə onun adını daşıyan mədəniyyət və istirahət parkı salınmış və həmin parkda onun büstü qoyulmuşdur. Pyotr Babayevin Şəkidə keçirilmiş 100 illik yubiley tədbirində onun Moskvada yaşayan qızı Valentina Petrovna Bagina da iştirak etmişdir.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Babayev Pyotr // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 59-60. — 1.000 nüsx.;
- Salam A. Azərbaycan övladları, Rusiya övladları : Pyotr Babayev kim və haralı olub? : [arx. 24.04.2021] // www.anl.az. — 2014. — 27 fevral. — Müraciət tarixi: 05.10.2021..
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- P
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1883-cü ildə doğulanlar
- 10 iyunda doğulanlar
- İyunda doğulanlar
- 25 apreldə vəfat edənlər
- Apreldə vəfat edənlər
- 1920-ci ildə vəfat edənlər
- 4-cü dərəcəli Georgi xaçı kavalerləri
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə