Nərgiz Əsgərzadə
Nərgiz Əsgərzadə (1929–2016) — memarlıq elmləri namizədi və Azərbaycan SSR əməkdar arxitektoru.
Haqqında məlumatlar
15 avqust 1929-cu il tarixdə Bakıda pedaqoq ailəsində anadan olub.
Təhsili
1951-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib.
Əmək fəaliyyəti
1971 – 1990-cı illərdə Azərbaycan SSR Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin direktor müavini olub.
1990 – 2007-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Həmçinin mərkəzdəki “El sənətləri” qrupuna da rəhbərlik edib.
2007-ci il avqustun 1-də görmə qabiliyyətinin zəifləməsi səbəbindən öz xahişi ilə işdən çıxıb.
Elmi fəaliyyəti
1961-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək memarlıq elmləri namizədi elmi dərəcəsi alıb.
4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar arxitektoru” fəxri adı (3 oktyabr 1986).
İctimai aktivliyi
Azərbaycan SSR EA Partiya komitəsi katibinin müavini, daha sonra Azərbaycan SSR EA Qadınlar Şurasının sədri olmuşdur.
Digər
2007-ci ildə səhhəti ilə bağlı olaraq, öz xahişi ilə AMEA Şəki Regional Elmi Mərkəzində işdən azad edilmiş, lakin şəxsi kitabxanasını AMEA Şəki Regional Elmi Mərkəzinə bağışlamışdır.
Vəfatı
1 oktyabr 2016-cı il tarixdə – 87 yaşında, Bakıda vəfat edib. Şəkidə dəfn olunub.
Ailəsi
- Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
- Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
- Bacı-qardaşları: Ruhəngiz və Firəngiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
- Həyat yoldaşı: Məmməd Rəhimov – ixtisasca mühəndis-energetik idi. Atası Şəkidə fabrik sahibi olmuşdu.
- Uşaqları: Nigar – memar; Nicat – ingilis dili mütəxəssisi, müsiqiçi.
Xatirə gecəsi
20 Fevral 2017-cı il tarixdə Azərbaycan Memarlar İttifaqının binasında Nərgiz Əsgərzadənin xatirə gecəsi keçirilmişdir. Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Əsgərzadə ilə birlikdə işləmiş həmkarları, eləcə də qohumları və ailə dostları iştirak ediblər. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlamış, Əsgərzadənin xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirmişdir. Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əsgərova Nərgiz Saleh qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 146-147. — 1.000 nüsx.;
- Nərgiz Əsgərzadənin xatirə gecəsi : [arx. 14.08.2021] // Azərbaycan Memarlar İttifaqı. — 2017. — 20 fevral. — Müraciət tarixi: 14.08.2021.
- Əməkdar memar Nərgiz Əsgərzadə : [arx. 14.08.2021] // “Şəki bələdiyyəsi” qəzetinin saytı. — 2016. — 2 oktyabr. — Müraciət tarixi: 14.08.2021.
- Firəngiz Əsgərzadə, Bizim nəsil.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
- 1929-cu ildə doğulanlar
- 15 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar arxitektorları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə