Veysəl Mustafayev (alim-pedaqoq)
Veysəl Mustafayev (1894–1975) — tanınmış alım-pedaqoq, pedaqoji elmlər namizədi və dosent. 1919 – 1920-ci illərdə Nuxada Müsavat partiyasının özək sədrinin müavini olması səbəbindən ömrünün sonunadək siyasi təqiblərə məruz qalmış, 1942-ci ildə Bakıdakı evi müsadirə olunmuş, bir müddət Qazaxıstanda sürgün həyatı yaşamış, geri döndükdə isə Bakıda ona ev və iş verilməmişdir. Nəticədə ömrünün sonunadək başqa respublikaların institutlarında işləmişdir. Bir sıra pedaqoji-metodik kitabların müəllifi yaxud redaktoru olub. O cümlədən həm azərbaycan dilində, həm də türkmən dilində “Əlifba” dərsliyinin müəllifidir. 1948-ci il oktyabrın 5-dən 6-na keçən gecə Aşqabad şəhərində baş verən zəlzələ zamanı xəsarət alanlara ilk yardım göstərmiş və uşaq bağçasının dağıntıları altında qalmış 11 – 12 uşağı xilas etmişdir.
Veysəl Mustafayev | |
---|---|
Mustafayev Veysəl Nurməmməd oğlu | |
Veysəl Nurməmməd oğlu Mustafayevin ehtimal edilən şəkli[qeyd 1]. | |
Doğum tarixi | 1894 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 1975 | (81 yaşında)
Təhsili | Azərbaycan Dövlət Universiteti, aspirantura, psixologiya ixtisası |
Evladı | Həmid Mustafayev |
Mükafatları | |
Adının digər versiyaları | Veysəl Mustafazadə, Veysel Mustafayev, Veysal Mustafayev, Veysel Mustafazade, Veysal Mustafazade, Вейсал Мустафаев, Вейсел Мустафаев, Вейсал Мустафазаде, Вейсел Мустафазаде, Вејсәл Мустафазадә |
Haqqında məlumatlar
1894-cü ildə Nuxada (indiki Şəki) anadan olub.
İctimai-siyasi fəaliyyəti
1 aprel 1917-ci il tarixdə Nuxada təsis edilmiş Hürriyyəti-Maarif Cəmiyyətinin təşkilatçılarından biri və idarə heyətinin üzvü,
1919 – 1920-ci illərdə Müsavat partiyasının Nuxa özək sədrinin müavini olub.
1920-ci ildə Azsərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Dağıstana qaçıb. Geri dönən kimi həbs edilib, amma 3-4 aydan sonra buraxılıb.
1935-ci ildən başlayaraq siyasi təqiblərə məruz qalıb;
1937-ci ildə işdən çıxarılıb və 7 ay işsiz qalıb. Lakin sonra yenidən işə qəbul olunub.
1942-ci ildə siyasi təqiblərə məruz qalıb; 24 saat ərzində mənzili əlindən alınıb, ev əşyaları küçəyə atılıb, xəstə arvadı ilə birlikdə Şimali Qazaxıstan vilayətinə inzibati qaydada sürgün edilib. Bu zaman hətta onlara 7 – 9 yaşında olan iki işaqlarını görməyə də imkan verilməyib.
1946-cı ildə Bakıya geri dönüb. Lakin mənzili geri qaytarılmayıb və ona ixtisası üzrə iş verilməyib. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlarını Bakıda qoyub başqa respublikalarda iş axtarmağa gedib.
1948-ci ilin sentyabrında Çardcou Pedaqoji İnstitutunda (Türkmənistan SSR) işləməyə başlayıb. Lakin Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları bunu bilən kimi onu işdən çıxartdırıblar. Veysəl Mustafayev Sov.İKP MK-ya edib və bundan sonra işinə bərpa olunub.
Təhsili
Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirib.
Əmək fəaliyyəti
1912-ci ildən ibtidai məktəblərdə müəllim işləyib.
1920 – 1926-cı illərdə Nuxa nümunə zəhmət məktəbinin müdiri,
1926 – 1929-cu illərdə Azərbaycan Dövlət Universitetinin elmi işçisi,
1930 – 1937-ci illərdə Azərbaycan Ali Pedaqoji İnstitutunun dosenti və eyni zamanda pedaqogika üzrə elmi tədqiqat institutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
1937 – 1941-ci illərdə Azərbaycanın rayonlarında həkim işləyib.
1948 – 1952-ci illərdə Çardcou Pedaqoji İnstitutunda, Aşqabad Pedaqoji İnstitutunda (Türkmənistan SSR) və Türkmənistan Dövlət Universitetində,
1954-cü ilin sentyabrından Saransk Pedaqoji İnstitutunun (RSFSR, Mordoviya MSSR) pedaqogika kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyəti
1929-cu ildə o, universitetin privat-dosenti təsdiq edilib.
1948 – 1952-ci illərdə Türkmənistanda işləyərkən namizədlik dissertasiyasını müdafiə edib.
Təltif və mükafatları
Vəfatı
1975-ci ildə – 81 yaşında, Bakıda vəfat edib.
Qeydlər
- ↑ Bu şəkil 2012-ci ildə çap olunmuş “Unutdurulmuş azman – Əliabbas Qədimov” kitabının 124-cü səfifəsində verilib (Tahirzadə Ə., Manaflı H., 2012). Lakin mümkündür ki şəkildəki şəxs Veysəl Nurməmməd oğlu Mustafayev yox, əslində Veysəl Məmmədkərim oğlu Mustafayevdir.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Veysəl // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 425-427. — 1.000 nüsx.
- Mete Ə. Məslək mücahidi : Alimin taleyi // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 384-388. — 500 nüsx.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. — Səh.: 124. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 Apr 2021 - 23 May 2022.
- Tahirzadə Ə., Manaflı H. Unutdurulmuş azman – Əliabbas Qədimov. — Bakı: Apostroff, 2012. — Səhifələrin sayı: 204. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Apr 2021 - 23 May 2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |