Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İpək kombinatı (Şəki)

Şəki Ensiklopediyası səhifəsi
(V.İ.Lenin adına istehsal ipək birliyi səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search
Şəki ipək kombinatının idarə binası.

Şəki ipək kombinatı — Şəki şəhərində 1931-ci ildə fəaliyyətə başlamış və 2018-ci ildən “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsinin – “Azəripək” MMC-nin, idarəçiliyində olan sənaye müəssisəsi. Kombinatda baramaaçan, boyaq-bəzək, burucu, toxucu, pambıqəyirici, xalçaçılıq istehsal sahələri var[qeyd 1].

Haqqında məlulatlar[redaktə | HTML redaktə]

Tarixi[redaktə | HTML redaktə]

Kombinatın tikintisinə 1926-cı ildən başlanılıb. Tikinti üçün 1854-cü ildə Nuxada fəaliyyətə başlamış fransız ipək kompaniyasının yeri – “kompaniya” adlanan ərazi[qeyd 2] seçilib. Tikinti vaxtı işçi çatışmazlığı olduğu üçün tikintiyə başçılıq edən mühəndis Kibizov Şimali Qafqaza ezam olunub və oradan kombinatın tikintisinə 360 nəfər yeni işçi gətirib.

Kombinat 5 noyabr 1931-ci il tarixdə – Böyük Oktyabr sosialist inqilabının 14-cü ildönümü ərəfəsində təntənəli şəkildə fəaliyyətə başlayıb. İstifadəyə verilərkən əyirici sexində 162 dəzgah olub. Bir il sonra işə düşmüş toxucu sexində isə 126 dəzgah olub və həmin sex gündə 6 min 400 metr parça toxumaq gücünə malik idi.

1933-cü ildən kombinatın çoxtirajlı “İpəkçi” qəzeti nəşrə başlayıb.

1954-cü ildə boyaq-bəzək istehsalatı,

1968-ci ildə 754 dəzgahlı yeni toxucu istehsalatı istifadəyə verilib.

1975-ci ildə Şəki şəhərindəki ipək fabrikləri kombinatın tabeliyinə verilərək İ.Lenin adına Şəki İpək İstehsalat Birliyi təsis olunub və bundan sonra kombinat baş müəssisə, əvvəlki fabriklər isə filial adlanıb.

1981-ci ildə baş müəssisədə yeni boyaq-bəzək istehsalatı istifadəyə verilib.

1985-ci ildə V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin partiya komitəsi Azərbaycan KP Şəki şəhər partiya komitəsinin tabeliyindən çıxarılaraq birbaşa Azərbaycan KP-yə tabe edilib.

1986-cı ildə Şəki İstehsal İpək Birliyində 37,2 milyon metr parça istehsal edilib və SSRİ-də istehsal olunan ipək parçanın 19 %-ni bu müəssisə verib.

1990-cı illərin əvvəllərində Şəki İstehsal İpək Birliyində 7 min nəfərə yaxın, baş müəssisədə – ipək kombinatında, isə 3 min nəfərdən çox işçi çalışıb.

1990-cı illərin sonunda keçmiş Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi və filiallar ayrı-ayrılıqda özəlləşyməyə çıxarılıb.

Özəlləşmədən sonra Şəki ipək kombinatı “Şəki-İpək” ASC adı ilə əvvəl Azərbaycan Beynəlxalq Bankının, sonra isə “Azəripək” MMC adı ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tabeliyinə keçib.

2020-ci ildə kombinatda əsasən xam ipək istehsal edilib və bütün işçilərin sayı 200 nəfərdən çox olmayıb.

Rəsmi adları[redaktə | HTML redaktə]

  1. Nuxa Lenin adına İpək Kombinatı, yaxud, V.İ.Lenin adına Nuxa İpək Kombinatı (1931–1968);
  2. V.İ.Lenin adına Şəki İpək Kombinatı (1968–1975);
  3. V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin baş müəssisəsi (1975–1985);
  4. V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyinin baş müəssisəsi (1985–1991);
  5. Şəki “İpək” şirkətinin baş müəssisəsi (1991–1999);
  6. “Şəki-İpək” ASC (1999–2018);
  7. “Azəripək” MMC (2018-ci ildən).

Rəhbərlik[redaktə | HTML redaktə]

1931-ci ildə kombinatın ilk direktoru Labarkao olub. 1933-cü ildə Labarkao kombinatda işləyirdi, lakin direktor F.Məhəmmədov idi. 1937-ci ilin əvvəllərində isə direktor Ələşrəf Kərimov olub, lakin o, həmin ilin ortalarında həbs edilib. 1940-cı illərin sonu 1950-ci illərdə F.Məmmədov və Əjdərov, 1955 – 1957-ci illərdə Mustafa Qədimov, 1957 – 1960-cı illərdə Mehdi Hacıyev, 1960 – 1981-ci illərdə Tacəddin Əfəndiyev, 1981 – 1984-cü illərdə Yusif Abdurrahmanov, 1984 – 1989-cu illərdə İbrahim Mustafayev müəssisəyə rəhbərlik ediblər. 1990 – 1999-cu illər arasında, müxtəlif vaxtlarda Çingiz Əfəndiyev, Xalid Əliyev, İsmayıl Nəbiyev baş direktor vəzifəsini tutub. Özəlləşmə illərində — 1999 – 2003-cü illərdə, idarə heyəti sədri vəzifəsini əvvəl Teymurxan Şamilov, sonra Əlövsət Bəkirov, daha sonra Sabiq İmanov icra edib. Özəlləşmədən sonra Elman Qarayev (2003), Marat Əkbərov (2003 – 2011), Azad Şıxəliyev (2011–2015), Nizami Qəribov (2014–2018) “Şəki-İpək” ASC İdarə Heyətinin sədri olublar. 2018 – 2020-ci illərdə Nizami Qəribov, 2020 – 2022-ci illərdə isə Zaur Yaqubov “Azəripək” MMC-nin direktoru olaraq kombinata rəhbərlik edib. 2022-ci ilin may ayından Səməd Nəbiyev “Azəripək” MMC-nin direktor əvəzi kimi kombinata rəhbərlik edir.

Qeydlər[redaktə | HTML redaktə]

  1. 2020-ci ildə yalnız baramaaçan istehsalatı fəaliyyət göstərmişdir.
  2. Münkündür ki, həmin ərazi, əslində, 1841-ci ildə Nuxa şəhəri yaxınlığında salınmış və rus koloniyasının məskunlaşdırıldığı ipəkçilər məhəllələsinin – Çarabadın yeri olsun.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Kərimov Ə. İpək kombinatı necə yarandı (xatirələrim) (azərb.) // Nuxa fəhləsi : qəzet / Abbasov M.. — Şəki: Nuxa mətbəəsi, 1957. —6 sentyabr  c. — № 104 (5560). — Səh. 2.
  2. Şəki İpək İstehsal Birliyi // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 501. — 80.000 nüsx.