Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

Hacı Çələbi xan/1

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hacı Çələbi xan/1

Hacı Çələbi xan (?–1753) —

Məlik Nəcəfqulu ilə Hacı Çələbi arasında mübarizə (1737–1743/1744)

1737-ci ilin may ayında Nadir şah Qəndəharın mühasirəsi işi ilə məşğul olarkən[1] Şirvan bəylərbəyisi Sərdar xandan gələn təqdimata əsasən Şəki mahalına Nəcəfqulu adlı bir şəxsi məlik təyin etdi[2]. Bundan bir müddət sonra isə şah Şəki əhalisinin təqdimatı ilə Çələbi adlı bir şəxsi də Şəkiyə vəkil təyin etdi ki, o, əhali ilə məlik arasında vasitəçi olsun, məlik yanında əhalinin hüquqlarını qorusun[3].

Kərim ağa Şəkixanovun yazdığına görə,

" O vaxt Hacı Çələbi də həccə getməmişmiş, adına Çələbi deyərlərmiş. Xalq bunu vəkil edib, padşahın hüzuruna göndərərlər. Şah buna fərman verib, Şəki mahalına vəkil edər ki, Məlik Nəcəf bunsuz rəiyyətə qulluq həvalə eləməsin. Fərman alıb Şəkiyə gəlir, adına vəkil Çələbi deyibdirlər[3]. "

Məlik Nəcəfqulu Şəki mahalının köklü məlikləri nəslindən idi və özündən azı 100 il əvvəl onun ulu babası Səfiqulu, sonra babası Məlik Səfərqulu, daha sonra atası Məhəmmədxan bəy və ən axırda isə qardaşı Əlimərdan bəy Şəkinin məliyi olmuşdular. Onlar qulam mənşəli şiə müsəlmanlar idilər (o dövrlərdə səfəvilər əsir götürdükləri qeyri-müsəlman uşaqlarına əvvəl islam dininin şiə məzhəbini qəbul etdirir, sonra isə onları orduya və dövlət qulluğuna götürürdülər)[4]. Mənbələrdə Şəkiyə vəkil təyin edilmiş Çələbinin də ulu babalarının xristian olduqları qeyd edilir. Amma Çələbinin ulu babaları Məlik Nəcəfqulunun ulu babalarından azı 100 il qabaq islam dininin qəbul etmişdilər (lakin şiə yox, sünni məzhəbini). Həmçinin, mənbələrdə Çələbinin də “ata babalarında böyüklük” olması, onun 1551-ci ildə Səfəvi ordusuna qarşı döyüşdə öldürülmüş Şəki xanı Dərvişməhəmməd xanın 7-ci, yaxud 6-cı nəslindən olması[qeyd 1], Dərvişməhəmməd xanadək babalarının bir-bir adları, atasının adı və atasının kəndxuda olması[5] qeyd olunur[3][5].

Məlik Nəcəfqulunun Hacı Çələbidən Nadir şaha birinci şikayəti və hər ikisinin İran-Xaraba getməsi

Kərim ağa Şəkixanovun yazdığına görə Çələbinin vəkil təyin edilməsindən sonra onunla Məlik Nəcəf arasında münasibətlər heç də yaxşı olmamış və Məlik Nəcəfqulu ondan dəfələrlə Nadir şaha şikayətlər etmişdi. Məlik Nəcəfqulunun birinci – Nadir şah Dərbənd yaxınlığındakı İran-Xarab adlı hərbi düşərgəsində olarkən etdiyi şikayəti isə az qala Çələbinin edamı ilə nəticələnə bilərdi. Kərim ağa Şəkixanov həmin hadisəni belə təsvir edir:

" Neçə vaxt bundan keçəndən sonra məlik şah yanına gedər. Şah da İran-Xarabda imiş. Şaha ərz elə ki, Çələbi məni qoymur ki, şahın qulluğun rəiyyətə buyuram. Şahın qulluğunu tutmurlar. Nə özü qulaq asır, nə xalqı qoyur. Şah qəzəbnak olub, Çələbini istər, Çələbi şahın qulluğuna gedər. Şaha bunun gəlməyi məlum olur. Hüzura istər. Məlik də hüzurda varmış. Şah, Çələbiyə acıqlanıb ki, mənim qulluğumu nə üçün qoymursan əmələ gələ? Bunu öldürün! Çələbinin boğazına kəndir salırlar. Bu halda, kəndir boğazında, ərz eyləyər ki, başına dönüm, mənim təqsirim nədir, bihəq yerə məni öldürürsən? Şah buyurur ki, məlik deyir: Çələbi qoymur şahın qulluğu əmələ gələ. Ərz eylər ki, sənə fəda olum, məsələn, şahdan bir qulluq gəlsə, məlik dörd-beş qulluq da onun üstünə qoyub rəiyyətə həvalə eylər. Mən deyirəm ki, şah məni vəkil edibdir. Razı olmanam ki, şahın rəiyyəti[ni] əbəs yerə xarab eləyəsən. Məlik bu səbəbdən xilaf yerə ərz eylər. Rəiyyət padşahın ixtiyarındadır.

Məlik bu sözdən çox qorxub, şah məlikə çox qəzəbnak olub, Çələbini mürəxxəs eləyib, irəlikindən artıq hökm verib. Çələbi şahın hüzurundan çıxıb, fərmanın alıb, Şəkiyə gəlir və [şah] məliki də çox söyüb, Şəkiyə göndərir. Şah gecə fikir eləyib, öz əmirlərinə buyurur ki, mənim hüzurumda bir kəsin həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi varmış ki, boğazında kəndir cürət eləyib bu ərzləri mənə elədi? Heç sözün yanılmadı. Əlbəttə bundan bir xəta əmələ gələcək. Mənim zənnim xəta olmaz[6].

"

Hacı Çələbinin Qaraqaytaqla bağlılığı və onun köçündən 500 ailənin Dağıstanda Nadir şaha əsir düşməsi haqqında müəmmalı məlumatlar

Yuxarıda adı çəkilən İran-Xarab hərbi düşərgəsi Dərbənddən bir qədər şimal-qərbdə yerləşirdi və 1742-ci ilin iyun ayında Nadir şahın göstərişi ilə salınmışdı[7][8]. Şahın 1742-ci ilin noyabrında həmin düşərgədən Dağıstanın şimalına – Terek çayı sahilinə, yürüş etdiyini[9], 10 fevral 1743-cü il tarixdə isə oradan təcili geri dönərək ordusunu Osmanlı sərhədlərinə apardığını[10] nəzərə alsaq, o zaman təxmin edə bilərik ki, Məlik Nəcəfqulu ilə Hacı Çələbinin İran-Xarabda olduqları gün, yaxud günlər, 1742-ci ilin iyun – noyabr ayları arasına təsadüf etməlidir.

Maraqlıdır ki, o dövrün müəlliflərindən olan Məhəmməd Kazım isə həmin vaxt Dağıstanda – Qaraqaytaq yaxınlığında, Hacı Çələbinin öz ailəsi də daxil olmaqla, başçılıq etdiyi icmanın 500 ailəlik köçünün Qaraqaytaqdan geri dönən Nadir şah ordusunun qarşısına çıxdığını və nəticədə onların hamısının əsir götürülərək bu düşərgəyə aparıldığını yazır. Məhəmməd Kazıma görə, Nadir şah Dağıstanda olarkən – hicri 1155-ci ildə üç ay keçdikdən sonra (6 may 1742-ci il tarixdən sonra)[11][12], o, eyni vaxtda dörd tərəfə dörd ordu göndərmiş və bunlardan üçüncüsü Qaraqaytağa – Hacı Çələbiyə qarşı olmuşdur:

" [Nadir şah] Xanəli xan Kuklana və Gəncə hakimi Həsənəli xana əmr etdi ki on minə yaxın adamla Qaraqaytaqda Hacı Çələbinin[qeyd 2] yolunu kəsib onu dəf etməyə çalışsınlar[13][14][15]... Xanəli xan Kuklan və Gəncəli Həsənəli xan, Hacı Çələbi Qaraqaytağinin üzərinə getdilər. Həmin ölkəyə daxil olan kimi ləzgi dəstələri ilə qarşılaşdılar. Qaraqaytaq vadisi döyüş meydanına çevrildi və o iki şanlı ordunun əsgərləri döyüşmək üçün sıraya düzüldülər. Hər iki tərəfdən şöhrətli döyüşçülər, layiqli igidlər döyüş meydanına girdilər. Elə bir döyüş oldu ki, o mavi göydəki qaniçən Mərrix (Mars) də o iki şanlı ordunu mədh etməyə və alqışlamağa başladı. Ləzgilər üç-dörd saat mətanət və cəsarət göstərdilər, lakin yalnız meşələrdə və kolluqlarda döyüşməyə öyrəşdikləri üçün açıq meydanda qalibiyyətli əsgərlərin hücumuna tab gətirə bilmədilər, sıraları dərhal dağıldı və qaçdılar. Həmin ağır gündə ləzgi tayfasından çoxlu sayda döyüşçü qalibiyyətli ordu tərəfindən öldürüldü və əsir götürüldü. Qeyd edilən qazilər parlaq qələbə ilə geri döndülər. Bu zaman fələyin hökmü və ilahi qismətə uyğun olaraq başqa bir dağ boyunca keçilməz istehkamlara doğru hərəkət edən Hacı Çələbinin ailəsi və onun camaatından təxminən beş yüz ailə qalibiyyətli ordunun qarşısına çıxdı. Qadınlı-kişili o adamların hamısı qalibiyyətli gənclər tərəfindən əsir götürüldü. Xanəli xan Hacı Çələbinin ailəsini və başqa başçıların ailələrini tamamilə sağ-salamat qalibiyyətli ordunun düşərgəsinə gətirəndə, onlar hörmətlə qarşıladılar, dünya fatehlərinin ağası və şahlar şahının məhəbbətinə layiq görüldülər[13][16][17]. "

Dərbənddən bir qədər şimal-qərbdə yerləşən tarixi Qaraqaqaytaq vilayəti həmin vaxt müstəqil bir usmilik idi və onun başında usmi Əhməd xan dururdu. Lakin Məhəmməd Kazım bu yerdə nədənsə onun adını heç çəkmir? Nəzərə alsaq ki Məhəmməd Kazım “Name-yi aləmara-yi Nadiri” əsərini bu hadisənin göstərdiyi tarixindən[qeyd 3] təxminən 10 il sonra – 1750-ci illərin əvvəllərində başa çatdırmışdır[18] və bu hadisəni şəxsən izləməmişdir, bu hadisələr baş verərkən o, Orta Asiyada – Mərvdə idi və yataq xəstəsi idi[19], o halda onun səhv etdiyini, adları, yerləri, hadisələri və tarixləri qarışdırdığını da ehtimal etmək olar. Amma məsələ burasındadır ki, həqiqətən də həmin dövrlərdə Şəki ilə Qaraqaytaq arasında sıx əlaqələr mövcud olmuşdu. Məsələn, hicri 1159-cu (24.01.1746–12.01.1747) ildə Hacı Çələbinin Şəki xanı seçilməsi barədə Nuxadan Qaraqaytağa məktub göndərilmişdir[20]. Yaxud, Şəki xanı Məhəmmədhüseyn xanın hakimiyyəti dövründə (1760–1780) Şəki xanlığının Car və Tabasaranla yanaşı, Qaraqaytaqda da kəndləri vardı[21]. Yaxud, türk dillərindən biri olan qumuq dili Qaraqaytaq əhalisinin danışdığı iki əsas dildən biri olduğu kimi, Şəki əhalisinin də o dövrlərdə həmin dildə danışması bir mənbədə qeyd olunmuşdur[22][21] və s. Lakin Məhəmməd Kazımın Hacı Çələbi ilə bağlı məlumatlarının doğruluğu təkzib edilə bilmədiyi kimi, təsdiqlənməsi də yetərli məlumatın olmaması səbəbindən hələlik mümkün deyil. Amma bir şeyə xüsusi diqqət yetirmək lazımdır ki, “Name-yi aləmara-yi Nadiri”də Hacı Çələbinin və onun adamlarının Nadir şaha qarşı döyüşməsi barədə heç nə deyilmir. Əksinə onun ailəsinin və başçılıq etdiyi icmadan 500 ailənin Nadir şahın düşərgəsində hörmətlə qarşılandığını görürük. Kərim ağa Şəkixanov isə yazır ki, həmin vaxt Nadir şah Hacı Çələbini edam etdirmək istəyirmiş, amma fikrini dəyişərək onu əfv edibmiş və ona əvvəlkindən artıq imtiyaz verərək Şəkiyə göndəribmiş. Nə baş verib? Yaxud nə baş verə bilərdi? Bizə elə gəlir ki, Hacı Çələbi Nuxada Məlik Nəcəfqulu ilə yola gedə bilməyərək, yaxud hansısa başqa bir səbəbdənsə Şəkidə yaşayan öz tərəfdarlarını ailəvi şəkildə Qaraqaytağa köçürürmüş. Əgər Şəki mahalını 500 ailə (təxm. 2.000–2.500 nəfər) tərk edərdisə, o halda təbii ki, bu mahaldan toplanan vergilərin həcmi də əhəmiyyətli şəkildə azalacaqdı. Ona görə də Məlik Nəcəfqulu durumu Nadir şahın nəzərinə çatdırmış, şah isə öz növbəsində, Şəkidən köçənlərin geri qaytarılmasına göstəriş vermişdir.

Kərim ağa Şəkixanovda şəkililərin Nadir şaha əsir düşməsi və sonra əsirlərin geri qaytarılması barədə bir kəlmə də yoxdur. Lakin bu barədə Hacı Seyid Əbdülhəmiddə aşağıdakı məlumatlar var:

" Nadir şah Muğandan qoşun göndəribdir ki, Noxunu qarət edib, Hacı Çələbi xanı dutub aparalar, gəlib gecə Noxunun bir tərəfin qarət edib, Hacı Çələbini duta bilməyib, qayıdıb gediblər. Bədə Hacı Çələbi xan oğlu Həsən ağanı şah hüzuruna göndəribdir ki, qarət mallarını və əsirlərini təvəqqo edə. Şah da tənə və sərzənişlə əmvali–mənhubələrini (qarət olunmuş malları) verdirib və əsirlərini mürəxxəs edibdir[23]. "

Salman Mümtaz isə öz növbəsində Hacı Seyid Əbdülhəmidin yazdıqlarını bir qədər də geniş təsvir etməyə çalışır, hətta Nadir şahla Həsən ağa arasındakı qısa dialoqu da verir:

" Bundan başqa Nadir şah yenə iki il peydərpey Çələbi xan üzərinə yürümüş və heç bir şey əldə edə bilməyərək geri qayıtmışdır. Son gəlişində Nadir şah Şəkinin görkəmli evlərini, gözə gələn dükanlarını, yandırtmış və ətrafda olan bir neçə kəndlərin əhalisini də əsir sifəti ilə İrana sürgün etdirmişdi. Çələbi xan aparılan əsirlərin dalınca böyük oğlu Həsən ağanı göndərərək əsirləri geri istəmişdir.

Həsən ağa hüzura qəbul edilərkən arada aşağıdakı mükalimə olmuş və nəticədə də Çələbi xan yenə məqsuduna nail olmuşdu.

Nadir şah: – Ey bədzad, niçün sənin atan məndən rukərdan olub mənə itaət eləmədi?

Həsən ağa: – Sənə fəda olum, mənim o həddim yoxdur ki, sənə cavab verəm və nə o həddim yoxdur ki, atama bir söz deyə bilim. Mən qulluğuna ölməyə gəlmişəm, ya məni öldür və ya izn ver əsirləri aparım.

Həsən ağanın böylə cəsuranə danışmağı Nadir şahın xoşuna getdiyindən əsirləri azad edərək Həsən ağanı da mürəxxəs etmişdi[24].

"

Düzdür, Hacı Seyid Əbdülhəmid hadisənin 1746-cı ildə baş verdiyini göstərir, Salman Mümtaz da elə bu ili göstərir və həqiqətən də 1746-cı ilin mart ayının 3-dən Hacı Çələbi ilə Nadir şah arasında barışıq olmuşdur[25], sonra isə Hacı Çələbi oğlu Həsən ağanı hicri 1759-cu ilin (24.01.1746–12.01.1747) qışında Nadir şahın yanına göndərmişdir[26]. Nadir şahın hicri 1159-cu ilin ramazan ayı (sentyabr/oktyabr 1746) tarixli fərmanında da Həsənin adı çəkilir[14]... Lakin məsələ burasındadır ki, birincisi, Hacı Seyid Əbdülhəmidin yazdığının əksinə olaraq, Nadir şah 1746-cı ildə Muğanda olmamışdır, o, həmin ilin 2 fevralında İsfahanda idi və göstərilən tarixdə İsfahandan Məşhədə yola düşmüş[27], sonra oradan Kələtə getmiş[28] və nəhayət həmin ilin dekabrında İsfahana geri dönmüşdür[29]. İkincisi isə Nadir şahın 3 mart 1746-cı il tarixli fərmanında həmin vaxt Hacı Çələbinin bir qrup şəkili ilə birlikdə Nadir şahın yanına üzrxahlığa gəlməsi göstərilir[25]. Bu tarixdən sonra Nadir şahın Nuxanı qarət etdirməsi və Nuxadan əsir aparması inandırıcı görünmür. Hacı Çələbinin oğlu Həsən isə Nadir şahın yanına bu tarixdən sonra getmişdir. Ona görə də Hacı Seyid Əbdülhəmidin və Salman Mümtazın əsirlərin geri qaytarılması barədə bəhs etdikləri əhvalat daha çox 1742-ci il hadisəsinə uyğun gəlməkdədir.

Məlik Nəcəfqulunun Hacı Çələbidən Nadir şaha ikinci şikayəti və Hacı Çələbinin 100 tümən cərimə olunması

Kərim ağa Şəkixanova görə,

" Bir neçə vaxtdan sonra məlik, Hacı Çələbidən yenə pis sözlər şaha ərz elər. Şah mühəssil göndərir ki, Hacı Çələbidən yüz tümən cərimə alın. Mühəssil gəlib Hacı Çələbidən pulu istər. (Çələbi deyər) vermənəm, cürmüm nədir ki, cərimə verim, vermənəm. Bir neçə gün keçər. Sonra mühəssil deyər ki, pulu ver, yoxsa güclə döyərəm allam. Hacı Şeyxəli ki, Hacı Çələbinin əmisidir, deyər: “Çələbi, şahın nökəri ilə yüzləşmə, pulu ver”. Hacı Çələbi verməz. Hacı Şeyxəli çox dövlətli imiş. Oğluna deyər ki, get evimdən pul gətir, cəriməni verək. Hacı Çələbi deyər: sən də vermə. Hacı Şeyxəli onun sözünə baxmaz. Gətirər pulu verər. Mühəssil cəriməni alır, gedir. Şaha burda keçən işləri ərz eylər ki, Hacı Çələbi pulu vermirdi, əmisi verdi. Onu da qoymurdu. Sözünə baxmadı verdi[30]. "

Məlik Nəcəfqulunun Hacı Çələbidən Nadir şaha üçüncü şikayəti və Hacı Çələbinin Məlik Nəcəfqulunu öldürməsi

Kərim ağa Şəkixanova görə,

" Bir neçə vaxtdan sonra Məlik Nəcəf, padşaha Hacı Çələbidən yenə təqsir ərz elər. Şah bu dəfə Hacı Çələbini istər ki, hüzura gəlsin. Adam gəlir Hacı Çələbiyə deyər. Hacı Çələbi bilir ki, bu dəfə yenə şah buna şübhə edəcək[30]... "

Kərim ağa Şəkixanov Hacı Çələbinin bundan sonra çıxış yolu kimi öz adamları ilə gedib Məlik Nəcəfqulunu öldürdüyünü və Nadir şaha qarşı üsyan başlatdığını yazır və həmin hadisənin tarixinin hicri 1156-cı il (25.02.1743–14.02.1744) olduğunu göstərir[30].

Qeydlər

  1. Kərim ağa Şəkixanov, Hacı Çələbi xanın nəsil şəcərəsində Hacı Çələbi xanla Dərviş Məhəmməd xan arasında 6 nəfər (1.Baqi bəy; 2.Əlican; 3.Əsgər; 4.Allahverdi; 5.Əlican; 6.Qurban) (Kərim ağa Fateh, 1958, s. 15), Hacı Seyid Əbdülhəmid isə 5 nəfər (1.Baqi bəy; 2.Əlican; 3.Əsgər; 4.Əlican; 5.Qurban) (Hacı Seyid Əbdülhəmid, 1958, s. 27) olduğunu göstərir. Başqa sözlə, Kərim ağa Şəkixanovda adı çəkilən Allahverdi, Hacı Seyid Əbdülhəmiddə yoxdur.
  2. Aleksandra Kozlova bu adı “Хаджи Халеби” kimi oxuyur və onu “dağıstanlıların Nadir şah ordusuna qarşı rəhbərlərindən biri” kimi təqdim edir (Козлова А.Н. (2), 2011, с. 124, ком. 185). Lakin Tağı Musəvi bu adı “Hacı Çələbi” şəklində oxumuş və onu gələcək Şəki xanı Hacı Çələbi hesab etmişdir (Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) (20), 2023, ss. 136-137).
  3. Məhəmməd Kazım hadisənin hicri 1155-ci ilin başlanmasından üç ay keçdikdən sonra (6 may 1742-ci il tarixdən sonra) baş verdiyini göstərir (Мухаммад-Казим, 1965, с. 627)(Козлова А.Н. (1), 2011, с. 74).

İstinadlar

  1. Lockhart L., 1938, p. 209.
  2. Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) (18), 2023, ss. 128-131.
  3. 3,0 3,1 3,2 Kərim ağa Fateh, 1958, s. 15.
  4. Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) (15), 2023, s. 120.
  5. 5,0 5,1 Hacı Seyid Əbdülhəmid, 1958, s. 27.
  6. Kərim ağa Fateh, 1958, s. 15-16.
  7. Бутков П.Г. (часть первая), 1869, с. 213.
  8. Axworthy M., 2006, p. 237.
  9. Lockhart L. (0), 1938, p. 209.
  10. Lockhart L. (1), 1938, p. 211.
  11. Мухаммад-Казим, 1965, с. 627.
  12. Козлова А.Н. (1), 2011, с. 74.
  13. 13,0 13,1 Мухаммад-Казим, 1965, с. 628–634.
  14. 14,0 14,1 Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) (20), 2023, ss. 135-138.
  15. Козлова А.Н. (2), 2011, с. 75.
  16. Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) (20), 2023, ss. 136-137.
  17. Козлова А.Н. (3), 2011, с. 78.
  18. Мухаммад-Казим, 1961, с. 10.
  19. Мухаммад-Казим, 1961, с. 16.
  20. Azərbaycan tarixi arxiv sənədlərində, 2012, ss. 27, 381-380.
  21. 21,0 21,1 Şəki ən qədim zamanlardan günümüzədək, 2020, s. 220.
  22. Серебров А.Г., 1958, с. 180.
  23. Hacı Seyid Əbdülhəmid, 1958, ss. 27-28.
  24. Mümtaz S., 1986, s. 80.
  25. 25,0 25,1 Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) (19), 2023, ss. 132-135.
  26. Molla Məhəmməd əl-Cari, 1997, s. 45.
  27. Lockhart L. (2), 1938, p. 252.
  28. Lockhart L. (3), 1938, p. 254.
  29. Lockhart L. (4), 1938, p. 257.
  30. 30,0 30,1 30,2 Şəki xanlığının tarixindən, 1958, s. 17.

Ədəbiyyat

  1. Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 116.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 209.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 211.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 252.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 254.
    Lockhart L. Nadir Shah: critical study base mainly upon contemporary sources. — 1938 — P. 257.
  2. Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı:  150. — Səh.: 128. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
    Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı:  150. — Səh.: 120. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
    Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı:  150. — Səh.: 132. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
    Şəki ölkəsinə aid Orta əsr sənədləri : Sənədlərin izahları və azərbaycan dilinə tərcümə olunmuş mətnləri // Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) / Həsənov R., Məmmədov A. (tərtibçilər). — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Elm və təhsil, 2023. — Səhifələrin sayı:  150. — Səh.: 135. — 500 nüsx. — ISBN 978-9952-568-30-1.
  3. Kərim ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 14-15.
  4. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 26-27.
  5. Бутков П.Г. Глава 45 // Материалы для новой истории Кавказа, с 1722 по 1803 год (часть первая). — Санктпетербург: Тип. Имп. Акад. наук Издательство, 1869. — С. 213.
  6. Axworthy M. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant Paperback. — I.B.Tauris, 2006. — ISBN 978-1850437062.
  7. Мухаммад-Казим. Наме-йи аламара-йи нäдири (Микроукрашающая надирова книга). — М.: Наука, 1965. — Т. II. — 327 с.
  8. Козлова А.Н. Поднятие знамени его величеством сахиб-кираном в еторону Ширвана. Его возвращение во второй раз в Дагестан. Переселение лезгинских племен в Хорасан // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 74 – 75. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
    Козлова А.Н. Комментарий // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 124. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
    Козлова А.Н. Овладение крепостью Дюбск Рахим-ханом узбеком. Доставка лезгинских пленных ко двору мирозавоевателя, насильное содержание жен табасаранских предводителей и прочих в непотребном месте. Просьба Гани-хана афганца // Неизвестные сведения о Дагестане в уникальной рукописи Мухаммад Казима «Наме-йи Аламара-йи Надири» («Мироукрашающая история Надира»). — Министерство образования и науки РФ, Дагестанский государственный университет. — Махачкала: Издательство ДГУ, 2011. — С. 78. — 132 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 mart 2023.
  9. Мухаммад-Казим. Предисловие // Поход Надир-шаха в Индию (Извлечение из Та'рих-и-аламара-йи надири) / (пер. П. И. Петрова). — М.: Издательство восточной литературы, 1961. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 19 Dec 2007 - 30 Dec 2022.
  10. Azərbaycan tarixi arxiv sənədlərində : XVIII-XX əsrin əvvəlləri. — Bakı: Çaşıoğlu, 2012. — II  cild.
  11. Mahmudov Y.M.,... III fəsil. Şəki xanlığı // Şəki ən qədim zamanlardan günümüzədək. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2020. — Səhifələrin sayı:  702. — Səh.: 220.
  12. Серебров А.Г. Историко-этнографическое описание Дагестана 1796 г // История, география и этнография Дагестана XVIII — XIX вв. Архивные материалы. — М.: Издательство восточной литературы, 1958. — С. 180. — 367 с. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 29 Nov 2011 - 18 Jan 2022.
  13. Mümtaz S. Məhəmmədhüseyn xan Müştaq // Azərbaycan ədəbiyyatının qaynaqları = Азәрбајҹан әдәбијјатынын гајнаглары. — B.: Yazıçı, 1986. — 10,000 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 aprel 2024.
  14. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 44-45. — ISBN 5-86974-384-9.