Məlik Səfiqulu
Məlik Səfiqulu | |||||
---|---|---|---|---|---|
Şəki xanları, yaxud xanzadələri (şərti), — Şəki xan sarayında friz (divar rəfi – irəf) üzərində miniatür. | |||||
|
|||||
Xələfi | Məlik Həsən | ||||
Doğum tarixi | ? | ||||
Doğum yeri | ? | ||||
Vəfat tarixi | ? | ||||
Dini | islam, şiə | ||||
Uşaqları | Məhəmmədbağır, Səfərqulu |
Məlik Səfiqulu (?–?) — XVII əsrin ofrtalarında Şəki məliyi olmuş şəxs.
Haqqında məlumatlar
Hələ I Şah Abbasın hakimiyyəti dövründə (1587–1629) Şəki ölkəsinə daxil olan mahalın Kiş, Nuxu və Şəkərənd kəndləri irs yolu ilə Səfiqulunun, onun qardaşı Davud bəyin və əmusi oğlu Baydar bəyin adlarına köçürülmüşdür. Oranın tiyuldarı və başqa hökumət məmurları isə onlara pis münasibət göstərmiş və onlardan qaydadan kənar cürbəcür vergilər almışlar. Buna görə də I Şah Səfi 21 oktyabr 1633-cü il tarixli fərmanı ilə həmin mahalın onların məlikliyinə bağışlanılmış hissəsini oranın tiyuldarının tiyulundan dəyişmiş, nəsildən-nəsilə, törəmədən-törəməyə keçilməsi şəklində onlara bağışlamış və onları vergilərdən azad etmişdir. Şah Səfinin vəfatından sonra – 1643-cü ilin may/iyun ayında Davud bəy II Şah Abbasa müraciət etmiş və həmin kəndlərin məlikliyi haqqının onlara bağışlanılması haqqında yeni fərman almağa nail olmuşdur[1].
Lakin Şah Səfi və II Şah Abbasın göstərişlərinə baxmayaraq, Şəki vilayətinin hakim və tiyuldarları Kiş, Nuxu və Şəkərənd kəndlərinin vergiləri hesabına olan gəliri özləri mənimsəyərək Davud bəyə, qardaşına və əmisi oğluna ondan istifadə etmək imkanı verməmişlər. Buna görə də 1646-cı ilin iyun/iyul ayında Məlik Səfiqulu Şirvan bəylərbəyi Xosrov xanın divanına gedərək Şah Səfinin 1633-cü ilin avqust/sentyabr tarixli fərmanını onun nəzərinə çatdırmış və bəylərbəyinin də bu məsələyə dair hökm verməsini xahiş etmişdir. Xosrov xanın hökmündə Kiş, Nuxu və Şəkərənd kəndlərinin gəlirinin Şəki mahalı tiyuldarının sərəncamından çıxarılması və həmin gəlir hesabına olan vəsaitin divan məmurları tərəfindən tiyuldara ödəniləcəyi göstərilmişdir. Bu hökmdə daha Davud bəyin adı çəkilməmiş və hər üç kəndin vergiləri hesabına gəlirin yalnız Səfiquluya və Baydar bəyə bağışlanması qeyd olunmuşdur[2].
1650-ci illərdə isə Səfiqulu bütün Şəki vilayətinə məlik təyin edilmişdir. Həmin təyinatdan sonra ona Şəkərənd (Şəkrənd ya Şəkri) kəndinin vergiləri hesabına ildə 14 tümən məbləğində maaş təyin olunmuşdur. Təxminən, 15 il müddətdə qeyd olunan vəzifədə qalmışdır. Nəhayət, II Şah Abbasın hakimiyyətinin son dövrlərində Səfiqulu Şəki vilayətinin məlikliyi vəzifəsindən götürülmüş, onun bütün sərvəti və əmlakı isə Şirvan bəylərbəyisi tərəfindən müsadirə olunmuşdur. II Şah Abbasdan sonra hakimiyyətə gəlmiş II Şah Səfi (Şah Süleyman) isə Məlik Səfiqulunun sərvət və əmlakının geri qaytarılması haqqında göstəriş vermiş, onun böyük oğlu Məhəmmədbağırı isə İsfahana aparmış və sonralar sarayda rikabdarlıq vəzifəsini ona apşırmışdır[3].
İstinadlar
Ədəbiyyat
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 81-86. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 86-88. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
- Musəvi T. M. Şəkinin Orta əsrlər tarixi haqqında // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı: 150. — Səh.: 54. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
Həmçinin, bax:
Şəki məliklərinin nəsil şəcərəsi (XVII əsrin birinci yarısı – XVIII əsrin birinci yarısı)
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |