Aslan Rüstəmov
Aslan Rüstəmov — tanınmış heykəltəraş və ilk azərbaycanlı medalyer, Azərbaycan Respublikasının əməkdar rəssamı; bir sıra monumental və dekorativ-monumental heykəltəraşlıq işlərinin, xatirə lövhələrinin, barelyeflərin, həmçinin, Moskva və Leninqrad zərbxanalarında tökülmüş 24 müxtəlif xatirə medalının, 35-ə yaxın sərgi medalının müəllifidir.
Aslan Rüstəmov | |
---|---|
Rüstəmov Aslan Mahmud oğlu | |
Aslan Rüstəmov. | |
Doğum tarixi | 23 sentyabr 1932 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Təhsili |
• Əzim Əzimzadə adına Rəssamlıq məktəbi (1948–) • Moskva Ali Rəssamlıq-Sənaye Məktəbi (keçmiş Stroqanovski, 1953–1960) |
Mükafatları | |
Uşaqları | Teymur Rüstəmov və Mahmud Rüstəmov |
Bakı şəhərindəki məşhur “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının və “Ana harayı” abidəsinin müəlliflərindən biridir.
Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı, tanınmış heykəltəraşlar – Mahmud və Teymur Rüstəmovların isə atasıdır.
Haqqında məlumatlar
23 sentyabr 1932-ci il tarixdə Bakıda anadan olub. Valideynləri cəmi bir neçə il idi ki Nuxadan (indiki Şəki) Bakıya köçmüşdülər.
Təhsili
1948-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olub.
1953 – 1960-cı illərdə Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alıb.
Yaradıcılığı
1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2019-cu ilədək iki fərdi yaradıcılıq sərgisi keçirilib.
Heykəltəraşlıq işləri
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi
Aslan Rüstəmov hələ 1960-cı ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbinin tələbəsi olarkən, həmin vaxt SSRİ Rəssamlıq Akademiyası nəzdində Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alan Albert Mustafayev və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücəddinovla birlikdə “Bəhram Gur əjdahanı öldürür” adlı bir fontan-kompozisiyası hazırlayıb Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etmişdilər. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənmiş, onu bürüncdən tökdürərək Bakının ən görməli yerlərindən birində ucaltdırmışdır.
Digər heykəltəraşlıq işləri
- Şamaxıda: Seyid Əzim Şirvaninin mərmərdən yonulmuş qəbirüstü abidəsi;
- İstisu qəsəbəsində (Kəlbəcər rayonu): Nəriman Nərimanovun qranitdən hazırlanmış büstü və Qəzənfər Musabəyovun heykəli – 1990-cı illərədək (ermənilər tərəfindən dağıdılıb);
- Güləbird kəndində (Laçın rayonu): Sarı Aşığın abidəsi – 1990-cı illərədək (ermənilər tərəfindən dağıdılıb);
- Rusiyanın Ulyanovsk şəhərində: Nəriman Nərimanovun qırmızı mərmərdən yonulmuş heykəli – 1977-cı il;
- Şəkidə: Sabit Rəhmanın büstü və Rəşid bəy Əfəndiyevin ev muzeyində Rəşid bəy Əfəndiyevin büstü;
- Bakıda: Vasif Adıgözəlovun xatirə lövhəsi – 2020-ci ildə açılışı olub;
- Şuşada: Bülbülün ev-muzeyinin həyətindəki Bülbülün yeni qoyulmuş büstü – 29 avqust 2021-ci il tarixdə açılışı olub.
Oğlu Mahmud və Teymur Rüstəmovlar ilə birlikdə
- Bakıda: Heydər Əliyevin büstü (Milli Aviasiya Akademiyası), Xocalı faciəsini təcəssüm etdirən “Ana harayı” abidəsi, Mirməmməd Cavadzadənin qəbirüstü abidəsi (Fəxri xiyaban);
- Goranboyda: “Xocalı faciəsi” abidəsi;
- Həştərxanda (Rusiya): Müslüm Maqomayevin büstü.
Oğlu Mahmud Rüstəmovla birlikdə
- Şuşada: Üzeyir Hacıbəylinin heykəli – 29 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən açılışı olub.
Heykəltəraşlıq işlərinin fotoşəkilləri
Medalyer fəaliyyəti
1958-ci ildə – Moskva Ali Rəssamlıq-Sənaye Məktəbində təhsil alarkən, əvvəlcə Məhəmməd Füzuliyə həsr olunmuş medal üzərində işləyib. Onun Leninqrad Zərbxanasında tuncdan tökülmüş ilk işi Əhməd Salikovla birgə 1965-ci ildə hazırladığı Müslim Maqomayevin 80 illiyinə həsr olunmuş xatirə medalıdır. 1977-ci ildə Budapeştdə keçirilən Ümumdünya medalyer sərgisində Əcəmi Naxçıvaniyə həsr olunmuş medalı nümayiş etdirilmiş və beynəlxalq kataloqa salınmışdır. 1979-cu ildə Macarıstanın Neyhauzel şəhərində keçirilən simpoziumda isə hazırladığı on medal sərgidə nümayiş etdirilmişdir. Bu medallardan ikisi həmin şəhərin muzeyi tərəfindən, “Nizami” medalı isə Moskva Dövlət Tarix Muzeyi tərəfindən satın alınmış və həmişəlik olaraq həmin müzeylərin daimi ekspozisiyaya daxil edilmişdir.
Hazırladığı medalların fotoşəkilləri
Təltif və mükafatları
- “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adı (2021).
Ədəbiyyat
- Гармония арт-искусства семьи Рустамовых : [arx. 24 Aug 2017 - 14 Apr 2021] : [rus.] // Блог Бахрама Багирзаде. — Müraciət tarixi: 15.11.2021.
- Səfərli Ç. Ermənilər Qarabağda müəllifi olduğum üç abidəni dağıdıblar - Üzeyir Hacıbəyovun heykəlinin müəllifi : [arx. 26.11.2021] // Trend News Agency. — 2021. — 30 avqust. — Müraciət tarixi: 26.11.2021.
- Məmmədov A. Bəhram Gurdan Üzeyir Hacıbəyliyə və Bülbülədək uzun sənət yolu : [arx. 26.11.2021] // Mədəniyyət qəzeti. — 2021. — 26 noyabr. — Müraciət tarixi: 26.11.2021.
- Məmmədov A. Bəhram Gurdan Üzeyir Hacıbəyliyə və Bülbülədək uzun sənət yolu // Mədəniyyət : qəzet. — 2021. — В. 26 noyabr. — № 88 (1865). — Səh. 7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 noyabr 2021.
Videolar
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |