Vaqif Kərimov

Şəki Ensiklopediyası səhifəsi
WikiSysop (Müzakirə | töhfələr) (Səhifəni 'Kateqoriya:V{{Şəxs |Adı = Vaqif Kərimov |Orijinal adı = Vaqif Əhməd oğlu Kərimov |Şəkil = Vaqif_Kərimov.png |Şəklin ölçüs...' ilə yarat) tərəfindən edilmiş 17:12, 27 mart 2020 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)
Jump to navigation Jump to search
Vaqif Kərimov
Vaqif Əhməd oğlu Kərimov
Vaqif Kərimov
Anadan olub 8 dekabr 1940 (1940-12-08) (83 yaş)
Anadan olduğu yer Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Nuxa
Atası Əhməd Kərimov
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutu
Tanınır Şəkidə mədəniyyətin canlı ensiklopediyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı

Vaqif Kərimov – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi[1]. Təqaüddə olan görkəmli mədəniyyət xadimi, Şəki Veteranlar Şurasının məsul katibi. Azərbaycanın mədəniyyət tarixinə dair onlarla məqalənin müəllifi. Şəki Ensiklopediyası redaksiya heyətinin üzvü. Fitri hafizəsinə görə "Şəkidə mədəniyyətin canlı ensiklopediyası" kimi tanınır[2]. .

Həyat və fəaliyyəti

Vaqif Əhməd oğlu Kərimov 1940-cı il dekabrın 8-də Şəki şəhərində anadan olub. Uşaq ikən incəsənətə böyük həvəs göstərib. Əvvəlcə rayon pionerlər evində İbad Salmanovun rəhbərlik etdiyi tar dərnəyində, təhsil aldığı şəhər 10 saylı orta məktəbin dram dərnəyində sənətin ilk sirlərini öyrənib. Əməkdar artist Məmmədkəbir Hacıoğlunun rəhbərlik etdiyi rayon Mədəniyyət evinin dram dərnəyində həvəskar aktyor kimi çalışıb. 1958 - ci ildə orta təhsilini başa vuraraq Şəki ipək kombinatında əmək fəaliyyətinə başlayıb. 1958-1960-ci illərdə kombinatın klubunda görkəmli xanəndə və aktyor Yunis Qarabağlının rəhbərlik etdiyi “İpəkçi” xalq çalğı alətləri ansamblında tar ifaçısı, həmçinin həvəskar aktyor kimi çıxış edib. 1960-1965-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsində oxuyub, görkəmli incəsənət xadimləri Mehdi Məmmədov, Əjdər Sultanov, Şəfiqə Axundova, Kərim Kərimov, Rahib Hüseynov, Adilə İsmayılova, Müxlis Cənizadə kimi sənətkarlardan dərs alıb.

1965-ci ildə ali təhsilini başa vuraraq təyinatla Şəki şəhər Mədəniyyət şöbəsi nəzdində fəaliyyət göstərən Xalq Teatrının rejissoru kimi əmək fəaliyyətini davam etdirib. Teatra Vaqif Kərimovun rejissorluğu ilə Süleyman Sani Axundovun “Laçın yuvası”, Salam Qədirzadənin “Şirinbala bal yığır”, Yusif Əzimzadənin “Anacan”, Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə”, Mirzəağa Atəşin “Günəşi söndürmək olmaz” əsərləri uğurla tamaşaya qoyulub.

1966-1970-ci illərdə Məhəmməd Füzuli adına Şəki şəhər mədəniyyət və istirahət parkının direktoru işləyib. Daha sonra, 1971-1975-ci illərdə rayon Mədəniyyət evinin bədii rəhbəri vəzifəsində çalışıb. Həmin illərdə Vaqif Kərimovun təşəbbüsü ilə “Zirvə” vokal instrumental və “Səbuhi” xalq çalğı alətləri ansamblları təşkil olunub. 1972 - ci ildə Şəkidə Novruz bayramının keçirilməsində böyük zəhməti olub. 1975-ci ildə Şəkidə Sabit Rəhman adına Dövlət Dram Teatrı fəaliyyətə başlayanda Vaqif Kərimov teatrda Quruluş hissə müdiri vəzifəsinə təyin olunub. Onun təşəbbüsü ilə Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmiş bir qrup gənc Şəki teatrında işləməyə gəlib.

Müxtəlif illərdə bir neçə bədii filmdə də “Arxadan vurulan zərbə” (Azərbaycanfilm), “Təyyarə yerə enmədi” (Özbəkfilm), “Amfibiya adam” (Lenfilm) epizodik rollarda çəkilib. Görkəmli aktyorlar İsmayıl Dağıstanlı, Nəsibə Zeynalova, Yusif Vəliyev, Lütfəli Abdullayev, Səyavuş Aslan, Sədayə Mustafayeva, Məmməd Bürcəliyev və başqaları ilə tərəf-müqabili olub.

1978-ci ildə Mirzə Fətəli Axundov adına şəhər Mədəniyyət evinə direktor təyin edilib. Həmin il “Zirvə” vokal - instrumental ansamblı Moskvada SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində baxış-müsabiqədə uğurla çıxış edərək qızıl medala layiq görülüb. “Zirvə” vokal-instrument ansamblı və “Səbuhi” xalq çalğı alətləri ansamblı dəfələrlə Moskvada ümumittifaq və Bakıda respublika əhəmiyyətli tədbirlərdə – məhsul, əmək və incəsənət bayramları, kənd günləri, gülüş bayramı kimi mədəni-kütləvi tədbirlərdə uğurla çıxış edib.

Vaqif Kərimovun təşkilatçılığı ilə 1978-ci ildən başlayaraq hər il rayon Mədəniyyət evində bədii özfəaliyyət kollektivlərinə “Novruz təranələri” devizi altında baxış müsabiqəsi keçirilməyə başlayıb. Müxtəlif illərdə həmin baxış müsabiqələrində çıxış etmiş ifaçılar (Könül Xasıyeva, GülyazGülyanaq Məmmədovalar, Əbülfət Nəzərli, Nüşabə Ələsgərli və s.) sonadan tanınmış sənətçilər kimi populyarlıq qazanıblar.

Azərbaycan müstəqillik qazandıqdan sonra da Vaqif Kərimovun zəhməti sayəsində Şəkinin mədəniyyət kollektivləri respublika və beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısı olublar. “Zorxana” xalq rəqs ansamblı 1995-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən Beynəlxalq folklor festivalında, “Zirvə” ansamblı və “Ailəsirk” pəhləvan kollektivi 1996-cı ildə Türkiyənin Eşmə şəhərində keçirilən Beynəlxalq Sənət və Kilim Festivalında uğurla çıxış edib. “Zirvə” ansamblı 2007 - ci ildə Rostov vilayətində MDB ölkələrinin Dostluq Festivalında respublikamızı təmsil edib. 2007-ci ildə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə zona üzrə muğam müsabiqəsinin keçirilməsində Vaqif Kərimov da təşkilati bacarığını əsirgəməyib. 2006-2014-cü illərdə Şəkidə keçirilən “Sənətkarlar günü”, “Şəki qədim sivilizasiyalar diyarı”, “Kulinariya bayramı”, “İpək yolu” Beynəlxalq musiqi festivalı, “Milli nəfəs alətləri bayramı”, hər il Şəkidə keçirilən milli atüstü oyunların təşkilində Vaqif Kərimov yaxından iştirak edib.

Vaqif Kərimov dəfələrlə SSRİ Mədəniyyət Nazirliyinin, Azərbaycan SSR Mədəniyyət Nazirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyətinin diplom, fəxri fərman, pul mükafatları ilə təltif olunub. Azərbaycan Televiziyası ASC-nin “Telefilm” Yaradıcılıq Birliyi tərəfindən 2004-cü ildə Vaqif Kərimova həsr olunmuş “Yaxşı adam” adlı sənədli film çəkilib.

Vaqif Kərimov 2013-cü il fevralın 1-də yaşı ilə əlaqədar təqaüdə çıxmış, 30 may 2014-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

İstinadlar