"Şəki rayonu" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
− | + | ||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
− | |||
'''Şəki rayonu''' — [[Azərbaycan|Azərbaycan Respublikası]]nda inzibati – ərazi. | '''Şəki rayonu''' — [[Azərbaycan|Azərbaycan Respublikası]]nda inzibati – ərazi. |
01:38, 16 noyabr 2020 versiyası
Şəki rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi.
Tarixi
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Orta əsrlərə aid mənbələrdə onun adı Şaki, Şəka, Şakki və.s. kimi adlandırılmışdır.
Şəki şəhəri uzun müddət Nuxa da adlanmışdır. Qədim müəlliflərdən biri olan Ptolomey Alban şəhərləri içərisində "Niqa" adlı yaşayış məntəqəsinin olduğunu qeyd etmişdir. A.Bakıxanovun yazdığına görə Nuxa şəhəri yerinin vəziyyətinə görə həmin Naxiya və Naciya şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayilirdi. A.Y.Krimski Niqanın sonrakı Nuxa olması mülahizəsinə şərik çıxır.
Lakin XIX əsrin başlanğıcında həmin mülahizənin əlehdarları da var idi. Akademik V.Dorn belə hesab edirdi ki, Niqa Liberiya ilə Alazan arasında olan sahədə yerləşirdi və onu Nuxa ilə eyniləşdirmək olmaz. "Nuxa" sözünün antik dövürdən bəlli olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir.
Şəki adı eramızdan əvvəl VII əsrdə Qara dənizin şimal sahillərində Dərbənd keçidi vasitəsilə Cənubi Qafqaza, oradan da Kiçik Asiyaya hərəkət edən sak tayfalarının adı ilə bağlıdır. Onlar Cənubi Qafqazda ən yaxşı torpaqları tutaraq bu yerlərə Sakasena adını verdilər. Sakların məskunlaşdığı ərazilərdən biri də Şəki idi.
I əsrdə Şəki Qafqaz Albaniyasının ən iri şəhərlərindən birinə çevrildi. Şərq kilsələrinin anası hesab olunan qədim Kiş Alban məbədi də məhz bu ərazidə yerləşirdi. İnzibati cəhətdən Qafqaz Albaniyası 11 vilayətə bölünürdü. Bunlardan biri də Albaniyanın şimal-qərbində yerləşən Şəki vilayəti idi. Ərəb istilası ərəfəsində Şəki Azərbaycanın mühüm siyasi və iqtisadi əhəmiyyətə malik olan şəhərlərindən biri oldu. Ərəb işğalları nəticəsində Şəki əyaləti III əmirliyin tərkibinə daxil edildi. Xilafətin zəiflədiyi bir dövrdə Şəkidə müstəqil knyazlıq yarandı.
XIV əsrin I yarısında Hülakilər dövləti iflasa uğradıqdan sonra Şirvanşahlar dövləti ilə yanaşı Şəki də müstəqillik qazandı və Orlat nəsli hakimiyyətə gəldi. 1551-ci ildə şah Təhmasib Şəkinin müstəqilliyinə son qoydu. Şəki Səfəvilər dövlətinə birləşdirildi. 1743-cü ildə yaranmış Şəki xanlığı Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti idi.
1772-ci ildə Kiş çayınin daşması nəticəsində qədim Şəki şəhəri demək olar ki, tamamilə məhv olmuş, şəhər əhalisinin bir qismi tələfata uğramış, bir qismi başqa yerlərə köçüb getmiş, bir qismi indiki şəhərin yerləşdiyi ərazidə məskən salmışdı.
1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan vassal asılılığına düşdü. 1813-cü il Gülüstan sülh müqaviləsi ilə ərazi qəti şəkildə Rusiyaya birləşdirildi. 1819-cu ildə Şəkidə xan üsul-idarəsi ləğv olundu. Xanlığın əvəzinə Şəki əyaləti yaradıldı.
1840-cı ildə Kaspi vilayətinin tərkibində Şəki qəzası yaradıldı. Qəza 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil oldu və Nuxa qəzası adlandırıldı.
XIX əsrin II yarısında çar hökumət orqanları şəhəri idarə etmək üçün onu iki məhəlləyə Şəki və Qışlaq məhəllələrinə böldü. Bu dövrdə Qışlağın ərazisi hələ şəhər ərazisi ilə birləşməmişdi. Qala, qala ətrafı, ticarət və sənaye müəssisələri olan hissəsi şəhərin mərkəzi hesab olunur və iki hissəyə bölünürdü: yuxarı və ya ticarət hissəsi, aşağı və ya erməni hissəsi. Şəhər ətraflı hissələri Yuxarıbaş, Gəncəlibaşı və Nuxa -Qışlaq hesab edilirdi. Yuxarıbaş hələ XVIII əsrin sonu XIX əsrin əvvəllərində, Qaladan şərqə doğru salınmışdı.
Şəki ərazisi getdikcə böyüdüyü üçün çar hökumət orqanları şəhərdə əlavə iki inzibati məhəllə yaratdı və 1860-1865-ci illərdə şəhər artıq iki məhəlləyə deyil, 4 məhəlləyə bölünürdü. Birinci məhəlləyə Qala və onun ətraf yerləri, ikinci məhəlləyə şəhər ətrafları daxil edilmişdi və buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul idi. Üçüycü məhəlləyə dabbaqxana daxil idi. Buraya başqa sənətkarlıq sahələri, o cümlədən boyaqçılıq daxil idi. Dördüncü məhəllə haqqında sənədlər məlumat vermir. Görünür bu məhəlləyə tacir və sənətkarların yerləşdiyi baş küçə və onun ətrafları daxil idi.
1859-cu ildə Nuxa qəzası Bakı quberniyasının, 1868-ci ildə isə Yelizavetpol quberniyasının tərkibinə daxil edildi.
1920-ci il may ayının 5-də Şəkidə sovet hakimiyyəti quruldu. 1930-cu ildə Azərbaycan SSR-nin inzibati ərazi bölcüsündə dəyişiklik edildi və Nuxa rayonu təşkil edildi. 1963-cü il yanvar ayının 4-də Nuxa rayonu ləğv edilərək ərazisi Vartaşen rayonuna verildi, respublika tabeçiliyində Nuxa şəhəri yaradıldı. 1965-ci ildən yenidən müstəqil Nuxa rayonu təşkil edildi. 1968-ci ildən ərazi Şəki şəhəri adlanmağa başladı.
Tarixi abidələri
Şəki şəhəri Azərbaycan tarixində mühüm yer tutur. Şəhərdə XVIII əsrə aid Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi; XVIII-XIX əsrlərə aid Aşağı karvansaray, Yuxarı karvansaray; XIX əsrdən qalan Ağvanlar hamamı vardır. Rayonda VI əsrə aid "Gavur" qalası; orta əsrlərə aid Qudula qala yeri; Aydınbulaqda Ağcaqala qülləsi; Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi, XV əsrdən qalan "Gələrsən görərsən" qalası qorunur.
Coğrafi mövqeyi
Böyük Qafqazın cənub yamacında yerləşir. Mərkəzi Şəki şəhəridir. Şəki rayonunun şimalı Baş Qafqaz silsiləsinin cənub yamaclarına, mərkəzi hissəsi Qanıx-Əyriçay vadisinə, cənubu Acınohur alçaq dağlığına daxildir. Baş Qafqaz silsiləsindən cənuba doğru Qaflan, Layski, Qaraquzey, Qızılçay köndələn tirələri ayrılır. Dağlar arasında Şəki rayonunda Acınohur çökəkliyi (100–200 m) və Şəki yaylası (200–400 m) ayrılır. Mütləq hündürlük Baş Qafqaz silsiləsinin suayrıcısında 3683 m-ə qədər yüksəlir.
Şəki şimal-şərqdə Dağıstanla həmsərhəddir. Yevlax-Balakən dəmiryol və avtomobil yolları Şəkinin ərazisindən keçir.
Şəki rayonunun xəritəsi
Relyefi
Şəki dəniz səviyyəsindən 500–850 m hündürlükdə yerləşir. Baş Qafqaz silsiləsinin qarlı zirvələrinin yüksəkliyi bəzi yerlərdə 3000–3500 m-ə çatır. Dağlarda Yura, Təbaşir, dağ ətəklərində Neogen və Antropogen çöküntüləri yayılmışdır.Şəki Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz dağlarının cənub yamacında, dəniz səviyyəsindən 632 m yüksəklikdə yerləşir. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, zəngin meşə örtüyünə malikdir.
Qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən meşə, boz qonur torpaqlar geniş yayılmışdır. Meşələrdə palıd, fıstıq, qoz ağacları üstünlük təşkil edir. Heyvanat aləmi zəngindir.
Füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlıq, zəngin tarixi-mədəni irsin qorunması nəticəsində Şəki Azərbaycanın mühüm turizm regionuna çevrilmişdir.
Təbiəti
Şəkinin təbiəti çox rəngarəngdir.
İqlimi
Günəşli saatların illik miqdarı 2350 saatdır. Günəşli saatların 40 %-i yay aylarının payına düşür. İl ərzində 1 kvadrat santimetr yer səthinə 122 kkal günəş radiasiyası düşür. Şəkinin iqliminə siklon və antisiklonlar, müxtəlif hava kütlələri və yerli küləklər təsir edir. Qışda arktik və mülayim hava kütlələrinin əraziyə daxil olması havanın isti keçməsinə səbəb olur. Yayda Şəkidə dağ-dərə yerli küləkləri əmələ gəlir. Buna səbəb dağ ilə dərə arasında təzyiq fərqinin yaranmasıdır. Böyük Qafqaz silsiləsi şimaldan gələn soyuq küləklərin qarşısını kəsir. Buna görə Şəkidə yanvar temperaturu 0,5 C olur. Şəkidə orta illik temperatur 12 C-dir. İyun, avqust aylarında orta temperatur 20-25 C arasında dəyişir.
Güclü küləklər (sürəti 15 m/san çox) Şəkidə seyrək hallarda əsir, il ərzində cəmi 10-12 gün güclü külək olur. Sürəti saniyədə 1 metrdən az olan külək Şəkidə tez-tez müşahidə olunur. Yağıntının miqdarı ilə 730 mm-dir. Bunun yarısı may, iyun, sentyabr, oktyabr aylarında yağır. Ən azı yağıntı avqust (35 mm), yanvar (29 mm) və fevralda (36 mm) olur. Kiş kəndində 775 mm, Xan yaylağında 1000 mm-dən artıq yağıntı düşür. Sel, tufan, güclü dolu kimi təbiət hadisələri Şəkidə və onu əhatə edən dağ və düzənliklər üçün səciyyəvidir.
Sel hadisəsi daha tez-tez müşahidə edilir. Yatağı şəhərin qərb hissəsində yaxın olan Kiş çayı hövzəsi dünyanın ən güclü sel gedən yerlərindən biri sayılır. Quruçay adlanan yerdə Kiş çayının gətirmə konusuna uzun illər boyu dağlardan qum, daş, palçıq toplanmış olduğundan onun mərkəzi hissəsi şəhərin Dodu məhəlləsinə nisbətən hündürdür.Tufan və dolu atmosfer hadisələrinin burada sıx əlaqəsi vardır. Dağlıq relyef, yay aylarında güclü qızma və yüksək buxarlanma Şəkidə dolu hadisələrinin əsas amilləridir. Şəkidə dolu olan günlərin orta illik sayı 1,4-dür, yəni 10 ildə 14 dəfə dolu yağır.
Dəniz səviyyəsindən 500–850 m hündürlük, ətrafında olan dağ meşələri şəhərin qızmasının qarşısını alır. Dağ meşələri şəhərin sellərdən qorunmasına imkan verir, şəhərin mənzərəsini daha da gözəlləşdirir. Çimli dağ-çəmən, qonur dağ meşə, qəhvəyi dağ meşə, çəmən-meşə, boz qonur torpaqlar yayılmışdır. Meşələrdə palıd, fıstıq, vələs ağacları geniş sahə tutur. Heyvanat aləmi zəngindir.
Şəhərin əsas çayları Kiş və Qurcana çaylarıdır. Kiş Əyriçayın çağ qolu olub uzunluğu 33 km, hövzəsinin sahəsi 265 kvadrat kilometrdir. Baş Qafqaz silsiləsinin cənub yamacından 2900 metr yüksəklikdən başlayır. Zaqafqaziyanın ən selli çaylarından biridir. Yuxarı axında Damarçın adlanır.
İri yaşayış məntəqələri
Rayonda 1 şəhər, 2 şəhər tipli qəsəbə və 68 kənd vardır.
Əhalisi
01.01. 2017-ci il tarixə Şəki rayonunun əhalisi 184172 nəfərdir. Onlardan 68360 nəfəri şəhər, 115812 nəfəri kənd ərazisində yaşayır. Rayonda 309 şəhid ailələri, 183 Qarabağ Müharibəsi əlilləri, 12 nəfər II Dünya Müharibəsi Veteranı var. Rayonun 13 nəfər sakini Azərbaycan Respublikasının Əməkdar Fəxri adına layiq görülüb, 1142 nəfər Prezident Təqaüdçüsüdir. Şəki rayonunda 1764 qaçqın və 4949 məcburi köçkün məskunlaşmışdır. Əmək fəaliyyəti ilə məşğul olanlar 86115 nəfər təşkil edir. Təhsil alanların sayı 29694, təqaüdçülərin sayı 25957 nəfərdir.
Etnik tərkibi
Etnik qrup |
1999[1] | 2009[2] | ||
---|---|---|---|---|
Sayı | % | Sayı | % | |
Cəmi | 157 353 | 100.00 | 170 733 | 100.00 |
Azərbaycanlılar | 148 862 | 94.60 | 163 092 | 95.52 |
Ləzgilər | 7 469 | 4.75 | 7 152 | 4.19 |
Ruslar | 231 | 0.15 | 121 | 0.07 |
Türklər | 45 | 0.03 | 26 | 0.02 |
Kürdlər | 47 | 0.03 | 26 | 0.02 |
Avarlar | 15 | 0.01 | 14 | 0.01 |
Tatarlar | 61 | 0.04 | 10 | 0.01 |
Ukraynalılar | 128 | 0.08 | 6 | 0.00 |
Gürcülər | 13 | 0.01 | ... | ... |
Ermənilər | 7 | 0.00 | ... | ... |
Digərləri | 475 | 0.30 | 286 | 0.17 |
Görkəmli şəxsləri
- Mirzə Fətəli Axundzadə — yazıçı-dramaturq, ictimai xadim
- Bəxtiyar Vahabzadə — Şair
- Molla Cümə — Şair
- Əhmədiyyə Cəbrayılov — II Dünya Müharibəsi iştirakçısı, partizan
- Gülyanaq Məmmədova — Azərbaycan xalq artisti
- Gülyaz Məmmədova — Azərbaycan xalq artisti
- Mikayıl Cəbrayılov — Azərbaycanın Milli Qəhrəmanı
- Yaqub Mahmudov — AMEA - nın Tarix instutunun direktoru, əməkdar elm xadimi, Azərbaycan Respublikasının II (2000 - 2005), III (2005 - 2010) və IV (2010 - 2015) çağırış Milli Məclisinin deputatı
- İkram Ağasiyev — tarixçi, professor
- Emin Sabitoğlu — bəstəkar
- Salman Mümtaz — ədəbiyyatşünas-alim
- Rəşid bəy Əfəndiyev — maarifçi, yazıçı
- Sabit Rəhman — yazçı-dramaturq
- Şəfiqə Axundova - bəstəkar
- Rasim Ocaqov - kinorejissor, kinooperator
- Cavanşir Quliyev - bəstəkar
- İsmayıl Osmanlı - aktyor
- Lütfəli Abdullayev - aktyor
- Cövdət Hacıyev - bəstəkar
- Fuad Əbdürəhmanov - heykəltaraş
- Könül Xasiyeva - Azərbaycan xalq artisti
- Hüseyn xan Müştaq - şair
- Şakir Şakəvi - şair