Məlik Səfiqulu
Məlik Səfiqulu (?–?) — XVII əsrin ortalarında Şəki məliyi olmuş şəxs.
Məlik Səfiqulu | |||||
---|---|---|---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Xələfi | Məlik Həsən | ||||
Doğum tarixi | ? | ||||
Doğum yeri | ? | ||||
Vəfat tarixi | ? | ||||
Dini | islam, şiə | ||||
Uşaqları | Məhəmmədbağır, Səfərqulu |
Haqqında məlumatlar
Hələ XVII əsrin birinci rübündə Şəki ölkəsinə daxil olan mahalın Kiş, Nuxu və Şəkərənd kəndləri irs yolu ilə Səfiqulunun, onun qardaşı Davud bəyin və əmisi oğlu Baydar bəyin adlarına köçürülmüşdür. Oranın tiyuldarı və başqa hökumət məmurları isə onlara pis münasibət göstərmiş və onlardan qaydadan kənar cürbəcür vergilər almışlar. Buna görə də I Şah Səfi 21 oktyabr 1633-cü il tarixli fərmanı ilə həmin mahalın onların məlikliyinə bağışlanılmış hissəsini oranın tiyuldarının tiyulundan dəyişmiş, nəsildən-nəsilə, törəmədən-törəməyə keçilməsi şəklində onlara bağışlamış və onları vergilərdən azad etmişdir. I Şah Səfinin vəfatından sonra – 1643-cü ilin may/iyun ayında Davud bəy II Şah Abbasa müraciət etmiş və həmin kəndlərin məlikliyi haqqının onlara bağışlanılması haqqında yeni fərman almağa nail olmuşdur[1].
Lakin I Şah Səfi və II Şah Abbasın göstərişlərinə baxmayaraq, Şəki vilayətinin hakim və tiyuldarları Kiş, Nuxu və Şəkərənd kəndlərinin vergiləri hesabına olan gəliri özləri mənimsəyərək Davud bəyə, qardaşı Səfiquluya və əmisi oğlu Baydar bəyə ondan istifadə etmək imkanı verməmişlər. Buna görə də 1646-cı ilin iyun/iyul ayında Səfiqulu Şirvan bəylərbəyisi Xosrov xanın divanına gedərək I Şah Səfinin 1633-cü ilin avqust/sentyabr tarixli fərmanını onun nəzərinə çatdırmış və bəylərbəyinin də bu məsələyə dair hökm verməsini xahiş etmişdir. Xosrov xanın hökmündə Kiş, Nuxu və Şəkərənd kəndlərinin gəlirinin Şəki mahalı tiyuldarının sərəncamından çıxarılması və həmin gəlir hesabına olan vəsaitin divan məmurları tərəfindən tiyuldara ödəniləcəyi göstərilmişdir. Bu hökmdə daha Davud bəyin adı çəkilməmiş və hər üç kəndin vergiləri hesabına gəlirin yalnız Səfiquluya və Baydar bəyə bağışlanması qeyd olunmuşdur. Şirvan bəylərbəyisi Xosrov xanın bu hökmündə Səfiqulunun Kiş, Nuxu və Şəkərənd kəndlərinin məliyi[2], II Şah Abbasın 1651-ci ilin yanvar/fevral ayı tarixli fərmanında isə Danqı, Qax və Meşəbaşı bölükləri ilə birlikdə bütün Şəki ölkəsinin məliyi olması qeyd edilmişdir[3].
Səfiqulunun bütün Şəki ölkəsinin məliyi olması ilə yanaşı ona Şəkərənd kəndinin illik “malucəhat”ı hesabına 14 tümən 500 dinar məbləğdə soyurğal da ayrılmışdı. O, II Şah Abbasın hakimiyyətinin son dövrlərinədək – təxminən, 15 il, Şəkinin məliyi olduqdan sonra vəzifəsindən götürülmüş, bütün sərvəti və əmlakı Şirvan bəylərbəyisi tərəfindən müsadirə olunmuşdur. II Şah Abbasdan sonra hakimiyyətə gəlmiş II Şah Səfinin (Şah Süleyman) 1671-ci ilin fevral/may ayı tarixli fərmanında vaxtilə Kiş, Nuxu və Şəkərənd kəndlərinin illik gəlirləri hesabına Davud bəyə, qardaşı Səfiquluya və əmisi oğlu Baydar bəyə ayrılmış üç tümən puldan Baydar bəyin payına düşən hissə əvvəlki kimi yenə də ona bağışlanmış və Baydar bəy vergidən azad olunmuşdur. Lakin Davud bəy və Səfiqulu bəylə bağlı belə bir fərman verilməmişdir[4]. Həmçinin, Məlik Səfiqulunun oğlu Səfərqulu 1691-ci ildə Şəkinin məliyi olmaq istəmiş və bu barədə Şah Süleymanın fərmanını əldə etmişdir[5]. II Şah Səfidən sonra hakimiyyətə gəlmiş Şah Sultan Hüseynin 18 yanvar 1703-cü il tarixli fərmanında isə 21 mart 1702-ci il tarixdən, vaxtilə Şəkərənd kəndinin illik “malucəhat”ı hesabına Məlik Səfiquluya ayrılmış, sonra isə divanın xeyrinə zəbt olunmuş məbləğ Məlik Səfiqulunun övladlarına qaytarılmışdır[6]. Bu dövrdə Səfiqulunun böyük oğlu Məhəmmədbağır bəy İsfahanda şah sarayında rikabdar vəzifəsində çalışırdı.
İstinadlar
- ↑ 5. Kiş, Nuxu və Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında II Şah Abbasın hökmü, 2023, s. 81-86.
- ↑ 6. Kiş, Nuxu, Şəkərənd kəndlərinin tiyul verilməsi haqqında Şirvan bəylərbəyisi Xosrov xanın hökmü, 2023, s. 86-88.
- ↑ 11. Şəki məliyi Səfiqulunun şikayəti ilə əlaqədar olaraq II Şah Abbasın fərmanı, 2023, s. 100-103.
- ↑ 15. Şəki ölkəsi məlikliyi haqqında Şah Sultan Hüseynin fərmanı, 2023, s. 122-123.
- ↑ 13. Şəki ölkəsinin məlikliyi vəzifəsi haqqında II Şah Səfinin (Şah Süleyman) fərmanı, 2023, s. 108-112.
- ↑ 15. Şəki ölkəsi məlikliyi haqqında Şah Sultan Hüseynin fərmanı, 2023, s. 124-125.
Ədəbiyyat
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 81-86. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 86-88. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 100-103. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 108-112. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 117-125. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Musəvi T. M. Şəkinin Orta əsrlər tarixi haqqında // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 54. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
Həmçinin, bax:
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |